Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1022/2021 14.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndələri X8 və X6, Üçüncü şəxs Mərkəzi Bankın nümayəndələri X10 və X2 iştirakları ilə, İddiaçı “xxxx” Kiçik Müəssisəsinin cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri Sülh küçəsi ilə Çerkassi küçəsinin kəsişdiyi yerin yaxınlığındakıərazidə sahibkarlıq məqsədi ilə 2.250 m 2 torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması haqqında Sumqayıt Bələdiyyəsinin 30.06.2016-ci il tarixli 11 saylı iclasın 34 saylı qərarının ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29.12.1997-ci il tarixli 818 saylı Sərəncamı ilə Sumqayıt şəhərinin Sülh küçəsində avtomobillərə maye qaz doldurma məntəqəsinin tikintisi üçün 3000 kv.metr torpaq sahəsi "xxxx" kiçik müəssisəsinin istifadəsinə ayrılmışdır. Ayrılmış torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən yerində ölçülərək kiçik müəssisəyə təhvil verilmiş, eyni zamanda həmin idarə tərəfindən torpağın inşaat pasportu da hazırlanaraq təqdim edilmişdir. Ayrılmış torpaq sahəsində inşa edilmiş maye-qaz doldurma məntəqəsi və texniki təmir sexləri Azərbaycan Respublikası keçmiş Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Sumqayıt şəhər X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən "xxxx" kiçik müəssisəsinin tam mülkiyyəti kimi dövlət qeydiyyatından keçmiş və bununla bağlı kiçik müəssisənin adına Qeydiyyat Şəhadətnaməsi və Texniki Pasport verilmişdir. 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində bizə ayrılmış torpaq sahəsində onların inşa etdiyi bir neçə sex və fəaliyyət göstərən kafe sökülərək yerində tikinti işləri aparılmışdır. Tikintinin kim tərəfindən aparılması onlar tərəfindən araşdırılarkən məlum olmuşdur ki, torpaq sahəsi qanunsuz olaraq Bələdiyyənin mülkiyyətinə alınmış, həmçinin bələdiyyənin mülkiyyətinə alınmış torpaq sahəsi hərrac yolu ilə icarəyə verilməsi üçün Aksion Mərkəzinə müraciət edilmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşduq. Sumqayıt İnzibati-lqtisadi Məhkəməsinin 2-1(085)-960/2019 saylı, 08.10.2019-cu il tarixli qərarı (hakim İ.R.Quliyev) ilə "xxxx" kiçik müəssisəsinin cavabdeh AR ƏMDK yanında DƏDRXnin 2 saylı Ərazi idarəsinə və üçüncü şəxs Sumqayıt Bələdiyyəsinə qarşı "torpaq üzərində hüququnun dövlət qeydiyyatının etibarsız sayılması barədə" iddiamın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2-1(105)-94/2020 saylı 08.06.2020-ci il tarixli qərardadına (Sədrlik edən hakim H.Ç.Babayeva) əsasən, "xxxx" kiçik müəssisəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 960/2019 saylı, 08.10.2019-cu il tarixli qərarının ləğv edilməsi, xxxx" kiçik müəssisəsinin cavabdeh DƏDRX-in 2 saylı Ərazi idarəsinə qarşı "mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının qanunsuz sayılması və həmin qeydiyyatın və verilmiş mülkiyyət çıxarışının ləğv edilməsi" tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddianın mümkün sayılmamasının əsas səbəbi "xxxx" kiçik müəssisəsinin iddia ərizəsində sözügedən torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun qeydiyyata alınması, o cümlədən Sumqayıt Bələdiyyəsinin adına aparılmış qeydiyyatın ləğvi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etməməsidir. Apellyasiya Məhkəməsinin bu mövqeyindən sonra onlar DƏDRX-in 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmişlər, DƏDRX-in 2 saylı Sumqayıt Ərazi idarəsinin 10.08.2020-ci il tarixli cavab məktubunda açıq şəkildə vurğulanmışdır ki, "xxxx" kiçik müəssisəsinə ayrılmış 3000 kv.m torpaq sahəsinin 712.0 kv.m hissəsi zəbt edilmişdir. Bundan sonra onlar yenidən Suqmayıt İnzibati Məhkəməsinə müraciət etmiş və hal-hazırda "xxxx" kiçik müəssisəsinin DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş 0.2250 ha torpaq sahəsi üzərində 21.07.2016-cı il tarixli, RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 712.0 ha hissədə etibarsız hesab edilməsi tələbi" nə dair iddia ərizəsi var. Lakin hesab edilir ki, onlar torpaq sahəsinin Bələdiyənin mülkiyyətinə verilməsinə dair çıxarışa əsas olmuş bələdiyyə qərarını mübahisələndirməlidirlər. 21.07.2016-cı il tarixli, RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş sənəd Sumqayıt Bələdiyyəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan Sülh küçəsi ilə Çerkassi küçəsinin kəsişdiyi yerin yaxınlığındakı ərazidə sahibkarlıq məqsədi ilə 2250 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması haqqında Sumqayıt Bələdiyyəsinin 30.06.2016-cı il tarixli 11 saylı iclasın 34 saylı qərarıdır. Qərar qəbul edilərkən Sumqayıt Bələdiyyəsi İnzibati orqan olaraq onların hüquqlarını pozmuş belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29.12.1997-ci il tarixli 818 saylı Sərəncamı ilə Sumqayıt şəhərinin Sülh küçəsində avtomobillərə maye qaz doldurma məntəqəsinin tikintisi üçün 3000 kv.metr torpaq sahəsi "xxxx" kiçik müəssisəsinin istifadəsinə ayrılmış və qanuni istifadələrində olduğu halda torpaq sahəsinin özəlləşdirilməsi proseduruna başlanması zamanı nəzərə alınmamışdır. Torpaq sahəsi Bələdiyyə mülkiyyəti kimi dövlət qeydiyyatına alınarkən qüvvədə olan qanun normalarının tələbləri pozulmuş, "xxxx" kiçik müəssisəsinin hüququ ilə yüklü edilmiş torpaq sahəsi əsassız olaraq bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həm Sumqayıt Bələdiyyəsinin, həm də onların mübahisəli torpaq üzərində hüququnun əsassız qeydiyyatını aparmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin bu hərəkətini qanunsuz hesab etdiklərindən, məhkəməyə müraciət etməyə və yol verilmiş pozuntuların aradan qaldırılaraq "xxxx" kiçik müəssisəsinin hüquqlarının bərpasını tələb etməyə məcbur olmuşlar. Lakin, hesab edirik ki, əsassız qeydiyyatın aparılmasına yuxarıda qeyd etdikləri Sumqayıt Bələdiyyəsinin 30.06.2016-cı il tarixli qərarı səbəb olmuşdur. "Bələdiyyələrin statusu haqqında" AR Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında bildirmişdir ki, iddiaçı “xxxx” kiçik müəssisəsinin cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi barədə” iddia ərizəsini əsassız və qeyri-obyektiv hesab edirik.Belə ki,iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı halda, tamamilə əsassız şəkildə Sumqayıt Bələdiyyəsinin üzərində mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın həqiqiliyini şübhə altına almışdır. Etiraza əlavə olunaraq məhkəməyə təqdim edilmiş sənədlərin surətindən də görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Sədrinin birinci müavini A.Quliyevin imzası ilə 13 noyabr 2015- ci il tarixli, 22-00063-2015 saylı məktubla Sumqayıt Bələdiyyəsinə müraciət olunmuş və Azərbaycan Respublikası Mərkəzi X9 Mərkəzinin inzibati binasının tikintisi məqsədilə 2250 kvadrat metr torpaq sahəsinin ayrılması xahiş olunmuşdur. Məktuba torpaq sahəsinin ayrılması istənən ərazinin sxemi də əlavə olunmuşdur. Adı çəkilən müraciət əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən torpaq sahəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada sənədləşməsinin aparılması məqsədilə müvafiq rəylərin alınması üçün məktubla Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2 saylı Sumqayıt Ərazi şöbəsinə müraciət edilmişdir. Həmin məktublara cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 25 fevral 2016-cı il tarixli, 11 saylı, DƏDRX-in 2 saylı Sumqayıt Ərazi şöbəsi tərəfindən isə 16 mart 2016- cı il tarixli,122 saylı rəylər verilmiş və həmin rəylərə əsasən Sülh küçəsi ilə Çerkassı küçəsinin kəsişdiyi yerin yaxınlığında olan ərazidə yerləşən 2250 kvadt metr torpaq sahəsinin hərrac,yaxud müsabiqə yolu ilə icarəyə verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Adı çəkilən müvafiq icra hakimiyyəti orqanlarının verdikləri mübahisələndirilən torpaq sahəsinin başqa hüquqi və ya fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilmədiyi, üzərində hər hansı məhdudiyyətin (yüklülüyün)mövcud olmadığı birbaşa qeyd olunmuşdur ki,bu da iddiaçının həmin torpaq sahəsinin ona məxsus olması barədə iddiasının əsassızlığını bir daha sübuta yetirir. Yuxarıda qeyd olunan rəylər alındıqdan sonra mübahisələndirilən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 21 iyul 2016-cı il tarixdə Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmiş və bu barədə Sumqayıt Bələdiyyəsinin adına Seriya RX ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsüi" təqdim olunmuşdur.Torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirildikdən sonra Sumqayıt Bələdiyyəsinin 23 sentyabr 2016-cı il tarixli, 15 saylı iclasının 16-cı qərarı əsasında Sülh küçəsi ilə Çerkassı küçəsinin kəsişdiyi yerin yaxınlığında olan ərazidə yerləşən 2250 kvadt metr torpaq sahəsinin sahibkarlıq məqsədilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi qərarlaşdırılmış və bununla bağlı müvafiq müsabiqənin keçirilməsi üçün müvafiq hüquqmüəyyənedici və texniki sənədlər əlavə olunmaqla məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi 2 saylı Sumqayıt Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına müraciət edilmişdir. Beləliklə, işdə olan sübutlardan göründüyü kimi, iddiaçı “xxxx” kiçik müəssisəsinin mübahisələndirilən torpaq sahəsi üzərində hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir və bələdiyyənin ehtiyat torpaq fondunun torpağı kimi nəzərdə tutulmuşdur. İddiaçının bələdiyyənin öz mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək hüququnu və ümumiyyətlə, torpağın hüquqi statusunu mübahisələndirməsini tamamilə əsassız sayırlar. İddiaçının belə bir iddia tələbi ilə çıxış etməsi müvafiq qanunvericilik aktlarının tələbləri ilə ziddiyyət təşkil etməklə yanaşı, torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin həm mülkiyyət hüququnu, həm də diskresion səlahiyyətlərini aşkar şəkildə pozur. Bu səbəbdən hesab edilir ki, iddiaçının irəli sürdüyü iddia tələbi əsassız və hüquqa zidd olmaqla yanaşı, hər hansı mötəbər sübutlarla təsdiq edilmir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirilir ki, iddiaçı “xxxx” kiçik müəssisəsinin cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi barədə” iddia tələbi əsassızdır. Bu səbəbdən “xxxx” kiçik müəssisəsinin “bələdiyyə qərarının ləğv edilməsi barədə” iddia ərizəsinin mümkünsüz sayılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Mərkəzi Bankın nümayəndəsi X14 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, qeyd olunan torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsinin uzunmüddətli istifadə üçün Mərkəzi Banka ayrılması nəzərdə tutulmuşdur. Hal-hazırda həmin torpaq sahəsinin üzərində Mərkəzi Bankın Ehtiyyat Mərkəzi tikilib və inzibati binanın tikintisinə Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamı, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin müvafiq rəyi əsas olmuşdur. Hesab edir ki, məsələnin birdəfəlik həlli üçün müvafiq ekspertiza rəyi alınmalı və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Qeyd olunanlara əsasən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin digər nümayəndəsi X7 eyniməzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: “xxxx” kiçik müəssisəsinə 3.000 m2 torpaq sahəsinin ayrılması haqqında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 dekabr 1997-ci il tarixli 818 saylı sərəncamının surəti, ƏMDK yanında DƏDRX-nin 2 saylı ərazi idarəsinin “xxxx” kiçik müəssisəsinə ünvanladığı **********00 saylı 10 avqust 2020-ci il tarixli məktubunun surəti, Azərbaycan Respublikası Mərkəzi Bankının Sumqayıt Bələdiyyəsinə ünvanlanan 13 noyabr 2015-ci il tarixli məktubu,Sumqayıt bələdiyyəsi tərəfindən tərtib edilmiş mövqe planı, Əmlak Məsələri Dövlət Komitəsinin 5 saylı ərazi şöbəsinin 16 mart 2016-cı il tarixli rəyi, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 11 saylı 25 fevral 2016-cı il tarixli rəyi,Sumqayıt Bələdiyyəsinin 11 saylı 30 iyun 2016-cı il tarixli qərarı,Sumqayıt Bələdiyyəsinin Mərkəzi Banka ünvanlanan 12 sentyabr 2340 saylı məktubunun surəti, Əmlak Məsələri Dövlət Komitəsinin 5 saylı ərazi şöbəsinin”xxxx” kiçik müəssisəsinə ünvanladığı 17.11.2016-cı il tarixli **********93 saylı məktubunun surəti, Sumqayıt Bələdiyyəsinin ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə hərracın dayandırılması ilə bağlı gödərdiyi məktubun surəti, Sumqayıt Bələdiyyəsinin “xxxx” kiçik müəssisəsinə ünvanladığı 3781 saylı 22 dekabr 2020-ci il tarixli məktubu, ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 19 dekabr 2019-cu il tarixli **********2 saylı məktubu və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyət baxımından uğurludur. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia - bələdiyyə qərarının ləğv edilməsinə yönələn tələb mümkündür. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). Cavabdeh təşkilatın və üçüncü şəxsin iş üzrə ekspertizanın təyin edilməsi ilə bağlı verdiyi vəsatətə münasibətdə məhkəmə qeyd edir ki, hazırki, iddia tələbi üzrə müvafiq ekspertizanın təyin edilməsinə zərurət yoxdur. Belə ki, ƏMDK-nin verdiyi 19.12.2019-cu il tarixli məktubdan da məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin 1206 m2 hissəsi kadastır bazasında dövlətin mülkiyyəti kimi qeydiyyata alınıb. Hal-hazırda Sumqayıt Bələdiyyəsinin adına həmin torpaq sahəsi ilə bağlı verilmiş çıxarış və həmin çıxarışa əlavə kimi verilmiş torpaq sahəsinin koordinatlarını özündə əks elətdirmiş plan və ölçü sənədi də mübahisələndirilir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin adına qeydə alınma prosedurunun başlanması haqqında 30.06.2016-cı il tarixli qərar qəbul edilərkən həmin torpaq sahəsinin koordinatları bələdiyyə tərəfindən tərtib edilmiş mövqe planında və ya hər hansı bir sənəddə öz əksini tapmamışdır. Hesab olunur ki, 2.250 m2 torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin adına mülkiyyət hüququ qeyd alınana, yəni RX ******* seriya nömrəli çıxarış verilənə qədər həmin həmin torpaq sahəsinin koordinatları bəlli olmadığına görə müvafiq ekspertizanın təyin edilməsi mümkün deyil. Nəzərə alınmalıdır ki, torpaqların vahid kadastır bazasına nəzarət edən ƏMDK mübahisə predmeti olan torpaq sahəsinin kadastır bazasında həmin torpaq sahəsinin bir hissəsinin dövlət mülkiyyətində olmasını, digər hissəsinin “xxxx” kiçik müəssisəsinin istifadəsində olmasını bildirir. Hesab olunur ki, 2.250 m2 torpaq sahəsinə dair 21.07.2016-cı ildə verilmiş 075487 saylı plan və ölçü sənədində qeyd olunan əsas döngə nöqtələrinin koordinatlarından ekspert tərəfindən rəy verilərkən istifadə etməsi məsələnin ədalətli həllinə xidmət edə bilməz. Çünki, torpaq sahəsinin bələdiyyənin adına rəsmiləşdirilməsi zamanı həmin torpaq sahəsinin koordinatları lazımi qurumlar tərəfindən müəyyən edilməli idi. Ona görə də hesab olnur ki, ekspertiza təyin edilməsi ilə bağlı cavabdeh təşkilatın vəsatəti təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 29 dekabr 1997-ci il tarixli 818 saylı sərəncamına əsasən Sumqayıt şəhərində, Sülh küçəsi ilə Çerkassi küçəsinin kəsişməsində avtomobillərə maye qaz doldurulması məntəqəsi tikintisi məqsədi ilə “xxxx” kiçik müəssisəsinə 3.000 m2 torpaq sahəsi ayrılmışdr. Göstərilən müddətdən etibarən “xxxx” kiçik müəssisəsi həmin torpaq sahəsi üzərində yanacaq doldurma məntəqəsi, o cümlədən avtomobil təmir sexləri inşa etdirmiş və həmin tikilər üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq fəaliyyət göstərməyə başlamışdır. 13 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Sumqaytı şəhərində Mərkəzi Bankın Ehtiyyat İdarəetmə Mərkəzinin inşa edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən Sumqayıt Bələdiyyəsinə müraciət olunmuşdur. Sumqayıt Bələdiyyəsidə tikinti üçün torpaq sahəsinin ayrılması məqsədi ilə Sumqayıt şəhərində, Sülh küçəsi ilə Çerkassi küçəsinin kəsişməsində sahəsi 2.250 m2 olan torpaq sahəsinin icarəyə verilməsi qənaeətinə gələrək, həmin torpaq sahəsinə dair bələdiyyənin memarlıq şöbəsinin mütəxəsisləri tərəfindən tərtib edilmiş mövqe planını Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə göndərmişdir. Bundan başqa həmin mövqe planı ƏMDK-nin 2 saylı ərazi şöbəsinə göndərilmiş və həmin şöbədən qeyd olunan torpaq sahəsinin bələdiyyənin ümumi istifadəsində olan torpaqlara aid olması və icarə predmeti olması barədə 16 mart 2016-cı il tarixli rəy verilmişdir. Bundan başqa Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 11 saylı 25.02.2016-cı il tarixli rəyinə əsasən inizbati binanın inşa edilməsi məqsədi ilə bələdiyyə tərəfindən 2.250 m2 torpaq sahəsinin icarayə verilməsinə razılıq verilmişdir. Qeyd olunan torpaq sahəsinin üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüquqlarının qeydə alınması proseduruna başlanması haqqında Sumqayıt Bələdiyyəsi tərəfindən 30 iyun 2016-cı il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın əsasında 2.250 m2 torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ tanınmış və Sumqayıt Bələdiyyəsinə ********** nömrəsi ilə 21.07.2016-cı il tarixli çıxarış verilir. Hazırki, iddia tələbi üzrə iddiaçının DƏDRX-in 2 saylı ərazi idarəsinə ünvanladığı 19.06.2020-ci il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, “xxxx” kiçik müüəssisəsinə məxsus daşınmaz əmlakın baş palnının hazırlanması ilə əlaqədar ƏMDK-nin 5 saylı ərazi şöbəsinin idarəyə verdiyi sifarişin icrası ilə bağlı müayinə keçirilmiş və “xxxx” kiçik müüəssisəsinə ayrılmış 3.000 m 2 torpaq sahəsinin 712.0 m 2 hissəsi başqa müəssisə tərəfindən istifadə olunur və üzərində tikinti işləri aparılır. Bundan başqa ƏMDK-nin 5 saylı ərazi şöbəsi tərəfindən xxxx kiçik müüəssisəsinə 17.11.2016-cı ildə sorğuya verilmiş cavab məktubu ilə bildirilmişdir ki, ƏMDK-nin 5 saylı ərazi idarəsi tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmış 2.250 m2 topaq sahəsinin bir hissəsinin “xxxx” kiçik müəssisəsinə aid olduğu müəyyən edilmiş və X5 Təşkili üzrə Dövlət Agentliyinə bu barədə 25.10.2016-cı ildə ********** saylı məktub göndərilmişdir. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin Mərkəzi Banka ünvanladığı 19 dekabr 2019-cu il tarixli **********2 saylı məktubundan görünür ki, Mərkəzi Bankın Ehtiyyat İdarəetmə Mərkəzinin inzibati binasının tikintilməsi nəzərədə tutulan 2250 m2 torpaq sahəsinin 1206 m2 hissəsi kadastr bazasında dövlət mülkiyyətində olan torpaq sahəsi ilə, eləcə də “xxxx” Kiçik Müəssisəsinin istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə qeyd etməyi zəruri bilir ki, bələdiyyə tərəfindən 2.250 m2 torpaq sahəsinin öz adına rəsmiləşdirlməsindən öncə bələdiyyənin memarlıq və tikinti şöbəsi tərəfindən tərtib etdiyi mövqe planını lazımi qaydada araşdırma aparmadan aidiyyatı qurumlara göndərmiş və qeyd olunan torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi barədə müsbət rəy alınmasına nail olmuşdur. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi 25.02.2016-cı il tarixli 11 saylı rəyin nəticə hissəsində Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim edilmiş mövqe planına istinad olunması və bunun nəticəsi olaraq 2.250 m2 torpaq sahəsinin ayrılmasına dair müsbət rəyin verilməsi göstərilmişdir. Halbuki, Sumqayıt bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin öz adına rəsmiləşdirilmədən öncə mövqe planı tərtib etmək əvəzinə müvafiq təşkilatlara sorğu göndərməklə torpaq sahəsinin mülkiyyətçisi barədə məlumat əldə edə bilərdi. Bundan başqa o da nəzərə alınmalıdır ki, Sumqayıt Bələdiyyəsi tərəfindən qeyd olunan torpaq sahəsinin Mərkəzi Bankın Ehtiyyat Mərkəzinin inzibati binasının inşa edilməsi üçün istifadəyə verilməsi məqsədi ilə bələdiyyə tərəfindən həmin torpaq sahəsinin öz adına rəsmiləşdirilmə aparılmadan öncə torpaq sahəsinin qonşuluğunda yerləşən və “xxxx” kiçik müəssisəsinin mülkiyyətində olan maye-qaz dolduma məntəqəsinin 12 sentyabr 2002-ci ildən istismar edilməsini belə nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” na edilmiş əlavələrə əsasən- Qazı saxlamaq üçün çən kimi istifadə olunan avtosisternlərdən balonları doldurduqda, avtosistern ilə QDM-ə aid olmayan bina və tikintilər arasındakı məsafə 80 metrdən, doldurma rampalarına qədər olan məsafə isə 15 metrdən az olmamalıdır. Göründüyü kimi Sumqayıt bələdiyyəsi qeyd olunan topraq sahəsini öz adına rəsmiləşdirilmə proseduruna başlamazdan öncə yaxınlığında yerləşən maye-qaz yanacaqdoldurma məntəqəsinin mühafizə zolağının müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirmiş olsaydı həmin torpaq sahəsinin Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 29 dekabr 1997-ci ildə 818 saylı sərəncam əsasında “xxxx” kiçik müəssisəsinə ayrılması barədə məlumatlı olardı. Bundan başqa nəzərə alınmalıdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi 25.02.2016-cı il tarixli 11 saylı rəyinə əsasən qeyd olunan ərazinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq mövcud texniki normalara cavab veriləcəyi tədqirdə torpaq sahəsinin ayrılmasına etirazın olmaması bildirilmişdir. Belə ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı və Sumqayıt şəhəri Sülh küçəsi ilə Çerkassi küçəsinin kəsişdiyi yerin yaxınlığındakı ərazidə sahibkarlıq məqsədi ilə 2.250 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması haqqında Sumqayıt Bələdiyyəsinin 30.06.2016-ci il tarixli 11 saylı iclasın 34 saylı qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri Sülh küçəsi ilə Çerkassi küçəsinin kəsişdiyi yerin yaxınlığındakı ərazidə sahibkarlıq məqsədi ilə 2.250 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması haqqında Sumqayıt Bələdiyyəsinin 30.06.2016-ci il tarixli 11 saylı iclasın 34 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1022/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1022/2021
14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver