Məhkəmə qərarları › İş №2-1(118)-1022/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1022/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1022/2022 04.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (işləməyən, Sumqayıt şəhəri, Sumqayıt şəhəri, Corat qəsəbəsi,73-cü məhəllə ev 73-də yaşayan), Cavabdehin nümayəndəsi X2 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi ev 7 mənzil 77-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiaçıya və onun ailə üzvlərinə ünvanlı sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin hərəkətələrinin qanunsuz hesab edilməklə ona və ailə üzvlərinə ünvanlı sosial yardımın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçıya və onun ailə üzvlərinə ünvanlı sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə q qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı 4 nəfə ailə üzvü (həyat yoldaşı və 2 azyaşlı uşaqları) ilə atası Rəhimbala Cavadovun mülkiyyətində olan evin sahəsi 32 kv m olan iki otağında yaşayır. İddiaçı 11.08.2018-ci ildə ailə həyatı qurmuş və həmin nikahdan 2 körpə övladım anadan olmuşdur. İddiaçı 3-cü qrup ömürlük gözdən əlildir. Belə ki,ona tor qişasının qopması və monokulyar korluq diaqnozu qoyulmuşdur. İddiaçı və həyat yoldaşı heç yerdə işləmirlər. Belə ki, həyat yoldaşı 3 yaşı tamam olmayan iki körpə uşağa baxır, iddiaçının səhhəti isə ona ağır işlərdə işləməyə imkan vermir. İddiaçı cəmi 110 manat sosial müavinət alır. Onların mülkiyyətində ev, torpaq sahəsi və ya avtomobil yoxdur, ağır və acınacaqlı bir vəziyyətdə yaşayırlar. Ailənin maddi vəziyyəti ağır olduğu üçün iddiaçı ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdeh nazirliyə müraciət etmiş, lakin həmin müracitinə 28.01.2022-ci il tarixdə imtina olunmuşdur. Cavabdehin bu imtinası tamamilə əsassızdır və təqdim etdiyi bütün sənədlər ona dəlalət edir ki,iddiaçı və ailə üzvləri ünvanlı sosial yardım almaq hüququna malikdirlər. Cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçı 28 yanvar 2022-ci il tarixdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə VEMTAS proqramına müraciət etmişdir. 28 yanvar 2022-ci il tarixli bildirişlə iddiaçının sosial yardımın alınması üçün müraciətindən VEMTAS tərəfindən imtina edilmişdir. İmtina səbəbi kimi ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olması qeyd edilmişdir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Hazırda məhkəmə mübahisəsinin predmetini, iddiaçının imtinada qeyd edilmiş səbəbi düzgün qiymətləndirməməsidir. Belə ki, İddiaçı imtinada qeyd olunmuş “əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olması” cümləsindəki əmək qabiliyyətli üzv dedikdə həyat yoldaşını nəzərdə tutmuşdur. Həmçinin iddia ərizəsində yoldaşının iki azyaşlı uşağa baxması ilə əlaqədar işləyə bilməməsini qeyd edərək, imtinanı qanunsuz hesab etmişdir. İddiaçının yoldaşı X7 əmək qabiliyyətli, 8 yaşına çatmamış uşaqa qulluq edən şəxsdir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 1.2.2-ci bəndinə əsasən aztəminatlı ailənin əmək qabiliyyətli olan ailə üzvünün 8 yaşına çatmamış uşağa qulluq etməsi sosial yardım almaq hüququnu məhdudlaşdırmır. Məlumat üçün bildirmək istərdik ki, iddiaçıya 08 avqust 2021-ci il tarixdə TSEK tərəfindən İİİ dərəcə əlillik təyin edilməsinə baxmayaraq, görmə itiliyinin aktiv olmayan işlərdə işləyə bilər. Digər sözlə iddiaçı əmək qabiliyyətli şəxs hesab edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, İddiaçı İİİ dərəcə əlil olmasına baxmayaraq, əmək qabiliyyətli şəxs hesab edilir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : - Sumqayıt “Asan Xidmət “mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.01.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı ailə tərkibi özü, arvadı X7 və uşaqları X8 və X3 ibarətdir. - TSEK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı müddətsiz üçüncü dərəcəli əlillik verilmişdir. - notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X7 ailəsi üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün İddiaçı ailələrini təmsil edən şəxs kimi qeydə alınmasını xahiş etmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28.01.2022-ci il tarixli müraciətə imtina bildirişindən görünür ki, ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı səbəblərdən sıfıra bərabər olduğundan iddiaçıya ünvanlı sosial yardım təyin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 3–cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci, 7.2-ci və 7.3-cü maddələrinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. Göstərilən Qaydaların 3.7-ci bəndində sosial yardımın təyin olunmasından imtina halları nəzərdə tutulmuşdur : -3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; -3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda; -3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; -3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); -3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); -3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda; -3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçının 3-cü qrup əlil olsa da, əmək qabiliyyətinə malik şəxs olması, lakin işləməməsi səbəbindən imtina cavabı verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının həyat yoldaşı 8 yaşına çatmamış iki uşağa qulluq etdiyindən onun işləməsi tələb olunur və ünvanlı sosial yardım almaq hüququ olan şəxs kimi qiymətləndirilə bilər. Lakin iddiaçı özü 3-cü qrup əlildir, müəyyən əmək qabiliyyətinə malik şəxsdir və onun faktiki olaraq işləyə bilməməsi ona ünvanlı sosial yardım təyin etmək üçün əsas yaratmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üşün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar