Məhkəmə qərarları › İş №2-1(118)-1022/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1022/2023

01.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1022/2023 01.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “mərhum əri xx.xx.1946-cı il təvəllüdlü X1 “Sumqayt Alimunim”zavodunda işlədiyi müddət ərzində əmək qabiliyyətinin itirilməsinə görə aldğı aylıq müavinətin ona yenidən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə Abşeron rayonu, Pirəkəşkül kəndində anadan olmuş, xx.xx.1975-ci il tarixdə xx.xx.1946-cı il təvəllüdlü X3 ilə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur.Yoldaşı xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Belə ki, o ,1989-cu il tarixdən ikinci dərəcəli flüoroz -akromioklavikulyar oynaqların artrozu, diz oynaqlarının artrozu, xroniki zəhərli-toz bronxiti, ağciyərlərin emfizema, ikinci dərəcəli tənəffüs çatışmazlığı, ifadə olunan ağrı sindromu ilə xroniki qastrit diaqnozundan əziyyət çəkmişdir. Həmçinin, uzun illər “Sumqayıt Alüminium”- də çalışmışdır.Yoldaşı xəstəliyi ilə bağlı müxtəlif vaxtlarda istər stasionar, istərsə də ambulator müalicələr almışdır .Dəfələrlə müalicələrdə olarkən mərhum yoldaşının səhhəti ilə bağlı olan şikayətlərindən belə qənaətə gəlinmişdir ki, bütün bunlar onunn iş funksiyası, əmək şəraiti nəticəsində baş vermişdir. Bu səbəbəbdən də “Sumqayıt Alüminium” zavodu tərəfindən ona peşə xəstəliyi təyinatı ilə pensiya təyin olaraq ona 2-ci qrup əlillik təyin olunmuşdur. Yoldaşı vəfat edən gününə kimi həmin pensiyanı almışdır. Həmçinin 2008-ci il tarixdən iddiaçıya asma-uronxit xəstəliyi ilə 2-ci qrup əlillik təyin olunmuşdur. Qanunvericiliyə uyğun olaraq yoldaşı vəfat edərkən 2-ci qrup əlilliyə uyğun olaraq pensiya aldığına görə yoldaşının peşə xəstəliyi ilə aldığı pensiyası onun adına keçirilmişdir. Həmin məbləğ xx.xx.2021 -ci il tarixədək “Sumqayıt Alüminium” zavodu tərəfindən ödənilirdi. Lakin sonradan zavod ona Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə ödənilən məbləğ Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada ödənəcəyi ilə bağlı xəbərdarlıq məktubu təqdim etmişdir.2021-ci ilin aprel ayından ona ödəniləcək pensiya dayandırılmış, sonradan ona həmin pulu cavabdeh təşkilat tərəfindən ödənəcəyi ilə bağlı məlumat vermişlər. Belə ki, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına müraciət etmiş, lakin həmin filialın **********1 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə əsassız imtina vermişlər. İmtina məktubun mərhum yoldaşının ölüm səbəbinin peşə xəstəliyi ilə əlaqədar olmadığı ilə əsaslandırmışlar. Belə ki, həmin imtinanı qanunsuz və əsassız hesab edir. İddiaçı bu pensiyanı 19 il eyni təyinatla almış, həmçinin onunla bərabər digər şəxslərdə belə bir zidiyyət yaranmış, digərləri bərpa etsə də bir neçə şəxsdə bunu bərpa etmək mümkün olmamışdır. İmtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X1 İİ qrup əlilliyi onun işlədiyi “Sumqayıt Alüminium” zavodundakı əmək şəraiti ilə əlaqədar olmuşdur. “Sumqayıt Alüminium” zavodu tərəfindən X2 peşə xəstəliyi ilə əlaqədar İİ qrup əlillik müəyyən edilmiş və ona İİ qrup əlilliyə görə əmək pensiyası ödənilmişdir. Həyat yoldaşı İddiaçı asma-bronxit xəstəliyi ilə əlaqədar İİ qrup əlliliyi müəyyən edilməsi səbəbindən X1 aldığı pensiya onun adına keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən “istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir.” Həmin maddənin 3-cü bəndinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bildirilir ki, İddiaçı mərhum həyat yoldaşı X1 İİ qrup əlilliyinə görə aylıq ödənc onun vəfat etdiyi xx.xx.2003-cü il tarixdən xx.xx.2021-ci il tarixədək İİ qrup əlilliyi olan həyat yoldaşı İddiaçı “Sumqayıt Alüminium” zavodu tərəfindən ödənilmişdir. Bu səbəbdən də həmin əlilliyə görə aylıq ödənci ödəmək vəzifəsi “Sumqayıt Alüminium” zavodunun üzərindədir.Qeyd edilən hüquqi əsaslardan göründüyü kimi İddiaçı xx.xx.2021-ci il tarixədək aldığı aylıq ödənişin yenidən bərpa edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yox, işlədiyi müəssisəyə, həmin müəssisə yenidən təşkil edildiyi halda isə hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəvən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli **********1 nömrəli imtina məktubu, cavabdehin etiraz ərizəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5-Təcrübi və Tədris Birliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 2297 nömrəli məktub, Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş **********37100 nömrəli, xx.xx.2022-ci il tarixli məktub, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 3-21- 3/2-457/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mərhum ərinin vəfat etdiyi vaxtdan olduğu vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, cavabdehin 05 sentyabr 2022-ci il tarixli **********0 nömrəli məktubu ilə iddiaçının tələbindən imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X1 vəfatından sonra ona təyin edilmiş pensiya təminatı hüququ İddiaçı keçmişdir. Sonradan cavabdeh təşkilat tərəfindən iddiaçının müvafiq pensiya təminatı hüququ ləğv edilmişdir. Həmin hüququn ləğv edilməsinə əsas kimi iddiaçının mərhum yoldaşının ölüm səbəbinin peşə xəstəliyi ilə əlaqədar olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilatın hərəkətləri qanunidir. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5-Təcrübi və Tədris Birliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 2297 nömrəli məktubdan müəyyən olunur ki, təqdim edilmiş tibbi sənədlərə əsasən mərhum X1 İİ qrup əlillik diaqnozu (İİ dərəcə flüoroz) ilə onun ölümünə səbəb olan baş beyinə qansızma arasında səbəbli əlaqə mövcud deyil. Belə olan halda iddiaçıya əvvəllər aldğı aylıq müavinətin yenidən bərpa olunması qanunvericiliyə əsasən mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “mərhum əri xx.xx.1946-cı il təvəllüdlü X1 “Sumqayt Alimunim”zavodunda işlədiyi müddət ərzində əmək qabiliyyətinin itirilməsinə görə aldğı aylıq müavinətin ona yenidən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar