Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1023/2021 29.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 20.000 manat məbləğində pulun, dəymiş mənəvi ziyanın əvəzi olaraq 25.000 manat məbləğində pulun kompensasiya olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 20.000 manat məbləğində pulun, dəymiş mənəvi ziyanın əvəzi olaraq 25.000 manat məbləğində pulun kompensasiya olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdehin qanunsuz hərəkətlərinə görə ondan 45.000 manat kompensasiyanın tutulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 06.02.1993-cü ildə alqı-satqı müqaviləsi ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajı satın almış, qarajın ona məxsus olmasına dair müvafiq rəsmi sənədləri də vardır. İddiaçı ölkə ərazisində olmayan zaman ona məxsus qaraj sökülmüş və yerində tikinti işləri aparılmışdır. Apardığı araşdıma nəticəsində məlum olmuşdur ki, qarajın yerində tikinti işləri X4 tərəfindən aparılmışdır. A.Hüseynov bildirmişdir ki, Qarajı abadlıq işləri ilə əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş və 07.10.2010-cu il tarixli 194 nömrəli sərəncam ilə X2 verilmişdir. A.Hüseynov da qarajın ərazisini R.Məmmədovdan almışdır. Bu halların həqiqiliyi ona məlum deyil. Amma faktiki olaraq qarajı sökülmüşdür. Faktiki olaraq qarajının yerləşdiyi yerdə başqa şəxslər tərəfindən tikinti işləri həyata keçirilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin məlumatı və icazəsi olamadan belə bir addımların atılması qeyri-mümkündür. İcra Hakimiyyəti tərəfindən ona məxsus qarajın sökülməsi və sərəncam ilə bu sahənin başqa şəxslərə verilməsi tam qanunsuz və əsassızdır. Bu qanunsuz hərəkətlər nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Onun ölkədə olmadığı zaman əmlakının sökülməsi, başqa şəxslərə satılması ona mənəvi təsir etmişdir. Şəhər İcra Hakmiyyəti tərəfindən belə qanunsuz və özbaşına hərəkətin icra edilməsi ona dəymiş mənəvi ziyanı daha da ağırlaşdırmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının mənəvi və fiziki sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə şikayət ərizəsi ilə müraciət etmişdir. Dəymiş maddi ziyanın əvəzi olaraq 20 000 manat məbləğində pulun, dəymiş mənəvi ziyanın əvəzi olaraq 25 000 manat məbləğində pulun kompensasiya olaraq ona ödənilməsi tələbini irəli sürmüşdür. Xəbərnamə vərəqindən də göründüyü kimi ərizə 05.03.2021-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinə çatmışdır. Lakin ona heç bir cavab məktubu göndərilməmişdir. Cavabdeh orqanın ərizəni aldığı gündən 35 gün keçdiyinə görə məhkəmyə müraciət etmək hüququ vardır. Cavabdeh tərəfindən qəbul edilmiş sərəncam ona təqdim edilməmişdir. Bu barədə məlumatı yalnız dolayısı yollar ilə əldə etmiş və onun mülkiyyətində olan qarajın ərazisinin satılmasına dair sərəncamın qəbul edilməsi qanunsuz olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102A saylı qarajın sökülməsinə dair şəhər İcra Hakimiyyəti tərəfindən heç bir inzibati akt qəbul edilməmişdir. Qeyd olunan qarajın kim tərəfindən və nə vaxt sökülməsi barədə Şəhər İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Bundan əlavə hazırkı mübahisəli iş üzrə iddia tələbi Şəhər İcra Hakimiyyətinə qarşı yönəlməli olan tələb olmadığından iddianın mümkünsüz sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilir. Qeyd olunanlara əsasən iddia tələbinə mümkün olmaması ilə bağlı qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş X4 və X3 məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclası 3-cü şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmənin ötən iclasında iştrak edən X3 bildirmişdir ki, onun İddiaçı qarajı ilə bağlı məlumatı yoxdur. Qeyd olunan tikintiyə icazə sərəncamın ona aid olmasına baxmayaraq o, ümumiyətcə həmin torpaq sahəsindən xəbərsiz olmuşdur. Həmin tikiliyə sərəncam onun adına formal olaraq verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi və üzərində olan tikili başqa şəxsin mülkiyyətindədir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia tələbi Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102A saylı qarajın sökülməsinə nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi nəzərdə tutulub. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Aruz Hüseynov adlı şəxs tərəfindən Sumqayıt şəhəri, Çerkassi küçəsi,11 a mikrorayon ərazisində torpaq sahəsi zəbt edilərək tikinti işlərinin aparılmasının dayandırılması ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinə, Sumqayıt şəhər Polis idarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər olunmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyətin tərəfindən verilmiş 07 oktyabr 2010-cu il tarixli 194 saylı sərəncam torpaq sahəsinin ayrılması ilə deyil, X2 həmin torpaq sahəsində tikilinin aparılmasına icazənin verilməsi ilə bağlıdır. Qeyd olunanlar İddiaçı məxsus olan qarajın Sumqayıt İcra Hakimiyyəti tərəfindən sökülməmə anlamına gəlir. Ona görə də məhkəmə hesab edir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı məxsus olan qarajın sökülməsi sübuta yetirilmədiyinə görə ondan iddiaçının xeyrinə tutlmalı kompensasiya ilə bağlı iddia tələbi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətlərinə görə 45.000 manat kompensasiyanın tutulması haqqında iddia tələbi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1023/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1023/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver