Məhkəmə qərarları › İş №2-1(118)-1026/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1026/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1026/2021 24.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Qobustan rayonu, Nabur kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, Milli Ordunun ilk əsgərlərindən biri kimi həqiqi hərbi xidmətə getmiş, Sumqayıtda N saylı hərbi hissədə N aylıq rabitəçilik kursunu keçdikdən sonra döyüş bölgəsinə göndərilmişdir.703 saylı hərbi hissədə xidmətə başlamış, Suqovuşan (keçmiş Madagiz), Sırxavənd, Papravənd yaşayış məntəqələrində vuruşaraq yaralanmış, hospitala gətirilərək müalicə aldıqdan sonra ambulator müalicəyə buraxılmışdır. 1994-cü ilin martın sonlarından bu günə qədər mütamadi reabilitasiya keçir. Evə qayıdandan bir qədər sonra xidmət etdiyi hərbi hissə dağılmış, həm atəşkəs elan edilmiş, həm də övladı dünyaya gəldiyindən ehtiyata buraxılmışdır. Sonradan Qobustan müstəqil inzibati vahid kimi ayrıldığı üçün Şamaxıdakı sənədlər Qobustana təhvil verilmiş, lakin onların böyük əksəriyyəti itirilmişdir. SHXÇDX-nin Qobustan İdarəsi isə ona boş təkrar xidmət hərbi bileti vermişdir. Bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət edib hərbi xidməti barədə məlumatı Qobustan SHXÇDX-nə təqdim etmiş və xahiş etmişdir ki, ona veteran vəsiqəsi verilsin. Sonra da sənədi MN-nin müvafiq Komissiyasına, həmçinin Hüquq İdarəsinə təqdim etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş 15.03.2021-ci il tarixli 9/2-2271 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, 21.04.1993-cü il tarixdən 29.01.1994-cü il tarixlərində N nömrəli hərbi hissə komandirinin əmrlərində Şamaxı RHK-nın çağrışçısı İddiaçı döyüş tapşırığının yerinə yetirməsi habelə hərbi hospitala göndərildiyi və qayıtması barədə məlumat olsa da, may 1994-cü il tarixindən onun xidməti barədə arxiv sənədlərində məlumatlar aşkarlanmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Belə ki, hərbi hissəni özbaşına tərk etməsi, həmçinin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılma barədə arxiv sənədlərində məlumatlar aşkarlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, onlar 1-ci sinifdən birlikdə oxumuşlar. 1993-cü ilin aprel ayının 20-də həqiqi hərbi xidmətə çağırılmışlar, birlikdə qulluq etmişlər. Əvvəlcə N saylı hərbi hissədə xidmətə başlamışlar. Müharibənin başlamasından 2 ay sonra döyüş bölgəsinə könüllü yollanmaq istəyi barədə soruşduqda İddiaçı könüllü getmişdir. İddiaçı döyüş bölgəsində vuruşmuşdur. Daha sonra o, da Gorana və döyüş zonasına göndərilmiş, daha sonra bir-birilərindən ayrı oxidmət etsələr də, əlaqələri olmuşdur. İddiaçı yaralandığı üçün hospitala göndərilmiş, müalicədən qayıtdıqdan sonra hərbi hissə dağıdılmışdır. İş materiallarında olan : -Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilən 15.03.2021-ci il tarixli 9/2-2271 №-li arxiv arayışından görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh.26, 05.04.1993-31.12.1999. səh.25, sıra-276) İddiaçı 20.04.1993-cü il tarixdə Şamaxı RHK-dan çağırılması komandirin 21.04.1993-cü il tarixli N №-li əmrilə hərbi hissəyə daxil olması və komandirin 27.04.1993-cü il tarixli 86 №-li əmrilə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Şamaxı RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin 21.04.1993cü il tarixli N №-li əmrilə (əsas: səh.8, §2, sıra-51) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq “sıravi” rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunmuşdur.İddiaçı Adil oğlu N nömrəli hərbi hissə komandirinin 28.06.1993-cü il tarixli 39 №-li əmrilə (əsas: səh.51, §1, sıra-81, qeyd: əmrdə atasının adı Adil yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır.İddiaçı N nömrəli hərbi hissə komandirinin 03.09.1993-cü il tarixli 226 №-li əmrilə (əsas: səh.28, §4, sıra-3) 1 -ci motoatıcı taburun bütün növ təminatlarına qoyulmuşdur.İddiaçı N nömrəli hərbi hissə komandirinin 16.09.1993-cü il tarixli 30 №-li əmrilə (əsas: sıra-130) avqust 1993-cü il üçün 3(üç) qat pul zəminatı verilmişdir.İddiaçı Adil oğlu N nömrəli hərbi hissə komandirinin 04.10.1993-cü il tarixli 252 №-li əmrilə (əsas: səh.11, qeyd: əmrdə atasının adı Adil yazılmışdır) 1 -ci motoatıcı taburun qazan təminatına qoyulmuşdur.İddiaçı Adil oğlu N nömrəli hərbi hissə komandirinin 07.10.1993-cü il tarixli 255 №-li əmrilə (əsas: səh.16, §2, qeyd: əmrdə atasının adı Adil yazılmışdır) 1 -ci motoatıcı tabura sürücü mexanik vəzifəsinə təyin olunmuşdur.İddiaçı hərbi hospitala getdiyi üçün N nömrəli hərbi hissə komandirinin 1994-cü il tarixli 25 №-li əmrilə (əsas: səh.39) qazan təminatından çıxarılmışdır.İddiaçı Adil oğlu N nömrəli hərbi hissə komandirinin 03.02.1994-cü il tarixli 14№-li əmrilə (əsas: səh.8, qeyd: əmrdə atasının adı Qabil yazılmışdır, yoxlama əmri) döyüş tapşırığını yerinə yetirmişdir.Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin 27.04.1993-cü il tarixli 86 №-li əmrində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.N nömrəli hərbi hissə komandirinin may 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən 26.11.2019-cu il tarixli 9/2-18581 №li məktubla İddiaçı xidməti barədə ünvanınıza, 28.02.2020-ci il tarixli 9/2-2768 №li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına cavab göndərilmişdir. -Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilən 26.03.2021-ci il tarixli 1/Ə-7676 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş 10 nömrəli 19.02.2021 -ci il tarixli məktubunuza cavab olaraq təkrar bildiririk ki, vətəndaş İddiaçı Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 11.03.2020-ci il tarixli iclasında baxılmış və 677 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. -SHXÇDX Qobustan rayon Bölməsinin 08.06.2021-ci il tarixli 382 saylı sorğuya cavabdan görünür ki, 05.07.1994-cü il təvəllüdlü İddiaçı 06.07.2009-cu il tarixdə Azərbaycan Respublikasının Qobustan rayon hərbi komissarlığı tərəfindən və “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanununun 21a maddəsinin “ç” bəndinə əsasən ehtiyata verilmiş və 06.07.2009-cu il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsində hərbi qeydiyyatdadır. İddiaçı döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə SHXÇDX-nin Qobustan rayon bölməsində hal-hazırda heç bir məlumat yoxdur. - Qobustan MRX tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı-730 saylı hərbi hissənin əsgəri 01.02.1994-25.02.1994-cü il tarixində sağ budun infeksiyalaşmış kor qəlpə yarası diaqnozu ilə stasionar müalicədə olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. 10 iyun 1992-ci ildə qəbul edilmiş və 2011-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun 24-cü maddəsinə görə səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. “MDB-nin X1 təxris olunaraq ehtiyata buraxılmış hərbi mükələfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında” AzərbaycanRespublikası Prezidentinin 25 iyul 1992-ci il tarixli 77 nömrəli Fərmanının 2-ci bəndinə görə isə Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətləri respublikas ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılması qərara alınmışdır. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 09 oktyabr 1991-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü 10 may 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Beləliklə, iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar