Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1027/2023 27.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Qobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, Abşeron rayonu, Qobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 14 oktyabr 2022-ci il tarixli, **********35 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron rayonu, Qobu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Bundan sonra dəyəri ödənildikdən sonra torpaq sahəsi ona təhvil verilmiş, həmin tarixdən bu torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində olmuş və hal-hazırda sahibliyindərir. İddiaçı Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron ərazi İdarəsinə Abşeron rayonu, Qobu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində iddiaçının istifadə və sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı 30.08.20.22-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron ərazi İdarəsinin İ4.J0.2022-ci il tarixli, **********35 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********35 saylı bildiriş məktubunda Abşeron rayonu. Qobu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Qobu bələdiyyəsi ərazisində 0.08 ha torpaq sahəsinin ayrıldığı halda alqı-satqı aktının xx.xx.2016-cı il tarixdə verildiyi; Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmədiyi, texniki baxışın keçirilməsinə şərait yaradılmadığı və bu səbəblərdən də "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edildiyi qeyd edilmişdir. İddiaçı bildirir ki, alqı-satqı aktının xx.xx.2016-cı il tarixdə verilməsi Qobu Bələdiyyəsinin nöqsanıdır. Belə ki, alqı-satqı aktının tərtib edilməsi onun səlahiyyətində olmamaqla bələdiyyənin səlahiyyətindədir; torpaq sahəsinin yerini təyin edən Abşeron rayonu, Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilməməsi də onun yox bələdiyyənin nöqsanıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçının 30.08 2022-ci il tarixli, ********** daxilolma nömrəli müraciətinə aparılan araşdırma zamanı Qobu bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı qərarla ayrıldığı halda alqı-satqı aktının xx.xx.2016-ci il tarixdə verildiyi; Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışın ləqv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmədiyi; texniki baxışın keçirilməsinə şərait yaradılmadığı və bu səbəblərdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edildiyi qeyd edilmişdir. Cavabdeh torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli. 274 nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4- cü cümləsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə, Əsasnamənin 18, 19, 21, 21-ci bəndlərinə istinad edərək hesab edir ki, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Qeyd edirlər ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı qaydalan”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları"na Əlavədən - Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən ‘Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Cavabdeh sonda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu, 11.1-ci, 15-ci, 23-cü maddəsinə istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Qobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan ölçü sənədinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Qobu bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı qərarla ayrıldığı halda alqı-satqı aktının xx.xx.2016-ci il tarixdə verildiyi; Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışın ləqv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmədiyi; texniki baxışın keçirilməsinə şərait yaradılmadığı və bu səbəblərdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edildiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Cavabdeh dəlillərindən biri ondan ibarətdir ki, aparılan araşdırma zamanı Qobu bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı qərarla ayrıldığı halda alqı-satqı aktının xx.xx.2016-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Cavabdehin bu dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Abşeron rayon X5 22 noyabr 2006-cı il tarixli, 13 saylı Qərarı ilə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən 0.08 ha torpaq sahəsi iddiaçıya verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı Abşeron rayon X5 22 noyabr 2006-cı il tarixli, 13 saylı Qərarının və torpaq sahəsinin dəyərinin ödənilməsinə dair 15 avqust 2006-cı il tarixli ödəniş qəbzinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. (Abşeron rayon Dövlət Arxivinin 03 may 2023-cü il tarixli, T/317 saylı məktubu) Torpaq sahəsinin alqı-satqı aktı 29 aprel 2016-cı il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Həmçinin Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarış məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Bundan əlavə cavabdeh orqan qeyd edir ki, Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışın ləqv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmədiyi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqan Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiqlənmədiyini bildirsə də bu qanunamüvafiqliyin tənzimləmə mexanizmini, hansı normalara uyğunsuzluğunu göstərməmişdir. Bu halda qeyd edilən halın uyğunsuzluq kimi qiymətləndirilməsi əsaslı hesab edilə bilməz. Cavabdeh orqan qeyd edir ki, torpaq sahəsinə texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır. Məhkəmə araşdırması zamanı torpaq sahəsinin müayinə aktının təsdiq edilmiş surəti və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdə sənəd üzrə, eyni zamanda faktiki istifadədə olan torpaq sahəsinin 0.08 ha olduğu qeyd edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş əraziyə aid edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1027/2023 saylı qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur : - İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nədir? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Abşeron rayon Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışa uyğundurmu? -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşürmü? Düşürsə hansı hissədə və kimlərlə üst-üstə düşür? (müvafiq xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası nədən ibarətdir? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 23 avqust 2023-cü il tarixli, 3-21-3-32/2-9908/2023 saylı məktubu ilə iş üzrə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, tədqiqatın nəticəsi olaraq rəydə qeyd edilmişdir ki, iddiaçının faktiki İstifadəsində olan torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir; iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə Abşeron rayon Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar arasında fərq mövcuddur. Abşeron rayon Qobu Bələdiyyəsinin yerquruluşu planında çıxarışda göstərilmiş koordinatlara əsasən torpaq sahəsinin 0.0011 ha hissəsi cənub-qərb istiqamətində yerləşən qonşuya məxsus daş hasar daxilindədir; iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür.; iddiaçı tərəfindən təqdim edilmiş və Abşeron rayonu, Qobu bələdiyyəsi tərəfindən tərtib edilmiş bələdiyyənin yerquruluşu planından çıxarışda qeyd olunmuş döngə nöqtələrinin koordinatları daxilində yerləşən torpaq sahəsinin elektron baza məlumatlarına əsasən yaşayış məntəqələri təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir. Göründüyü kimi mütəxəssis rəyində Abşeron rayon Qobu Bələdiyyəsinin yerquruluşu planında çıxarışda göstərilmiş koordinatlara əsasən torpaq sahəsinin 0.0011 ha hissəsi cənub-qərb istiqamətində yerləşən qonşuya məxsus daş hasar daxilində yerləşdiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi sahəsinin 0.0011 ha torpaq sahəsinə münasibətdə təmin edilə bilməz. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən- torpaq sahəsinin cənub-qərb istiqamətində yerləşən qonşuya məxsus daş hasar daxilində yerləşdiyi 0.0011 ha hissəsi istisna olmaqla qalan hissədə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Abşeron rayonu, Qobu bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin cənub-qərb istiqamətində yerləşən qonşuya məxsus daş hasar daxilində yerləşdiyi 0.0011 ha hissəsi istisna olmaqla qalan hissəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1027/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1027/2023
27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver