Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1028/2022 26.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona İT ******* saylı xx.xx.1984-cü il tarixli əmək kitabçasında qeyd edilmiş əmək stajının və HZ ******* saylı xx.xx.1980-ci il tarixli hərbi biletdə qeyd edilmiş hərbi xidmət müddətinin də sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə qədər alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı razılaşmayaraq, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Ucar rayonunun Müsüslü kəndində anadan olmuşdur. xx.xx.1980-ci il tarixdə hərbi xidmətdə getmişdir və xx.xx.1982-ci il tarixdə isə hərbi xidmətdən qayıtmışdır. 01 sentyabr 1982-ci il tarixdə Sumqayıt şəhər X3 daxil olmuşdur və 27 iyun 1986-ci il tarixdə həmin Texnikomu "Kimya sənayesində avtomatik qurğuların istismarı" ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə başladığı 1982-ci ildən "Sumqayıt İEM-2" də elektrik mantyoru(xx.xx.1982-xx.xx.1988=5 il 5 ay), yüksək gərginlikli labaratoriyada kimya, qazan, turbin sexlərinin elektrik avadanlıqlarına xidmət edən usta (xx.xx.1988-xx.xx.2002=14 il 5 ay 24 gün), yüksək gərginlikli labaratoriyada kimya, qazan, turbin sexlərinin elektrik avadanlıqlarına xidmət edən böyük usta (xx.xx.2002-xx.xx.2006=3 il 6 ay 27 gün) və indiyə kimi də həmin müəssisədə işləyir. Məhkəməyə təqdim etdiyi, əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş müvafiq arayışlardan da görünür ki, xx.xx.1980-xx.xx.1982=2 il 1 ay xx.xx.1982-xx.xx.1988=5 il 5 ay xx.xx.1988-xx.xx.2002=14 il 5 ay 24 gün xx.xx.2002-xx.xx.2006=3 il 6 ay 27 gün Göründüyü kimi iddiaçının ümumilikdə 25 il 6 ay 21 gün əmək stajı var və bu stajın 12 il 6 aydan artıq müddəti pensiya təyinatının tənzimləyən qanunun və qaydaların tələb etdiyi kimi güzəştli şərtlərlə pensiya təyinatı üçün hüquq verən peşə və sahələrə aiddir. Bu da o deməkdir ki, əmək fəaliyyəti və mövcud olan sığorta stajı imkan verir ki, ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. xx.xx.2021-ci il tarixdə o cavabdeh DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına ərizə ilə rəsmi qaydada müraciət edərək ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olnmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli cavabı ilə (qeyd: həmin cavab məktubunu və sənədlərimi DSMF-nun Sumqayıt regional ASAN xidmətindən xx.xx.2021-ci il tarixdə qəbzə imza edib təhvil alıb.) Onun müraciəti təmin etməmiş və göstərmişdir ki, işlədiyiniz vəzifələr qazanxanaların, turbin (buxar-qaz turbini) avadanlığının yanacaqötürücü avadanlığın xidməti və təmiri ilə məşğul olan bütün adlardaelektrik montyorları və avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar vəzifələrinə uyğun deyildir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir." Aşağıdakılara əsasən hesab edir ki, cavabdeh DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin bu imtina iddiaçının sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur. Belə ki, iddiaçının müraciətinə baxılması ilə əlaqədar cavabdeh təşkilat tərəfindən "inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Qanuna görə cavabdeh (inzibati orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatlar tam olaraq öz əksini tapmamışdır. Hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" AR Qanununun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Cavabdeh təşkilatın nəzərinə çatdırılmalıdır ki, "inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Bununla yanaşı, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ huquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Konstitusiyanın 149- cu maddəsinin Vİİ hissəsi və Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsi). Qanunvericiliyin göstərişlərinə əsasən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılarkən 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının "X2 haqqında" xx.xx.1992-ci il tarixli Qanununun tələblərinə istinad edilməlidir. "Əmək pensiyaları haqqında" Qanununun 31-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. "Əmək pensiyaları haqqında" Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayım həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının "X2 haqqında" xx.xx.1992-ci il tarixli Qanununun 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda istehsalatlar, işlər, peşələr, vəzifələr və göstəricilər üzrə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası ƏƏSM Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 4.1.9cu bəndində qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006cı ilədək qüvvədə olan "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı" və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı" əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi
1. Arayışlar,
2. Əmrlərdən çıxarışlar,
3. Əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri,
4. Vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri,
5. icrası barədə qeydlər edilməklə razılaşmalar,
6. Əmək xidmət siyahıları,
7. iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır və əmək kitabçası olmadıqda qanunvericilikdə nəzərdə tutulmuş sənədlər də iş stajının müəyyən edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Cavabdeh təşkilatın imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin əvvəlcə 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya, daha sonra isə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya istinad etmişdir. Halbuki, onun xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarla təsdiq edilmiş 2 saylı siyahının "Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı" adlanan 8-ci bölməsinin təsiri altına düşür. Bu siyahıda: 1) 2140000а —18455 - şirift - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərlərini; 2) 2140000b—23362 şirift - avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlamanı özündə ehtiva etmişdir. Yuxarıda qeyd edilən peşə və sahələr məhz onun işlədiyi peşə və sahələrlə eynilik təşkil edir. Lakin cavabdeh təşkilat ona pensiya təyinatını aparmamaq üçün söz oyunu oynayır və ölkə Prezidenti tərəfindən Tərəqqi medalına layiq görülmüş nümunəvi bir işçinin ağır və zərərli iş şəraitində keçmiş əmək fəaliyyətini kölgə altına salmış olur. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirak etmişdir. İddiaçı izahatında bildirmişdir ki, 1982-ci ildə hərbi xidmətdən sonra Sumqayıt İstilik Elektrik Stansiyasında montyor kimi işə qəbul olmuşdur. Elektrik montyoru, usta və baş usta vəzifələrində işləmişdir. 2021-ci ildən sex rəsi vəzifəsində işləyir. Enerjinin istehsalı, ötürülməsi və paylanması mərhələsi keçir. İstehsalatda işləmişdir. Arayışda qeyd olunan iş şəraitində işləmişdir. Əmək müqaviləsi var. İşlədiyi dövrlərdə süd məhuslları da verilirdi. Hazırda 12 faiz əlavə ödənilir. Əvvəl stansiya mazutla işləyirdi. Yenidən qurma işləri aparılmışdır. Stansiya hazırda qazla işləyir. Kimyəvi sexlərdə 60 ədəd elektrik mühərrikləri var. Günün 5-6 saatını həmin sexlərdə keçirir. Suyun duzlaşdırılması prosesi gedir. Kimyəvi məhsullarla birbaşa qaz və turbinlə əlaqəli işləyirlər. 5 ildən bir attestasiya olunurlar. Səs, titrəmə kimi iş şəraitləridə var. İş şəraitinə uyğun arayış verilmişdir. 12 faiz əlavə də ödənilir. Əvvəl TES 1 olub, sonra TES 2. Stasnsiya hazırda 450 meqavat enerji verir. Belə stansiyalar Qaradağ, Mingəçevirdə də var. 150 meqavatdan yuxarı olan stansiyalar iri stansiyalar sayılır. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X2 haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdatıəsı Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri və qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair 18 oktyabr 2021 -ci il tarixli 19-KŞ nömrəli arayışında xx.xx.1982-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində “Sumqayıt İEM”-in elektrik sexində elektrik montyoru, xx.xx.1988- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə yüksək gərginlikli laboratoriyada usta, xx.xx.2002xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə həmin sexdə böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi sahələr yuxarıda qeyd olunan qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinə və qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikası xidmət sahəsinə uyğun deyil. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, iddiayaetirazı müdafiə etmiş və bildirmişdir ki, siyahıda nəzərdə tutulmadığı üçün, həmçinin iddiaçının vəzifəsi olaraq qeyd edilmiş “yüksək gərginlikli labaratoriyada usta” vəzifəsi xidmət sahəsinə uyğun gəlmədiyi üçün həmin dövrlər nəzərə alına bilməz.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı əmək kitabçasında qeyd edilmiş əmək stajının və hərbi biletdə qeyd edilmiş hərbi xidmət müddətinin də sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair 18 oktyabr 2021 -ci il tarixli 19-KŞ nömrəli arayışında xx.xx.1982xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində “Sumqayıt İEM”-in elektrik sexində elektrik montyoru, xx.xx.1988- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə yüksək gərginlikli laboratoriyada usta, xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə həmin sexdə böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi sahələr yuxarıda qeyd olunan qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinə və qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikası xidmət sahəsinə uyğun deyil. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Ucar rayonunun Müsüslü kəndində anadan olmuşdur. xx.xx.1980-ci il tarixdə hərbi xidmətdə getmişdir və xx.xx.1982-ci il tarixdə isə hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmət illərinin sosial sığorta stajı kimi nəzərə alınması mübahisə olunmur. İnzibati orqan həmin dövrləri sosial sğorta stajı kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışında qeyd edilir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı “Sumqayıt İEM-2”-də xüsusi-zərərli iş şəraitində işləmişdir: -xx.xx.1982 - ci ildən (Əmr N 111-k) xx.xx.1988 - ci ilə qədər elektrik sexində elektrik montyoru vəzifəsində; - kod: 2140000а- 18455; xx.xx.1988 - ci ildən (Əmr N 10-k) xx.xx.2002 - ci ilə qədər Elektrik sexində yüksək gərginlikli labaratoriyada kimya, qazan, turbin sexlerinin elektrik avadanlıqlarına xidmət edən usta vəzifəsində; - kod: 2140000b - 23362; xx.xx.2002 - ci ildən (Əmr N 10-kş) xx.xx.2021-ci ilə qədər Elektrik sexində kimya, qazan, turbin sexlerinin elektrik avadanlıqlarına xidmət edən böyük usta vəzifəsində; - kod: 2140000b-23362; xx.xx.2021-ci ildən (Əmr 31-kş) indiyədək Elektrik sexinin rəisi vəzifəsində işləyir. 2 №-li siyahının Xİİİ bəndinə uyğun olan vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ keçir. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 13 №-li əmrinə əsasən «Sumqayıt İEM-2» hüquqi şəxs kimi ləğv edilmişdir. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 43 №-li əmrinə əsasən yeni hüquqi şəxs, yaranmışdır "xxxx" MMC. xx.xx.2004-cü il tarixli 52 №-li əmrinə əsasən "xxxx" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İşin hallarından göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Əmək Pensiyaları haqqında Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı yaranmışdır- 25 ildən artıq sosial sığorta stajı olmaqla 12 il 6 aydan artıq müddətini xüsusi iş stajını təşkil edir. Bu halda yuxarıda qeyd edilmiş normalara müvafiq olaraq iddiaçıya münasibətdə “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndi tətbiq olunacaqdır. “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə- “İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı” üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından, həmçinin arayışdan da göründüyü kimi iddiaçı “Sumqayıt İEM-2”-də xüsusi zərərli iş şəraitində işləmişdir: -xx.xx.1982 - ci ildən (Əmr N 111-k) xx.xx.1988 - ci ilə qədər elektrik sexində elektrik montyoru vəzifəsində; - kod: 2140000а- 18455; xx.xx.1988 - ci ildən (Əmr N 10-k) xx.xx.2002 - ci ilə qədər Elektrik sexində yüksək gərginlikli labaratoriyada kimya, qazan, turbin sexlerinin elektrik avadanlıqlarına xidmət edən usta vəzifəsində; - kod: 2140000b - 23362; xx.xx.2002 - ci ildən (Əmr N 10-kş) xx.xx.2021-ci ilə qədər Elektrik sexində kimya, qazan, turbin sexlerinin elektrik avadanlıqlarına xidmət edən böyük usta vəzifəsində; - kod: 2140000b-23362 xx.xx.2021-ci ildən (Əmr 31-kş) indiyədək Elektrik sexinin rəisi vəzifəsində işləyir. Cavabdeh orqanın dəlili ondan ibarətdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair 18 oktyabr 2021 -ci il tarixli 19-KŞ nömrəli arayışında xx.xx.1982xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində “Sumqayıt İEM”-in elektrik sexində elektrik montyoru, xx.xx.1988- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə yüksək gərginlikli laboratoriyada usta, xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə həmin sexdə böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi sahələr yuxarıda qeyd olunan qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinə və qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikası xidmət sahəsinə uyğun deyil. Qərarın təsviri hissəsində qeyd edildiyi kimi cavabdeh təşkilatın imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin əvvəlcə 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya, daha sonra isə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya istinad edilmişdir. Halbuki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarla təsdiq edilmiş 2 saylı siyahının "Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı" adlanan 8-ci bölməsinin təsiri altına düşür. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə- “İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı”-ya uyğundur. Siyahıya əsasən:
2140000a— qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq 18455 ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri
2140000b— avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar 23362 (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama
İddiaçının işlədiyi, hazırda fəaliyyət göstərən müəssisənin arayışları, əmək kitabçası və özünün ifadələri ilə iddiaçının gördüyü işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə- “İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı”na uyğun olduğunu göstərir. Cavabdeh inzibati orqan bununla bağlı hər hansı araşdırma aparmadan, iddiaçının hansı işləri gördüyünü müəyyən etmədən əsasslandırılmamış imtina etmişdir. Beləliklə qeyd edilənlər inzibati orqanın imtinasının əsassız olduğunu göstərir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı yaxırıda qeyd edilən üç illik müddəti ötürmədiyi üçün məhkəmə hesab edir ki, qeyd edilən norma iddiaçıya münasibətdə tətbiq edilmir. Onun pensiyası 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı əmək kitabçasında qeyd edilmiş əmək stajının və hərbi biletində qeyd edilmiş hərbi xidmət müddətinin sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşının tamam olduğu xx.xx.2018ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı əmək kitabçasında qeyd edilmiş əmək stajının və hərbi biletində qeyd edilmiş hərbi xidmət müddətinin sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ( ödəniş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir) öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev