Məhkəmə qərarları › İş №2-1(118)-103/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-103/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-103/2023 26.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu Amsar bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli qərarı ilə satın aldığı 0.2440 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlak kimi qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu Amsar bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli qərarı ilə satın aldığı 0.2440 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlak kimi qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2329/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Quba rayonu Amsar bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu, Amsar kəndində yaşayır, yaşadığı evin həyətyanı torpaq sahəsinə bitişik 0,2440 ha torpaq sahəsi mövcuddur. Qeyd olunan torpaq onun valideynlərinin yaşadıqları dövrdən həyətyanı sahə ilə birlikdədir. 0,2440 ha torpaq sahəsi onun yaşadığı evin həyətyanı torpaq sahəsi ilə bitişik olduğundan həmin torpağı satın almaq üçün Quba rayon Amsar bələdiyyəsinə müraciət etmişdir və Quba rayon Amsar bələdiyyəsi onun ərizəsi əsasında 31 avqust 2006-cı il tarixdə 35 №li Qərarı ilə 0,30 ha torpaq sahəsinin ona satılması barədə qərar qəbul etmiş və həmin qərar əsasında 15 avqust 2006-cı il tarixdə onunla Quba rayon Amsar bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılmışdır. Həmin alqı-satqı müqaviləsi keçmiş DTXK-nın Quba rayon Şöbəsi tərəfindən təsdiq edilmiş və ona satılması qanuna müvafiq hesab edilmişdir. Həmin torpaq sahəsi onun istifadəsinə verilmişdir və 2006-cı ildən hal-hazıra kimi torpağın vergi borclarını Quba rayon Amsar bələdiyyəsinin hesabına ödəyir. O, hal-hazırda 0,2440 ha torpağı mülkiyyətçisi kimi istifadə edir, torpağa mülkiyyət hüquqlarını rəsmiləşdirmək üçün hüquq müəyyənedici sənədləri DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli məktubu ilə 0,30 ha torpağın kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi deyil, yaşayış məntəqələrin torpaqların ayrılmış kənd təsərrüfatı təyinatlı torpaqların alqı-satqı predmeti olmadığı və ona satılmış 0,30 ha torpağın yerində 0,2440 ha ölçüdə olduğu bildirilərək, ərizəsinin icrasından imtina olunmuşdur. Ona görə də öz pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı, iddiaçının nümayəndəsi həmçinin vəkili gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi isə gəlməmiş, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Quba rayon Amsar bələdiyyəsinin 35 saylı, 31 avqust 2006-cı il tarixli qərarından görünür ki, İddiaçı kənd təsərrüfatı məqsədilə Quba rayonu, Amsar kəndi ərazisindən 0.30 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş № **********2000001 saylı, 15 sentyabr 2006-cı il tarixli “Torpaq sahəsinin kadatr planı”ndan görünür ki, Quba rayon Amsar bələdiyyəsinin 8/35 saylı, 31 avqust 2006-cı il tarixli qərarı ilə İddiaçı ayrılmış 3000 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair kadatr planı tərtib edilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyindən görünür ki, İddiaçı kənd təsərrüfatı məqsədilə Quba rayonu, Amsar kəndi ərazisindən 0.30 ha torpaq sahəsinin satılması qanunamüvafiq hesab edilmişdir. - “Torpaqların alqı-satqısına dair” 1169 saylı, 15 sentyabr 2006-cı il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən Quba rayon Amsar bələdiyyəsinin 8/35 saylı, 31 avqust 2006-cı il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi müqabilində Quba rayonu Amsar bələdiyyəsinin hesabına 600.0 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 13 saylı, 15 sentyabr 2006-cı il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən Quba rayonu Amsar bələdiyyəsinin hesabına 600.0 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 iyul 2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş xidməti məktubda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi sənədlərdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilməsinə baxmayaraq, faktiki istifadə vəziyyətində kateqoriyaya görə yaşayış məntəqələrinin torpaqlarına aiddir, torpaq sahəsinin faktiki istifadə vəziyyətində azalma mövcuddur və naturada ölçüsü 0.26 ha təşkil edir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 27 yanvar 2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, Quba rayon Amsar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli iclas protokolu ilə İddiaçı satılmış 0,30 ha torpaq sahəsi üçün ləğv olunmuş DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş plan və ölçüdə göstərilmiş koordinatlar və cizgisi faktiki istifadə olunan torpaq sahəsinin koordinatlarından və cizgisindən tamamilə fərqlidir və digər şəxslərin mülkiyyətində olan dövlət reyestrindən çıxarış almamış yaşayış evlərinin üzərinə düşür; vətəndaşın faktiki istifadə etdiyi torpaq sahəsinin azalma hissəsində (0.2440 ha) digər şəxslərə məxsus torpaq sahələrinin koordinatları ilə və ya yaşayış sahələri ilə üst-üstə düşmə yoxdur. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 31 iyul 2023-cü il tarixli məktubuna əlavə edilmiş arayışında qeyd edilmişdir ki, Quba rayonu Amsar kənd bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən və iddiaçının istifadəsində olan 0.24 ha torpaq sahəsi ilə 27 yanvar 2022-ci il tarixli mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olduğu qeyd olunmuş 0.24 ha torpaq sahəsi eyni torpaq sahəsidir və 0.3 ha torpaq sahəsinin daxilində yerləşir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının Quba şəhəri, Amsar kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 18 iyun 2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Quba rayon Amsar bələdiyyəsinin 36 saylı, 31 avqust 2006-cı il tarixli qərarı ilə İddiaçı kənd təsərrüfatı məqsədilə Quba rayonu, Amsar kəndi ərazisindən 0.30 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Mübahisəli torpaq sahəsi həmin qərar əsasında İddiaçı satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyində olmuşdur. Digər tərəfdən də, İddiaçı Quba şəhərində rəsmi qeydiyyatdadır və onun daimi yaşayış yeri Quba rayon bələdiyyəsinin ərazisidir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin ayrılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müvafiq rəyi, torpaqların alqı-satqısına dair akt, o cümlədən “Torpaq sahəsinin kadatr planı” sənədi və ödəniş qəbzi ilə də təsdiq edilir. İddiaçı qeyd olunan sənəd əsasında Quba şəhəri ərazisində yerləşən 0.30 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 18 iyun 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan inzibati orqan imtinasının əsasları kimi:

1. kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0.30 ha torpaq sahəsinin yaşayış məntəqəsi torpaqlarından ayrılmasını;

2. qeyd edilən torpaq sahəsinin alqı-satqı predmeti olmamasını;

3. torpaq sahəsinin yerinin elektron məlumat bazasında olan xəritə üzərində faktiki göstərilən yerdən fərqli ərazidə yerləşməsini;

4. torpaqların alqı-satqısına dair aktın surətinin təqdim edilməməsini;

5. torpaq sahəsinin 0.30 ha ölçüdə olmasına baxmayaraq, 0.2440 ha ölçüdə öz əksini tapmasını qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə bildirir ki, mübahisəli torpaq sahəsi iddiaçıya Quba rayon Amsar bələdiyyəsinin 35 saylı, 31 avqust 2006-cı il tarixli qərarı ilə ayrılmış, torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Məhkəmə qeyd edir ki, Quba rayon Amsar bələdiyyəsinin 35 saylı, 31 avqust 2006cı il tarixli qərarından görünür ki, İddiaçı mübahisəli torpaq sahəsi kənd təsərrüfatı məqsədilə ayrılmışdır. Qeyd edilən halla bağlı sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 iyul 2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş xidməti məktubda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi sənədlərdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilməsinə baxmayaraq, faktiki istifadə vəziyyətində kateqoriyaya görə yaşayış məntəqələrinin torpaqlarına aiddir, torpaq sahəsinin faktiki istifadə vəziyyətində azalma mövcuddur və naturada ölçüsü 0.26 ha təşkil edir. Məhkəmə tərəfindən inzibati işin araşdırılması üçün zəruri olan sualların cavablandırılması üçün cavabdeh orqanın mütəxəssis rəyinin verilməsi məqsdilə cavabdeh orqana məktub ünvanlanmışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 27 yanvar 2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, Quba rayon Amsar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli iclas protokolu ilə İddiaçı satılmış 0,30 ha torpaq sahəsi üçün ləğv olunmuş DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş plan və ölçüdə göstərilmiş koordinatlar və cizgisi faktiki istifadə olunan torpaq sahəsinin koordinatlarından və cizgisindən tamamilə fərqlidir və digər şəxslərin mülkiyyətində olan dövlət reyestrindən çıxarış almamış yaşayış evlərinin üzərinə düşür; vətəndaşın faktiki istifadə etdiyi torpaq sahəsinin azalma hissəsində (0.2440 ha) digər şəxslərə məxsus torpaq sahələrinin koordinatları ilə və ya yaşayış sahələri ilə üst-üstə düşmə yoxdur. Məhkəmə tərəfindən Qusar rayonu Amsar kənd bələdiyyəsinin yerquruluşu planından çıxarışında gösərilən və iddiaçının istifadəsində olan 0.24 ha torpaq sahəsi ilə 27 yanvar 2022-ci il tarixli mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olduğu qeyd edilmiş 0.24 ha torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmamasının müəyyən edilməsi məqsədilə yenidən cavabdeh orqana sorğu ünvanlanmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 31 iyul 2023-cü il tarixli məktubuna əlavə edilmiş arayışında qeyd edilmişdir ki, Quba rayonu Amsar kənd bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən və iddiaçının istifadəsində olan 0.24 ha torpaq sahəsi ilə 27 yanvar 2022-ci il tarixli mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olduğu qeyd olunmuş 0.24 ha torpaq sahəsi eyni torpaq sahəsidir və 0.3 ha torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Məhkəmə cavabdeh orqanın torpaq sahəsinin 0.30 ha ölçüdə olmasına baxmayaraq, 0.2440 ha ölçüdə öz əksini tapması dəlilinə müasibətdə bildirir ki, mütəxəssis rəyinə əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi həqiqətən də, 0.2440 ha ölçüsündədir. Lakin hazırki iddia tələbində iddiaçı bələdiyyə tərəfindən ona satılmış 0.30 ha torpaq sahəsinin tam olaraq deyil, faktiki istifadəsində olan 0.2440 ha hissəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Lakin hazırki halda iddiaçı nəinki artıq torpaq sahəsindən istifadə etmir, əksinə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab edir. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 23-cü maddəsində isə təsbit edilmişdir ki, bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Beləliklə də, iddiaçıya torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı cavabdeh orqanın imtina məktubunda göstərdiyi dəlillər tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba rayonu Amsar bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin 0.2440 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlak kimi qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Quba rayonu Amsar bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin 0.2440 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlak kimi qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar