Məhkəmə qərarları › İş №2-1(118)-1037/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1037/2021

13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1037/2021 13.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 11 saylı Regional Ərazi Filialına qarşı “25 dekabr 2017-ci il tarixdən 02 oktyabr 2020-ci il tarixinə kimi sağlamlıq imkanı məhdud övladı Xanəlizadə Ümid Xalis oğluna təyin edilən müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 25 dekabr 2017-ci il tarixdən 02 oktyabr 2020-ci il tarixinə kimi sağlamlıq imkanı məhdud övladı Xanəlizadə Ümid Xalis oğluna təyin edilən müavinətin hesablanaraq ona ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 10 mart 2021-ci il tarixli, **********2 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xanəlizadə Ümid Xalis oğlu 25 dekabr 2017-ci il tarixində anadan olmuşdur. O sağlamlıq imkan məhdud uşaq olaraq anadan olmuşdur. İddiaçının müraciəti əsasında ona müavinət təyin edilmişdir. Cavabdeh orqan "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq iddiaçının müracəti əsasında ona övladına 02.10.2020-ci il tarixdən aylıq müavinət təyin edilmişdir. Müavinət ona ilk dəfə veriləndə, 02.10.2020-ci tarixdən hesablandığını, əvvəlki (üç ildən az) dövür üçün müavinətin ödənilmədiyi məlum olmuşdur. Əvvəlki (üç ildən az müddət) üçün müavinətin verilməsi barəsində müraciətinin təmin edilməsindən, cavabdeh orqan özünün 23 mart 2021-ci il tarixli **********2 nömrəli cavab məktubu ilə imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası aşağıdakı əsaslara və normalara əsasən qanunsuzdur. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən aşağıda qeyd edilən şəxslərə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə; Göründüyü kimi, qanunverici orqan birmənalı olaraq müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmuş müavinətin iddiaçıya fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi və verilməsi Azərbaycan Respublikasının Konstitusiyanın 12-ci və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Preambulasından irəli gələn qanunun əliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Göründüyü kimi sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq "Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, işin faktiki hallarına əsasən İddiaçı 24.02.2021-ci il tarixində Fondun 11 saylı regional ərazi filialına müraciət edərək 25.12.2017-ci il təvəllüdlü oğlu Xanəliyev Umud Xalis oğluna sağlamlıq imkanları məhdud uşaq olduğu üçün 02.10.2020-ci il tarixində təyin olunan müavinətin əvvəlki üç il üçün birdəfəlik ödənilməsini tələb etmişdir. Fondun iddiaçıya ünvanladığı **********2 nömrəli 20.03.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə uyğun olaraq Sağlamlıq imkanı məhdud 18 yaşınadək uşaqlara müavinət- 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə, yəni iddiaçının övladı X3 02.10.2020-ci il tarixdən 02.10.2023-cü il tarixədək 18 yaşınadək sağlamlıq imkanı məhdud uşaqlara sosial müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqqında” Azərbaycan Respublikasının Qanunun 7.0.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət- müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Sözügedən Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qanunun 9.1.3-cü maddəsində göstərilir ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə ödənilir. Qanunun bu müddəasından aşkar başa düşülür ki, şəxs müavinət almaq üçün müraciət edərkən Qanunun qüvvəyə mindiyi gündən sonra onun bu hüququ yarandığı vaxtdan müraciət etdiyi tarixə qədər dövr üzrə müavinət ona ödənilir, lakin bu dövr ən çoxu 3 il ola bilər. Yəni vətəndaş hüququ yarandığı tarixdə yox daha gec bir tarixdə müraciət etmişdirsə həmin müraciət tarixindən ən çoxu 3 il geriyə ödənilə bilər. Hazırki iş üzrə cavabdehin sağlamlıq imkanları məhdud övladı Xanəliyev Umud Xalis oğluna 02.10.2020-ci il tarixində yəni, sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunduğu andan-hüququ yarandığı tarixdən sosial müavinət ödənilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.4-cü maddəsinə əsasən Əsasnamənin 3.1.1. - 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sistemində sağlamlıq imkanları məhdud olan U.X.Xanəliyev 02.10.2020-ci il tarixində 3 il müddətinə ümumi xəstəlik səbəbindən sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilmişdir. Həmin tarixdən etibarən müavinət almaq hüququ yaranmış və inzibati orqan tərəfindən təyinat aparılmışdır. Yuxarıda qeyd olunanlara əsasən, inzibati orqan tərəfindən heç bir hüquq pozuntusuna yol verilməmiş, qanunun tələblərinə əsasən müvafiq qərar (vətəndaşın hüququ yarandığı tarixdən sosial müavinətin ödənilməsi barədə) qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, bütün hallarda pensiya və müavinətlərin təyin edilməsinin, ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyanın tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İddiaçının sağlamlıq imkanları məhdud övladı Xanəliyev Umud Xalis oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunduğu 02.10.2020-ci il tarixdən sosial müavinət ödənildiyi üçün hazırki iş üzrə iddia tələbi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı 25 dekabr 2017-ci il tarixdən 02 oktyabr 2020-ci il tarixinə kimi sağlamlıq imkanı məhdud övladı Xanəlizadə Ümid Xalis oğluna təyin edilən müavinətin hesablanaraq ona ödənilməsini istəyir. İddiaçı hesab edir ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq "Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. X5 Xalis oğlunun anadangəlmə sağlamlıq imkanlarının məhdud olması ilə bağlı inzibati orqana sübut təqdim edilməsi müəyyən edilmir. Cavabdeh inzibati orqan qeyd edir, ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə uyğun olaraq Sağlamlıq imkanı məhdud 18 yaşınadək uşaqlara müavinət- 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə, yəni iddiaçının övladı X3 02.10.2020-ci il tarixdən 02.10.2023-cü il tarixədək 18 yaşınadək sağlamlıq imkanı məhdud uşaqlara sosial müavinət təyin edilmişdir. Sözügedən Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qanunun 9.1.3-cü maddəsində göstərilir ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə ödənilir. Qanunun bu müddəasından aşkar başa düşülür ki, şəxs müavinət almaq üçün müraciət edərkən Qanunun qüvvəyə mindiyi gündən sonra onun bu hüququ yarandığı vaxtdan müraciət etdiyi tarixə qədər dövr üzrə müavinət ona ödənilir, lakin bu dövr ən çoxu 3 il ola bilər. Yəni vətəndaş hüququ yarandığı tarixdə yox daha gec bir tarixdə müraciət etmişdirsə həmin müraciət tarixindən ən çoxu 3 il geriyə ödənilə bilər. Hazırki iş üzrə cavabdehin sağlamlıq imkanları məhdud övladı Xanəliyev Umud Xalis oğluna 02.10.2020-ci il tarixində yəni, sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunduğu andan-hüququ yarandığı tarixdən sosial müavinət ödənilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, Xanəlizadə Ümid Xalis oğlu sağlamlıq imkanları məhdud uşaq olaraq anadan olmuşdur. İş materialları ilə müəyyən olunur ki, Xanəlizadə Ümid Xalis oğlunun sağlamlıq imkanlarının məhdudluğu “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın 0242003AADHU nömrəli göndərişi əsasında 02.10.2020-ci il tarixində ilkin olaraq qiymətləndirilmiş və 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu statusu verilmişdir. İddiaçı tərəfindən övladı Xanəlizadə Ümid Xalis oğlunun anadangəlmə sağlamlıq imkanları məhdud uşaq olaraq anadan olmasına dair hərhansı sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış 31.08.2021-ci il tarixli, **********6 saylı məktubu təqdim edilmişdir. Məktubda qeyd edilmişdir ki, Xanəlizadə Ümid Xalis oğluna sağlamlıq imkanları məhdud uşaq kimi təyinat aparılmasının əsasları, müəyyən edilən xəstəliyin anadangəlmə olub-olmaması ilə bağlı müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri (forma 088) əsasında adsızlaşdırılmış sənədlər üzərindən qiymətləndirilir. Dövlət tibb müəssisələrinin göndərişində xəstənin diaqnozu və funksiyonal pozuntusu, xəstəliyin ağırlaşmaları aparılan müayinələrdə (xəstənin obyektiv müayinəsi, nevroloji statusu, mütəxxəsislərin rəyi və s.) öz təsdiqini tapmalıdır. Xəstəliyin anadangəlmə olub-olmamasını ixtisaslaşmış tibb müəssisələri müəyyənləşdirir. Xanəlizadə Ümid Xalis oğlunun sağlamlıq imkanlarının məhdudluğu “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın 0242003AADHU nömrəli göndərişi əsasında 02.10.2020-ci il tarixində ilkin olaraq qiymətləndirilmiş və 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu statusu verilmişdir. Beləliklə cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqla əlverişli olmayan hüquq müdafiə vasitəsi seçmişdir. İddiaçı övladının anadangəlmə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinə dair müvafiq sənədləri əldə etdikdən sonra cavabdeh orqana müraciət edərək elektron sistemdə qeydiyyatın aparılmasını tələb edə bilər və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə məşgul olan orqana qarşı tələblər irəli sürüb müvafiq elektron alt sistemdə istədiyi qeydiyatın aparılmasına nail ola bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar