Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1037/2022 04.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Qobu bələdiyyəsi tərəfindən verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə ona reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması”nadair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı İddiaçı, Abşeron rayonu, Qobu bələdiyyəsi tərəfindən verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə ona reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş, iddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı 2007-ci il tarixdə torpaq sahəsi almaq üçün Abşeron rayon Qobu bələdiyyəsinə müraciyət etmişdir. Abşeron rayon X5 01 avqust 2007-ci il tarixli 17 nömrəli qərarına əsasən 0,08 ha torpaq sahəsi fərdi ev tikmək üçün onun mülkiyyətinə verilmişdir. Torpağın nəzərdə tutulmuş qiymətinə görə 800 (səkkiz yüz) manat Qobu bələdiyyəsinin bankdakı xüsusi hesabına ödəyərək ödəmə qəbzi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə təqdim etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 07 sentyabr 1349 nömrəli rəyinə əsasən həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verməsinə etiraz etməmişdir. Mülkiyyətində olan 0.08 ha torpaq sahəsi ayrıca Daş hasarın içərisində yerləşir. Həmin torpaq sahəsi, uzun illərdir onun mülkiyyətindədir. Torpaq sahəsinin Çıxarışının və Texniki sənədlərin hazırlanması zərurəti yaranmışdır. Mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə reyesterdən Çıxarışın və texniki sənədlərin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyesteri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciyyət etmişdir. Həmin İdarə 11. Yanvar 2022-ci il tarixli **********22 nömrəli məktubu ilə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması və bu barədə reyesterdən çıxarışın texniki pasportun verilməsini imtina etmişdir. O, məcburiyyət qarşısında qalaraq Həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması və bu barədə reyesterdən çıxarışın texniki sənədlərin verilməsi üçün Məhkəməyə müraciyyət etmək məcburiyyətindədir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında ’’Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmİn Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamlər, mənzil sertifikatı (maddə8.0.3) və 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzrində hüquqları təsdiqedən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri (maddə8.0.4) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə(3.0.2- ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4- cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından İmtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlətqeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir .Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Beləliklə qanuni əsaslarla əldə etdiyim əmlaka dair mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin qərar və hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 73.1 maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 21 dekabr 2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən iddiaçıya 0.08 ha torpaq sahəsinin 01 avqust 2007-ci il tarixdə, 17 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 07 sentyabr 2012-ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlan”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və Ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. O zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-cİ il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmant ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanunä əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apanr və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Qobu bələdiyyəsi tərəfindən verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə ona reyestrdən çıxarışın və texniki sənədlərin verilməsini istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, Qobu Bələdiyyəsi tərəfindən iddiaçıya 0.08 ha torpaq sahəsinin 01 avqust 2007-ci il tarixdə, 17 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 07 sentyabr 2012-ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi Abşeron rayon X5 01 avqust 2007-ci il tarixli, 17 saylı Qərarı ilə İddiaçı perpektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə torpaq sahəsinin satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair Akt tərtib edilməklə Abşeron rayon Qobu bələdiyyəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin möhürü ilə təsdiq edilmiş, Abşeron rayon şöbəsində 07.09.2012ci il tarixdə 1260/12 nömrə ilə qeydiyyata alınmış, torpaq sahəsinin dəyəri İddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinin planı və ölçüsü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən möhürlə təsdiq edilmişdir. Habelə, torpaq sahəsinin Abşeron rayon Qobu bələdiyyəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin möhürü ilə təsdiq edilmiş yerquruluşu planından çıxarış da mövcuddur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 07.09.2012-ci il tarixli, 1349 saylı Rəyi ilə Qobu bələdiyyəsinin 01.08.2007-ci il tarixli 17 saylı qərarı ilə İddiaçı 800 kv.m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiq hesab olunmuş və DT və XK-nın Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilməmişdir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin ayrılması ilə alqı-satqı müqaviləsinin, DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin ayrı-ayrı vaxtlara təsadüf etməsi səbəbilə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı hesab edilə bilməz. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Sonradan bələdiyyə müqavilə bağlayaraq öz iradəsini təsdiq etmişdir. Məhkəmə hesab edir ki, bu halda alqı-satqı müqaviləsi sonrakı tarixdə bağlansa belə bu halın iddiaçının gözlənilən hüququnun məhdudlaşdırılması üçün əsas hesab edilməsi ədalətli hesab edilə bilməz və etimad hüququnun qorunması baxımından iddiaçının hüquqları qorunmalıdır. Cavabdeh orqanın başqa bir dəlili ondan ibarətdir ki, müvafiq icra hakimiyyəti orqanının memarıq və tikinti şöbəsinin rəyi ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alğı- satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazlrkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı Abşeron rayonu, Qobu bələdiyyəsi tərəfindən verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə ona reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Abşeron rayonu, Qobu bələdiyyəsi tərəfindən verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə ona reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1037/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1037/2022
04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver