Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1039/2023 14.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası DƏDKR publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə, Abşeron rayon, Saray qəsəbəsində Saray bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 nömrəli Qərarına əsasən ona ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası DƏDKR publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə, Abşeron rayon, Saray qəsəbəsində Saray bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 nömrəli Qərarına əsasən ona ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək torpaq sahəsinin 0.06 ha olaraq qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon Saray Bələdiyyəsinin 25 iyul 2007-ci il tarixli Qərarı ilə ona Saray qəsəbəsi ərazisində 0,08 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin təhkim aktı da tərtib olunmuş, tərəfindən bələdiyyə kassasına vəsait ödənilmişdir.Torpaq sahəsinin təhkim aktı tərtib edilmiş, koordinatları müəyyən olunmuş və torpaq sahəsinin ayrılması müvafiq dövlət qurumları ilə razılaşdırılmışdır. Torpaq sahəsini hasara almaqla ondan istifadə etmişdir.Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi ilə bağlı nümayəndəsi vasitəsi ilə cavabdeh təşkilata müraciət etmiş və müvafiq sənədləri də təqdim etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli bildiriş məktubu ilə daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etmiş və bu imtinanı onunla əsaslandırmışdır ki, onunla Saray Bələdiyyəsi arasında torpaq sahəsinin alqı satqısı barədə akt və Saray bələdiyyəsinin yerquruluşu planından çıxarış təqdim olunmamışdır. Belə hesab edir ki, cavabdehin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alması üçün müvafiq sənədlər vardır və ona bu imtinanın verilməsinin heç bir əsası yoxdur. Qeyd edilən torpaq sahəsi ona qanuni əsaslarla ayrılmış və artıq 15 ildir ki, bu torpaq sahəsi iddiaçının istifadəsindədir və həmin torpaq sahəsinin ayrılması digər dövlət orqanları ilə razılaşdırılmaqla aparılmışdır. İddiaçı «Torpaq islahatı» haqqında qanunun 9-cu, 10-cu, 17-ci maddəsinə, Torpaq Məcəlləsinin 67-ci, 84-cü maddəsinə, «Daşınmaz əmlakın Dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə istinad edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının işitrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı: Saray Bələdiyyəsi tərəfindən İddiaçı 0,06 ha torpaq sahəsinin 25 iyul 2007-ci il tarixində, 14 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktı və sözügedən sənədlərin arxiv arayışının ərizəyə əlavə edilmədiyi; Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Saray Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi; Sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi müəyyən olunmuşdur. Cavabdeh torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 18-ci, 19-cu, 21-ci, 22ci, ‘Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 7.2-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə, 13-cü maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinə, 68-ci və 82-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci, 8-ci, 9-cu, 11.1-ci maddələrinə istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, Abşeron rayon X4 25 iyul 2007-ci il tarixli, 14 saylı Qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün 0.06 ha torpaq sahəsi satılmışdır. Məhkəmə araşdırması zamanı İddiaçı adına olan qərarın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İddiaçı ona ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, adına çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı: Saray Bələdiyyəsi tərəfindən İddiaçı 0,06 ha torpaq sahəsinin 25 iyul 2007-ci il tarixində, 14 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktı və sözügedən sənədlərin arxiv arayışının ərizəyə əlavə edilmədiyi; Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Saray Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi; Sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinasın əsaslı olmuşdur. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1039/2023 saylı qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınması qərara alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nədir? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Saray bələdiyyəsinin 25 iyul 2007-ci il tarixli, 14 saylı qərarı ilə İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsinə uyğundurmu? (Abşeron rayon Saray Bələdiyyəsinin yerquruluşu planından çıxarışa) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı, kateqoriyası, hüquqi rejimi, uqodiyası nədən ibarətdir? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 14 iyun 2023-cü il tarixli, 3-21-3-32/2-6624 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, mütəxəssis rəyində araşdırmanın nəticəsi olaraq qeyd edilmişdir:
1. İddiaçının faktiki istifadəsində olan 0,0597 ha torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir.
2. İddiaçının 0,0597 ha faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir.
3. Elektron məlumat bazasına əsasən iddiaçının faktiki istifadəsində olan 0,0597 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aiddir. Məhkəmə hesab edir ki, qeyd edilənlər 0.06 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınmasından cavabdeh orqanın imtinasının əsaslı olduğunu göstərir. Belə ki, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğu müəyyən edilmişdir və məhkəmə hesab edir ki, bu hal iddianın rədd olunması üçün əsasdır. Belə ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Hazırkı mübahisənin yaranmasının əsasını iddiaçın istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş sahəsinin olması təşkil edir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Məcəllənin 12-ci maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikası Topraq Məcəlləsinin 16-cı maddəsinə əsasən:
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.
5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1—4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativtexniki tələblər nəzərə alınır.
6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.
7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"-nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi örüş torpaqlarının şəxslərin mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu halda cavabdeh inzibati orqanın hərəkətləri və imtinası əsaslı olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətləri və imtinası qanunvericiliyə uyğun olmuşdur və ona görədə iddia rədd edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev