Məhkəmə qərarları › İş №2-1(118)-1039/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1039/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1039/2025 29.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, əlavə dəyər vergisinin qaytarılması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi, əlavə dəyər vergisinin qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 29 aprel 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 24 yanvar 2024-cü il tarixli, **********528 nömrəli “Kredit müqaviləsinə 2 nömrəli əlavə”dən görünür ki, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq borcalan İddiaçı kredit müqaviləsinə 1 nömrəli əlavədə göstərilən tarixlərdə və məbləğdə həmçinin artıq məbləğdə edilən ödənişləri borcverən "xxxx" QSC-yə ödədikdən sonra borcalan tərəfindən alman mənzilin dəyərinin aylıq olaraq "xxxx" ASC-yə köçürülməsi borcverən tərəfindən təmin edilir.

2. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə “ƏDV-nin geri qaytarmaq üçün müraciət”.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 15 fevral 2024-cü il tarixli, **********322200 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödəniliş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarından görünür ki, İddiaçı Təvəkkül qızının 30 yanvar 2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciəti təmin edilməmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

4. 24 yanvar 2024-cü il tarixli, **********124095615 nömrəli “Alqı-satqı müqaviləsi”ndən görünür ki: - satıcı "xxxx" ASC Sumqayıt şəhəri, 10-cu mikrorayon, Məzahir Abdullayev küçəsində inşa olunan 9-cu bina, 6-cı mərtəbə, 28 (mərtəbə 6, mənzil 4) nömrəli, 2 otaqlı mənzili tikib və alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. - Alıcı bu müqaviləyə əsasən 1.1-ci bənddə göstərilən ünvanda 9-cu bina, 6-cı mərtəbə, 28 (mərtəbə 6, mənzil 4) nömrəli, 2 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri ödənilməsini və həmçinin yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. - Müqavilənin ümumi dəyəri 84.870 (ƏDV daxil) manat məbləğində vəsait təşkil edir. - Müqavilə dəyərinin ilkin ödənişi 20,11 faiz, yəni 17.070 (ƏDV daxil) manat məbləğində vəsait təşkil edir. Alıcı 17.070 (ƏDV daxil) manat məbləğində ilkin ödənişi bu müqavilənin imzalanmasından sonrakı 5 iş günü ərzində satıcının bu müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. - Müqavilə dəyərinin qalan 67.800 (ƏDV daxil) manat məbləğində hissəsi, “Alıcı” ilə "xxxx" QSC (irəlidə “BOKT” adlanacaq) arasında bağlanacaq kredit müqaviləsinə əsasən alıcıya veriləcək kreditin hesabına hissəvi şəkildə ödənilməsi ilə həyala keçiriləcək. “BOKT” tərəfindən aylar üzrə ödənişin əsas hissəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış və ya təminat qeydi verildikdən sonra 30 gün müddətində borc verənin xeyrinə ipoteka ilə yüklü edildikdən sonra qalan hissəsi ödəniləcəkdir.

5. 24 yanvar 2024-cü il tarixli, **********528 nömrəli “Kredit müqaviləsi”ndən görünür ki: - "xxxx" ASC ilə borc verən "xxxx" QSC arasında bağlanmış birgə fəaliyyət haqqında saziş çərçivəsində borc verən bu müqaviləyə əsasən borc alan İddiaçı 96 ay müddətində (24 yanvar 2032-ci il tarixədək) 67.800 manat məbləğində, kreditdən istifadəyə görə illik 11% faiz ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən bu müqavilənin 1.2-ci bəndində göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. - Kreditin təyinatı Sumqayıt şəhəri, 10-cu mikrorayon, Məzahir Abdullayev küçəsində inşa olunan 9-cu bina, 6-cı mərtəbə, 28 nömrəli, 2 otaqlı mənzilin alınması olaraq göstərilmişdir.

6. 24 yanvar 2024-cü il tarixli, **********124095615 nömrəli “Alqı-satqı müqaviləsi”nə 1 nömrəli əlavədə göstərilmiş “Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”ndə kreditin məbləği 67.800 manat məbləğində göstərilmişdir.

7. İddiaçı tərəfindən "xxxx" ASC-yə göndərilmiş 24 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, "xxxx" ASC Sumqayıt şəhəri, 10-cu mikrorayon, Məzahir Abdullayev küçəsində inşa etdiyi 9-cu bina, 6-cı mərtəbə, 28 (mərtəbə 6, mənzil 4) nömrəli, 2 otaqlı olan mənzilin pulunu hissə-hissə və ya tam şəkildə ödəmək şərti ilə ona satılmasına icazə verilməsi xahiş edilmişdir.

8. İddiaçı tərəfindən "xxxx" ASC-yə göndərilmiş 24 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, kredit vəsaiti hesabına aldığı yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alındıqdan, bank qarşısında ipoteka ilə yüklü edildikdən və bank tərəfndən ona satılan əmlakın dəyəri Cəmiyyətə tam ödənildikdən sonra ƏDV-nin qaytarılması prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada icra ediləcəyindən xəbərdaradır və gələcəkdədə bununla əlaqədar heç bir tələbi və şikayəti olmayacaqdır.

9. "xxxx" QSC-nin 25 dekabr 2024-cü il tarixli, 11 nömrəli məktubundan görünür ki, vətəndaş tərəfindən əldə edilən daşınmaz əmlakın DƏDRX-dən çıxarışı olmadığına görə ipoteka müqaviləsi rəsmiləşdirilməmişdir və daşınmaz əmlakın əldə edilməsi üçün vətəndaş tərəfindən ödənilən məbləğ va ödənişlə bağlı digər sənədlər satıcı şirkətdə olduğuna görə QSC tərəfindən təqdim edilməsi mümkün olmamışdır. Qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - 24 yanvar 2024-cü il tarixli, **********528 nömrəli “Kredit müqaviləsi” (§5); - 24 yanvar 2024-cü il tarixli, **********124095615 nömrəli “Alqı-satqı müqaviləsi”nə 1 nömrəli əlavə (§6).

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

10. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin vermiş olduğu imtina qərarı ləğv edilib, iddiaçının hüquqlarının təmin olunması və ona çatası məbləğ hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. 24 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhər Bulvar ərazisində yerləşən Kristal Abşeron ofisindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, Məzahir Abdullayev küçəsində inşa olunan 9cu bina, 6-cı mərtəbə, mənzil 28 **********95615 nömrəli müqavilə ilə müqavilə öhdəliyinin 20.11%, yəni 17.070 (ədv daxil) manat məbləğində vəsait təşkil edən mənzil almışdır. Artıq müəyyən müddət keçməsinə baxmayaraq, qaytarılmalı olan məbləğdən, yəni mənzilin ümumi dəyəri 84.870 (ədv daxil) geri qaytarılma olunmadığından 30 yanvar 2024-cü il tarixdə İqtisadiyyat Nazirliyinin 195 qaynar xəttinə elektron onlayn müraciətinə imtina cavabı verilmişdir.

12. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, 24 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Məzahir Abdullayev küçəsində inşa olunmuş 9-cu bina, 6-cı mərtəbə, 28 nömrəli mənzili **********95615 nömrəli müqavilə ilə satın aldığı mənzilin 20.11%, yəni 17.070 manat (ƏDV daxil) təşkil edən hissəni ödəməklə, ümumi dəyəri 84.870 manat (ƏDV daxil) təşkil etdiyini, lakin ödənilmiş ƏDV qaytarılmadığından, vergi orqanının 31 yanvar 2024-cü il tarixli imtina qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 24 sentyabr 2024-cü il tarixli, 2-1(118)- 3726/2024 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

14. Məhkəmənin 24 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3726/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir.

15. Məhkəmənin 5 dekabr 2024-cü il tarixli, 2-1(118)- 3726/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə "xxxx" MTK-nın (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

17. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, onun təmin edilməməsini xahiş etmişdir.

18. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4, 5.1, 5.3, 5.6, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – “İPM”) 48.2-ci maddəsinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakları və izahatları:

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək bildirmişdir ki, alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış ev iddiaçı tərəfindən nəzərdə tutulmuş ödəniş məbləğinin müəyyən hissəsi nağd qaydada ödənilmişdir. ƏDV-nin qaytarılması üçün isə müvafiq normativ aktının tələblərinə uyğun olaraq ödəniş tam nağdsız qaydada ödənilməlidir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında təmsil edilməmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçı tərəfin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

26. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş, onun təmin edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

27. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

28. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

29. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

30. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

31. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

32. Hazırkı iddia tələbi ondan ibarətdir ki, iddiaçı 84.870 manat dəyərində Sumqayıt şəhəri, 10-cu mikrorayon, Məzahir Abdullayev küçəsi, 9-cu bina, 6-cı mərtəbə, mənzil 28 ünavnda yerləşən əmlakı alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxsdən əldə etmiş, lakin ödənişə dair əlavə dəyər vergisindən nəzərdə tutulan hissəsinin qaytarılması cavabdeh tərəfindən imtina edilmişdir.

33. Cavabdeh isə iddia tələbinə qarşı etirazını bildirərək, alqı-satqı predmeti olan əmlakının ödənişinin iddiaçı tərəfindən tam şəkildə nağdsız qaydada aparılmaması ilə əsaslandırmışdır.

34. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

35. Həmin Məcəllənin 165.6-cı (1 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyada). Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

36. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda nəzərdə tutulmuşdur: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. ... 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); ... 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; ... 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir:

1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi;

2. alıcıların ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinin real vaxt rejimində qəbulu və emal edilməsi;

3. alıcının portal üzərindən daxil etdiyi məlumatlarla satıcının tərtib etdiyi elektron qaimə-fakturanın məlumatlarının eyniləşdirilməsi; 3.1.3. proqram təminatının və portalın daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz fəaliyyətini təmin edir; 3.1.4. portaldan istifadəyə dair istifadəçi təlimatını portalda yerləşdirir. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. ... 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. ... 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. ... 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

37. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, VM-in 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmiş, həmçinin, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir.

38. Həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 avqust 2024cü il tarixli, 2-1(102)-1498/2024 nömrəli qərarında müəyyən edilmişdir ki, “bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022- ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır.”

40. Beləliklə, mövcud olan normativ hüquqi aktlara uyğun olaraq, hazırkı iddia tələbinin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyərvergisininqaytarılması Şərtləri və Qaydası”nın keçid normalarının təsiri altına düşüb-düşməməsi müəyyən edilməlidir.

41. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsindən müəyyən edilir ki, həmin müqavilə tərəflər arasında 24 yanvar 2024-cü il tarixdə, yəni Qaydaların qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra bağlanılmışdır. Odur ki, hazırkı mübahisəyə istinad edilən Qaydaların keçid müddəaları deyil, 5.1-ci bəndi tətbiq olunmalıdır.

42. Qeyd edilən bəndin tələbinə əsasən, ƏDV-nin qaytarılması üçün yaşayış sahəsinin dəyəri satıcıya nağdsız qaydada tam şəkildə ödənilməlidir.

43. Hazırkı iş üzrə müəyyən edilən hallardan görünür ki, iddiaçı ilə kredit müqaviləsi bağlanaraq, ona 67.800 manat məbləğində kredit verilmişdir. Digər hissəsinin isə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş olaraq 17.070 manat məbləğində satıcının bank hesabına ödənilməsi razılaşdırılmışdır.

44. Göründüyü kimi, məhkəməyə tərəflərin təqdim etdiyi sənədlərə və məhkəmə sorğusuna cavab olaraq göndərilmiş məlumatlara əsasən qeyd edilən məbləğinin nağdsız qaydada ödənilməsi sübuta yetirilməmiş, Qaydaların 5.1 və 5.1.2-ci bəndlərində göstərilən “ƏDV-nin qaytarılması məqsədilə alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədin skan edərək portala göndərilməsi” qaydanın tələbi ödənilməmişdir.

45. Məhkəmə tərəfindən iddia tələbinə dəqiqləşmə ərizəsində qərarın tarixi ilə bağlı qeyd edilmiş “31 yanvar 2024-cü il” texniki səhv kimi qəbul edilərək “15 fevral 2024-cü il” kimi qəbul edilmişdir.

46. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

47. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək, yuxarıda istinad edilən normativ hüquqi aktların müddəalarını tətbiq edərək hеsаb еdir ki, iddiaçının cavabdehə qarşı “qərarın ləğvi, ƏDV-nin qaytarılması” tələbinə dair iddiası qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün, təmin еdilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

48. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 15 fevral 2024-cü il tarixli, **********322200 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar