Məhkəmə qərarları › İş №2-1(118)-1040/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1040/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1040/2022 13.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı ("xxxx" MMC-də qaynaqçı işləyən, Abşeron rayonu Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ev 2 mənzil 23-də yaşayan), İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili, Bakı şəhəri, Novruzov qardaşları küçəsində qeydiyyatda olan), İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı xx.xx.1988-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Şuşa 1 nömrəli Tikinti İdarəsində 4-cü və 5-ci dərəcəli elektrik qaynaqçısı işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Şuşa 1 nömrəli Tikinti İdarəsində elektrik qaynaqçısı işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1977-ci ildə əmək fəaliyyətinə başlamışdır. Belə ki, o, xx.xx.1977-xx.xx.1979-cu illərdə “Həzi Aslanov” adına sovxozda işləmişdir. xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdir, hərbi xidmətdən qayıtdıqdan sonra həmin sovxozda xx.xx.1981-xx.xx.1984-cü illərdə əmək fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə sovxozun adı dəyişdirilərək “Əvəz Verdiyev” adına olmuşdur. xx.xx.1984-xx.xx.1985-ci illərdə Bakı şəhəri 4 nömrəli orta texniki peşə məktəbində təhsil alaraq məktəbin tam kursunu bitirmişdir. xx.xx.1985-xx.xx.1988-ci illərdə həmin sovxozda qaynaqçı, 1988-1994-cü illərdə Şuşa 1 nömrəli Tikinti İdarəsində 4-cü və 5-ci dərəcəli elektrik qaynaqçısı işləmişdir. İşğaldaln sonra həmin idarə Bakı şəhərində Çermet adlanan ərazidə qarajda fəaliyyət göstərmişdir. 1994-cü ildən hazıradək müxtəlif işlərdə və peşələrdə işləyir. Məlum hadisələrlə əlaqədar Laçın rayonunda əmək fəaliyyətini təsdiq edən əmək kitabçası işğal zonasında qaldığından o, yeni əmək kitabçası almaq məcbuiriyyətində qalmışdır. Həmin illər yeni əmək kitabçasında əks olunmadıından o, xx.xx.1981-xx.xx.1984-cü illərdə “Əvəz Verdiyev” sovxozunda fəhlə və xx.xx.1984xx.xx.1988-ci illərdə həmin sovxozda qaynaqçı işləməsinə dair hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi ilə əlaqədar Abşeron rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli 2(012)-4582/2021 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Hazırda o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh 1988-1994-cü illərə aid olan dövrü mübahisəli hesab etdiyindən ona imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdaifə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izah etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında saxtakarlıq şübhəsi yarandığından onun 1988-1994-cü illərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Belə ki, İT-l ******* nömrəli əmək kitabçasına İT-l ******* nömrəli titul vərəqinin (40-43-cü səhifələrə) əlavə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan : -iddiaçıya aid AZE № 08619404 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1960cı il təvəllüdlüdür. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4582/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1981-xx.xx.1984-cü il tarixədək “Əvəz Verdiyev adına (əvvəlki adı Həzi Aslanov) sovxozda fəhlə,xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixə qədər həmin sovxozda qaynaqçı işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. -iddiaçıya məxsus НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - iddiaçıya məxsus 752138 seriyalı diplomun surətindən görünür ki,o, xx.xx.1984xx.xx.1985-ci illərdə Bakı şəhər 4 nömrəli orta texniki peşə məktəbində əl ilə qaynaq edən elektik qaynaçısı ixtisası üzrə kursu bitirmişdir. -iddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1988-xx.xx.1994-cü illərdə Şuşa 1 nömrəli Tikinti idarəsində, xx.xx.1994-xx.xx.2001ci illərdə “Adil-A” İKF-da, xx.xx.2001-xx.xx.2004-cü illərdə “Xəzərdənizneftdonanma” İdarəsində, xx.xx.2004-xx.xx.2007-ci illərdə "xxxx" MMC-də, xx.xx.2009-xx.xx.2011-ci illərdə “Xəzər GLF”-da, xx.xx.2011-ci ildə "xxxx" MMC-yə işə qəbul edilmiş, xx.xx.2019-cu ildən hazırki tarixədək orada işləyir. -"xxxx" MMC xx.xx.2020-ci il tarixli HR-2020/BOSGA/R-00/3865 saylı güzəştli arayışdan görünür ki, İddiaçı Məlik oğlu xx.xx.2004-xx.xx.2007-ci illərdə qaynaqçı (əl ilə qaynaqda) peşəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2007-ci il tarixdə xitam verilmişdir. Daha sonra o, xx.xx.2011-ci ildə yenidən əmək fəaliyyətinə başlamış və hazıradək qaynaqçı (əl ilə qaynaqda) peşəsində işləyir. Həmin peşə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci hissəsində (Ümumi peşələr) əks olunmuşdur. Onun həmin müəssisədə güzəştli əmək şəraitində iş müddəti 12 il 6 ay 10 gün təşkil edir. -Bibiheybət Gəmi Təmiri Zavodunun xx.xx.2019 –cu il tarixli 92 saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.2001-ci ildən xx.xx.2004-cü illərdə “Xəzərdənizneftqaz” idarəsinin XXL Partiya qurultayı adına Gəmi təmiri zavodunda əl ilə işləyən elektrik qaynaqşısı peşəsində işləmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Şuşa 1 nömrəli Təmir Tikinti idarəsinin sənədləri arxivə dövlət mühafizə verilməmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, iddiaçı ilə birlikdə 1988- 1992-ci illərdə Şuşa 1 saylı Təmir Tikinti İdarəsində işləmişdir. O, hazırda əlilliyə görə əmək pensiyası alır. Əmək kitabçası işğal zamanı Şuşada qaldığından sonradan Şakıda yeni əmək kitabçası doldurulmuşdur. X1 ifadə verərək bildirdi ki, o, 1987-1988-ci illərdə Şuşa Təmir Tikinti İdarəsində işləmişdir. İddiaçı da onunla birlikdə 1988-ci ildə həmin idarədə qaynaqçı işləmişdir. Əmək kitabçası Şuşada qaldığından sonradan Bakı şəhərində yeni əmək kitabçası yazılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyərək iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İdida tələbindən görünür ki, İddiaçı Maik oğlu ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olduğu kimi iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. Cavabdeh iddiaçının 1988-1994-dü illərdə işlədiyi dövrü onun sosial sığorta stajına daxil etməkdən imtina edir və bunu əmək kitabşasında başqa seriya saylı əmək kitabçasının vərəqinin daxil edilməsi ilə əlaqələndirir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 1988-1994-cü illərdə Şuşa 1 nömrəli Tikinti İdarəsində işləməsinə dair qeydinin aparıldığı vərəqdə əmək kitabçasının seriya nömrəsi göstərilməmişdir. Həmin uyğunsuzluq onun “Adil L” kommersiya firmasında işləməsinə dair qeydin aparıldığı vərəqdə vardır ki, buna görə onun Şuşa 1 nömrəli Tikinti İdarəsində işlədiyi dövrün staja daxil edilməsindən imtina əsassızdır. İddiaçının həmin dövrdə göstərilən idarədə işləməsi şahidlərin ifadələri və əmək kitabçşasında aparılan qeydlə öz təsdiqini tapır. Həmin dövrə aid əmək kitabçası məlum olan səbəblərdən işğal zonasında qaldığından göstərilən qeydlər işəgötürən tərəfindən sonradan aparılmışdır. Məlum olduğu kimi əmək kitabçasında aparılan qeydlərin düzgünlüyü və mötəbərliyinə məsul şəxs işəgötürəndir və işçi, hazırki halda iddiaçı buna görə cavabdehlik daşımamalıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçı məhkəməyə müraciət edərkən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X8) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud Qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 12 il 06 ay xüsusi və 25 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 57 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 N-li Siyahının 23200000 – 19906 saylı kod altında qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçılar peşəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aid edilmişdir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı oğuluna 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar