Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1040/2023 05.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının dəyişməsi ilə əlaqədar cavabdeh tərəfindən alınmış qeydiyyatın ləğv edilməsi və "xxxx" MMC-nin nizamnamə kapitalının 100 manat olmasının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının dəyişməsi ilə əlaqədar (2-ci redaksiyada verilmiş nizamnaməyə edilmiş dəyişiklik) cavabdeh tərəfindən alınmış qeydiyyatın ləğv edilməsi və "xxxx" MMCnin nizamnamə kapitalının 100 manat olmasının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC şirkəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı ümumi payları dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, cəmiyyətin nizamnamə kapitalı 100 manat müəyyən edilmiş, hər biri 1 manat olmaqla 100 paydan ibarətdir. Cəmiyyətin təsisçiləri İddiaçı, 50 manat, 50 pay pul şəklində, X1 50 faiz, 50 manat pay, pul şəklində olmuşdur. Sərbəst auditor X7 tərəfindən verilən saxta rəydə iddiaçıya məxsus olan əmlak Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən əmlak kompleksi kimi xüsusi mülkiyyəti 1 ha torpaq sahəsi dəyərindən dəfələrlə az 470.000 manata qiymətləndirilmişdir. Sərbəst auditor X7 tərəfindən tərtib olunmuş 10 oktyabr 2016-cı il tarixli "xxxx" MMC-yə nizamnamə kapitalının artırılmasına dair təqdim edilmiş auditor rəyini sonradan səhv formalaşdırdığına görə ləğv etmişdir. İddiaçı xəbəri olmadan 10 oktyabr 2016-cı il tarixində nizamnamə kapitalının artırılması üçün auditorun saxta rəyinə əsasən İddiaçı məxsus əmlak “Biləndər” şirkəti tərəfindən 470000 manat qiymətləndirilərək, yəni İddiaçı 50% və X2 50% pay şəklində qeyri qanuni olaraq nizamnamə kapitalının artırılması üçün bölünərək, xx.xx.2016-cı il tarixdə qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin nizamnamə kapitalının dəyişməsi ilə əlaqədar 2-ci redaksiyası verilmişdir. Bundan sonra cəmiyyətin nizamnamə kapitalı 470.000 manat həcmində və hər biri 1 manat olmaqla 470.000 paydan ibarətdir. X1 235.000 manat əmlak şəklində, 50 manat pul şəklində, 235.000 - 50 %, İddiaçı 235.000 manat əmlak şəklində, 50 manat pul şəklində, 235.500 pay - 50 % olmuşdur. "Milan-A” MMC-nin təsisçilərinin 11 oktyabr 2016-cı il tarixli qərarında “Milan-A" MMC-nin nizamnamə kapitalının artırılaraq əmlak şəklində 470.000 manat, pul şəklində 100 manat şəklində olmaqla ümumilikdə 470.100 manat həcmində müəyyən edilməsi ilə bağlı qərarından İddiaçı ümumiyyətlə xəbəri olmamışdır. Belə ki, həmin qərarda olan imza İddiaçı məxsus deyildir və onun xəbəri olmadan bu sənəd tərtib olunmuş, ona məxsus olan əmlak nizama kapitalına qoyulmuşdur. Həmçinin sənədlər yanlışdır, belə ki, nizamnaməyə qoyulan əmlak ona məxsus olmuşdur, həmin əmlakın qiymətləndirilməsi ilə bağlı verilmiş auditor ləğv edilmiş, digər tərəfdən əgər o əmlak qoyulsaydı təsisçilərin pay faizləri dəyişməli idi. Təsisçilərin payları faizin nisbətinin dəyişməməsi özü-özlüyündə bunun saxta olduğunu göstərir. 14 yanvar 2022-ci il tarixində “Milan-A" MMC-nin nizamnamə kapitalının dəyişməsi ilə əlaqədar 2-ci redaksiya verilmiş nizamnamənin ləğvi ilə bağlı cavabdeh inzibati orqana müraciət edilsə də tələb təmin edilməmiş, xx.xx.2022-ci il tarixli imtina verilərək bildirilmişdir ki, təsisçinin dəyişdirilməsi və nizamnamə kapitalının azaldılması faktının dövlət qeydiyyatına alınması ilə əlaqədar təsisçilərin ümumi yığıncağın qərarı, nizamnamənin müvafiq bəndinə edilmiş dəyişikliyi nəzərdə tutan nizamnaməyə edilmiş dəyişiklik layihəsi, qəzetdə elan və nizamnamə kapitalının azaldılmasını təsdiq edən sənəd müvafiq ərizəyə əlavə edilərək poçt vasitəsi ilə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və qanunvericiliyə zidd olduğu üçün mümkün sayılmamalıdır. Belə ki, aparılmış araşdırma zamanı 2 saylı Ərazi Vergilər Baş İdarəsində olan hüquqi şəxslərin dövlət reyestr məlumatlarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının əmlak şəklində artırılması haqqında xx.xx.2016-cı il tarixli Auditor rəyi əsasında 11 oktyabr 2016-cı il tarixli təsisçilərin ümumi yığıncağının qərarı təsisçilər tərəfindən imzalanaraq möhürlə təsdiq edilərək cəmiyyətin qanuni təmsilçisi (direktoru) tərəfindən təqdim edilmişdir. Bundan əlavə bildirilir ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda bildiririk ki, Cəmiyyətin nizamnamə kapitalının azaldılaraq 100 manat pul şəklində müəyyən edilməsi cəmiyyətin ali orqanı-ümumi yığıncağın qərarı və auditor rəyi əsasında baş tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90.8-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüququ pozulmadığından iddianın mümkünsüzlük şərti nəzərə alınmalıdır, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd olunanlara əsasən cavabdeh iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC, X3 və X17 üçüncü şəxs qisimində məhkəmə icraatına cəlb olunmuşlar. Əvvəlki məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraza uyğun izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər X3 və X8 nümayəndəsi, Vəkil2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Qalib Cəbrayılov və İddiaçı ilkin təsisçilər olmaqla şirkət yaratmaq (armatur zavodu) istəmiş və buna görə də ona müraciət etmişlər. Onlar şərikli fəaliyyət göstərirdilər. 100 manat nizamnamə kapitalı olmaqla MMCni təsis etmişlər. "xxxx" MMC-nin nizamnamə kapitalının ikinci redaksiyasındakı imzalar saxtalaşdırılmışdır. Belə ki, həmin redaksiyadakı imzalar İddiaçı və Qalib Cəbrayılova məxsus deyildir. Həmin nizamnamə kapitalı təsdiq edilmiş və mübahisəli zavod MMC-nin balansına keçirilmişdir. Sonradan iki təsisçi arasında mübahisə yaranmış və təsisçilərdən biri İddiaçı (hansı ki, saxtakarlığı özü etmişdir) hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nizamnamə kapitalının üçüncü redaksiyası İddiaçı və Müşfiq Mirzəyev ( Qalib Cəbrayılov öz payını ikinciyə satmışdır) tərəfindən imzalamışdır. Daha sonra İddiaçı və Müşfiq Mirzəyev öz paylarının 12,5 %-nı (ümumilikdə 25% olmaqla) Fəqan Əsədova satmışlar. Bununla da nizamnamə kapitalının dördüncü redaksiyası təsdiq olunmuşdur. Hər üç təsisçi tərəfindən nizamnamə kapitalı imzalanmışdır. Hal-hazırda təsisçilər arasında mübahisələr gedir. Qeyd olunanlara əsasən nümayəndə iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Sonuncu məhkəmə iclası barədə məlumatlandırılmalarına baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəməyə təqdim olunan vəsatət əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müvafiq ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Ekspert tədqiqatının nəticəsi olaraq qeyd edilmişdir ki, 1) ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin təsisçilrinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarının kserosurətinin aşağı hissəsində “İddiaçı” yazıları qarşısında əks olunan imza, xx.xx.2016-cı il tarixli nizamnaməsinin (2-ci redaksiyada) kserosurətinin yuxarı sağ tərəfində “İddiaçı” yazıları qarşısında əks olunan imza – İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olnmuşdur; 2) ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin təsisçilrinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarının kserosurətinin aşağı hissəsində “İddiaçı” yazıları qarşısında əks olunan, xx.xx.2016-cı il tarixli nizamnaməsinin (2-ci redaksiyada) kserosurətinin yuxarı sağ tərəfində “İddiaçı” yazıları qarşısında əks olunan imzaların X9, X4, X15, X6, Vəkil2 tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək olmadı. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarında qeyd edilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında qeyd edilir ki, MPM-in 1ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır (11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12). 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (13). Qanunvericiliyin tələblərindən göründüyü kimi kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər, məsələn, təsisçilər arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə kommersiya məhkəmələri baxır. İşin hallarından görünür ki, İddiaçı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin nizamnamə kapitalının dəyişməsi ilə bağlı MMC-nin nizamnaməsinə edilmiş dəyişikliyin cavabdeh tərəfindən alınmış qeydiyyatın ləğv edilməsi və MMC-nin nizamnamə kapitalının 100 manat olmasının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, "xxxx" MMC-nin təsisçilərinin yığıncağı ilə nizamnamə kapitalının dəyişməsi – nizamnamə kapitalının artırılması barədə qərar qəbul olunmuş, bu qərar əsasında MMC-nin nizamnaməsinə edilmiş dəyişikliyə əsasən cavabdeh vergi orqanı tərəfindən qeydiyyat aparılmışdır. Hazırda iddiaçı həmin qeydiyyatı mübahisələndirir. İddiaçı reyestrdə aparılmış qeydiyyatın dəyişdirilməsi tələbi ilə ilk öncə inzibati orqana müraciət etmiş, lakin imtina cavabı almışdır. İmtina səbəbi kimi müraciətin müsbət yöndə həll olunmasını təmin edəcək sənədlərin (nizamnamə kapitalının azaldılması ilə bağlı təsis yığıncağının qərarı, bunu təsdiq edəcək sənədlərin əlavə olunmasının mütləqliyi) təqdim olunmaması göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbi MMC-nin nizamnaməsinə edilmiş dəyişikliklə bağlı olduğundan (2-ci redaksiyada verilmiş nizamnamə) və belə dəyişiklik cəmiyyətin ümumi yığıncağının qərarı ilə edildiyindən iddiaçı əvvəlcə ümumi yığıncağın həmin qərarını mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində mübahisələndirməli, iddiası uğurlu olarsa həmin qərarla nizamnaməyə edilmiş dəyişikliyin ləğvi tələbi ilə inzibati orqana müraciət edə, müraciəti təmin edilmədiyi təqdirdə isə inzibati məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının artırılması barədə cavabdeh tərəfindən alınmış qeydiyyatın ləğv edilməsi və "xxxx" MMC-nin nizamnamə kapitalının 100 manat olmasının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardad tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1040/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1040/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver