Məhkəmə qərarları › İş №2-1(118)-1042/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1042/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1042/2020 09.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Şamaxı rayon Adnalı kəndində yaşayan) Cavabdehin nümayəndəsi X2 (AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Binəqədi yolu 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində DSMF-nin Şamaxı rayon filialına qarşı xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək Şamaxı rayonu Kələxana kənd orta mıəktəbində müəllim işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıtİnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Şamaxı rayonu Kələxana kənd orta məktəbində müəllim vəzifəsində işləməsi faktının müəyyən edilməsi və əmək stajına daxil edilməsi və ƏƏSMN yanında DSMF-nin Şamaxı rayon Şöbəsi üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onun xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək Şamaxı rayonu, Kələxana kənd orta mıəktəbində müəllim işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X8 Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi kimi Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X8 Şamaxı rayon filialı cəlb edilmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, 1972-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif yerlərdə və peşələrdə, o cümlədən xx.xx.1991-ci il tarixdən xx.xx.2001-cı il tarixə kimi Şamaxı rayon Kələxana kənd orta məktəbində hərbi hazırlıq üzrə müəllim vəzifəsində işləmişdir. Əmək pensiyası almaq üçüm DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, lakin onun məktəbdə müəllim vəzifəsinə işlədiyi müddət əmək stajına daxil edilməmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şöbəyə müraciət etmişdir. Lakin araşdırma zamanı onun xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Şamaxı rayonu Kələxana kənd orta məktəbində müəllim işlədiyi dövlərin əmək kitabşçasında əks olunmadığı müəyyən edilmişdir. Buna görə də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə uyğun olaraq iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan : -AZE №0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. -İddiaçının adına açılmış əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1998-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 132 saylı arayışından görünür ki, o, 1975-1977-ci illərdə SSSRİ SQ-də hərbi xidmətdə olmuşdur. -Şamaxı rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 435 saylı əmək haqqı barədə arayışdan görünür ki, İddiaçı mart 1991-ci ildən noyabr 2001-ci ilədək Şamaxı rayon Kələxana kənd orta məktəbində işləmiş və əmək haqqı almışdır. - Şamaxı rayon Təhsil Şöbəsinin məhkəmə sorğusuna cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli 156 nömrəli məktubdan görünür ki, İddiaçı məktəb direktorunun xx xxxx 1991-ci il tarixli 31 nömrəli əmrinə əsasən Kələxana kənd (tam orta) məktəbinə hərbi hazırlıq müəllimi təyin olunmuş, xx xxxxxxxx 2001-ci il tarixli 50 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. -Şamaxı rayon Təhsil Şöbəsi tərəfindən verilmiş mək haqqı cədvəllərindən görünür ki, İddiaçı 1991-ci ilin mart ayından 2001-ci ilin dekabr ayınadək əmək haqqı almışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının istinad etdiyi müddətin əmək kitabçasında qeyd olunmadığından həmin dövrün onun sığorta stajına daxil edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 30.1-ci maddəsinə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən maddənin “Qeyd” hissəsinə göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisələndirilən dövr nəzərə alınmadan İddiaçı 15 il 9 ay sosial sığorta stajına malikdir. Mübahisənin predmetini iddiaçının xx.xx.1991-ci il tarixdən xx xxxxxx 2001-ci il tarixədək Şamaxı rayon Kələxana kənd orta məktəbində müəllim işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının xx xxxx 1991-ci ildən xx xxxxxxxx 2001-ci il tarixədək Şamaxı rayon Kələxana kənd orta məktəbində müəllim işləməsi Şamaxı rayon Təhsil şöbəsindən alınmış əmrlərin surətləri, həmçinin həmin illərə aid əmək haqqı cədvəlləri ilə təsdiq olunur. Məhkəmə iclasında iddiaçı əmək kitabçasında 1996-cı ildən 1998-ci ilədək Şamaxı Aqrosənayeenerji müəssisəsində işləməsi barədə qeydi onunla izah etdi ki, həmin iş yeri onun əlavə iş yeri olmuşdur, yəni əsas işindən sonra həmin müəssisədə montyor kimi işləmişdir. İddiaçı həmçinin izah etdi ki, 1991-ci ildə onun əmək kitabçası işə düzəlmək üçün özəl müəssislərdən birinə təqdim edərkən orada qalmışdır. Bu səbəbdən məktəbdə işləməsi barədə əmək kitabçasında qeyd aparılmamışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.2001-ci ilədək Kələxana kənd orta məktəbində müəllim işlədiyini və bu halın əmək haqqı cədvəlləri ilə təsdiq edildiyini bildirsə də, işdən azad edilməsi barədə əmr xx.xx.2001-ci ilə təsadüf etdiyinə görə iddia qismən təmin edilərək onun xx.xx.1991-ci il tarixədək xx.xx.2001-ci il tarixədək işlədiyi müddət onun sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin Siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş stajını təsdiq edən sənədləri; əlilliyə görə pensiya növü üzrə isə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, X1 əlilliyi (sağlamlıq imkanlarının məhdudluğu) təsdiq edən müayinə aktından çıxarış və s. sənədlər təqdim olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək Şamaxı rayonu Kələxana kənd orta məktəbində müəllim işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X8 Şamaxı rayon filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar