Məhkəmə qərarları › İş №2-1(118)-1043/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1043/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1043/2021 17.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçıun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə əvəzsiz olaraq ona verilmiş Şamaxı şəhəri 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Şamaxı rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə əvəzsiz olaraq ona verilmiş Şamaxı şəhəri 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 19 iyul 2007-ci il tarixli ərizə ilə Şamaxı şəhər bələdiyəsinə müraciət edərək kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Şamaxı şəhər bələdiyyəsinin 23 iyul 2007-ci il tarixli 216 saylı qərarı ilə ona Şamaxı bələdiyyəsinin ehtiyat fondundan kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün şəhərin 26-cı məhəlləsində 515,0 kv metr əvəzsiz olaraq torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində bir il müddətində “əl oyunları və ictimai iaşə xidməti fəaliyyəti göstərdikdən sonra, 2008-ci il tarixdə Ulu öndər Heydər Əliyevin adını daşıyan parkın yenidənqurulması və genişləndirilməsi ilə əlaqədar olaraq, onun tikinti işlər aparmaq məqsədi ilə aldığı və istifadə etdiyi 306 kv.m torpaq sahəsi parkın ərazisinə düşmüşdür. Ona görə də o, yuxarıda qeyd olunanları və ona İcra Hakimiyyəti tərəfindən edilən təklifi, yəni həmin torpaq sahəsinin əvəzində şəhərin 26-cı məhəlləsində olan yararsız tikilinin ona verilməsi təklifini nəzərə alaraq razılaşmışdır. 14 fevral 2008-ci il tarixdə Şamaxı RİHB-nin birinci müavini N.Abdullayev, Memarlıq və Tikinti şöbəsinin müdiri Ə.Musayev, RİHB-i aparatının mülki-müdafiə qərargahının rəisi A.Əskərov, Memarlıq və tikinti şöbəsinin məsləhətçisi E.Nağıyev və RİHB-nın Şamaxı şəhəri üzrə nümayəndəsi S.Qasımov akt tərtib edərək göstərmişlər ki, Şamaxı şəhər sakini İddiaçı (ona) kommersiya məqsədi ilə ayrılmış 306 kv.m. torpaq sahəsi H.Əliyev parkının yenidən qaytarılması və genişləndirilməsi ilə əlaqədar plana düşdüyü üçün, həmin ərazinin yaxınlığında yerləşən avtomobil məktəbinə məxsus qarajlar boşaldıqdan sonra binanın əvəzəsiz olaraq ona verilməsi məqsədəuyğun hesab edilmiş və həmin aktı imzaları ilə təsdiq etmişlər. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı 16 aprel 2007-ci il tarixli 200 hömrəli məktubu ilə Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının sədri cənab polkovnik N.H.Orucova müraciət edərək, KHVTİC-nin Şamaxı Avtomobil Məktəbinin yerləşdiyi sahənin Ulu öndər Heydər Əliyevin adına parkın genişləndirilməsi məqsədi ilə Şamaxı Rayon İcra Hakimiyyətinin balansına verilməsini xahiş etmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının xahişi nəzərə alınaraq, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika X14 Bürosunun 21 aprel 2008-ci il tarixli 05 saylı Qərarı ilə Şamaxı şəhərində Ulu öndər Heydər Əliyevin adına Parkın genişləndirilməsi məqsədi ilə əlavə olaraq 4000 kv.m torpaq sahənin və həmin sahədə yerləşən 1278,5 kv.m tikili və qurğuların Şamaxı Rayon İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Şamaxı Rayon İcra Hakimiyyəti həmin 4000 kv.m torpaq sahəsini və 1278,5 kv.m sahəsi olan tikilini öz balansına qəbul etmişdir. Şamaxı rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərancamı ilə ona məxsus 306 kv.m torpaq sahəsi Heydər Əliyev parkının yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar parkın ərazisinə düşdüyü üçün, şəhərin 26 saylı məhəlləsində olan yararsız tikili əvəzsiz olaraq ona verilmişdir. Şəhərin 26 saylı məhəlləsində olan yararsız tikili əvəzsiz olaraq ona verildikdən sonra, həmin qeyri-yaşayış binasının texniki pasportu 12.11.2008-ci il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hazırlanmışdır. Həmin tikilinin ümumi sahəsindən 445 kv.m istismara yararsız olduğu üçün sökərək yerində 13,6 x 15,6 metr ölçüdə iki mərtəbəli, dam örtüyü mansardla olan yaşayış evi tikilməsinə icazə verilməsi üçün Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir, icazənin məqsədəmüvafiqliyinə dair rayon icra hakimiyyəti başçısının aparatının memarlıq və tikinti şöbəsinin rəyi nəzərə alınaraq, Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısının 24 sentyabr 2010-cu il tarixli 29 saylı Sərəcamı ilə sözügedən yararsız tikilinin sökülərək yerində 13,6 x 15,6 metr ölçüdə iki mərtəbəli, dam örtüyü mansardla olan yaşayış evi tikilməsinə icazə verilmişdir. Hazırda həmin evi tikdirmiş, orada yaşayır və həmin evin ona məxsus olduğu cavabdehlər tərəfindən onun adına verilmiş RX seriyalı ******* nömrəli Çıxarışla da təsdiq olunur. İddiaçı ilə həmsərhəd torpaq sahəsinin sahibi Dursun Hünbətova və onun ailə üzvləri onun icazəsi olmadan, torpaq sahələrinin arasındakı daş hasardan piyada keçidi üçün qapı və həmçinin hasarın yuxarı hissəsindən nəfəslik açmışdır. Ona görə də o “mülkiyyətin müdafiəsi tələbinə dair” iddia ərizəsi ilə məkəməyə müraciət edərək, cavabdeh X4 ilə aralarındakı sərhədi müəyyən edən daş hasardan açılmış piyadaların istifadəsi üçün qapı və nəfəsliyin öz vəsaiti hesabına tikilərək bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, Dursun ona məxsus olan “B” tikilisini və həmin tikilinin yerləşdiyi 144 kv.m. torpaq sahəsini öz texniki pasportuna saldırmışdır. Bu səbəbdən də o, iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh X5 tərəfindən mülkiyyətlərinin arasındakı sərhədi müəyyən edən daş hasardan açılmış piyadaların istifadəsi üçün qapı və nəfəsliyin öz vəsaiti hesabına tikilərək bərpa olunması, X2 məxsus texniki pasportun da “B” tikilisi və həmin tikilinin yerləşdiyi 144 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi və onun həmin torpaq və tikili üzərində sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmış, yerində baxış keçirilmiş və məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 avqust 2019-cu il tarixli 3102 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilən, o cümlədən mübahisəli tikilinin faktiki olaraq X6 məxsus yaşayış evinin torpaq sahəsinin sərhədlərindən kənarda yerləşdiyini, eləcə də həmin tikilinin ona verilmiş tikililərə bitişik vəziyyətdə inşa edildiyini və tikiliyə giriş qapısının həmin sahədə yerləşdiyini nəzərə alaraq, mübahisəli daşınmaz əmlakın ona verilmiş (baxış zamanı təqdim edilən ) tikililərə aid olduğu müəyyən edilmiş, Şamaxı rayon İcra Hakimiyyətinin müvafiq vəzifəli şəxslərinin iştirakı ilə tərtib edilmiş 14.02.2008-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq ona verilmiş tikililərin Şamaxı Avtomobil məktəbinə aid olduğu müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara məcumu halda qiymət verərək hesab etmişdir ki, Şamaxı rayon İcra Hakimiyyətinin Başçısının 21 iyul 2008 -ci il tarixli 141 saylı sərancamına əsasən ona verilmiş Şamaxı şəhərinin 26 saylı məhəlləsində olan avtomobil məktəbinin binasına aid 144 kv.m. torpaq sahəsinin və üzərində yerləşən tikilinin “B” tikilisi olaraq cavabdehin adına tərtib edilmiş texniki pasporta daxil edilməsi əsassız olduğundan və onun hüquqlarına toxunduğdan, cavabdehin adına verilmiş texniki pasport “B” tikilisi və onun yerləşdiyi 144 kv.m. torpaq sahəsi hissəsində ləğv olunmalı,cavabdehin həyətindən həmin tikiliyə olan qapı və nəfəslik onun həmin tikiliyə dair mülkiyyətçi hüquqlarını pozduğundan, cavabdehin həmin əmlaklara mülkiyyətçi hüquqları olmadığından, cavabdehin həyətindən həmin tikiliyə olan qapı və nəfəslik birdəfəlik bağlanmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Bütün bu əsalarlada Şamaxı Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2(074)-50/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ona məxsus Şamaxı şəhəri 26-cı məhəllədə olan torpaq sahəsinə cavabdeh X1 adına verilmiş texniki pasportun “B” tikilisi və onun yerləşdiyi 144 kv.m torpaq sahəsi hissəsində ləğv olunmuş, cavabdehin həyətindən həmin tikiliyə olan qapı və nəfəslik cavabdeh tərəfindən hörülərək bağlanması barədə qərar qəbul edilmişdir. Qətnamə qanunu qüvvəsinə mindiyindən, elə hazırki iddia da iş üzrə cavabdeh olan cavabdehlər tərəfindən icra olunaraq texniki pasportda dəyişiklik edilmişdir. Qeyd olunduğu kimi texniki pasportu hazırlayıb X3 verən cavabdehlər, torpağın və yararsız tikilinin onun olmaması qənaətinə gələ bilsəydilər, onda həmin qətnaməni icra etməyib, şikayət verərdilər. Şamaxı Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2(074)-50/2019 saylı qətnaməsi qanuni qüvvəsinə minib, icra olunduqdan sonra, o, ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı şəhəri 26-cı məhəllədə yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin onlar iddiaçıya imtina vermişlər və bildirmişlər ki, guya onun həmin torpağa və tikiliyə hüqüq verici sənədi yoxdur. Ona görədə o, maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində sahiblik, istifadə və sərəncam faktının müəyyən olunmasına dair” ərizə ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Şamaxı şəhəri, 26 saylı məhəllədə yerləşən, 160 kv.m sahəsi olan tikili və altındakı torpaq sahəsi (keçmiş sürücülük məktəbi) üzərində sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, məhkəmə iclası zamanı, tələbin həcminin azldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri, 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan tikili üzərində sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli 2(074)-673/2020 saylı qətnaməsi ilə onun iddiası təmin edilmiş, onun Şamaxı şəhəri, 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan tikili üzərində sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli 2(074)-673/2020 saylı qətnaməsindən narazı qalan maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qeyd olunan qətnamənin ləğv olunmasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 13.03.2021-ci il tarixli 2(105)-838/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı rayon məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2 (074)-673/2020 saylı qətnaməsi ləğv edilmiş, onun maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində sahiblik, istifadə və sərəncam faktının müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılmışdır. Onun yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması qərara alınmışdır. Ona izah edilmişdir ki, hazırki iddia ərizəsi üzrə olan cavabdehlərə qarşı Sumqayıt İnzibati Məhkəməsində İnzibati orqanın hərəkətsizliyindən müdafıəyə dair iddia qaldırsın. Sumqayıt Apellyasiya Məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə istinad edərək, qeyd etmişdir ki, Məhkəmə hüquq əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yəni iş üçün əhəmiyyət kəsb edən sənədlər onlarda olduğu üçün, hər hansı bir hüququ müəyyən etməyə heç bir səbəb yoxdur. Bütün bunlardan sonra, yuxarıda qeyd etdiyi və hazırda iddia ərizəsinə əlavə etdiyi sənəd və məhkəmə qərarlarını ərizə ilə birlikdə DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə təqdim edərək, Şamaxı şəhəri ərazisində yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin məhkəməyə təqdim etdiyi sənəd və məhkəmə qərarlarını onlara təqdim etsə də yenə də, heç bir səbəb olmadan 02 aprel 2021-ci il tarixdə onun müraciəti təmin etməkdən imtina etmişlər. Hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı müraciəti ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyata aldırmaq istədiyi qeyriyaşayış binası vaxtilə Şamaxı şəhəri köhnə sürücülük məktəbinin bir hissəsi olmuşdur. Həmin tikilinin tikintialtı torpaq sahəsi 160,7 kv.m təşkil edir və həmin torpq sahəsi dövlət mülkiyyətinə aid edilmişdir. Qeyri-yaşayış binası yerində müayinə olunan zaman məlum olmuşdur ki, İddiaçı qeyri-yaşayış binasına bitişik mülkiyyətində olan 213 kv.m torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Həmin evin əsas divarının bir hissəsi qeyri-yaşayış binasının divarı ilə ortaqdır. Qeyri-yaşayış binasının və onun yerləşdiyi 160 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair hər hansı bir sənəd təqdim olunmamışdır. Ona görə də onun ərizəsinin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə cavabdehə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaya qarşı münasibətində bildirilmişdir ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə Şamaxı şəhəri, 26 saylı məhəllədə yerləşən tikili əvəzsiz olaraq İddiaçı verilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən Şamaxı Rayon İcra Hakimiyyətinin dövlət əmlakının vətəndaşa əvəzsiz olaraq vermək səlahiyyəti yoxdur, Dövlət əmlakı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16.05.2000-ci il tarixli Qanununa əsasən və yalnız dəyəri ödənilməklə xüsusi mülkiyyətə verilə bilər. Belə ki, qeyd edilmiş qeyri-yaşayış sahəsi yerli icra hakimiyyəti orqanının balansında olmaqla dövlət mülkiyyətində olduğundan, onun özəlləşdirilməsi səlahiyyəti qanunvericiliyə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 16.05.2000-ci il tarixli Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Xidməti) çıxış edir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və ya Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən qəbul edilir. Beləliklə, mübahisənin predmeti olan qeyriyaşayış sahəsi dövlət mülkiyyətində olmaqla həmin əmlak barəsində sərəncamvermə səlahiyyəti dövlətin adından satıcı qismində çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 15.1-ci və 15.1.5-ci maddələrinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Şamaxı Rayon icra Hakimiyyətinin iddianın predmeti olan qeyri-yaşayış binasını iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmadığından, onun sərəncamı əsasında iddiaçının həmin əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilməz. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, iddiaçının tələbi əsassızdır və təmin edilə bilməz. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X11 iddiaya qarşı yazılı münasibətə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən digər üçüncü şəxs Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 izahatında bildirdi ki, sözügedən qeyri-yaşayış binası üzərində iddiaçının hüququnun qeydiyyata alınmasına etiraz etmirlər. İddiaçının torpaq sahəsi Heydər Əliyevin adını daşıyan parkın genişləndirilməsi məqsədilə alınmış və əvəzində ona həmin qeyri-yaşayış binası verilmişdir. Torpaq sahəsi onların balansındadır və qeyri-yaşayış binası iddiaçıya ayrıldığı dövrdə yerli icra hakimiyyəti orqanlarının belə bir səlahiyyəti olmuşdur. Sonda üçüncü şəxsin nümayəndəsi X7 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini N.Abdullayevin, Memarlıq və tikinti şöbəsinin müdiri Ə.Musayev, rayon İcra Hakimiyyəti başçısı aparatının mülki-müdafiə qərargahının rəisi A.Ələsgərovun, Memarlıq və tikinti şöbəsinin məsləhətçisi F.Nağıyev, Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri üzrə nümayəndəsi S.Osmanov tərəfindən tərtib edilmiş 14 fevral 2008-ci il tarixli aktda qeyd edilmişdir ki, Şamaxı şəhər sakini İddiaçı kommersiya məqsədilə ayrılmış 306 kv.m torpaq sahəsi H.Əliyev parkının yenidənqurulması və genişləndirilməsi ilə əlaqədar plana düşdüyü üçün, həmin ərazinin yaxınlığında yerləşən avtomobil məktəbinə məxsus qarajlar boşaldıqdan sonra binanın əvəzsiz olaraq İddiaçı verilməsi məqsədəuyğundur. - Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika X14 Bürosunun 05 saylı, 21 aprel 2008-ci il tarixli qərarından görünür ki, Şamaxı şəhərində Ulu öndər Heydər Əliyev adına Parkın genişləndirilməsi məqsədi ilə əlavə olaraq 4000 kv.m sahənin və həmin sahədə yerləşən 1278,5 kv.m tikili və qurğuların Şamaxı rayon İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. - Şamaxı rayon İcra Hakimiyyəti başçısının 141 saylı, 21 iyul 2008-ci il tarixli sərəncamı ilə Şamaxı şəhəri, S.Bəhlulzadə küçəsi, 01 saylı evdə yaşayan İddiaçı məxsus 306 kv.m torpaq sahəsi H.Əliyev parkının yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar parkın ərazisinə düşdüyü üçün, şəhərin 26 saylı məhəlləsində olan yararsız tikilinin əvəzsiz olaraq ona verilməsi qərara alınmışdır. - İddiaçı cavabdeh X2 qarşı cavabdeh X1 mülkiyyətləri arasındakı sərhədi müəyyən edən daş hasardan açılmış piyadaların istifadəsi üçün qapı və nəfəsliyin öz vəsaiti hesabına tikilərək bərpa edilməsinə dair iddiası üzrə Şamaxı rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(074)-50/2019 saylı qətnaməsi ilə İddiaçı məxsus Şamaxı şəhəri, 26-cı məhəllədə olan torpaq sahəsinə cavabdeh X1 adına verilmiş texniki pasportun “B” tikilisi və onun yerləşdiyi 144 kv.m torpaq sahəsi hissəsində ləğv olunması, cavabdehin həyətindən həmin tikiliyə olan qapı və nəfəsliyin cavabdeh tərəfindən hörülərək bağlanılması qət edilmişdir. - İddiaçı sözügedən qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 02 aprel 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 141 saylı, 21 iyul 2008-ci il tarixli sərəncamı ilə İddiaçı məxsus 306 kv.m torpaq sahəsi H.Əliyev parkının yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar parkın ərazisinə düşdüyü üçün, şəhərin 26 saylı məhəlləsində olan yararsız tikilinin əvəzsiz olaraq ona verilməsi qərara alınmışdır. İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş. Lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi iddiaçının qeydiyyata aldırmaq istədiyi qeyriyaşayış binasının vaxtilə Şamaxı şəhəri köhnə sürücülük məktəbinin bir hissəsi olduğunu, həmin tikilinin tikinti altı sahəsinin 160.7 kv.m təşkil etdiyini və həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid edildiyini, iddiaçının qeyri-yaşayış binasına bitişik mülkiyyətində olan 213 kv.m torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etdirdiyi, həmin evin əsas divarının bir hissəsinin qeyri-yaşayış binasının divarı ilə ortaq olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi sözügedən qeyri-yaşayış binası Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika X14 Bürosunun 05 saylı, 21 aprel 2008-ci il tarixli qərarı ilə İcra Hakimiyyətinin balansına verilmişdir. İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus torpaq sahəsi parkın ərazisinin genişləndirilməsi məqsədilə həmin qeyri-yaşayış binası ilə əvəzləşdirilmişdir. Həmin qeyri–yaşayış binasının iddiaçıya verildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 17-ci bəndinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında — Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsaitlər və məqsədli fondların vəsaiti, dövlət yaşayış fondu, dövlət yaşayış fondunun evlərində qeyri-yaşayış binaları, mühəndis-kommunikasiya, infrastruktur obyektləri (su kəmərləri, kanalizasiya təsərrüfatları, istilik təchizatı, elektrik təchizatı, qaz təchizatı, şəhər elektrik nəqliyyatı qurğuları və şəbəkələri, digər abadlıq obyektləri), istehlakçılara bilavasitə kommunal xidmətlər göstərən və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və qanunvericiliklə müəyyən edilmiş qaydada onların sərəncamına verilmiş digər əmlak daxildir. Həmin Əsasnamənin 18.2-ci bəndinə görə yerli icra hakimiyyəti başçısının, yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə hüquqi hərəkətlər etmək hüququ vardır. Həmin Əsasnamənin 26 və 26.11-ci bəndinə əsasən icra hakimiyyəti başçısının rayonun, şəhərin və şəhər rayonunun icra hakimiyyəti orqanının sərəncamında olan əmlaka münasibətdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi hərəkətlər etmək, barəsində sərəncam vermək, tabeliyində olan müəssisələrin, idarələrin və təşkilatların rəhbərlərini, əgər digər qayda nəzərdə tutulmamışsa, qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin etmək və vəzifədən azad etmək, onların işləri barədə məlumatlarını dinləmək; müəyyən edilmiş qaydada müəssisə, idarə və təşkilatlar yaratmaq səlahiyyətləri vardır. Göründüyü kimi iddiaçıya mübahisə predmeti olan qeyri-yaşayış binası verilərkən yerli icra hakimiyyəti orqanlarının onlara məxsus əmlak üzərində sərəncam vermək hüquqları vardır. Hazırki işdə də cavabdeh inzibati orqan qanunvericiliklə ona verilmiş səlahiyyətlər daxilində öz balansında olan qeyri-yaşayış binasını iddiaçıya ayırmışdır. Cavabdeh inzibati orqan həmin qeyri-yaşayış binasının Şamaxı rayon İcra Hakimiyyətinə məxsus olmadığını bildirsə də, yuxarıda adı qeyd olunan Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika X14 Bürosunun 05 saylı, 21 aprel 2008-ci il tarixli qərarı ilə cavabdehin həmin dəlili təkzib olunur. Belə ki, məhz həmin orqanın qərarı ilə sözügedən qeyri-yaşayış binası Şamaxı rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Məhkəmə cavabdehin qeyri-yaşayış binasına bitişik mülkiyyətində olan 213 kv.m torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etdirdiyi, həmin evin əsas divarının bir hissəsinin qeyri-yaşayış binasının divarı ilə ortaq olması ilə bağlı dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillər iddiaçının əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas deyildir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən qeyri-yaşayış binası üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi üçün yuxarıda qeyd edilən maddədə qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə İddiaçı əvəzsiz olaraq verilmiş Şamaxı şəhəri 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan qeyri-yaşayış binası üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Şamaxı rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə İddiaçı əvəzsiz olaraq verilmiş Şamaxı şəhəri 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar