Məhkəmə qərarları › İş №2-1(118)-1044/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1044/2021

27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1044/2021 27.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X3 və X1 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin 33 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması" barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Əhmədova X2 Vüqar Vyaçeslavoviç və X1 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin 33 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 07 aprel 2021-ci il tarixli, 123-129672-3221 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. X3 və X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, həmin mənzil 1995-ci ildən iddiaçının xüsusi mülkiyyətindədir.Üçüncü şəxslər onun mənzilində qeydiyyatda olsalar da, həmin mənzildə yaşamayıblar. Bununla əlaqədar olaraq həmin şəxslərin qeydiyyatdan çıxarılmaları ilə əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsi qeydiyyatdan çıxarmadan imtina edərək, bununla əlaqədar olaraq Sumqayıt İnzibati Məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdikdə şəxs qeydiyyatdan çıxarılmalıdır. Beləliklə də, hazırda üçüncü şəxslərin mənzildə qeydiyyatda olması iddiaçının mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul etdiyi qanuni qərarla razılaşdıqlarını bildirmişdirlər. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan keçirilməsini mümükün hesab etmişdir. Məhkjəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 iyul 2021-ci il tarixli, **********15 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 33 saylı ünvan 2miş 16.11.1995-ci il tarixli, 3M-1023 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun təsdiq etdiyi 04.12.1995-ci il tarixli, 3M- 1093 reyestr nömrəli dəyişmə müqaviləsi əsasında sözügedən mənzil X6 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 1 saylı dövlət notariat konotrunun təsdiq etdiyi 28.07.2000-ci il tarixli, 3M-386 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil İddiaçı Nuşirəvan qızının adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş 12 saylı MKS-nın rəisi S.M. Əliyev tərəfindən təsdiq edilmiş 12 saylı MKS-nın mühasibi Rəhimova Elvira Z., 12 saylı MKS-nın mühəndisi Qəhrəmanov Cavid. M., 12 saylı MKS-nın hesabdarı Rəhimova Ruhiyyə R. qızı tərəfindən tərtib edilən və imzalanan 4.11.2020-ci il tarixli Akta qeyd edilmişdir ki, 4-cü mikrorayon, ev 15/23, mənzil 33 ünvanında X5 və X4 2002-ci ildən yaşamamışdırlar. Heç vaxt göstərilən ünvanda yaşamamışdırlar. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin 33 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Üçüncü şəxslər hazırda həmin ünvanda pasport qeydiyyatındadırlar. Həmin şəxslərin iddiaçının ailə üzvü olması, iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş 12 saylı MKS-nın rəisi S.M. Əliyev tərəfindən təsdiq edilmiş 12 saylı MKS-nın mühasibi Rəhimova Elvira Z., 12 saylı MKS-nın mühəndisi Qəhrəmanov Cavid. M., 12 saylı MKS-nın hesabdarı Rəhimova Ruhiyyə R. qızı tərəfindən tərtib edilən və imzalanan 4.11.2020-ci il tarixli Akta qeyd edilmişdir ki, 4-cü mikrorayon, ev 15/23, mənzil 33 ünvanında X5 və X4 2002-ci ildən yaşamamışdırlar. Heç vaxt göstərilən ünvanda yaşamamışdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamırlar və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3 və X1 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin 33 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 və X1 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 15/23 saylı evin 33 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar