Məhkəmə qərarları › İş №2-1(118)-1044/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1044/2023

11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1044/2023 11.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Vəkil, Üçüncü şəxs və digər üçüncü şəxslərin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən iddiaçıya məxsus 3.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsinə dair üçüncü şəxslər X4, X7, X11, X8, X12 və X2 adlarına verilmiş KOD 30117018 olan JN:0331 saylı 23 may 2006-cı il tarixli dövlət aktının və həmin akt əsasında verilmiş xx.xx.2020-ci il tarixli **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən iddiaçıya məxsus 3.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsinə dair üçüncü şəxslər X4, X7, X11, X8, X12 və X2 adlarına verilmiş xx.xx.2020-ci il tarixli **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 30117018 olan JN:0331 saylı 23 may 2006-cı il tarixli dövlət aktının etibarsız hesab edilməsi ” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən iddiaçıya məxsus 3.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsinə dair üçüncü şəxslər X4, X7, X11, X8, X12 və X2 adlarına verilmiş KOD 30117018 olan JN:0331 saylı 23 may 2006-cı il tarixli dövlət aktının və həmin akt əsasında verilmiş xx.xx.2020-ci il tarixli **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-3665/2022 saylı qərardadı ilə X18, X19, X16 və X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Qusar rayonu Kuzun qışlaq kəndində yerləşməklə kodu 30117018 olan JN:0034 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X13 və ailə üzvlərinə məxsus olan 3.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2006-cı ilin sentyabr ayında satın almışdır. Qusar rayon Məhkəməsinin 19 iyul 2007-ci il tarixli 2-301/2007 saylı qətnaməsi ilə onunla həmin şəxslər arasında bağlanmış torpaq sahəsinin alqı-satqısı barədə razılaşmadan əmələ gələn mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi və torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsini DƏDRX-nin Xaçmaz Əİ-nə tapşırılması qət edilmişdir. Bununla da, o, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu əldə etmişdir. Lakin, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir. Buna baxmayaraq, həmin çıxarışın verilməsi üçün heç bir hüquqi maneə olmamışdır. O, adına çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, cavabdeh orqan tərəfindən ona bildirilmişdir ki, həmin torpaq sahəsinin 0.54 ha hissəsinə dair başqa bir şəxsin adına çıxarış verildiyi üçün onun adına çıxarışın verilməsi mümkün deyildir. Araşdırma nəticəsində məlum olmuşdur ki, həqiqətən də, həmin torpaq sahəsinə dair cavabdehlər X4, X7, X11, X8, X12 və X2 adlarına xx.xx.2020-ci il tarixli **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış isə həmin şəxslərin adlarınıa kodu 30117018 olan JN:0331 saylı 23 may 2006-cı il tarixli Dövlət Aktı əsasında verilmişdir. Halbuki, o, həmin torpaq sahəsini heç kimə satmamışdır, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışdır. Həmin torpaq sahəsinin hansı əsaslara görə həmin şəxsin adma qeydiyyata alınması isə ona məlum deyildir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş üçüncü şəxs və digər üçüncü şəxslərin nümayəndəsi X14 oğlu iddianın əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaş İddiaçı Qusar rayonu, Muruq kəndi ərazisində yerləşən 3.2741 ha torpaq sahəsinə mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizənizə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət qeydiyyatına alınması üçün ərizənizə əlavə olunmuş Qusar rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-301/2007 nömrəli qətnaməsində göstərilən JN-0034 KOD 30117018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 34D planşetində əks olunan 3.2741 ha torpaq sahəsinin 0.54 ha hissəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Əraz İdarəsi tərəfindən yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən İddiaçı ərizəsinə xx.xx.2020-ci il tarixli **********18 nömrəli məktubla imtina verilmişdir. İddia ərizəsində üçüncü şəxslər qismində göstərilən X4, X7, X11, X8, X12 və X2 adlarına adlarına JN:331 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən 5419.66 kv.metr torpaq sahəsinə ümumi birgə paylar əsasında xx.xx.2021-ci il tarixdə **********52 reyestr, ********** qeydiyyat nömrəsi olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən hazırlanan Çıxarış verilmişdir. X4, X7, X11, X8, X12 və X2 adlarına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarış Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7/4 saylı qərarı və Qusar rayon Məhkəməsinin xx.xx.2006~cı il tarixli 2-151 saylı qətnaməsi əsasında ləğv edilmiş DT və X/K-nin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş JN:331 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5.-Cİ maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Həmin Qanununun 4.1-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - JN:0034, KOD 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, 3.46 ha torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 7/4 nömrəli, 12 may 1998-ci il tarixli qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X9 və ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. - JN:0331, KOD 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 7/4 nömrəli, 12 may 1998-ci il tarixli qərarı və Məhkəmənin 2-151 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə 0.54 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X1 və ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. - JN:301A, KOD 30117018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 7/4 saylı, 12 may 1998-ci il tarixli qərarı əsasında 0.25 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X12 mülkiyyətinə ayrılmışdır. - JN-156, KOD 30117018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 7/4 saylı, 12 may 1998ci il tarixli qərarı əsasında 3.10 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X1 və oun ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. - Qusar rayon Məhkəməsinin 2-301/2007 saylı, 19 iyul 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, JN:0034, KOD 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X13 məxsus olan 3.46 ha torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə tapşırılmışdır. - Məhkəmə sorğusu əsasında "xxxx" MMC-nin mütəxəssis rəyində qeyd edilmişdir ki, Qusar rayonu, Kuzun Qışlaq kəndində yerləşən 3.46 ha torpaq sahəsinin (JN 0034, KOD 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 3.27 ah hissəsi ilə) koordinatlarının X10 və qeyrilərinə verilmiş JN:0331, KOD 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən 0.4 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, üst-üstə düşmə halı JN 0034, KOD 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktının şimal hissəsində və 0.54 ha təşkil edir. - **********1 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0.5419 ha torpaq sahəsi X4, X7, X11, X8, X12və X2 birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Məhkəməyə sorğu əsasında Qusar rayon Dövlət Arxivindən daxil olmuş Qusar rayon Aqrar İslahat Komissiyasının 7/4 saylı, 12 may 1998-ci il tarixli qərarından və ona əlavə edilmiş adlı siyahıdan görünür ki, X1 və onun ailə üzvlərinin mükiyyətinə 0.25 ha torpaq sahəsi ayrılmışdır. - Məhkəməyə sorğu əsasında Qusar rayon Dövlət Arxivindən daxil olmuş 09 mart 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Aqrar İslahat Komissiyasının 7/4 saylı, 12 may 1998-ci il tarixli qərarı ilə X1 və onun ailə üzvlərinin mükiyyətinə 0.25 ha torpaq sahəsi ayrılmışdır; Aqrar İslahat Komissiyasının 7/4 saylı, 12 may 1998-ci il tarixli qərarına əlavə edilmiş adlı siyahıda qeyd edilən 0.29 ha torpaq sahəsinin faktiki ölçüləridir, yəni 0.04 ha torpaq sahəsi zəbt torpaq sahəsidir; Qusar rayon Kuzun Qışlaq kənd İnzibati Ərazi üzrə nümayəndəliyinin 1991-1995 və 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında X1 təsərrüfatında 0.25 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, JN-0331 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” barədə elektron məlumat bazasında heç bir məlumat aşkar edilməmişdir. - Məhkəməyə sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, JN-0331 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın işlənməsinə əsas olmuş Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-151 saylı qətnaməsi mərkəzin arxivində tapılmamışdır. - Məhkəməyə sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş Qusar rayonunun Kuzun Qışlaq kəndi üzrə vətəndaşlarının xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəl”in surətindən görünür ki, X1 mülkiyyətində 0.25 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 16 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2020-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını tam, obyektiv və hərtəfəli tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 7/4 nömrəli, 12 may 1998-ci il tarixli qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X9 və ailə üzvlərinin mülkiyyətinə Qusar rayonu, Kuzun qışlaq kəndindən 3.46 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır və bunun əsasında X9 və ailə üzvlərinin adına JN:0034, KOD 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərrtib edilmişdir. Daha sonra İddiaçı alqı-satqı yolu ilə qeyd edilən torpaq sahəsini X5 almışdır. Qusar rayon Məhkəməsinin 2-301/2007 saylı, 19 iyul 2007-ci il tarixli qətnaməsi ilə JN:0034, KOD 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X13 məxsus olan 3.46 ha torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə tapşırılmışdır. İddiaçı qeyd edilən hüquq müəyyənedici sənədlərə əsasən cavabdeh orqana müraciət edərək, Qusar rayonu, Kuzun qışlaq kəndində yerləşən 3.46 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq, onun adına çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya cavab olaraq üvanladığı 16 noyabr 2020-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi 3.2741 ha torpaq sahəsinin 0.54 ha hissəsinə dair digər şəxslərin adına çıxarışın verilməsini göstərmişdir. Məhkəmə aşağıda qeyd etdiklərinə əsasən hesab edir ki, iddia təmin edilməli və iddiaçıya məxsus 3.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsinə dair üçüncü şəxslərin adlarına verilmiş KOD 30117018 olan JN:0331 saylı 23 may 2006cı il tarixli dövlət aktı və həmin akt əsasında xx.xx.2020-ci il tarixli **********52 reyestr nömrəli çıxarışla mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). İddiaçıya “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verildiyi dövrdə qüvvədə olan Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət torpaq kadastrını formalaşdıran vahid torpaq-kadastr sənədləri sistemi tətbiq edilir. Vahid torpaq-kadastr sənədləri sistemi hüquqi və texniki kadastr sənədlərindən ibarətdir. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən aşağıdakılar, hüquqi kadastr sənədləri hesab olunur: torpağa mülkiyyət hüququna dair dövlət aktı; torpaqdan daimi istifadə hüququna dair dövlət aktı; torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; notarial qaydada təsdiq edilmiş və qeydiyyata alınmış icarə müqavilələri. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci bəndinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Hazırki inzibati işin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinin üst-üstə düşdüyü 0.54 ha torpaq sahəsi **********1 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la X4, X7, X11, X8, X12və X2 birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Qeyd edilən çıxarışın verilməsinə əsas JN:0331, KOD 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” olmuşdur. Həmin dövlət aktında isə X2 və onun ailə üzvlərinin mülkiyyətinə 0.54 ha torpaq sahəsinin Qusar rayon Aqrar İslahat Komissiyasının 7/4 nömrəli, 12 may 1998-ci il tarixli qərarı və Məhkəmənin 2-151 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə ayrıldığı qeyd edilmişdir. Məhkəmə tərəfindən inzibati işin araşdırılması zamanı JN:0331, KOD 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın verilməsinə əsas olmuş sənədlərin tədqiq edilməsi üçün müvafiq orqanlara məhkəmə sorğuları göndərilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Qusar rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli məktubunda Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində mövcud olan 2- 151 saylı mülki işin başqa şəxslər arasında olan tələb ilə əlaqəli olduğu qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş 2-151/2006 saylı, 28 aprel 2006-cı il tarixli qərardadın surətindən görünür ki, qeyd edilən mübahisə iddiaçı X6 cavabdeh Qusar rayon Mucuq kənd orta məktəbinə qarşı “Mucuq kənd orta məktəbi üzrə verilmiş 21 noyabr 2005-ci il tarixli 24 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi” tələbi ilə bağlıdır. "xxxx" MMCdən daxil olmuş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli cavab məktublarında JN-0331 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” barədə elektron məlumat bazasında heç bir məlumat aşkar edilmədiyi və dövlət aktının işlənməsinə əsas olmuş Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-151 saylı qətnaməsinin mərkəzin arxivində tapılmadığı qeyd etmişdir. Qeyd edilən orqan tərəfindən məhkəməyə təqdim edilmiş Qusar rayonunun Kuzun Qışlaq kəndi üzrə vətəndaşlarının xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəl”in surətindən görünür ki, X1 mülkiyyətində 0.25 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən mübahisələndirilən dövlət aktının verilməsinə hansı sənədlərin əsas olduğunun aydınlaşdırılması üçün aidiyyatı üzrə sorğular verilsə də, orqanların müvafiq cavab məktubları ilə dövlət aktının verilməsinə əsas olmuş sənədlərin mövcud olmadığı müəyyənləşdirilmişdir. Məhkəməyə sorğu əsasında Qusar rayon Dövlət Arxivindən daxil olmuş Qusar rayon Aqrar İslahat Komissiyasının 7/4 saylı, 12 may 1998-ci il tarixli qərarı və ona əlavə edilmiş edilmiş adlı siyahıda X1 və onun ailə üzvlərinin mükiyyətinə 0.25 ha torpaq sahəsi ayrıldığı (qarşısında isə 0.29 ha qeyd edilmişdir) qeyd edilmişdir. Məhkəmə tərəfindən X3 0,25 ha və ya 0,29 ha torpaq sahəsinin ayrılmasının müəyyən edilməsi və qeyd edilən ziddiyyətə aydınlıq gətirilməsi üçün aidiyyatı üzrə Qusar rayon Dövlət Arxivinə 30 yanvar 2023-cü il tarixli məktub ünvanlanmışdır. Qusar rayon Dövlət Arxivindən daxil olmuş 09 mart 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Aqrar İslahat Komissiyasının 7/4 saylı, 12 may 1998-ci il tarixli qərarı ilə X1 və onun ailə üzvlərinin mükiyyətinə 0.25 ha torpaq sahəsi ayrılmışdır; Aqrar İslahat Komissiyasının 7/4 saylı, 12 may 1998-ci il tarixli qərarına əlavə edilmiş adlı siyahıda qeyd edilən 0.29 ha torpaq sahəsinin faktiki ölçüləridir, yəni 0.04 ha torpaq sahəsi zəbt torpaq sahəsidir; Qusar rayon Kuzun Qışlaq kənd İnzibati Ərazi üzrə nümayəndəliyinin 1991-1995 və 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında X1 təsərrüfatında 0.25 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. Göründüyü kimi torpaq sahəsi ayrılmış subyektlərin adlı siyahısında X1 adı qarşısında qeyd edilən - 0.29 ha qeydi - torpaq sahəsinin faktik ölçüləri ilə bağlıdır. Yəni, Aqrar İslahat Komissiyasının 7/4 saylı, 12 may 1998-ci il tarixli qərarı ilə X1 və ailə üzvlərinin mülkiyyətinə 0.25 ha torpaq sahəsi ayrılsa da, onlar bundan əlavə zəbt torpaq sahəsi kimi 0.04 ha torpaq sahəsi də istifadə edirlər. Beləliklə, məhkəmə araşdırması nəticəsində X1 və onun ailə üzvlərinin mükiyyətinə 0.54 ha torpaq sahəsinin ayrılmasına dair JN:0331, KOD 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın heç bir hüquq müəyyən edici sənədlər olmadan, qanun tələblərinə zidd olaraq tərtib edilməsi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə zidd olaraq dövlət aktının verilməsi və cavabdeh orqan tərəfindən bunun əsasında **********1 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə olan halda isə üçüncü şəxslər X4, X7, X11, X8, X12 və X2 adlarına verilmiş KOD 30117018 olan JN:0331 saylı 23 may 2006-cı il tarixli dövlət aktının və həmin akt əsasında xx.xx.2020ci il tarixli **********52 reyestr nömrəli çıxarışla mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən İddiaçı məxsus 3.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsinə dair üçüncü şəxslər X4, X7, X11, X8, X12 və X2 adlarına verilmiş KOD 30117018 olan JN:0331 saylı 23 may 2006-cı il tarixli dövlət aktı və həmin akt əsasında verilmiş xx.xx.2020-ci il tarixli **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd) ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən İddiaçı məxsus 3.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsinə dair üçüncü şəxslər X4, X7, X11, X8, X12 və X2 adlarına verilmiş KOD 30117018 olan JN:0331 saylı 23 may 2006-cı il tarixli dövlət aktı və həmin akt əsasında verilmiş xx.xx.2020-ci il tarixli **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd) ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar