Məhkəmə qərarları › İş №2-1(118)-1044/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1044/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1044/2024 20.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Şəhid Ailələri, Əlillər və X1 X2 qərargah şöbəsinin tikintisi ilə bağlı Zəngilan şəhər ərazisində 0.24 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Zəngilan rayonu, Ağalı şəhərciyinin ərazisindən 12 sot torpaq sahəsinin ayrılması və ya Ağalı şəhərciyinin binasından Regional Mərkəzin yaradılması üçün 100 kv metr inzibati binadan yer ayrılmasının öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “Zəngilan rayonu ətrafında 12 sot torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi yenidən iddia tələbini dəqiqləşdirərək “Şəhid Ailələri, Əlillər və X1 X2 qərargah şöbəsinin tikintisi ilə bağlı Zəngilan şəhər ərazisində 0.24 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdiriməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Hüquqlarının X5 Azərbaycan Respublikasının Ərazi bütövlüyü, süverenliyi, müstəqilliyi, Konstitusiya quruluşu uğrunda sağlamlıqlarını, gəncliklərini, həyatını vuruşaraq fədakarcasına qurban verən Şəhid Ailələrinin, Əlillərin və Müharibə Veteranlarının pozulmuş hüquqlarının qorunması üçün yaradılmış bir Təşkilatdır. Təşkilat 2006-cı ildə Dövlət qeydiyyatından keçərək mövcud qanunvericilik çərçivəsində fəaliyyət göstərir. Təşkilatın çoxsaylı kontengenti Respublika ərazisində keçirilən bütün tədbirlərdə (20 yanvar, Xocalı Soyqırımı, Prezident seçkiləri, Zəfər bayramı, Qurban bayramı, Ramazan - bayramı, Silahlı Qüvvələrin yaranması günü və s.) Dövlət tədbirlərində fəal iştirak edir. Lakin, Təşkilatın işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində X7 və Müharibə Veteranları üçün hər hansı bir tədbirin və yaxud toplantının keçirilməsində qərargahın olmamasına görə onlarla görüşlər keçirə bilmir.Dəfələrlə rayon icra orqanlarına, İcra Hakimiyyətlərinə yazılı müraciət etsə də, heç bir müsbət cavab almamışdır. Ağalı kəndi hal-hazırda təhlükəsiz ərazi sayılır bütün ərazi minalardan təmizlənib insanların yaşaması üçün hər bir şərait yaradılıb idarə təşkilatlar quruculuq işi ilə məşğuldur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/2-415/2023 saylı cavab məktubunda birdirillər ki, işğaldan azad edilmiş ərazisində təhlükəsizliyin təmin olunması, zəruri infrastrukturun qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması, habelə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış" Dövlət Proqramının icrası istiqamətində aidiyyəti Dövlət qurumları tərəfindən müvafiq işlərə başlanmışdır, (bu sadəcə şablon üzrə verilmiş cavabdan başa düşmək olur ki, azad edilmiş ərazidətam sərbəst şəkildə), (yəni Zəngilan rayon ərazisində maldarlıq-fermaların tikintisi, fermerlər, sahibkarlar, taxılçılıq, balıqçılıq, özəl obyektlərin tikilməsi, marketlər, avto servislər, şəxsi çörək zavodları, boş sahələrin hasarlanması və həmin sahələrin icarəyə götürülməsi, hektarlarla torpaqların şirkətlər tərəfindən alınması olar? amma bu qəbildən olan, torpaq uğrunda yəni, Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Hüquqlarının X5 Azərbaycan Respublikasının Ərazi bütövlüyü süverenliyi, müstəqilliyi, Konstitusiya quruluşu uğrunda sağlamlıqlarını, gəncliklərini, həyatını vuruşaraq fədakarcasına qurban verən Şəhidlərimiz, Şəhid Ailələrin, Əlillərin və Müharibə Veteranların işğaldan azad olunmuş zonalardan istər hüquqi istərsə də fiziki şəxslərin heç bir hüququ yoxdur! Bu isə Azərbaycan Respublikasının konstitusyon hüquqlarına ziddir). 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və X1 İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı Zəngilan rayonu, Ağalı şəhərciyinin ərazisindən 12 sot torpaq sahəsinin ayrılması və ya Ağalı şəhərciyinin binasından Regional Mərkəzin yaradılması üçün 100 m2 inzibati binada yer ayrılması öhdəliyinin Komitənin üzərinə qoyulması tələbinə dair 2-1(118)-1044/2024 nömrəli inzibati iş Sizin icraatınızdadır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı işğaldan azad olunan Zəngilan rayonu, Ağalı kəndində şəhid ailələri, əlil və müharibə veteranları üçün tədbirlərin və toplantının keçirilməsi, qərargahın olmaması səbəbindən mümkün deyil. Hesab edirlər ki, aşağıda sadalananlara əsasən iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının Zəngilan rayonu, Ağalı kəndində Şəhid Ailələri, Əlilləri və X1 X3 Rayon Şöbəsinə 6 sot torpaq sahəsinin ayrılmasına dair xx.xx.2023-cü il tarixli 15489 nömrəli müraciət etmişdir. Komitənin 27.01,2023-cü il tarixli 3-35/2-415/2023 nömrəli cavab məktubuna əsasən işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, zəruri infrastrukturun qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması, habelə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış" Dövlət Proqramının icrası İstiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq işlərə başlanılmışdır və bu tədbirlərin icrası yekunlaşdırıldıqdan sonra müvafiq müraciətə əsasən "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021 -ci il tarixli 1304 nömrəli Fərmanına uyğun olaraq, qaldırılan məsələnin baxılmasını məqsədəuyğun hesab edilmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1304 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2534 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nə əsasən sifarişçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə Zəngilan rayonu, Ağalı kəndinin tikintisi üçün Komitənin xx.xx.2023-cü il tarixli 89 nömrəli Sərəncamı ilə 190 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, şəhərsalma sahəsində əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə zəruri infrastrukturun qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması və insanların təhlükəsizliyin təmin olunmasıdır. Qeyd edilənlərə əsasən

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir:cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubu; vergi ödəyicisinin şəhadətnaməsi; Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin nizamnaməsi və digər sənədlər aiddir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi.

Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı ictimai birliyin nümayəndəsi Şəhid Ailələri, Əlillər və X1 X2 qərargah şöbəsinin tikintisi ilə bağlı Zəngilan şəhər ərazisində 0.24 ha torpaq sahəsinin ayrılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilmədiyindən həmin tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1304 nömrəli Fərmanına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, işğaldan azad edilmiş ərazilərdə aşağıdakı səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilir: 1.1. tikinti, yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı, habelə faydalı qazıntıların çıxarılması ilə əlaqəli olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi; 1.2. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi, məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri müvafiq ərazinin planlaşdırılması tələblərinə uyğunluğunun müəyyən edilməsi, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektinin inşasının başa çatması barədə müvafiq məlumatların Tikintilərin Dövlət Reyestrinə təqdim edilməsi, habelə icazələrin verilməsindən və uyğunluğun müəyyən edilməsindən irəli gələn digər səlahiyyətlərin həyata keçirilməsi; 1.3. tikinti və faydalı qazıntı yataqlarının istismarı məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması ;

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. Yuxarıda qeyd olunanlardan göründüyü kimi qanunvericilik bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirməyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müstəsna hüququ kimi müəyyən etsə də, bu hüququn həyata keçirilməsinin konkret mexanizmlərini müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə qeyd edir ki, torpaq sahələrinin yuxarıda qeyd edilən məqsədlər üçün fiziki və ya hüquqi şəxslərə ayrılması cavabdeh inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Yəni həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki işdə də cavabdehin torpaq sahəsini ayırıb-ayırmaması ilə bağlı diskresion səlahiyyətləri vardır və cavabdeh tərəfindən qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddinin aşıldığı müəyyən olunmur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Şəhid Ailələri, Əlillər və X1 X2 qərargah şöbəsinin tikintisi ilə bağlı Zəngilan şəhər ərazisində 0.24 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Şəhid Ailələri, Əlillər və X1 X2 qərargah şöbəsinin tikintisi ilə bağlı Zəngilan şəhər ərazisində 0.24 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar