Məhkəmə qərarları › İş №2-1(118)-1045/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1045/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1045/2021 31.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “16.09.2005-ci il təvəllüdlü X1 “Əmirhüseynli”dən “Əmirhüseynova”ya, 31.10.2007-ci il təvəllüdlü X2 “Əmirhüseynli”dən “Əmirhüseynov”a dəyişdirilməsi öhdəliyinin, həmçinin uşaqların doğum yeri haqqında "Vətəndaş vəziyyəti haqqında akt qeydləri“ndə uşaqların doğum yeri barəsində yol verilən yalnışlıqların aradan qaldırılması, doğum yerinin “Qobustan (Azərbaycan)”dan, “Hamburq (Almaniya Federativ Respublikası)”na dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin üzərinə üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “16.09.2005-ci il təvəllüdlü X1 “Əmirhüseynli”dən “Əmirhüseynova”ya, 31.10.2007-ci il təvəllüdlü X2 “Əmirhüseynli”dən “Əmirhüseynov”a dəyişdirilməsi öhdəliyinin, həmçinin uşaqların doğum yeri haqqında "Vətəndaş vəziyyəti haqqında akt qeydləri“ndə uşaqların doğum yeri barəsində yol verilən yalnışlıqların aradan qaldırılması, doğum yerinin “Qobustan (Azərbaycan)”dan, “Hamburq (Almaniya Federativ Respublikası)”na dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin üzərinə üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X6 ilə birgə nikahdan Almaniya Federativ Respublikasında 16.09.2005-ci il təvəllüdlü X7 və 31.10.2007-ci il təvəllüdlü X8 anadan olmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilən və Almaniya Federativ Respublikası tərəfindən verilən 2833/2005 reyester nömrəli müvəqqəti doğum haqqında şəhadətnamədən görünür ki, qızı X3 şəhərində anadan olmuşdur. Həmçinin iddia ərizəsinə əlavə edilən və Almaniya Federativ Respublikası tərəfindən verilən 2699/2007 reyester nömrəli müvəqqəti doğum haqqında şəhadətnamədən görünür ki, oğlu X8 da Hamburq şəhərində anadan olmuşdur. Həmin müvəqqəti şəhadətnamələr sonradan Azərbaycan Respublikasında doğum haqqında şəhadətnamə alınması üçün aidiyyəti üzrə cavabdeh Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə təqdim edilmişdir. Maraqlıdır ki, doğum faktına dair arayışlarda doğum yeri və tarixi dəqiq göstərilməyinə baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən verilən 27 dekabr 2005-ci il tarixli, 4622 reyester nömrəli Şəhadətnamədə və 12 fevral 2008-ci il tarixli 623 reyester nömrəli doğum haqqında şəhadətnamələrdə yalnışlığa yol verilmiş və uşaqların doğum yeri kimi Qobustan şəhəri qeyd edilmişdir. Nəticədə doğum haqqında şəhadətnamələrdə yol verilən bu yalnışlıq səbəbindən Almaniya Federativ Respublikası hər iki uşağın daimi yaşayış hüququnu məhdudlaşdırmışdır. Bu yalnışlığın aradan qaldırılması və soyad sonluğunun dəyişdirilməsi üçün 01.04.2021-ci il tarixdə ərizə ilə cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Həmin inzibati orqandan verilən 01 aprel 2021-ci il tarixli 05/Q-767/15 saylı məktubla ərizəsində qeyd etdiyi düzəlişlərin edilməsindən imtina edilmişdir. “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydalarf’n yuxarıda sadalanan normalarından da görünür ki, soyadı sonluğuna növbəti dəyişiklik edilməsinə yalnız şəxsin yetkinlik yaşma çatması mane olur. Hazırki işdə isə heç bir uşaq yetkinlik yaşına çatmamışdır. Bu inzibati orqanın imtinasının əsassızlığını göstərən ilkin haldır. Soyad sonluğunun valideynlər olaraq onlardan fərqli olmasının özü də övladlarına daimi yaşayışın alınmasına maneə törədir. Hətta hazırki iddia ərizəsinə əlavə edilən Almaniya Federativ Respublikasına məxsus müvəqqəti yaşayış vəsiqəsi və xarici pasportdan görünür ki, hər iki uşağın soyadı Əmirhüseynov qeyd edilmişdir. Doğum haqqında şəhadətnamələrdən bu fərqin yaranması qeyd edilən problemlərin ortaya çıxmasına səbəb olmuşdur. Uşağın doğum yerinin şəhadətnamədə yalnız qeyd ediləməsi ilə əlaqədar isə onu qeyd edə bilərlər ki, yenə, Almaniya Federativ Respublikasında verilən müvəqqəti doğum haqqında şəhadətnamələrlə doğum yerinin Almaniyanın Hamburq şəhəri olduğu öz təsdiqini tapır. Lakin, cavabdeh inzibati orqan bu hissədə də səhvə yol vermiş və uşaqların doğum yerini Qobustan qeyd etməklə növbəti uyğunsuzluğu yaratmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndə və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia tələbinin predmeti iki hissədən ibarətdir; İddiaçı 1) övladlarına verilmiş doğum haqqında şəhadətnamədə doğum yeri haqqında yanlışlığının düzəldilməsi və 2) həmin şəhadətnamə əsasında övladlarının soyadlarının sonluğunun dəyişdirilməsindən ibarətdir. Hazırki, tələblər ilə cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin cavabdeh müvafiq tələblərin təmin edilməsindən imtina etmişdir. Belə ki, İddiaçı övladları üçün yeni doğum haqqında şəhadətnamələrin verilməsini istəmişdir ki, ikinci tələb birinci tələbin həll olunmasından sonra həyata keçirilməlidir. Yəni iddiaçı ilk öncə yeni doğum haqqında şəhadətnamə əldə etdikdən sonra müvafiq olaraq, övladlarının soyad sonluqlarını dəyişdirməlidir. Qanunvericiliyin tələbinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir ki, iddiaçının mövcud tələblə məhkəməyə müraciət etməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüququdur. Lakin, bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 37-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Belə ki, həmin məcəllənin 339-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı övladlarının soyadının düzgün yazılmaması və doğum yerinin səhv göstərilməsi ilə bağlı tələbi inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qeyri mümkün hesab edilməlidir. İddiaçıya izah olunsun ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə dair iddia ilə ümumi şəhər(rayon) məhkəmələrinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar