Məhkəmə qərarları › İş №2-1(118)-1045/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1045/2022

26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1045/2022 26.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli 236 saylı qərarı ilə ayrılmış 0.10 ha və Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli qərarı ilə (JN-1297A KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə) ayrılmış 0.08 ha torpaq sahəsi üzərində ümumi sahəsi 0.10 ha olmaqla vahid əmlak kimi İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 10 may 1998-ci il tarixli JN-1297A Kod 30800086 saylı şəhadətnamənin ləğv edilməsi və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarına əsasən Abşeron rayonu Saray qəsəbəsində fərdi mənzil tikintisi üçün mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli 236 saylı qərarı ilə ayrılmış 0.10 ha və Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli qərarı ilə (JN-1297A KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə) ayrılmış 0.08 ha torpaq sahəsi üzərində ümumi sahəsi 0.10 ha olmaqla vahid əmlak kimi İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-884/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il arixli 2-1(105)-609/2021 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2-1(118)-884/2021 saylı qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən iddiaçının ailə üzvləri X3, X7 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, ona Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarı ilə Saray üzümçülük sovxozunun ərazisindən Abşeron rayonu Saray qəsəbəsində fərdi mənzil tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Lakin həmin qərarda 0,10 ha torpaq sahəsinin ayrılmasına və faktiki mövcudluğuna baxmayaraq, onun iştirakı və xəbəri olmadan tərtib olunmuş 10 may 1998-ci il tarixli JN-1297A Kod 30800086 saylı torpağın mülkiyyətinə dair şəhadətnamədə səhvən 0,08 ha, yəni 0,02 ha az torpaq sahəsi qeyd edilmişdir. Həmin torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə ona torpaq sahəsinin “plan və ölçü” sənədinin verilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin dövlət kadastrı kitabında 27 fevral 2012-ci il tarixli 18542 nömrə ilə uçota alınmış A N2 ******* saylı rəsmi sənəddə də ayrılmış torpaq sahəsinin ölçüsünün 0,10 ha olması (həmin sənəddə ölçü vahidi kimi kvadrat metr götürüldüyü üçün torpaq sahəsinin ölçüsü müvafiq olaraq 0,10 ha=1000 kv.metr kimi göstərilmişdir.) dəqiq göstərilmişdir. Baxmayaraq ki, mülkiyyətinə ayrılmış torpaq sahəsinin bütün sənədlərində, o cümlədən arxiv sənədlərində torpaq sahəsinin ölçüsü 0,10 ha olması təsdiq edilmişdir.Hazırda o, 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasınını vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə clasında nümayəndisinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sözügedən torpaq sahəsinə dair iddiaçının və başqa şəxslərin (X3, X8, X5) adına ləğv edilmiş DT və XK tərəfindən JN-1297A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edildiyi aşkar edilmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : - Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arxiv arayışından görünür ki, Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 236 saylı qərarı ilə fərdi yaşayış evinin tikmək üçün 30 ailəyə, o cümlədən İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmışdır. - JN-1297A KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon AİK-nın xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə 0.08 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədindən və yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi barəsindədir. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2011-ci il tarixli rəyindən görünür ki, idarə Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 236 saylı qərarı ilə fərdi yaşayış evinin tikmək üçün İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinə hüquqi sənədin verilməsinə etiraz etmir. - Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-cı il tarixli 16 saylı qərarı ilə vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Sərəncam ümumi olduğundan heç bir adlı siyahı daxil edilməmişdir. Həmin sərəncamın təsdiq edilmiş ksero-surəti məhkəməyə göndərilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********32 saylı mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 1297A KOD 30800086 saylı şəhadətnamədəki 0.08 ha torpaq sahəsinin yerləşməsi ilə torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların olması səbəbindən Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 236 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən iddiaçının adına tərtib edilmiş 0,10 ha torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatları ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Hazırda İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri 0,1287 ha təşkil edir. Ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən iddiaçının adına tərtib edilmiş 0,10 ha torpaq sahəsinin plan və ölçünün döngə nöqtələrinin koordinatları hazırda İddiaçı faktiki istifadəsində olan 0,1287 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, “Ceyranbatan su kəmərlərinin istismarı üzrə istehsalat zonasının fəhlə və mütəxəssislərinə həyətyanı torpaq sahəsinin ayrılması haqqında” Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 236 nömrəli qərarı ilə İddiaçı Abşeron rayonu Saray qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən iddiaçının adına 27 fevral 2012-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Eyni zamanda işdən görünür ki, xx.xx.1991-ci il tarixdə Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 236 nömrəli qərarı ilə iddiaçıya 0.10 ha torpaq sahəsi ayrılmış olsa da, 1998-ci il tarixdə keçirilmiş islahat zamanı Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 saylı Qərarı ilə iddiaçıya və ailə üzvlərinə- X1, X4 və X2 0.08 ha torpaq sahəsi ayrılmış və torpağın mülkiyyətə verilməsinə dair JN-1297A KOD 30800086 saylı şəhadətnaməyə əsasən, aqrar islahat zamanı ayrılmış 0,08 ha torpaq sahəsi İddiaçı ilə birlikdə ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı cavabdehə müraciətində və məhkəmədə qaldırdığı iddia tələbində, Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 236 nömrəli qərarı ilə ona ayrılmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh isə aqrar islahat nəticəsində ləğv edilmiş DT və XK tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində 0.10 ha deyil, 0.08 ha torpaq sahəsinin iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN-1297A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edildiyini əsas gətirərək müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə iddiaçıya və ailəz üvlərinə aqrar islahatları aparılan zaman nə qədər torpaq sahəsinin ayrılmasının müəyyən edilməsi məqsədi ilə Abşeron rayon Dövlət Arxivinə sorğu ünvanlayaraq çşəhadətnamədə göstərilən Abşeron rayon Aqrar İslaht Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarının və ona əlavə edilmiş vətəndaşların adlı siyahısından iddiaçıya aid hissədən çıxarışın təqdim edilməsini tələb etmişdir. lakin Abşeron rayon Dövlət Arxivi sorğuya cavab olaraq həmin qərarın ümumi xarakter daşıdığını və vətəndaşların adlı siyahısının həmin qərara əlavə edilmədiyini bildirmişdir. “Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 Fərmanı ilə qüvvədən düşmüşdür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Abşeron rayon AİK-nın xx.xx.1998-ci il tarixli 16 saylı qərarı və onun əsasında verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə hazırda qüvvədədir. İddiaçı həmin şəhadətnamədə düzəlişin həyata keçirilməsini tələb etmək hüququna malikdir. Lakin hal-hazırda qərarın və şəhadətnamənin qüvvədə olduğu bir vaxtda iddianın təmin edilməsi üçün əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar