Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1045/2023 14.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qubadlı Rayon İcra Hakimiyyətinə qarşı “cavabdeh tərəfindən 2021-ci ilin fevral ayının 25-dən dayandırılmış və hal-hazıradək ona verilməli olan məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin bərpa olunaraq məcburi köçkünlərin adlı siyahılarına salınması və ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik verilməsi, 10 ay ərzində, yəni 2021-ci ilin fevral, may, sentyabr ayları üzrə hər ay 5 manat tutulmuş məbləğlərin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkün olmaqla ailəsi ilə çox ağır və imkansız bir vəziyyətdədirlər. Hal-hazırda müvəqqəti olaraq ərizədə göstərilən ünvanda yaşaya-yaşaya, ağır həyat keçirirlər. Azərbaycan Respublikasının Qubadlı rayonundan mənfur erməni millətçilərinin cinayətləri və etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdundan didərgin düşmüş, Sumqayıt şəhərinə pənah gətirməyə məcbur olmuşlar. X5 Əliyev keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdana kimi 2023-cü ilə kimi müavinətlərlə təmin olunmasını uzatmışdır. Lakin onların çörək pulunu 2021-ci ilin fevral ayının 25-dən kəsilmişdir. Səbəb də bu olmuşdur ki, onun rəsmi nikahda olduğu həyat yoldaşı rəhmətə gedəndən sonra o dövlət qulluğunda işləyərək yüksək pensiya almış və onun vəfatından sonra onun pensiyasını iddiaçı, almağa başlamışdır. Halbuki bütün bunların çörək puluna heç bir aidiyyəti yoxdur. Beləliklə onların məcburi köçkünlərə verilən müavinət və çörək pulundan məhrum olunmaqla problemləri həll edilməmiş qalmışdır. Onlar çox çarəsiz bir vəziyyətdə qalmışlar. Aztəminatlı ailələləri dözülməz işgəncə vəziyyətindədirlər. Cavabdeh onlara məcburi köçkünlərə verilən müavinət və çörək pulunu verməkdən rəsmi surətdə imtina etmişdir. Ona görə də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, imtina əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, yemək xərci müavinətin verilməsi ilə bağlı onun adının məcburi köçkünlərin adlı siyahısına salınması öhdəliyini Qubadlı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Lakin, iddiaçıya verilmiş imtina məktubunda bildirmişdir ki, “Sizin yemək xərci müavinətiniz Hesablama palatasının Dövlət Qaçqınkomda apardığı yoxlama zamanı müavinətiniz Azərbaycan Respublikasının Nazirlər Kabineti 24 yanvar 2017-ci il 11 saylı qərarın 2.13 (Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarmda, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarmda inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara) maddəsinə əsasən qanunla nəzərdə tutulmuş qaydada dayandırılmışdır”. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının mərhum həyat yoldaşı dövlət qulluğunda inzibati vəzifədə işlədiyinə görə həmin imtiyazdan istifadə etmək hüququndan mərhum edilmişdir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-542/2022 nömrəli 25.01 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.Lakin məhkəmə hesab edir ki, həmin inzibati orqanın məhkəmə icraatında üçüncü şəxs kimi cəlb edilməsinə lüzum yoxdur. Belə ki, yemək xərci müavinətin verilməsi ilə bağlı şəxsin adının məcburi köçkünlərin adlı siyahısına salınması yerli icra hakimiyyətinin səlahiyyətlərinə şamil edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üçüncü şəxs qismində məhkəmə icraatına xitam verilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3.3/391 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu, 9-9/169 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu, AA seriyalı, 204641 nömrəli məcburi köçkün vəsiqəsinin surəti, AZ-İ 438086 saylı, 02 fevral 2011-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqələrinin surəti, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı mənzil-kommunal sahəsinin 872 saylı, 01 noyabr 2021-ci il tarixli arayış Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilmiş 02/2388 nömrəli, xx.xx.2022-ci il tarixli məktub, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə daxil olmuş 3-17-1/2-146299/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun məcburi köçkünlər üçün nəzərədə tutulan yemək xərci müavinətinin dayandırıldığı vaxtdan yaranmış olur. Qubadlı Rayon İcra Hakimiyyəti iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq icra hakimiyyəti hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Qubadlı Rayon İcra Hakimiyyətinin xidmət göstərdiyi ərazinin sakinidir və həmin ərazidən məcburi köçkünlərin adlı siyahıya salınması və ya çıxardılması müvafiq icra hakimiyyətinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Qubadlı Rayon İcra Hakimiyyəti hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət etmiş və cavabdehin 3.3/391 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Qubadlı rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2 və 2.13-cü bəndinə əsasən aylıq müavinət Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara şamil edilmir. Həmin qaydaların 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların İcra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının mərhum həyat yoldaşı X1 Sosial Müdafiə Fondunda yardımçı dövlət qulluğu vəzifəsində işləmişdir. Cavabdeh inzibati orqan mərhumun dövlət qulluğu vəzifəsində işləməsini əsas gətirərək, iddiaçının adının məcburi köçkünlərin adlı siyahısından çıxartması qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın tələbinə əsasən dövlət qulluğunun yardımçı vəzifəsində işləyən şəxslərin müavinətinin dayandırılması nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının tələbi təmin edilərək, onun adının məcburi köçkünlərin adlı siyahısına salınması öhdəliyi cavabdeh Qubadlı Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı adının məcburi köçkünlərin adlı siyahısına salınması öhdəliyi cavabdeh Qubadlı Rayon İcra Hakimiyyətinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1045/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1045/2023
14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver