Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1047/2020 11.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdehŞamaxı rayon Polis şöbəsinə qarşı “X4 və X1 Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsi, ev 59, mənzil 1 saylı evə qeydiyyatlarının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviril hissə: İddiaçı, X4 və X1 Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsi, ev 59, mənzil 1 saylı evə qeydiyyatlarının ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, xx.xx.2011-cu il tarixli çıxarışa əsasən mənzil iddiaçının tam hüquqlu mülkiyyətindədir. 2019-cu ilin dekabr ayında ərazi üzrə İcra Nümayəndəliyindən arayış alarkən iddiaçıya məlum olmuşdur ki, nəvəsi X5 və gəlini X9 heç rəsmi razılığı olmadan mülkiyyətinə pasport qeydiyyatına götürülmüşlər. xx.xx.2020-ci il tarixdə cavabdeh-Şamaxı rayon Polis İdarəsinin rəisinə rəsmi ərizə göndərərək iddiaçının məlumatı olmadan qeydiyyata salınmış həmin şəxslərin qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Lakin bu günə qədər heç bir məlumat verilməmişdir. Cavabdeh -Şamaxı rayon Polis İdarəsinin əməkdaşı isə həmin şəxslərin pasport alarkən iddiaçının mülkiyyətinə qeydiyyata düşməsini izah etmədi, halbuki Qanunun mənasına görə qeydiyyata düşmək üçün mülkiyyət sahibi rəsmi razılıq ərizəsi verməlidir. Bundan başqa, onların hər birinin yaşadıqları ayrıca yaşayış sahələri vardır, lakin nədənsə iddiaçının mülkiyyətindən qeydiyyatdan çıxmaq istəmirlər. Onlar bu ünvanda yaşamırlar. Sonda qeydiyyatla bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən X4 və X2 iddiaçının razılıq ərizəsi olmadan mülkiyyətində olan Şamaxı şəhəri, AŞ.Məmmədağa küçəsi 59 saylı evə qeydiyyata alınmaları Azərbaycan Respublikası Konstitusiyasının,Mülki Məcəllənin,”Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası Qanunun tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci yarımbəndinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci yarımbəndinə əsasən “mülkiyyət hüququ,o cümlədən mülkiyyət hüququ qanunla qorunur”. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən “Vətəndaşın yaşayış yeri üzrə qeydiyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2,152.3. və 152.4-cü maddələrinə əsasən “Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”. Sahiblik hüququ mülkiyyətçinin əmlaka(əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ mülkiyyətçinin əmlakdan(əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin,habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəcam hüququ mülkiyyətçiyə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüqquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 .-ci maddəsinə əsasən “Yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki,həmin hüquq daşınmaz əmlakın dövlət reyesterində qeydə alınsın”.Qeydiyyatda olan şəxslər iddiaçının ailə üzvü deyillər. Onlar ayrıca yaşayır və təsərrüfat aparırlar. Azərbaycan Respublikası MM-nin 228.2,-ci maddəsinə əsasən “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi,həyata keçrilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan,notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir”. Şamaxı rayon polis şöbəsi tərəfindən X4 və X3 mülkiyyətində olan, Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi 59 saylı evin 1 saylı mənzilə qeydiyyata alınması qanunsuzdur, çünki iddiaçının heç bir razılq ərizəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.-ci maddəsinə əsasən “İnzibati məhkəmə icaraatı qaydasında-şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndiləməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia): Eləcədə həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzabati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara(məcburetmə haqqında iddia) və s. İnzibati məhkəmədə baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaya etirazında qeyd edir ki,Şamaxı şəhər sakinləri Həmidova (İsrafılova) Gülyaz Rubət qızı xx.xx.1991 -ci il tarixdən və X6 xx.xx.2003-cü il tarixdən Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsi ev 59 də qeydiyyatdadırlar. Cavabdeh bildirir ki, X3 atası X10 xx.xx.1991 -ci il tarixdən həmin ünvanda qeydiyyatda olduğu üçün X5 ilk dəfə şəxsiyyət vəsiqəsi alan zaman həmin ünvana qeydiyyata düşmüşdür. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İş materiallarından görsənir ki, İddiaçı ilə üçüncü şəxslər X9 və X7 arasında mövcud olan ailə üzvü əlaqəsi əsasında üçüncü şəxslərin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. Qanunvericiliyin də tələbindən göründüyü kimi yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçıya izah edilsin ki, üçüncü şəxslər X9 və X1 mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1047/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1047/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver