Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1047/2021 10.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz şəhəri, Ləcət kəndində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilmiş 50 ha torpaq sahəsinin “xxxx” MMC-nin adına icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 50 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “xxxx” MMC cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Xaçmaz şəhəri, Ləcət kəndində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilmiş 50 ha torpaq sahəsinin “xxxx” MMC-nin adına icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 50 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Ləcət bələdiyyəsi ilə "Nabran" Səhmdar Cəmiyyəti arasında 02.10.2000-ci ildə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, “Nabran” Səhmdar cəmiyyəti yenidən təşkil olunaraq “xxxx” MMC-yə çevrilmişdir. Ləcət bələdiyyəsi ilə “xxxx” MMC arasında bağlanmış 10.09.2004-cü il tarixli Torpaq icarə müqaviləsi ilə “xxxx” MMC-yə bələdiyyənin mülkiyyətində olan ərazidən 50 ha torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə vermişdir. “xxxx” MMC-nin mübahisə predmeti olan torpaq sahəsi üzərində icarə hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən qeydiyyata alınmaqla KOD 30215016 JN-5906 saylı X3 hüququna dair şəhadətnamə verilmişdir. Daha sonra “xxxx” MMC 31.10.2004-cü il tarixli torpaq sahəsinin subicarəyə verilməsi haqqında müqavilə ilə Ləcət bələdiyyəsindən icarəyə aldığı 50 ha təsərrüfat təyinatlı torpaq sahəsini “xxxx” MMC-yə icarəyə vermişdir. “xxxx” MMC ilə “xxxx” MMC arasında 31.10.2004-cü il tarixdə 50 il müddətə torpaq icarə müqaviləsi bağlanmışdır. İddiaçı “xxxx” MMC tərəfindən cavabdehə müraciət edilərək subicarə müqaviləsi əsasında icarədə olan 50 ha torpaq sahəsinə dair “xxxx” MMC-nin adına çıxarış verilməsi tələb edilsə də, müraciətə cavab olaraq cavabdeh 01.04.2021-ci il tarixli, **********00 saylı məktubla “xxxx” MMC ilə “xxxx” MMC arasında 31.10.2004-cü il tarixli icarə müqaviləsinin notariat qaydasında təsdiq olunmaması əsası ilə müraciətin icrasından imtina etmişdir. İddiaçı hesab edirlər ki, cavabdehin hərəkətləri əsassız və qanunsuzdur. Belə ki, Ləcət bələdiyyəsi ilə “xxxx” MMC arasında bağlanmış 10.09.2004cü il tarixli “İcarə müqaviləsinin” 2.2-ci bəndinə əsasən “İcarəçi” “İcarəyəverən”dən icarəyə aldığı həmin 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini təyinatı üzrə istifadə edilməsindən ötrü bütünlüklə və ya onun hissəsini subicarəyə, yəni üçüncü şəxslərə (fiziki və yz hüquqi şəxslərə) icarəyə verə bilər. Göründüyü kimi “xxxx” MMC tərəfindən qanunvericiliyə uyğun qaydada İcarə müqaviləsinin 2.2-ci bəndinə əsasən həmin torpaq sahəsi, eyni müddət daxilində xxxx MMC-nin subicarəsinə verilmiş və bu barədə olan 31.10.2004-cü il tarixi, “Subicarə müqaviləsi” Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 27.04.2005-ci il tarixdə torpaq icarəsi müqavilələrinin Dövlət qeydiyyat kitabının 508-ci səhifəsində 01896 nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC Ləcət bələdiyyəsi ilə 10.09.2004-cü il tarixdə bağladığı Torpaq icarə müqaviləsindən irəli gələn icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmadan 31.10.2004-cü il tarixli icarə müqaviləsi ilə “xxxx” MMC-yə ötürdüyündən və torpaq sahəsi 16 ildən artıq müddətdir ki, “xxxx” MMC-nin istifadəsində olduğundan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində “xxxx” MMC-nin adına qeydiyyata alınmalıdır. Bundan başqa qanunvericilikdə notarial qaydada təsdiqlənməsi məcburi olan müqavilələrin siyahısı qeyd edilmişdir. Qeyd edilən müqavilələr sırasında icarə müqaviləsinin notarial qaydada təsdilənməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi cavabdeh müqavilənin notarial qaydada təsdiqlənməməsinə istinad edərək müraciətdən imtina etsə də, həmin imtina “xxxx” MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mötəbər qiymətləndirilməlidir. Bundan başqa Xaçmaz rayon Ləcət bələdiyyəsi “xxxx” MMc-nə, “xxxx” MMC-nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “10.09.2004-cü il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə vaxtından əvvəl xitam verilməsi, 26.10.2004-cü il tarixi, Kod 30215016 JN-5906 saylı X3 hüququna dair şəhadətnamənin ləğv olunması, “xxxx” MMC ilə “xxxx" MMC arasında bağlanmış torpaq sahəsinin subicarəyə verilməsi barədə 30.10.2004-cü il tarixli müqavilənin ləğv olunması” barədə iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən çəkişmə prinsipinə riayət edilməklə iqtisad işi tam araşdırılmış və 18.08.2017-ci il tarixli qətnamə ilə iddia tələbi əsassız olduğun təmin edilməmişdir. Göründüyü kimi cavabdeh orqandan fərqli olaraq məhkəmə 18.08.2017-ci il tarixli qətnamədə “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış torpaq sahəsinin subicarəyə verilməsi barədə 30.10.2004-cü il tarixli müqaviləyə münasibət bildirərkən, müqavilənin qanunun tələblərinə tam riayət edilməklə bağlandığını. Müqavilənin notarial qaydada təsdiqlənməsi məcburiliyinin olması kimi mövqedən çıxış etməmişdir. Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlərini yerinə yetirməmiş, qanunsuz və əsassız olaraq “xxxx” MMC-nə məxsus icarə hüquqularının qeydiyyata alınmasını təmin etməmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMCnin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 50.0 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 12.03.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə 01.04.2021-ci il tarixli **********00 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ərizə ilə əlaqədar aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan 50.0 ha torpaq sahəsinə "xxxx" MMC-nin adına Xaçmaz rayon Ləcət bələdiyyəsinin 10.09.2004-cü il tarixli 11 saylı qərarı və 50 il müddətinə bağlanmış icarə müqaviləsi əsasında ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən JN- 5906 kod 30215018 X3 Hüququna dair şəhadətnamə hazırlanmışdır. Bundan əlavə ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 31.10.2004-cü il tarixli icarə müqaviləsi notariat qaydada təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materiallarına əlavə edilmiş Ləcət bələdiyyəsi ilə “xxxx” MMC arasında bağlanmış 10 sentyabr 2004-cü il tarixli Torpaq icarə müqaviləsindən görünür ki, Ləcət bələdiyyəsi 50 ha torpaq sahəsini 50 il müddətinə “xxxx” MMC-yə icarəyə vermişdir. İşdə olan “X3 hüququna dair” JN-5906 saylı, KOD 30215018 saylı şəhadətnamədən görünür ki, “xxxx” MMC-nin mübahisə predmeti olan torpaq sahəsi üzərində müvəqqəti istifadə hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Torpaq sahəsinin subicarəyə verilməsi haqqında 31 oktyabr 2004-cü il tarixli müqavilədən görünür ki, “xxxx” MMC Xaçmaz rayonu Ləcət bələdiyyəsindən icarəyə aldığı 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini “xxxx” MMC-yə icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 01 aprel 2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 50 ha torpaq sahəsi üzərində “xxxx” MMC-nin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Xaçmaz rayon Ləcət bələdiyyəsi ilə “xxxx” MMC arasında 10.09.2004-cü il tarixdə 50 ha torpaq sahəsinin 50 il müddətinə “xxxx” MMC-nin istifadəsinə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. “xxxx” MMCnin həmin torpaq sahəsi üzərində istifadə hüququ JN-5906 saylı, KOD 30215018 saylı şəhadətnamə ilə qeydiyyata alınmışdır. 31 oktyabr 2004-cü il tarixdə “xxxx” MMC həmin torpaq sahəsini “Torpaq sahəsinin subicarəyə verilməsi haqqında” müqavilə ilə “xxxx” MMC-yə subicarəyə vermişdir. “xxxx” MMC torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, Xaçmaz rayonu Ləcət bələdiyyəsi cavabdehlər “xxxx” MMC, “xxxx” MMC və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “iddiaçı ilə “xxxx” MMC arasında 10 sentyabr 2004-cü il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə vaxtından əvvəl xitam verilməsi, 26 oktyabr 2004-cü il tarixli JN-5906, KOD 30215018 saylı X3 hüququna dair şəhadətnamənin ləğv olunması, “xxxx” MMC ilə “xxxx” MMC arasında göstərilən torpaq sahəsinin subicarəyə verilməsi barədə 30 oktyabr 2004cü il tarixli icarə müqaviləsinin ləğv olunması”nı məhkəmədən xahiş etmişdir. Məhkəmənin 18.08.2017-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qərara alınmışdır. Cavabdeh sözügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinasında torpağın subicarəyə verilməsi barədə 31.10.2004-cü il tarixli müqavilənin notariat qaydasında təsdiq olunmadığını qeyd etmişdir. Cavabdeh öz dəlilinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə istinad etmişdir. Həmin normaya əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsində təsbit edilmişdir. Həmin maddənin 1-ci bəndinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Göründüyü kimi Mülki Məcəllənin sözügedən norması daşınmaz əmlak üzərində məhkəmə qərarı əsasında yaranan hüququn notarial qaydada təsdiqləməsini istisna edir. Hazırki işdə sözügedən torpaq sahəsi üzərində subicarə hüququ məhkəmə qərarı ilə yaranmasa da, həmin hüquq məhkəmə qaydasında mübahisələndirilmiş, yəni sözügedən subicarə müqaviləsinin ləğvi ilə bağlı icarəçi Xaçmaz rayon Ləcət bələdiyyəsi tərəfindən iddia qaldırılmış, lakin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin yuxarıda adı qeyd olunan qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Beləliklə məhkəmə qətnaməsi ilə sözügedən icarə müqaviləsinə hüquqi qiymət verilmiş və ləğv edilməmişdir. Bu isə qanunvericiliyin tələbinə uyğun olaraq həmin müqavilənin notarial qaydada təsdiqlənməsini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xaçmaz şəhəri, Ləcət kəndində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilmiş 50 ha torpaq sahəsi üzərində “xxxx” MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Xaçmaz şəhəri, Ləcət kəndində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilmiş 50 ha torpaq sahəsi üzərində “xxxx” MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1047/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1047/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver