Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1047/2025 20.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi; məzmunun formadan üstün olması; mütənasiblik və ədalətlilik prinsipləri) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısının itirməyə görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. AA******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 2 mart 1984-cü il tarixdə doğulmuşdur.
2. İddiaçı məxsus AO seriyalı, ******* nömrəli “Hərbi Bilet”.
3. İddiaçı məxsus 214 nömrəli “Çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə”.
4. İddiaçı dair tərtib edilmiş 24 yanvar 2003-cü il tarixli “TSEK-ə göndəriş”.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, İddiaçı 29 yanvar 2003-cü il tarixdə “OS-Göz almasının zədədən sonrakı subatrofiyası” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.
6. Sumqayıt ƏSMM tərəfindən verilmiş 24 iyul 2007-ci il tarixli, 126266 nömrəli vəsiqədən görünür ki, İddiaçı uşaqlıqdan 3-cü qrup əlildir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı zona TSEK-ın TSE-0 seriyalı, 535749 nömrəli arayışı.
8. 31 iyul 2014-cü il tarixli, AZ-İ seriyalı, 704695 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X5 28 iyul 2014-cü il tarixdə ölmüşdür.
9. Azərbaycan Respublikası Sumqayıt İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyi 13 saylı Mənzil Kommunal Sahəsinin 27 dekabr 2023-cü il tarixli, 719 nömrəli “Ailə tərkibi haqqında arayış”ından görünür ki, İddiaçı 6 mikrorayon, ev 33, mənzil 29 ünvanda ailə üzvləri Muxtarova Ülviyyə, X7, X11 oğlu ilə yaşayır.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 18 yanvar 2024-cü il tarixli, 3-17-1/2-B-11670/2024 nömrəli İddiaçı göndərilmiş “ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubundan görünür ki, təqdim edilən TSE-0 ser AR 535749 saylı tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışın surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən ilkin əlilliyi 29 yanvar 2003-cü il tarixdə (18 yaşından sonra) müəyyən olunduğu üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, 18 yaşına çatanadək əlilliyinin müəyyən edilməsi haqqında tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışı təqdim etdikdən sonra ailə başçısını itirməyə görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 90-cı maddəsinə 29 yanvar 2003-cü il tarixdə İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və 1 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinət haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsi tətbiq edilməklə sosial müavinətinin ödənişi davam etdirilir.
11. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 1 nömrəli Şəhər Xəstəxanasının poliklina şöbəsinin 19 mart 2024-cü il tarixli, 143 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər, 8ci mikrorayon, ev 10a, mənzil 47-də yaşayan, 2 mart 1984-cü il təvəllüdlü İddiaçı Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklina şöbəsində dispanser qeydiyyatında yoxdur.
Cavabdeh tərəfindən məhkəmənin sərəncamına münasibətdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarına görə:
12. Sumqayıt rayon şəhəri Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 27 mart 2003-cü il tarixli, 62 nömrəli qərarı.
13. Sosial Müdafiə Mərkəzi tərəfindən İddiaçı dair 62 nömrəli “Pensiya işi”.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 8 may 2024-cü il tarixli, 3-17-1/2-108256/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” 7 yanvar 2024-cü il tarixli, 3-17- 1/1-B-327610/2023 nömrəli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1, 14.1.1.2 və 12.1-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş arayış olmadığı üçün ərizə icra edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 18 yanvar 2024-cü il tarixli, 3-17-1/2-B-11670/2024 nömrəli İddiaçı göndərilmiş “ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubu (§10); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı 29 dekabr 2023-cü il tarixli “Müraciət vərəqəsi”. - İİ-ЖГ seriyalı, 270716 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”. - AZ-İİİ seriyalı, 70879 nömrəli təkrar “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 2 mart 1984-cü il təvəllüdlü İddiaçı atası - Bəşirov Baba Qubad oğlu, X1dır. - 31 iyul 2014-cü il tarixli, AZ-İ seriyalı, 704695 nömrəli “Ölüm haqqında şəhadətnamə” (§8); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı zona TSEK-ın TSE-0 seriyalı, 535749 nömrəli arayışı (§7); - 7352 nömrəli X3 məxsus “Əmək kitabçası”. - Azərbaycan Respublikası Sumqayıt İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyi 13 saylı Mənzil Kommunal Sahəsinin 27 dekabr 2023-cü il tarixli, 719 nömrəli “Ailə tərkibi haqqında arayış”ı (§9);
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 14 may 2024-cü il tarixli, 3-17-1/2-112954/2024 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Məlumat üçün bildirilmişdir ki, bəzi hallarda şəxslərin əlilliyinin 18 yaşlarının tamam olduğu tarixdən sonra, lakin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan və ya uşaqlıqdan (18 yaşınadək) qazanılmış xəstəlikdən və ya zədədən irəli gələn orqanizmin funksiyalarının pozulması səbəbindən təyin edildiyi müəyyən olunur. Lakin, Qanunun 14.1.1.2-ci maddəsinin tələbinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxsin bu əlilliyinin həmin yaşdan əvvəl müəyyən olunması zəruridir. Bildirilir ki, İddiaçı təqdim etdiyi TSE-0 ser AR, 535749 saylı tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışın surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən ilkin əlilliyi 29 yanvar 2003-cü il tarixdə (18 yaşından sonra) müəyyən olunduğu üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddiaçı tərəfin tələbi və əsasları
16. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasını əsassız hesab etməklə, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinə səbəb olan diaqnozun uşaqlıqdan aldığı xəsarətlə bağlı olması səbəbindən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2 mart 1984-cü il tarixdə doğulmuş və uşaq yaşlarında o, gözündən ağır zədə almış, bir gözü görmə qabiliyyətini tamamilə itirmiş, uşaqlıqda aldığı bu xəsarət cavabdeh tərəfindən qiymətləndirilməklə, 2003-cü ildən müddətsiz 3-cü dərəcəli əlillik təyin olunmuşdur. Məhz buna görə hərbi xidmətə yararsız hesab olunaraq təxris edilmişdir. İddiaçı əlilliyi ilə bağlı sosial müavinət alır və başqa yerdən gəliri yoxdur, valideynləri ilə bir ünvanda yaşayır. X1 28 iyul 2014-cü tarixdə ağciyər ödəmi xəstəliyindən dünyasını dəyişmişdir. O, sağlığında əmək pensiyası almışdır. İddiaçı uşaqlıqdan sağlamlıq imkanları məhdud olan bir övlad kimi mərhum anasına hesablanan pensiyanın iddiaçıya təyin edilmiş pensiya ilə əvəzləşdirilməsi və ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin ünvanlanan 18 yanvar 2024-cü il tarixli məktubda cavabdeh xahişi təmin etməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, həmin pensiyanın hesablanması üçün iddiaçı 18 yaşına kimi əlilliyini təsdiqləyən arayışı sənədlərə əlavə etməklə həmin quruma təqdim etməlidir. Cavabdehin bu imtinası ilə razılaşmır. Belə ki, o, uşaq yaşlarında aldığı bu xəsarətlə bağlı uzunmüddətli müalicələr almış, 18 yaşına çatana kimi hərbi xidmətə çağırışla bağlı həkim müayinələrində olmuş və iddiaçı hərbi xidmətə yararsız sayılmışdır. İddiaçıya hər dəfə əlillik dərəcəsi təyin olunanda əlilliyin səbəbi kimi həmin əlilliyin “uşaqlıqdan” olması qeyd edilmiş və bu fakt da onu təsdiq edir ki, o, əlillik dərəcəsini uşaq yaşlarından almaq imkanında olmuş və gözlənti hüququ həmin dövrdən yaranmışdır.
18. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.1.2, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2, 14, 35-ci maddələrinə istinad olunmuşdur.
19. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
20. Məhkəmənin 23 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3748/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 həvalə edilmişdir.
21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-in T833 / 2024; 5 noyabr 2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin 12 dekabr 2024cü il tarixli, T833/2024 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, iş materiallarında iddiaçıya müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsinə əsas olmuş diaqnozun “OS-Göz almasının zədədən sonrakı subatrofiyası” onda hansı yaşda yaranması barədə hər-hansı bir tibbi sənəd olmadığından, yaranma müddəti haqqında dəqiq fikir söyləmək mümükün deyildir.
22. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:
23. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
24. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilən TSE-0 seriyalı, AR 535749 saylı tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışın surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən ilkin əlilliyi 29 yanvar 2003-cü il tarixdə (18 yaşından sonra) müəyyən olunduğu üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, 18 yaşına çatanadək əlilliyi müəyyən edilməsi haqqında tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışı təqdim etdikdən sonra ailə başçısını itirməyə görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 90-cı maddəsinə ona 29 yanvar 2003-cü il tarixdə İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və 1 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinət haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsi tətbiq edilməklə sosial müavinətin ödənişi davam etdirilir.
25. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 14.1.1.2, 14.1.2, 17.1, 21.1, 25, 31.1-1, 31.2, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 90-cı maddələrinə, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarına, prosessual hüquqi əsası kimi isə İPM-in 1.2, 47-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
26. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə (§17) uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə (§24) əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
28. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
29. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır.
30. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
32. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
33. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
34. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasında nəzərdə tutulmuşdur:
Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz.
Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
M a d d ə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. 14.4. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1 - 7.0.3-cü, 7.0.5ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir.
Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
37. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (22 iyun 2021-ci il tarixli 346-VİQD nömrəli Azərbaycan Respublikasının ilə 1.0.2-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri çıxarılmışdır.) (-)
Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-)
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur; 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8).
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməşsi tarixindən qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
40. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
41. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
42. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).
43. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
44. İddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olduğundan, onun vəfat etmiş ailə başçısının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
45. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır.
46. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır.
47. İşdə olan sənədlərə görə iddiaçının 18 yaşından yuxarı əlilliyi olan şəxs olması mübahisə doğurmur. Mübahisə onun əlilliyinin məhz 18 yaşına çatanadək müəyyən edilməsi ilə bağlıdır.
48. Sumqayıt ƏSMM tərəfindən verilmiş 24 iyul 2007-ci il tarixli, 126266 nömrəli vəsiqədən görünür ki, iddiaçı uşaqlıqdan 3-cü qrup əlildir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən – hərbi bilet, məktəbin məzun albomu və digər sənədlərlə də bu hal öz təsdiqini tapır.
49. Bununla belə, iddiaçı 18 yaşı tamam olduqdan sonra rəsmi qaydada, müvafiq orqanın qərarı ilə əlilliyi olan şəxs hesab edilmişdir. Qanunverici isə əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir.
50. Bu halda, 18 yaşı tamam olmamış şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi, bundan sonra isə əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi vacibdir. Hazırkı halda iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, əlilliyinin “uşaqlıqdan” olması təsdiq olunduğundan, o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur.
51. İddiaçının əlilliyinin müəyyən edilməsi barədə qərarın 18 yaşdan sonra qəbul edilməsi, həmin tarixdən əlilliyi olan şəxs hesab edilməsi və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olmaması ilə bağlı cavabdehin dəlillinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin müəyyən etdiyi ümumi qaydaya görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Şəxsin əlilliyinin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilməsi barədə inzibati orqanın qərarı hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
52. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır.
53. Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir.
54. Əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir.
55. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar.
56. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir.
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 2dekabr 2023cü il tarixli, 2-1(102)-2925/2023 saylı qərarında qeyd olunmuşdur ki, “... əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. 49. Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. 50. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). ... Bu mənada, nəzərə alınmalıdır ki, güdülən qanuni məqsəd 18 yaşına çatanadək əlilliyin müəyyən edilmiş olmasıdır. Əgər hazırkı işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış edilməsi iddiaçını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır. 52. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. ... 57. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. 58. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış ediləcəyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. ...”
58. Ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır.
59. Məhkəmə hesab edir ki, əlilliyin 18 yaşına çatanadək mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı.
60. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır.
61. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
62. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək (§ 1-15), qanunvericiliyin normalarını (33-40), həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
63. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı əlillik dərəcəsinin təyin edilməsinə səbəb olan diaqnozun uşaqlıqdan aldığı xəsarətlə bağlı olması səbəbindən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova