Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1048/2020 01.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işdən azad olmağı barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxx 2020–ci il tarixli, 0262 saylı Əmrinin ləğv edilməsi və N nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri vəzifəsinə bərpa edilməyi barədə qərar qəbul edilməsitələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 1990-cı il fevral ayının 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayon İbadulla kəndində anadan olmuş, 1996-cı ildə Şərur rayon İbadulla kənd orta məkləbində təhsil almış, 2004-cü ilə qədər həmin məktəbdə oxumuş, 2004-cü ildə Heydər Əliyev adına Hərbi liseyə daxil olmuş və 2007-ci ildə Heydər Əliyev adma hərbi liseyi bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur. Həmin məktəbi 2011-ci ildə motoatıcı ixtisası üzrə bitirib Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə göndərilmişdir. 2012-ci ildə Müdafiə Nazirinin 0256 saylı əmri ilə Silahlı Qüvvələrin N saylı hərbi hissəsinin 1-ci mexanikləşdirilmiş tabor 1-ci mexanikləşdirilmiş bölük 2-ci mexanikləşdirilmiş tağım komandiri vəzifəsinə təyin olunmuşdur. 2013-cü il aprel ayının 14-də 4-cü ordu korpus komandirinin 03 saylı əmri ilə N saylı hərbi hissənin Qərargah bölüyünün Taktiki komanda məntəqə rəisi vəzifəsinə təyin olunmuş, 2014-cü ilin iyun ayına qədər həmin vəzifəsində xidmət etmişdir. xx xxxx 2014-cü ili 4-cü ordu korpus komandirinin müvafiq əmrinə əsasən N saylı hərbi hissənin 3-cü dağatıcı taborunun 9 dağatıcı bölüyünün komandiri vəzifəsinə təyin olunmuş, 2014-cü il noyabr ayının 25-də 4cü ordu korpus komandirinin 030 saylı əmri ilə N saylı hərbi hissənin 2-ci tabor 5-ci bölük komandiri vəzifasinə təyin olunmuşdur. 2015-ci ilin sentyabr ayından 2016-cı ilin dekabr ayına qədər N nömrəli hərbi hissədə bölük komandiri vəzifəsində xidmət etmişdir. Həmçinin 2016-cı ilin dekabr ayından 2018-ci ilin yanvar ayına qədər N nömrəli hərbi hissənin həmlə taborunda 3-cü bölük komandiri vəzifəsində xidmət elmişəm. 2018-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayına qədər N nömrəli hərbi hissənin 3-cü bölük komandiri, 2019-cu ilin dekabr ayından N nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri vəzifəsində xidmət etmişdir. O, 8 ilin işçisidir, ömrünün bir hissəsini işinə sərf edib işləmiş, lakin onun əməyini qiymətləndirməyərək onu heç bir səbəb olmadan işdən kənarlaşdırıblar. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçının nümayəndə və vəkili eyni məzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz.İşin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədlər əldə edilmiş, aşağıdakılar müəyyən edilmişdir.N nömrəli hərbi hissənin qərargah rəisi-tabor komandirinin müavini raportla N nömrəli hərbi hissə komandirinə müraciət edərək, İddiaçı xidmətdə yol verdiyi nöqsanlara, tutduğu vəzifəyə laqeyd yanaşdığına, göstərilən iradlardan nəticə çıxartmadığına görə kiçik zabitlərin şərəf məhkəməsini keçirilməsi barədə vəsatət qaldırmışdır.Şərəf məhkəməsində iştirak edən heyət çıxış edərkən iddiaçının xidmət etdiyi müddət ərzində şəxsi heyətin idarə etməsində çətinlik çəkdiyini, verilən tapşırıqları yerinə yetirə bilməməsi, yuxarı komandanlıq tərəfindən qoyulan tapşırıqlara biganə yanaşmasını, vaxtında icra edə bilməməsini, bölükdə təyin olunan sutkalıq naryadın hazırlıqsız olmasını, nəzarət buraxılış məntəqəsindən şəxsi heyətin buraxılış rejiminə nəzarəti təşkil edə bilməməsini, bölüyə təhkim olunmuş avtomobil texnikasının və silah-sursatın saxlanılmasına laqeyd yanaşmasını, bölükdə olan maddi vəsaitlərin istismarına, qorunub saxlanılmasına və təmirinə biganə yanaşmasını qeyd edərək İddiaçı ordu sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını təklif etmişdilər.Qeyd olunur ki, kiçik zabitlərin şərəf məhkəməsində kapitan İddiaçı deyilən bütün iradlarla və təkliflərlə razı olmuşdur.İddiaçı barəsində tərtib edilmiş xidməti xasiyyətnamədən görünür ki, o, xidmət müddəti ərzində özünü müsbət cəhətdən, nizamintizamlı, bacarıqlı və işgüzar bir zabit kimi tanıda bilməmişdir. Bölükdə daxili qaydaqanuna riayət edilməsinə, təhkim olunmuş ərazini təmiz saxlanılmasına, təyin edilən sutkalıq naryadın şəxsi heyətin xazırlığına nəzarət etmir. Şəxsiheyətin uçotunu aparmır. Öz üzərinə düşən vəzifə məsuliyyətini dərk edir və bu vəzifənin öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkir. Döyüş və ictimai-siyasi hazırlığın, döyüş tapşırıqlarının yerinə yetirilməsi istiqamətdə məqsədyönlü iş apara bilmir. Silahların, döyüş texnikası və digər texnikasının material hissəsinin qorunub saxlanılmasına zəif nəzarət edir. Komandir və böyük rəislərin verdikləri əmr və sərəncamları vaxtında, dəqiq yerinə yetirməkdə çətinlik çəkməsi qeyd olunmuşdur.Eyni zamanda İddiaçı adına tərtib edilmiş xidməti vərəqəsindən görünür ki, iddiaçı dəfələrlə intizam qaydasında cəzalandırılmışdır.Bundan başqa bildirdi ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmamışdan əvvəl onunla iki dəfə söhbətləşmə aparılmış və söhbətləşmə zamanı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə qərar qəbul olunması barədə bildirilmişdir.xx.xx.2020-ci il tarixli şərəf məhkəməsinin qərarına əsasən kapitan İddiaçı “Hərbi xidmətkeçmə həqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə komandanlıq tərəfindən Təqdimat göndərilmiş və Təqdimat əsasında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır.xx xxxxx 2020-ci il tarixdə Müdafiə nazirinin 0262 nömrəli əmri ilə kapitan İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır.Beləliklə, yuxarıdakılara əsasən iddiaçının ordu sıralarından ehtiyata buraxılmasında heç bir qanunla müəyyən olunmuş norma və prossedur pozulmamışdır.Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-cı maddəsinə əsasən “Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.” Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci ildə keçirilən şifahi baxışı iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 0262 nömrəli Əmrindən çıxarışın surəti, MN-0055847 nömrəli Şəxsi Vəsiqənin surəti, N saylı HH-nin Şərəf Məhkəməsi iclasının xx.xx.2020-ci il tarixli qərarı, söhbət vərəqələri, raport, Xidmət vərəqəsi, cavabdehin etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı bir sıra hərbi hissələrdə həqiqi hərbi xidmət keçmiş və xx.xx.2020-ci ildə N nömrəli hərbi hissədən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi rütbəsi kapitandır. Məhkəmənin sorğusuna əsasən Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş, iddiaçının xidməti vəzifə borclarının icrasına laqeyd yanaşdığına və tabeçiliyindəki bölmələrin idarə olunmasında vəzifələrindən irəli gələn tələbləri və sair işlərin yerinə yetirə bilmədiyinə görə N saylı hərbi hissənin kiçik zabitlərinin Şərəf Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçının tutduğu vəzifəyə uyğun olmaması və buraxdığı nöqsanlara görə Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 24 nömrəli qərarının 5-ci maddəsinə əsasən xidməti uyğunsuzluğuna görə ordudan ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Məhz həmin vəsatət əsasında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 0262 nömrəli əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, kapitan İddiaçı Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Həmçinin iddiaçının Xidməti Vərəqəsinin surətindən görünür ki, onun xidməti uyğunsuzluğuna səbəb kimi, xidmətdə buraxdığı nöqsanları və intizam pozuntularına görə dəfələrlə “töhmət”, “şiddətli töhmət" və "vəzifəsinə uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tədbirləri tətbiq olunmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinə əsasən Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 -159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Həmin əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən aşağıdakı hallarda ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə-ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Həmin Qanunun 40.3-cü madəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (41.0.1.) xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); (41.0.2.) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; (41.0.3.) xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (41.0.4.) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.5.) ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; (41.0.6.) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.7.) məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.8.) törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.9.) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (41.0.10.) Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. İşin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrin verilməsinə əsas kimi onun məhz xidmətə uyğun olmadığı qeyd olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərindən biri odur ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Bununla yanaşı İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmənin qənaətinə görə hazırkı halda mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirildiyi üçün mübahisəli əmrin ləğv edilməsini yetərli əsasların olması iş üzrə müəyyən olunmur. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırkı halda Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxx 2020-ci il tarixli, 0262 nömrəli əmrinin qəbul edilməsi zamanı «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasını təsdiq edən hallar iş üzrə öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işdən azad olmağı barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxx 2020–ci il tarixli, 0262 saylı Əmrinin ləğv edilməsi və N nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri vəzifəsinə bərpa edilməyi barədə qərar qəbul edilməsitələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1048/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1048/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver