Məhkəmə qərarları › İş №2-1(118)-1048/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1048/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1048/2024 10.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon, Saray qəsəbəsi, Çəmənzəminli küçəsində yerləşən sahəsi 0.0124 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon, Saray qəsəbəsi, Çəmənzəminli küçəsində yerləşən sahəsi 0.0124 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X6 iddiaçının doğma qardaşıdır. ******* N-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında onun adına dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsinin üzərində 2 ədəd fərdi yaşayış evi və qeyri-yaşayış-ticarət obyekti inşa edilmişdir. Ticarət obyektinin Eskiz Layihəsi hazırlanmış və təsdiq edilmişdir. Ticarət obyekti Abşeron rayon İH Başçısının xx.xx.2013-cü il tarixli 045 N-li Sərəncamına əsasən istismara qəbul olunmuş, xx.xx.2013-cü il tarixli İstismara qəbul edilməsi Aktı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2013-cü il tarixdə təsdiqlənmişdir. X1 tərəfindən ünvan 1 ünvanında yerləşən 0,0426 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanılması Müqaviləsinə əsasən notariat qaydasında iddiaçıya bağışlanılmışdır. İddiaçı bağışlanılmış sözügedən ticarət obyektinin altındakı 0,0124 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci ildə adına dövlət qeydiyyatına alınmış və cavabdeh tərəfindən mənə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və X8 və Ölçüsü verilmişdir. X2 arasında mübahisə və fikir ayrılığı yoxdur. xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək xüsusi mülkiyyət hüququ əsasında adına dövlət qeydiyyatına alınmış Abşeron rayonu, Saray qəsəbəsi, Çəmənzəminli küçəsində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş iddiaçıya məxsus ticarət obyektinin onun adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-7583/2023 saylı məktubla iddiaçıya imtina edilmişdir. Səbəb kimi tikinti obyektinin istismara qəbul aktının komissiya üzvləri tərəfindən təsdiqlənmədiyi və istismara qəbul aktının və istismara qəbul edilməsi barədə sərəncamın başqa şəxsin adına tərtib olunmasını bəhanə gətirmiş qeyri-yaşayış binasının ümumi tikintialtı sahəsinin 4.2 kv.m. hissəsinin sənəd üzrə mülkiyyətində olan torpaq sahəsindən kənarda, başqa şəxsin mülkiyyətində olan sənəd üzrə torpaq sahəsinin üzərində yerləşdiyinin aşkar edildiyi və s. müəyyən olunduğu göstərilmişdir. İddiaçı cavabdehin göstərdikləri ilə razı deyil və həmin dəlillərlə razılaşmır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçıiddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qeyri- yaşavış binası üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə baqlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 26 may 2023-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı:

1. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qeyri- yaşavış binasının tikintiyə icazə verilməsi barədə sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi; 2.Qevri-yasayış binasına dair təqdim edilmiş tikinti obyektinin istismara qəbul aktının komissiya üzvləri tərəfindən təsdiqlənmədiyi;

3. İstismara qəbul edilmə barədə sərəncam və istismara qəbul aktının başqa şəxsin adına tərtib edildiyi; 4.Qeyri-yaşayış binasının ümumi tikintialtı sahəsinin 4.2 kv.m hissəsinin sənəd üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda, **********00-10301 reyestr nömrəli çıxarışla başqa şəxsin mülkiyyətində olan sənəd üzrə torpaq sahəsinin üzərində yerləşdiyi; 5.Daşınmaz əmlaka dair müraciət üzrə əlavə edilmiş eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-cİ maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyü) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi, icarəsi, istifadəsi və ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xərİtəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq - planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan "Tikinti obyektinin istismarına icazənin vahid forması” və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarına uyqun tərtib olunmalı, təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış; AA039274№-li “X8-ölçüsü”; 045 saylı, xx.xx.2013-cü il tarixli Abşeron rayon İcra Hakimiyyətinin Sərəncamı; xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 06 iyul 2023-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan qeyri-yaşayış obyektinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Çəmənzəminli küçəsi ərazisində yerləşən 0.0124 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı qeyd edilən torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan özünün 06 iyul 2023-cü il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi aşağıdakıları göstərmişdir:

1. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qeyri- yaşavış binasının tikintiyə icazə verilməsi barədə sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi; 2.Qeyri-yaşayış binasına dair təqdim edilmiş tikinti obyektinin istismara qəbul aktının komissiya üzvləri tərəfindən təsdiqlənmədiyi;

3. İstismara qəbul edilmə barədə sərəncam və istismara qəbul aktının başqa şəxsin adına tərtib edildiyi; 4.Qeyri-yaşayış binasının ümumi tikintialtı sahəsinin 4.2 kv.m hissəsinin sənəd üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda, **********00-10301 reyestr nömrəli çıxarışla başqa şəxsin mülkiyyətində olan sənəd üzrə torpaq sahəsinin üzərində yerləşdiyi; 5.Daşınmaz əmlaka dair müraciət üzrə əlavə edilmiş eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, qeyri-yaşayış obyektinin inşa edildiyi Abşeron rayon, Saray qəsəbəsi ünvanında yerləşən 0.0426 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış əsasında iddiaçının X1nun mülkiyyətində olmuşdur. Daha sonra həmin torpaq sahəsi xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X6 tərəfindən hazırki iş üzrə İddiaçı bağışlanılmışdır. İddiaçıya bağışlanılmış torpaq sahəsinin 0.0124 ha hissəsi (mübahisəli qeyri-yaşayış obyektinin yerləşdiyi) üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış verilmişdir. Məhkəmə cavabdeh orqanın imtinanın əsası kimi göstərdiyi dəlilə münasibətdə bildirir ki, iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 045 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə ticarət obyektinin istismarına icazə verilmişdir. Eyni zamanda mübahisəli qeyri-yaşayış obyektinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilən eskiz layihə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən razılaşdırılmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan sənədlər torpaq sahəsi iddiaçıya bağışlanmamışdan öncə tərtib edildiyi üçün İddiaçı adına deyil, əvvəlki mülkiyyətçi X3 adına tərtib edilmişdir. Qeyd edilən hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. Məhkəmə sorğusu əsasında təqdim edilmiş 13 iyun 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, faktiki daxili ölçülərlə eskiz layihə arasında fərq aşkar edildiyi, tikilinin 4.2 kv.metr sənəd üzrə torpaq sahəsindən kənarda yerləşdiyi qeyd edilmişdir. Məhkəmə mübahisə predmeti olan tikilinin 4.2 kv.m hissəsinin torpaq sahəsindən kənarda, **********00-10301 reyestr nömrəli çıxarışla başqa şəxsin - X3 mülkiyyətində olan sənəd üzrə torpaq sahəsinin üzərində yerləşməsinə münasibətdə bildirir ki, iş materiallarında olan notarial təsdiq edilmiş ərizədən aydın olur ki, X6 qeyri-yaşayış obyektinin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, «X4 S.C.» və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, «mülkiyyət» və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Qanunun 13.5-ci bəndinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayon, Saray qəsəbəsi, Çəmənzəminli küçəsində yerləşən sahəsi 0.0124 ha olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində dövlət qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Abşeron rayon, Saray qəsəbəsi, Çəmənzəminli küçəsində yerləşən, sahəsi 0.0124 ha olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar