Məhkəmə qərarları › İş №2-1(118)-105/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-105/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-105/2021 20.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh təşkilatın nümayəndəsi X6, məhkəmənin təşəbbüsü ilə cəlb edilmiş 3-cü şəxslər X4 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayon Saray Bələdiyyəsinə qarşı “İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə gedən bağlanmış yolun açılması, onun üzərində cavabdeh tərəfindən tikilmiş daş hasarın və qoyulmuş darvazanın cavabdehin öz hesabına sökülməsi, İddiaçı mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya RX N°1119500 nömrəli Çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,04ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi təyinatlıdır. Buna baxmayaraq, Abşeron rayonu Saray Bələdiyyəsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən yolu daş hasarla bağlayaraq, girişə dəmir darvaza qoymuş, bununla da onun mülkiyyətindən istədiyi kimi yararlanmasına, ondan istifadə etməyə maneə yaratmışdır. Hesab edirik ki, bu addım qanunsuz və əsassızdır, bu baxımdan aradan qaldırılmalıdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 7.2ci bəndinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Göründüyü kimi bələdiyyə ərazisində olan yolları mühafizəsinin həyata keçirilməsi, onların təyinatına uyğun istifadə edilməsinə nəzarətin formalaşdırılması birbaşa olaraq bələdiyyənin vəzifəsidir. Lakin hazırki halda bələdiyyə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən yolu bağlamaqla sonuncunun konstitusiya və digər qanunlarla, o cümlədən beynəlxalq konvensiyalarla tanınmış ən ümdə hüququ olan mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaratmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və onun vəkili məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin ötən iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Saray Bələdiyyəsinin sədri iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin inzibati ərazisində yerləşməsinə baxmayaraq, həmin torpaq sahəsinin küçə kimi istifadə olunması qəsəbənin DƏDRX tərəfindən təstiq etdiyi sxemində öz əksini tapmayıb. Belə ki, qəsəbədə aparılan yenidənqurma və abadlıq işlərinin nəticəsi olaraq X8 və X3 özlərinə məxsus olan torpaq sahəsinin girişinə darvaza quraşdırmışdırlar. Hazırkı iddia tələbi üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsi əvvəllər vahid torpaq sahəsi olub və həmin torpaq sahəsinin birbaşa yola çıxışı olub. Sonradan həmin torpaq sahəsinin bir hissəsi hazırkı iddia tələbi üzrə iddiaçıya satılıb və hal-hazırda həmin torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdır. Torpaq sahəsi İddiaçı satılarkən əvvəlki mülkiyyətçi tərəfindən İddiaçı küçəyə çıxış üçün əlavə torpaq sahəsinin ayıracağını bildirməsinə baxmayaraq, həmin sahə iddiaçıya ayrılmamışdır. İddia tələbində yazılanları Saray bələdiyyəsi yerinə yetirmək iqtidarında deyil. Bununla əlaqədar gərək Saray Bələdiyyəsi iddia tələbi ilə X5 və X2 qarşı məhkəmədə iddia tələbi qaldırmalıdır. Belə ki, darvaza qoyulana qədər Saray bələdiyyəsi tərəfindən tikilinin aparılması və ya darvazanın qoyulmasının qarşısı alına bilərdi. Lakin hal hazırda darvaza və daş hasar inşa edildiyinə görə bələdiyyənin müstəqil şəkildə tələb olunanları yerinə yetirməyə səlahiyyəti yoxdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə 3-cü şəxs qismində izahat vermiş X9 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, daş darvaza onun tərəfindən həyətinə gedən yolun qarşısına qoyulub. Buna səbəb isə Saray Bələdiyyəsinin keçmiş sədri tərəfindən həmin yerə darvaza qoyulacağı tədqirdə torpaq sahəsinin onun mülkiyyətinə rəsmiləşdirilməsi ilə bağlı verdiyi şifahi vəd olmuşdur. Bələdiyyə sədrinin şifahi vədinə əsasən həmin yerdə yoldaşı olan X3 ilə birlikdə divar inşa etdirərək darvaza quraşdırmışdır. Bununla əlaqədar 6.000 manat xərci çıxmışdır. Hazır ki, iddia tələbi üzrə iddiaçının həmin yerə heç bir etirazı ola bilməz. Belə ki, iddiaçının əldə etdiyi torpaq sahəsinin başqa yerdən çıxışı olub, lakin sonradan iddiaçı əlavə torpaq zəbt etməsi məqsədi ilə bu cür yollara əl atıb. Darvazanın torpaq sahəsinin əvvəlinə quraşdırımasında məqsəd həmin aranın boş olmasından istifadə edən sürücülərin öz nəqliyyat vasitələrinin saxlanmasının qarşını almaqdan ibarətdir. Qeyd olunanlara əsasən Ayna Kərimova iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə izahat vermiş digər 3-cü şəxs X3 eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: DƏDRX ilə Abşeron rayon İcra Hakimiyyətinin birgə tətiq etdiyi Abşeron rayonu, Saray qəsəbəsinin sxemi, Abşeron rayonu Saray bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 102 saylı məktubu, ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* seriya nömrəli çıxarışın surəti, torpaq sahəsinin plan və ölçüsü və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.04 ha torpaq sahəsi DƏDRX-dən verilmiş RX ******* seriya nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. DƏDRX-nin 4 saylı ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********13 saylı məktubdan və tərəflərin məhkəmədə verdiyi izahatlardan məlum olmuşdur ki, İddiaçı torpaq sahəsinin yan tərəfində yerləşən torpaq sahəsinin girişinə X8 və X3 tərəfindən darvaza quraşdırılmışdır. Bunun nəticəsi olaraq İddiaçı öz torpaq sahəsinə olan giriş çıxışı məhdudlaşdırılmışdır. Darvaza quraşdırılmış torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir. Məhz bu səbəbdən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Saray Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə X8 və X3 tərəfindən inşa edilmiş hasarın və quraşdırılmış darvazanın Saray Bələdiyyəsi tərəfindən götürülməsini tələb edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. İctimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəniməişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrin torpaqları hesab edilir. Həmin Məcəllənin 20-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar: 1) ümumi istifadədə olan torpaqlara; 2) hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; 3) ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü hissəsinə görə ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunund 4.0.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək və bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə daxildir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. İlk öncə nəzərə alınmalıdır ki, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələri başqa şəxslər tərəfindən zəbt olunduğu tədqirdə həmin torpaq sahəsinin boşaldıraq, yenidən qaytarılması torpaq və mülki qanunvericiliyin tələbləri baxımından məhkəmədə qaldırılan iddia tələbi əsasında həyata keçirilir. Hazır ki, iddia tələbi araşdırılan zaman müəyyən edilmişdir ki, X8 və X3 tərəfindən inşa edilmiş hasar və quraşdırılmış darvaza bələdiyyənin inzibati ərazində yerləşir və həmin darvazının üzərində sahiblik hüququ Saray bələdiyyəsinin deyil, hazırki iddia tələbi üzrə 3-cü şəxs qismində cəlb edilmiş X5 və X2 məxsusdur. Saray bələdiyyəsinin başqa şəxsin sahibliyində olan darvazanın mülkiyyətində olan torpaq sahəsindən özü tərəfindən götürülməsi X4 və X1 darvaza üzərində olan sahiblik hüququnun pozulmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, hazır ki, iddia tələbi mübahisəli torpaq sahəsinin X4 və X1 qanunsuz sahibliyindən geri alınması ilə deyil, həmin torpaq sahəsinin üzərində X8 və X3 tərəfindən inşa edilmiş daş hasarın və darvazanın Saray bələdiyyəsinin hesabına sökülməsindən ibarətdir. Hesab olunur ki, daş hasar və darvaza Saray bələdiyyəsi tərəfindən inşa edilmədiyi tədqirdə onun hesabına sökülməsi yolverilməzdir. Başqa sözlə desək, Saray bələdiyyəsi öz mülkiyyətində olan torpaq sahəsinin boşaldılması ilə bağlı aidyyatı məhkəməyə müraciət edərək hüquqlarının bərpa olunmasına nail olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunan Məcəllənin 4.1-ci maddəsindən bəlli olur ki, məhkəməyə müraciət etmək fiziki və hüquqi şəxslərin vəzifələrinə deyil hüquqlarına aiddir. Belə olduğu tədqirdə Saray Bələdiyyəsinin üzərinə məhkəməyə müraciət etmək üçün öz hüquqlarından istifadə edilməsi vəzifəsinin qoyulması qeyd olunan Məcəllənin prinsiplərinə ziddir. Çünki yuxarıda qeyd olunanlara əsasən Saray Bələdiyyəsi mübahisəli torpaq sahəsinin üzərində başqa şəxslər tərəfindən inşa edilmiş hasarın və darvazanın sökülməsini məhkəmə qərarı olmadan həyata keçirmək səlahiyyətinə malik deyil. Beləliklə, məhkəmə hesab edir ki, bələdiyyənin mülkiyətində olan torpaq sahəsinin boşaldılması ilə bağlı birbaşa səlahiyyətə malik olmadığına görə ona qarşı qaldırılmış iddia təmin dilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı “mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə gedən bağlanmış yolun açılması, onun üzərində cavabdeh tərəfindən tikilmiş daş hasarın və qoyulmuş darvazanın cavabdehin öz hesabına sökülməsi, İddiaçı Rütəm qızının mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması” vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar