Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1052/2024 18.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “iddiaçının hərbi xidmət zamanı aldığı travma ilə onun yanaşı xəstəliyi olan gözdən əlilliyi arasında səbəb əlaqəsi olması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daxili Qoşunların Baş İdarəsi 5 nömrəli xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən məlumdur ki, İddiaçı 1992-1996-cı illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 3N (), N saylı hərbi hissələrin və dislokasiya yeri Fizuli rayon döyüş bölgəsi olmuş N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçməsi və yaralanması faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: (3645 saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 9 Ns-li əmrinə əlavədə Xaçmaz RHK- dan gəlmiş çağırışçıların siyahısında siravi hərbi rütbəsi verilməklə hissənin şəxsi heyyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, təlim məntəqəsinin atıcısı təyin edilib. N saylı hərbi hissə komandirinin 05.04,1994-cü il tarixli 81 Ns-li əmri ilə 05 aprel 1994-cü il tarixdən hərbi hissənin şəxsi heyyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidməti davam etdirmək üçün N saylı hərbi hissə komandirinin sərəncamına ezam edilmişdir. N saylı hərbi hissə komandirinin N Ns-li əmri ilə N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 175 Ns-li əmri ilə Daxili Qoşunlarin qospitalına stasionar müalicəyə getmiş hesab edilib. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 190 Ns-li əmri ilə Daxili Qoşunlarin qospitalından gəlmiş hesab edilib). Arayışda xüsusi olaraq qeyd olunur ki, İddiaçı adı “ 1992-1994-cü illərdə gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçuların siayhısı”nda 652-ci sıra nömrəsi ilə qeydə alınmışdır ( 14 oktyabr 1992-ci il tarixdə yaralanmışdır).Azərbaycan Respublikası DİN Daxili Qoşunların Hərbi-Həkim komisiyasının xx.xx.2022-ci il tarixli 9 N-li protokoluna əsasən Hərbi-Həkim komisiyasının qərarında göstərilir: “SHXÇDX-nin Xaçmaz rayon şöbəsindən xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmış,xx.xx.1996-cı il tarixədək Daxili Qoşunlarda hərbi xidmətdə olmuş, xx.xx.1973cü təvəllüdlü vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdə MN-nin 223- nömrəli hərbi hissəsində ambulator müalicə olunduğu xəstəlik diaqnoz : Alın nahiyəsində qəlpə yarası (Y36.2; S01.8) olmuşdur. xx.xx.2022-ci il tarixdə hərbi həkim komissiyasında tibbi müayinələr zamanı təyin edilmiş xəstəlik diaqnoz “Alın nahiyəsinin qəlpə yaralanmasından sonrakı tam bərkimiş dəri çapığı (Y36.2;L90.5) Hərbi travmadır, Azərbaycan respublikasının müdafiəsi zamanı almışdır". Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 3313nömrəli arayışda göstərilir ki, M.Yarali xx.xx.1992-ci il tarixdə N nömrəli hərbi hissədə (Sarıcalı Hospitalında) ambulator müayinədə olub. Diaqnozu Alın nahiyəsində qəlpə yarası olmuşdur. Əsas: N nömrəli hərbi hissənin (Sarıcalı hospitalının 1992-ci ilə məxsus 1 nömrəli ambulator xəstələrin qeydiyyatı kitabının 16-cı səhifəsində olan 6-cı sayındakı qeyd. İddiaçı hal-hazırda İİİ qrup gözdən əlildir. Həmin əlillik ona TSERA tərəfindən ona xx.xx.2021-ci il tarixdə təyin olunub. Amma nədənsə AR DİN DQBİ hərbi həkim ekspertizası onun bu əlilliyini görməzdən gəlib onu ancaq qəlpə yarasından sonrakı dəri çapığı kimi qiymətləndiriblər. Əlavə olaraq bildirir ki, iddiaçı 1992-ci ili oktyabr ayının sonunadək alın nahiyəsindən aldığı qəlpə yarasına görə gözündə yaranan ciddi problemlərlə bağlı Ağdam rayonu Xındırıstan kəndində yerləşən hospitalda stasionar müalicə almışdır. Təəssüf edərək bildiririk, nə MN, nə də DQ həmin hospitalın arxiv sənədlərini tapıb gətirə bilmirlər. Bu halı təsdiq etmək üçün şahidlər mövcuddur. Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi 5 nömrəli xx.xx.2022- ci il tarixli arxiv arayışının 7-cı bəndində göstərilir: “N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 175 Ns-li əmri ilə Daxili Qoşunlarin qospitalına stasionar müalicəyə getmiş hesab edilib”. İddiaçı hərbi xidmətdən sonra hər hansı ciddi xəsarət, xəstəlik və ya travma almayıb. Onun gözündə olan əlillik onun hərbi xidmət zamanı aldığı qəlpə yarası ilə birmənalı əlaqəlidir. İddiaçı hal-hazırda kənd təsərrüfatı ilə məşğuldur. Bir övladı var. Hərbi əlillik ala bilmədiyinə görə bir sıra dövlət qayğılarından məhrumdur. Cavabdeh orqanın hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət edir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. Lakin, iddiaçıya təqdim etdiyi imtina məktubunda bildirmişdir ki, “2021-ci il 31 may tarixdə keçirilmiş tibbi müayinələr zamanı vətəndaş İddiaçı gözündə təyin edilmiş xəstəliyin hərbi xidmət dövrünə aid edilməsinə əsas ola biləcək tibbi sənəd olmadığından, müraciətin müsbət həlli mümkün hesab edilməmişdir”. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi Əsgərov mahir Bafadar oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı ordu sıralarından tərxis edilərkən onun diaqnozu müəyyən edilir və qeyd olunan diaqnozda onda göz xəstəliyindən əziyyət çəkməsi müəyyən edilməmişdir. Sonradan iddiaçının orqanizmində baş vermiş dəyişiklik onun ordu sıralarında aldığı xəsarətlə əlaqələndirmək mümkün deyil. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunun surəti, iddiaçıya aid Xətəlik sənədlərinin surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxs tərəfindən verilmiş T119/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ hərbi xidmət zamanı yaralandığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Komissiya hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, müvafiq arayışın verilməsi qərarı Komissiyanın səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Daxili Qoşunlar Baş İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyası hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş, inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini müdafiə edərkən almışsa, Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “hərbi travmadır, Azərbaycan Respublikasının müdafıəsi zamanı alınmışdır” qərarı çıxarır. Həmin Əsasnamənin 7.2-ci bəndinin “c” yarımbəndinə əsasən əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa, Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarı çıxarır. Həmin Əsasnamənin 7.3-cü bəndinə əsasən Hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xədmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardadla iddiaçının müayinə edilib xəstəliyinin səbəb-əlaqəsinin aydınlaşdırılıb yekun qərar qəbul edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin T119/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Vətəndaş Y.B .Musayevin iş materiallarında onun müharibə vaxtı almış olduğu travma (Alın nahiyəsində qəlpə yarası) və düçar olduğu göz xəstəlikləri ilə əlaqədar görmənin zəifləməsini əlaqələndirmək mümkün deyil. Onun görmə qabiliyyətinin zəifləməsini hərbi xidmət zamanı aldığı travma ilə əlaqələndirmək olmaz. İddiaçının aldığı alın nahiyəsinin qəlpə yarasının hal- hazırda onun sağlamlıq durumuna birbaşa və ya yanaşı təsiri müəyyən edilməmişdir. Belə olan halda cavabdeh təşkilat iddiaçının tələbinin təmin etməməsində haqlı olmuşdur. Hazırkı iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxs tərəfindən aparılmış müayinə nəticəsində iddiaçının tibbi sənədlərinə baxış keçirilmiş, iddiaçı əyani müayinə olunmuş, iddiaçının hərbi xidmət zamanı aldığı travma ilə onun yanaşı xəstəliyi olan gözdən əlilliyi arasında səbəb əlaqəsi olması barədə rəy verilməsi mümkün olmamışdır. Ona görə də cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “iddiaçının hərbi xidmət zamanı aldığı travma ilə onun yanaşı xəstəliyi olan gözdən əlilliyi arasında səbəb əlaqəsi olması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1052/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1052/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver