Məhkəmə qərarları › İş №2-1(118)-1053/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1053/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1053/2022 25.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “cavabdehin 02/06/- 39 nömrəli, 09 iyun 2021-ci il tarixli qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan Bələdiyyəsi tərəfindən 09.06. 2021-ci il tarixli qərarı ilə guya vergi öhdəliklərini icra etməməyinə görə ondan 641.1 manat məbləğində pulun tutulması üçün icra sənədi Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Qəbul edilmiş qərarın hər hansı hüquqi və qanuni tərəfi mövcud deyildir. Həmin qərara əsasən ondan əsassız məbləğdə pul tələb edilir. Qərarda göstərilmişdir ki, guya onun mülkiyyətində olan əmlak və torpağa görə, əmlak və torpaq vergisinin ödənilməsi üçün ən son 2021-ci il tarixli tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin guya o qanunla müəyyən olunmuş müddət ərzində Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən 440 kv.m əmlak və 220 kv.m torpaq sahəsinə görə cari il üçün 132 manat əmlak, 17,6 manat torpaq, o cümlədən 2019-cu il tarixdən başlayaraq ötən dövrlər üzrə 299,2 manat, faiz üzrə 92,3 manat, maliyyə sanksiyası üzrə 100 manat, ümumilikdə isə 641,1 manat ümumi borcun ödənilməsi qərara alınmışdır. Bildirir ki, sözügedən ünvanda və ərizədə ona məxsus heç bir mülkiyyət mövcud deyildir. Buna baxmayaraq hazırda bələdiyyə tərəfindən cərimə ona təyin olunmuşdur. Halbuki bunun üçün heç bir hüquqi əsas mövcud deyildir. Həmin ərazidə hər hansı bir mülkiyyətinin olmamasına baxmayaraq hazırda barəsində icra işi aparılmaqdadır. Halbuki həmin borcun ondan tutulmalı olmasını heç bir fakt təsdiq etmir. Bir sözlə onun bələdiyyə qarşısında heç bir borc və vergi öhdəliyi yoxdur. Xırdalan Bələdiyyəsinin 09.06.2021-ci il tarixli 02/06/-39 saylı vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon İcra və Probasiya idarəsinə göndərilməsi, hesablanmış borc məbləğinin yuxarıda göstərilən fiziki şəxsdən tutulub Xırdalan Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi, qəbul edilmiş qərar barədə borcluya məlumat verilməsi qanunsuz olduğundan, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşdirmə verərək, Abşeron rayon Xırdalan Bələdiyyəsinin 02/06/-39 nömrəli, 09 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində sözügedən ünvanda və ərazidə, yəni Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında ona məxsus heç bir mülkiyyətin mövcud olmamasını qeyd etmişdir. Cavabdeh olaraq bildirirlər ki, İddiaçı iddiasına əsasən onun həqiqətən də Abşeron rayonu Xırdalan Bələdiyyəsinin inzibati ərazisində mülkiyyətinin olub-olmamasını araşdırmaq məqsədilə tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə sənədlərin geri qaytarılması barədə 01.02.2022-ci il tarixli, 96 nömrəli məktub ünvanlanmış, sözügedən icra orqanı tərəfindən isə 10.02.2022-ci il tarixli, 160520/2021-27-22- 003-30 nömrəli qərar ilə icraata xitam verilmişdir. Hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış obyektinin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olubolmaması araşdırılır. Ona görə də İddiaçı tərəfindən verilmiş iddiaya əsasən inzibati məhkəmə işi dayandırılmalıdır. Cavabdeh kimi Abşeron rayonu Xırdalan Bələdiyyəsi İddiaçı iddiasını əsassız hesab edir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 02/06/-39 nömrəli, 09 iyun 2021-ci il tarixli qərarın surəti, cavabdehin etirazı, DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********52 nömrəli, 12.05.2022-ci il tarixli məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı, iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun barəsində bələdiyyə tərəfindən 02/06/-39 nömrəli, 09 iyun 2021-ci il tarixli qərarının qəbul edildiyi vaxtdan yaranmışdır. Abşeron rayonu Xırdalan Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Xırdalan Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edilmiş 02/06/-39 nömrəli, 09 iyun 2021-ci il tarixli qərar 03.02.2022-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. İddiaçı müvafiq qərar haqqında 27.01.2022-ci ildə Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən məlumatlanmışdır. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin İdarənin yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyası aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mövcud mübahisənin ədalətli şəkildə öz həllini tapması məqsədilə məhkəmə araşdırması aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olmuş **********52 nömrəli, 12.05.2022-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, İddiaçı adına Abşeron rayonu, Xırdalan şəhəri ərazisində dövlət qeydiyyatından keçmiş heç bir daşınmaz əmlak yoxdur. Cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən iddiaçı barəsində tərtib etdiyi 02/06/-39 nömrəli, 09 iyun 2021-ci il tarixli qərarının heç bir hüquqi əsası qalmamış olur ki, bu da iddiaçının konstitusion hüquqlarının əsassız yerə pozulması deməkdir. Belə olan halda Abşeron rayon Xırdalan Bələdiyyəsinin 02/06/-39 nömrəli, 09 iyun 2021-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Qanunun tələbləri tətbiq edilmədən qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 51 -ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə hu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, 02/06/-39 nömrəli, 09 iyun 2021-ci il tarixli qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş Abşeron rayon Xırdalan Bələdiyyəsinin 02/06/-39 nömrəli, 09 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar