Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1057/2025 08.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X9 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X5, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “3-cü şəxs X6 ayrılmış 0,0424 ha torpaq sahəsinə dair cavabdehin 29 sentyabr 2023-cü il tarixli iclasının 16 saylı protokolunun 11 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Masazır kəndi, Ə.Vahid küçəsi, 374 saylı fərdi yaşayış evinin yanındakı ayrıca hasara alınmış 0,0491 ha torpaq sahəsi 1996-cı il tarixdən Abşeron RİHB-nın xx.xx.1996-cı il tarixli, 28 saylı Sərəncamı əsasında ona fərdi ev tikintisi məqsədilə ayrılmışdır. Bu haqda Abşeron RİHB-nın xx.xx.1996-cı il tarixli, 28 saylı Sərəncamının arxiv surəti, Abşeron RİHB-nın Memarlıq və Tkinti şöbəsi rəsisinin və Masazır Bələdiyyəsi sədrinin təsdiqli imzaları ilə Yerquruluşu Planından çıxarışın surəti və Abşeron RİHB-nın Masazır kənd nümayəndəsinin təsdiqi ilə qonşuluq aktları qeyd edilən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin 28 ildir ki, onun və ailəsinin sahibliyində, istifadəsində olmasını sübut edir.Əlavə olaraq bildirir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1121/2023 saylı Qərarı ilə həmin torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunmuşdur, məhkəmə Qərarının surəti iddia ərizəsinə əlavə olunur.Qeyd olunduğu kimi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1121/2023 saylı Qərarının mövcud olmasına, 28 il müddətdə qeyd olunan torpaq sahəsində ailə büdcəsi hesabına tikilmiş fərdi yaşayış evinin mövcud olmasına, evinin altındakı və ətrafındakı qeyd edilən torpaq sahəsinin ailəmin faktiki sahibliyində və istifadəsində olmasına,həmin torpaq sahəsinə dair Abşeron RİHB-nın xx.xx.1996-cı il tarixli, 28 saylı Sərəncamının mövcud olmasına, Abşeron RİHBnın Memarlıq və Tkinti şöbəsi rəsisinin və Masazır Bələdiyyəsi sədrinin təsdiqli imzaları ilə Yerquruluşu Planından çıxarışın mövcud olmasına, Abşeron rayon Masazır Bələdiyyəsinin həmin torpaq sahəsinə dair torpaq vergisinin ödənilməsi barədə 27 iyul 2022-ci il tarixli Arayışının mövcud olmasına və Abşeron RİHB-nın Masazır kənd nümayəndəsinin təsdiqi ilə qonşuluq aktının mövcud olmasına baxmayaraq Abşeron rayon Masazır Bələdiyyəsi qanunsuz və əsassız olaraq 29 sentyabr 2023-cü il tarixli iclasın 16 saylı protokolunun 11 saylı Qərarı ilə onun 28 il ərzində ailə üzvlərilə birlikdə yaşadığı fərdi yaşayış evinin altındakı və ətrafındakı 0,0424 ha torpaq sahəsini 3-cü şəxs X6 fərdi yaşayış evinin tikintisi məqsədilə ayırmışdır. 3-cü şəxs X7 cinayət törətməyə vadar edərək qanunsuz yollarla fərdi yaşayış evinin altındakı və ətrafındakı torpaq sahəsini mülkiyyətinə keçirməyə və 28 il yaşadığım fərdi yaşayış evini bir anlığa məhkəmə Qərarını hesaba almadan traktorla yerlə yeksan etməyə vadar etmişdir.Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğvi barədə mübahisə Abşeron Rayon məhkəməsində baxılır. Hal-hazırda cinayət işi Abşeron Rayon Polis İdarəsində icraatdadır, Abşeron rayon Masazır Bələdiyyəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəhbərliyinə 3-cü şəxs X6 0,0424 ha torpaq sahəsinin qanunsuz və əsassız verilməsinə dair 29 sentyabr 2023-ci il tarixli iclasın 16 saylı protokolunun 11 saylı Qərarının ləğv edilməsi ilə bağlı müraciətlər etmiş, müraciətlərinə cavab olaraq Abşeron rayon Masazır Bələdiyyəsindən ərizədə göstərilən tələbin icrasının bələdiyyənin imkanı xaricində olduğu bildirilsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzindən şifahi olaraq bildirildi ki, “bu cür işlərinə görə Masazır Bələdiyyəsinin işləri istintaqdadır, bu səbəbdən ərizənizdə qeyd edilən Masazır Bələdiyyəsinin verdiyi Qərarın ləğvi məhkəmənin səlahiyyətindədir. Ona görə də bələdiyyəsinin qərarının ləğv edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddiası əsasısız və qanunsuzdur və təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində Abşeron Rayon İcra başçısının 6 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamla Xırdalan südçülük tərəvəzçilik sovxozunun ərazisində yaşayış evinin tikintisi üçün ona 10 sot torpaq sahəsinin ayrılmasını göstərmişdir. Lakin iddiaçı bu torpaq sahəsinin harada ayrılması ilə bağlı məhkəməyə torpağa dair ayrıc aktı təqdim etməmişdir.Torpaq sahəsinin ayrılması həmin dövrün Azərbaycan SSR-nin Torpaq Məcəlləsinə müvafiq olaraq sənədləşdirilirdi. Torpaq sahəsi ayrılarkən vətəndaşa ayrıc aktına əsasən ayrılmalı idi. Lakin ayrıc aktı olmaq əvəzinə iddiaçı məhkəməyə Masazır bələdiyyəsi tərəfindən hazırlanmış və qanuna zidd olan yerquruluşu planına əsasən torpağın harda ayrılması göstərilməsi ilə bağlı yerquruluşu planından çıxarışın surətini təqdim etmişdir. Dövlət mülkiyyətində olan torpaq sahəsinə dair bələdiyyə torpağın vətəndaşa ayrılması ilə bağlı hər hansı bir yerquruluşu planının tərtib edib onu təsdiq edə bilməz. Bu torpaq sahəsi 1996-cı ildə ayrılıbsa bu ayrılma İcra Hakimiyyətinin ayrıc aktı əsasında həyata keçirilməli idi. Torpaq ayrıc aktı əsasında ayrılmalı və təhvil-təslim aktı tərəflər arasında imzalanaraq təsdiq edilməli idi. Bu torpaq ayırma keçmiş Azərbaycan SSR- nin Torpaq Məcəlləsinə əsasən tənzimlənir. Digər bir məsələ isə iddiaçının məhkəməyə İcra qurumu tərəfindən 0,1 ha torpaq sahəsinə dair arxiv sənəd təqdim etsə də iddia tələbində 0,0424 ha torpaq sahəsinə iddia qaldırmışdır. Qalan 0,0526 ha torpaq sahəsinin harada olması, kimə satılması (vəya verilməsi), istifadə etməsi, qonşu torpaq sahəsi olması və sair barədə məlumat təqdim etməmişdir. Bu baxımdan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.5- ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq 0,0424 ha torpaq sahəsinin rəsmiləşdirilməsi məqsədilə ilə Masazır bələdiyyəsi torpağa dair mülkiyyət hüququ əldə etmək məqsədilə səlahiyyətli icra qurumlarına müraciət etmiş və nəticədə mübahisəli torpaq sahəsinə dair hiiquqverici sənəd əldə etmiş və həmin torpaq sahəsini satmışdır. Bu bələdiyyənin diskresion hüququdur və bələdiyyə bu alqı-satqının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.5ei maddəsinə və Azərbaycan Respublikası “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əssasnaməyə uyğun olaraq həyata keçirmişdir. İddiaçı 6 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsini bu günə kimi sənədləşdirilməmiş və dövlət qeydiyyatına alınmamışdır. Sənədlərdən də məlum olur ki, bu torpaq sahəsinin harada yerləşməsi məlum deyil. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X1 eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 əvvəkli məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qərar qəbul edilərkən bələdiyyənin hansı qanun normasını pozması göstərilməyib. Başqa sözlə iddia ərizəsi hüquqi cəhətdən əsaslandırılmayıb. İddiaçı iş üzrə tərəf deyil. İddia etdiyi torpaq sahəsi iddiaçıya təhvil verilməyib. Torpağın ayrıc aktı yoxdur. Torpağın koordinatları bəlli deyil. Bələdiyyə qərarı İddiaçı hüquqlarını pozmur. Daha doğrusu pozması da mümkün deyil. Eyni zamanda iddiaçı mübahisələndirilən qərarı məhkəmədə mübahisə edilən prosessual müddəti ötürmüşdür. Buna görə də iddia ərizəsi mümkünsüz hesab edilməsi barədə qərardad çıxarmasını məhkəmədən xahiş etmişdir. Daha sonra üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə çıxışı şəklində ərizə təqdim edərək, qeyd edilən xüsusatları nəzərə alıb iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını bildirmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X8 onun nümayəndəsi və vəkilinin vəsatətlərini nəzərə alıb qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abşeron rayonu Masazır Bələdiyyəsinin 29 sentyabr 2023-cü il tarixli iclasının 16 saylı protokolunun 11 saylı qərarının surəti, Abşeron Rayon İcra başçısının 6 avqust 1996cı il tarixli, 28 saylı sərəncamı, Abşeron RİHB-nın Memarlıq və Tkinti şöbəsi və Masazır Bələdiyyəsi tərəfindən təsdiqlənmiş Yerquruluşu Planından çıxarış, Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışı, Abşeron RİHB-nın Masazır kənd nümayəndəsinin təsdiqlədiyi aktın surəti, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1121/2023 nömrəli Qərarının surəti, Abşeron rayon Dövlət Arxivinin 3-48- 1RA/2-894/24 nömrəli, xx.xx.2024-cü il tarixli arxiv çıxarışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarın verildiyi vaxtdan yaranmış olur. Həmçinin, mübahisələndirilən qərar iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinə dair verilmişdir. Abşeron rayonu Masazır Bələdiyyəsi iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq bələdiyyə hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı Şabran rayonu ərazisidir və qeyd olunan ərazi üzrə müvafiq məqsədlər üçün torpaq sahəsinin ayrılması səlahiyyəti bələdiyyənin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə bələdiyyə hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazırkı, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Abşeron rayonu Masazır Bələdiyyəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən qəbul edilmiş qərardan məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İşin hallarından görünür ki, iddiaçı mübahisələndirilən qərarın əldə nə vaxt əldə edilməsi müəyyən olunmur. Yəni, qeyd edilən qərarın iddiaçıya çatdırılmasını sübut edən fakt yoxdur. Bundan sonra iddiaçı xx.xx.2024cü ildə qərarın ləğv edilməsi məqsədilə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. Eyni zamanda cavabdeh təşkilat tərəfindən müddətin ötürülməsi barədə hər hansı sübut da təqdim edilməmişdir. Beləliklə, təqdim edilən sübutlardan prosessual müddətin ötürülməməsi öz təsdiqini tapmışdır. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəməyə təqdim edilən sübutlara, işin araşdırılan hallarına əsasən hesab edilir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 vəsatətlərinə hazırkı qərarın mümkünlük hissəsində hüquqi qiymət verilmişdir. İddianın əsaslı olması və təmin edilməsininin hüquqi əsaslarını məhkəmə aşağıdakılara əsasən qeyd etməyi zəruri bilir. Belə ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin 29 sentyabr 2023-cü il tarixli iclasının 16 saylı protokolunun 11 saylı qərarı əsasında 3-cü şəxs X6 0,0424 ha torpaq sahəsi ayrılmışdır. Emin Nağıyev də həmin qərar əsasında mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixli **********45 reyestr nömrəli çıxarış əldə etmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Abşeron Rayon İcra başçısının 6 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı ilə ona ayrılmış torpaq sahəsi barəsində Abşeron rayonu Masazır Bələdiyyəsi 29 sentyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçı da öz növbəsində müvafiq qərar qəbul edilərkən, 28 ilə yaxın həmin torpaq sahəsindən istifadəsində olmasına baxmayaraq, bələdiyyə tərəfindən onun xəbəri olmadan qanunsuz olaraq inzibati icraat aparılmış və bu səbəbdən də həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron Rayon İcra başçısının 6 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı ilə İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmişdir. Abşeron RİHB-nın Masazır kənd nümayəndəsinin təsdiqlədiyi aktın surətindən də göünür ki, iddiaçı 1996-cı ildən mübahisə predmeti olan torpaq sahəsindən istifadə edib. Sonradan tərəflər arasında yaranmış mübahisə nəticəsində iddiaçının bildirdiyinə görə özü tərəfindən inşa edilmiş fərdi yaşayış evi 3-cü şəxs X8 tərəfindən sökülmüşdür. İddiaçı Abşeron Rayon İcra başçısının 6 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı ilə ona ayrılmış 0.10 ha torpaq sahəsindən 0.0491 ha hissəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair Sumqayıt İnzibati Məhkəməsində xx.xx.2022-ci ildə iddia qaldırmış və onun iddiası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1121/2023 nömrəli Qərarı ilə təmin edilmiş, daha sonra həmin qərar X8 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsində mübahisələndirilmişdir. Hal-hazırda həmin inzibati iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında dayandırılmışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsi mübahisələndirilən qərarı qəbul edərkən, tərəflər arasında məhkəmə mübahisəsinin olduğundan xəbərdar olmuş və bu faktı təqdim edilmiş bələdiyyənin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən etmək olur. Həmçinin, təqdim edilmiş Abşeron RİHB-nın Memarlıq və Tkinti şöbəsi və Masazır Bələdiyyəsi tərəfindən təsdiqlənmiş Yerquruluşu Planından çıxarışı və Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışı iddiaçının həmin torpaq sahəsinin faktiki istifadəçisi olmasına dəlalət edir. İşin hallarından görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olan Abşeron Rayon İcra başçısının 6 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı qüvvədədir və həmin sənəd preyudisial əhəmiyyət daşıyır. Eyni zamanda iddiaçı tərəfindən uzun müddət həmin torpaq sahəsindən istifadə etməsi, orada fərdi yaşayış evinin tikməsi və eyni zamanda cavabdeh təşkilata həmin torpağa görə əmlak vergisinin ödənilməsi mübahisəli torpaq sahəsinin iddiaçının faktiki sahibliyində olmasına dəlalət edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.8-ci maddəsinə görə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır.Belə olan halda cavabdeh tərəfindən sadalanan xüsusatları nəzərə almadan iddiaçı hüquqlarını pozan inzibati akt qəbul edilmişdir. Abşeron rayonu Masazır Bələdiyyəsinin 29 sentyabr 2023-cü il tarixli iclasının 16 saylı protokolunun 11 saylı qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən etirazında göstərdiyi dəlillərə dair əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş və cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Nəzərə almaq lazımdır ki, inzibati icraatda dinlənilmə hüququ prosedur prinsip və təminat kimi müəyyən edilmişdir. Həmin Qanunun 67.1 və 67.2-ci maddələrinin tələblərindən göründüyü kimi bu hüququn tələblərinə riayət edilməməsi inzibati icraatın nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuzluğuna səbəb olur və müvafiq olaraq həmin inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunun tələbi baxımından inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda, təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görməkimkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının hüquqları nəzərə alınmadan, etimadın qorunması prinsipləri gözlənilmədən, başqa sözlə, inzibati akt onun mahiyyətinə əhəmiyyətli şəkildə təsir edən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmadan qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Abşeron rayonu Masazır Bələdiyyəsinin 29 sentyabr 2023-cü il tarixli iclasının 16 saylı protokolunun 11 saylı qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu Masazır Bələdiyyəsinin 3-cü şəxs X6 ayrılmış 0,0424 ha torpaq sahəsinə dair 29 sentyabr 2023-cü il tarixli iclasının 16 saylı protokolunun 11 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2-1(118)-1057/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1057/2025
08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver