Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1058/2024 12.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “ünvan 1 ünvanında yerləşən və həyat yoldaşı X1 adına 12 (on iki) sot və ona məxsus 7 (yeddi) sot olmaqla, ümumilikdə 19 (on doqquz) sot torpaq sahəsinin sənədləşdirmə işlərinin hansı mərhələdə olması barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ilin oktyabr ayından Masazır kəndi, Akim Abbasov küçəsi 20 ünvanında öz ailə üzvlərimlə birikdə yaşayır. Yaşadığı müddətdə həyat yoldaşı X2 ilə birlikdə istifadəsində ümumilikdə 19 (on doqquz) sot torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin 7 (yeddi) sotu onun adına, 12 (on iki) sotu isə həyat yoldaşı X1 adına rəsmiləşdirilmişdir. On doqquz sot torpaq sahələrinin onun və həyat yoldaşı Elman Yusifovun istifadəsində olması Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2-1 (118)-1568/2021 saylı qərarı ilə də öz təsdiqini tapmışdır. 06 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Masazır Bələdiyyəsinə ərizə ünvanlamış və ərizəsində göstərmiş ki, “Masazır Bələdiyyəsindən xx.xx.2022-ci il tarixli, 01/04-01-05/Y-228 nömrəli məktubundan bildirilmişdir ki, Abşeron Rayon Məhkəməsi 2(012)-101/2020 nömrəli, 25 fevral 2020-ci il tarixli qətnaməsində istifadə etdiyimiz 5 (beş) sot torpaq sahəsindən çıxarılma göstərilsə də, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (118)- 1568/2021 saylı qərarına isə Masazır kəndi, Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-2018-ci il tarixində daxil olmaqla torpaq vergisini sizin tərəfinizdən ödənilməsi göstərilmişdir. Bununla bağlı müvafiq qəbzlərimiz Masazır Bələdiyyəsinin keçmiş rəhbərliyinə də təqdim edilmişdir. Hal-hazırda isə adıçəkilən 19 (on doqquz) sot torpaq sahəsinə dair sizin müraciətinizə və təqdim etdiyiniz sənədlər əsasında sənədləşdirmə işlərinin həyata keçirilməsinə başlanılmışdır. Mənə və həyat yoldaşıma ayrılmış 19 (on doqquz) sot torpaq sahəsinin sənədləşmə işlərinin hansı mərhələdə olması barədə məlum verilməsini xahiş etmişəm.” (Həmin ərizəmi iddia ərizəmə əlavə edirəm) Lakin bu günədək Abşeron rayonu, Masazır Bələdiyyəsi ona 19 (on doqquz) sot torpaq sahəsinin sənədləşmə işlərinin hansı mərhələdə olması barədə heç bir məlumat verməmişdir. Ona görə də ədalətin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehə göndərilmiş pretenziya məktubun surəti, bələdiyyənin yerquruluşu planından çıxarışların surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatı dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı bələdiyyəyə müvafiq məlumatların verilməsi üçün müraciət etmiş lakin, bələdiyyə onun ərizəsini cavablandırmamışdır. Bu səbəbdən də iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə ki, inzibati orqan məlumatların saxlanılmasını, ötürülməsini lazimi qaydada vətəndaşlara cavab verilməsini təmin etməlidir. Məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Bundan başqa o da nəzərə alınmalıdır ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 6-cı bəndinə əsasən səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri və ya bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxs 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin yeni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil verməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən və həyat yoldaşı X1 adına 12 (on iki) sot və ona məxsus 7 (yeddi) sot olmaqla, ümumilikdə 19 (on doqquz) sot torpaq sahəsinin sənədləşdirmə işlərinin hansı mərhələdə olması barədə məlumatın verilməsi öhdəliyi Abşeron rayonu Masazır Bələdiyyəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1058/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1058/2024
12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver