Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1059/2025 23.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə (Açar sözlər: əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 6 dekabr 2023-cü il tarixli, 1000/1481ş nömrəli “Komitənin sərəncamında olan İddiaçı xidmətinə xitam verilməsi barədə” əmrindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 may 2023-cü il tarixli, 2132 nömrəli Fərmanın icrasından irəli gələrək Komitənin strukturunun optimallaşdırılması və idarəedilməsi məqsədilə Komitənin 2 avqust 2023-cü il tarixli, 3-33/3-2-000207/2023 nömrəli sərəncamı ilə Baş Gömrük Mühafizə Xidmətinin yeni strukturu və ştat cədvəli təsdiq edilmişdir. Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 50-ci maddəsinə əsasən Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşları Komitənin 1 sentyabr 2023-cü il tarixli, 1000/847Ş nömrəli əmri ilə sərəncama götürülmüşdür. Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxs gömrük orqanlarında digər vakant vəzifəyə keçirilmədən imtina edərsə, onun gömrük orqanlarında xidmətinə xitam verilir. Komitənin 1 sentyabr 2023-cü il tarixli, 1000/847Ş nömrəli Əmri ilə sərəncama götürülmüş Baş Gömrük Mühafizə Xidmətinin Şimal gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi vəzifəsində xidmət etmiş, gömrük xidməti mayoru İddiaçı Astara Gömrük İdarəsinin Sənəd dövriyyəsi bölməsində vakant olan komendant vəzifəsi, X19 İdarəsinin Maliyyə və təchizat bölməsində vakant olan komendant vəzifəsi, Baş Gömrük Mühafizə Xidmətinin Sənəd dövriyyəsi şöbəsində vakant olan kargüzar vəzifəsi və “Azərterminalkompleks” Birliyinin Gömrük infrastrukturunun mühafizəsi xidməti üzrə Enerji şöbəsində vakant olan gözətçi vəzifəsi təklif edilmiş, lakin İddiaçı təklif edilən vəzifələrdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq, Komitənin sərəncamında olan, gömrük xidməti mayoru İddiaçı xidmətinə 6 dekabr 2023-cü il tarixdən xitam verilmişdir.
2. AA seriyalı, 417806 nömrəli “Məcburi köçkün vəsiqəsi”ndən görünür ki, həmin vəsiqə İddiaçı Sədrəddir oğluna Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 9 yanvar 2019-cu il tarixli qərarı ilə verilmişdir.
3. 0055422 nömrəli “Əmək kitabçası”nın surəti.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 10 mart 2022-ci il tarixli, 1000/049 nömrəli “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aparatının, strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər qurumlarının ştat cədvəli”nin təsdiq edilməsi haqqında” sərəncamı və Baş Gömrük Mühafizə Xidmətinin struktur bölmələrin və vəzifələrin ştat vahidi.
5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2 avqust 2023-cü il tarixli, 3- 33/3-2-000207/2023 nömrəli “Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı” ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 may 2023-cü il tarixli, 2132 nömrəli Fərmanının icrasından irəli gələn bəzi tədbirlər haqqında” sərəncamı və Baş Gömrük Mühafizə Xidmətinin struktur bölmələrin və vəzifələrin ştat vahidi.
6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1 sentyabr 2023-cü il tarixli, 1000/847Ş nömrəli əmrindən görünür ki, İddiaçı Sədrəddir oğlu Baş Gömrük Mühafizə Xidməti, Şimal gömrük mühafizə dəstəsi, Böyük mühafizəçi vəzifədən azad edilərək komitənin sərəncamına götürülmüşdür.
7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1 sentyabr 2023-cü il tarixli, 1000/849Ş nömrəli “Vəzifəyə təyin edilməsi haqqında” əmri.
8. 1 dekabr 2023-cü il tarixli İddiaçı və digərlərinə dair “Təklif edilən vakant vəzifə barədə Akt”.
9. Azərbaycan Gömrük İşçiləri X8 4 dekabr 2023-cü il tarixli, 81 nömrəli Dövlət Gömrük Komitəsinə göndərilmiş məktubundan görünür ki, 4 dekabr 2023-cü il tarixdə İddiaçı və Komitənin aidiyyəti struktur bölmələrinin vəzifəli şəxslərinin iştirakı ilə iclas keçirilmiş, iclasın gedişatı protokollaşdırılmış və yekun qərar qəbul edilmişdir. Tərtib olunmuş protokolun surəti həmin gün İddiaçı təqdim olunmuşdur. Keçirilmiş görüş zamanı müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 may 2023-cü il tarixli, 2132 nömrəli Fərmanı ilə Komitənin strukturunda dəyişikliklər edilmişdir. Komitənin strukturunun optimallaşdırılması məqsədilə sözügedən Fərmanın icrasından irəli gələrək Komitənin 2 avqust 2023-cü il tarixli, 3-33/3- 2-000207/2023 nömrəli sərəncamı ilə Baş Gömrük Mühafizə Xidmətinin yeni strukturu təsdiq edilmiş, nəticədə mövcud ştat vahidlərinin sayı azaldılaraq 165-dən 151-ə endirilmiş və Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 50-ci maddəsinə əsasən Komitənin 1 sentyabr 2023-cü il tarixli, 1000/847Ş nömrəli əmri ilə İddiaçı digər əməkdaşlarla birlikdə tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. 30 noyabr 2023-cü il tarixdə Komitənin inzibati binasına dəvət olunan İddiaçı Komitənin Astara Gömrük İdarəsinin Sənəd dövriyyəsi bölməsində vakant olan komendant, X19 İdarəsinin Maliyyə və təchizat bölməsində vakant olan komendant, Baş Gömrük Mühafizə Xidmətinin Sənəd dövriyyəsi şöbəsində vakant olan kargüzar, həmçinin “Azərterminalkompleks” Birliyinin Gömrük infrastrukturunun mühafizəsi xidməti üzrə Enerji şöbəsində vakant olan gözətçi vəzifələrinin təklif olunması və onun təklif olunan vəzifələrdən imtina etməsi keçirilən iclasda öz təsdiqini tapmışdır. Bundan əlavə, İddiaçı mövcud qanunvericilik aktlarının tələbləri izah edilmiş, ona təklif olunan vəzifələrdən bir daha imtina edəcəyi təqdirdə Komitə tərəfindən onun gömrük orqanlarında xidmətinə xitam verilə bilinəcəyi diqqətinə çatdırılmışdır. Göstərilənlər nəzərə alınaraq və “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin tələbləri rəhbər tutularaq, əməkdaş tərəfindən ona təklif edilmiş vakant vəzifələrdən imtina edilirsə, onun gömrük orqanlarında xidmətinə xitam verilməsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olduğu bildirilmişdir.
10. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 22 sentyabr 2025-ci il tarixli, 3-33/2-015606/2025 nömrəli məktubundan görünür ki, X1 1 sentyabr 2023-cü il tarixli, 1000/849Ş nömrəli əmri ilə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin Nəqliyyat vasitələrinin idarəedilməsi şöbəsinin böyük mühafizəçisi vəzifəsinə təyin olunmuşdur və hal-hazırda həmin vəzifədə xidmət edir. X2 1 sentyabr 2023-cü il tarixli, 1000/849Ş nömrəli əmri ilə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin Nəqliyyat vasitələrinin idarəedilməsi şöbəsinin kiçik mühafizəçisi vəzifəsinə təyin olunmuşdur və hal-hazırda həmin vəzifədə xidmət edir. Həsənov X5 18 yanvar 2012-ci il tarixli, 040Ş nömrəli əmri ilə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin Şimal gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi vəzifəsinə təyin olunmuşdur. İddiaçı Komitənin 1 sentyabr 2023-cü il tarixli, 1000/847Ş nömrəli əmri ilə Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 50-ci maddəsinə uyğun olaraq sərəncama götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 5 may 2023-cü il tarixli, 2132 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə aparılan struktur dəyişikliyi ilə əlaqədar İddiaçı xidmət etdiyi Komitənin Baş Gömrük Mühafizə Xidmətinin Şimal gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi vəzifəsi ixtisar olunmuşdur. A.S.X18 İdarəsinin Sənəd dövriyyəsi bölməsində vakant olan komendant vəzifəsi, X19 İdarəsinin Maliyyə və təchizat bölməsində vakant olan komendant vəzifəsi, Baş Gömrük Mühafizə Xidmətinin Sənəd dövriyyəsi şöbəsində vakant olan kargüzar vəzifəsi və “Azərterminalkompleks” Birliyinin Gömrük infrastrukturunun mühafizəsi xidməti üzrə Enerji şöbəsində vakant olan gözətçi vəzifəsi təklif edilmiş, lakin o, təklif edilən vəzifələrdən imtina etmişdir. Azərbaycan Gömrük İşçiləri X6 qeyd edilən təqdimata dair 4 dekabr 2023-cü il tarixdə verdiyi rəydə İddiaçı xidmətinə xitam verilməsinin mövcud qanunvericilik aktlarına uyğun olduğu bildirilmişdir. İddiaçı gömrük orqanlarında xidmətinə Komitənin 6 dekabr 2023-cü il tarixli, 1000/1481Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən (təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyrimümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə) xitam verilmişdir. A.H.Mehdiyev və İddiaçı şəxsi işində saxlanılan sənədlərə əsasən bildirilmişdir ki, onların tutduğu vəzifə xüsusi rütbə nəzərdə tutulan vəzifədir və orta rəis heyətinə aiddir. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən gömrük orqanlarının kiçik heyət vəzifələrinə xidmətə ən azı tam orta və ya orta ixtisas təhsilli, orta, baş və ali rəis heyəti vəzifələrinə isə yalnız müvafiq ali təhsilə malik olan şəxslər qəbul edilirlər. Bildirilmişdir ki, hal-hazırda A.H.X14 Pedaqoji Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə ali təhsil alır. Əlavə olaraq bildirilmişdir ki, Nəqliyyat vasitələrinin idarəedilməsi şöbəsində xidmət edən əməkdaşların qulluq funksiyaları Komitənin rəhbər heyəti üzrə təhkim edilmiş xüsusi nəqliyyat vasitələrinin fasiləsiz, qəzasız idarəolunması işini və düzgün texniki istismarını həyata keçirmək, istifadə etdiyi nəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə riayət etmək, nəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək, aşkar olunmuş nasazlıqların aradan qaldırılmasını təmin etmək, nəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək və xidməti fəaliyyəti ilə bağlı rəhbərliyin digər tapşırıqlarını yerinə yetirməkdən ibarətdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
11. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 6 dekabr 2023-cü il tarixli, 1000/1481ş nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerinə bərpa edilməsi və 6 dekabr 2023-cü il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
12. İddia tələbi işin hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 may 2023-cü il tarixli, 2132 nömrəli Fərmanına diqqət etdikdə iddiaçının xidmət etdiyi Baş Gömrük Mühafizə İdarəsində hər hansı bir dəyişikliyin olması görünmür. Yəni Baş İdarə ləğv edilməmiş, onun yerinə başqa bir idarə yaradılmamışdır. Həmin Fərmanda tamamilə başqa struktur dəyişiklikləri olub. Deməli cavabdehin 6 dekabr 2023-cü il tarixli, 1000/148İŞ nömrəli əmrinin Azərbaycan Respublikası Prezidentinin 5 may 2023-cü il tarixli, 2132 nömrəli Fərmanına əsaslanması tamamilə əsassızdır. Bundan başqa, digər bir hal cavabdehin 2 avqust 2023-cü il tarixli, 3- 33/3-2-000207/2023 nömrəli sərəncamı ilə Baş Gömrük Mühafizə Xidmətinin yeni strukturu və ştat cədvəli tərtib edilməsidir. Hazırda Baş Gömrük Mühafizə Xidmətində yeni ştat cədvəlinin və strukturunun tərtib edilməsi barədə sərəncamı olursa, bununla da Azərbaycan Respublikası “Gömrük orqanlarında xitmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinin əhatə dairəsinə düşmür. Belə ki, Baş idarədə ştatların ixtisar edilməsi, hansısa şöbənin adının dəyişdirilməsi təşkilatı-ştat tədbiri deyil.
13. İddia tələbinin maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə, Azərbaycan Respublikası “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 may 2023-cü il tarixli, 2132 nömrəli Fərmanına, prosessual hüquqi əsası kimi isə İPM-in 45, 46-cı maddələrinə istinad olunmuşdur.
14. Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2-1(112)-5158/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
15. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri:
17. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.
18. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin 2 avqust 2023-cü il tarixli, 3-33/3-2- 000207/2023 nömrəli sərəncamı ilə Dövlət Gömrük Komitəsi Baş Gömrük Mühafizə Xidmətinin yeni strukturu və ştat cədvəli təsdiq edilmişdir. Cavabdehin 1 sentyabr 2023-cü il tarixli, 1000/847ş nömrəli əmri ilə sərəncama götürülmüş - Baş Gömrük Mühafizə Xidmətinin Şimal gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi vəzifəsində xidmət etmiş, gömrük xidməti mayoru iddiaçıya aşağıda qeyd olunan vəzifələr Komitə tərəfindən təklif edilmişdir: - Astara Gömrük İdarəsinin Sənəd dövriyyəsi bölməsində vakant olan komendant vəzifəsi; - X19 İdarəsinin Maliyyə və təchizat bölməsində vakant olan komendant vəzifəsi; - Baş Gömrük Mühafizə Xidmətinin Sənəd dövriyyəsi şöbəsində vakant olan kargüzar vəzifəsi; - Cavabdeh orqanın “Azərterminalkompleks” Birliyinin Gömrük infrastrukturunun mühafizəsi xidməti üzrə Enerji şöbəsində vakant olan gözətçi vəzifəsi. Yuxarıda sadalanan vəzifələrdən imtina edən iddiaçının gömrük orqanlarında xidmətinə cavabdehin 6 dekabr 2023-cü il tarixli, 1000/1481ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxs gömrük orqanlarında digər vakant vəzifəyə keçirilmədən imtina edərsə) onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Cavabdehin bəzi vəzifəli şəxslərinin iştirakı ilə tərtib edilən “Təklif edilən vakant vəzifə barədə” müvafiq aktdan görünür ki, iddiaçı dəvət olunmuş, onunla 30 noyabr 2023-cü il tarixdə görüş keçirilmiş, görüşdə qanunvericiliyin tələbləri nəzərə alınaraq ona adıçəkilən vəzifələr təklif edilmiş, iddiaçı həmin vəzifələrdən imtina etmişdir. Sözügedən 1 dekabr 2023-cü tarixli aktın qanunvericiliyin tələblərinə uyğunluğu Azərbaycan Gömrük İşçiləri X7 4 dekabr 2023-cü il tarixdə müzakirə edilmişdir. Həmin Birlik tərəfindən cavabdehə ünvanlanmış 4 dekabr 2023-cü il tarixli, 81 nömrəli məktubundan müəyyən olunur ki, 4 dekabr 2023-cü il tarixdə iddiaçı və cavabdehin aidiyyəti struktur bölmələrinin vəzifəli şəxslərindən ibarət tərkibdə sabiq əməkdaşa hüquqi dəstək verilməsi məqsədilə iclas keçirilmiş, iclasın gedişatı protokollaşdırılmış və yekun qərar qəbul edilmişdir. Tərtib olunmuş protokolun surəti həmin gün, 4 dekabr 2023-cü il tarixdə iddiaçıya təqdim olunmuşdur. Əlavə olaraq, iddiaçıya mövcud qanunvericilik aktlarının tələbləri son dəfə izah edilmiş, ona təklif olunan vəzifələrdən imtina edəcəyi təqdirdə cavabdeh tərəfindən onun gömrük orqanlarında xidmətinə xitam verilə biləcəyi diqqətinə çatdırılmışdır. İddiaçı qeyd olunan vakant vəzifələrdən bir daha imtina etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndi rəhbər tutularaq cavabdehin sərəncamında olan, gömrük xidməti mayoru iddiaçının xidmətinə cavabdehin 6 dekabr 2023-cü il tarixli, 1000/1481ş nömrəli əmri ilə xitam verilmiş və mübahisələndirilən əmrin surəti ilə bağlı tanış olma qeydi aparılmışdır.
19. Etirazın maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58, 61-ci maddələrinə, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 50, 120-ci bəndlərinə, prosessual hüquqi əsası kimi İPM-in 58.7ci maddələrinə istinad edərək əsaslandırılmışdır.
c) Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq 2023-cü ilin iyun ayında ali təhsil aldığını, cavabdeh orqan tərəfindən qəbul olunan əmrin qanunsuz və qərəzli olduğunu, təklif edilən vəzifələrin onun xidmət etdiyi vəzifəyə bərabər olmadığını, həmçinin hazırkı dövrdə ali təhsili olmayan şəxslərin eyni vəzifədə xidmətinin davam etdirdiyini bildirmişdir.
21. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin iddiaçının ona təklif olunan vakant vəzifələrin qəbul edəcəyi halda həm əmək haqqının kəskin şəkildə azalacağını, həm də gömrük xidmətçisi kimi əldə etdiyi imtiyazlarını itirmiş olacağını, çalışdığı vəzifələr üzrə üstünlüklərin olduğu halda, adi müqavilə ilə çalışmağın onun mənafeyi xeyrinə olmadığını, cavabdeh orqan tərəfindən bərabərlik və qanunçuluq prinsiplərinin pozulduğunu bildirmişdir.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən bildirilən adı çəkilən şəxslərdən biri hazırda enerji idarəsində çalışmaqla keçmiş birinci müavinin sürücüsü, digəri isə sədrin sürücü vəzifələrində çalışır. Bundan əlavə, X3 cavabdeh orqanın 1 sentyabr 2023-cü il tarixli, 1000/849Ş nömrəli əmri ilə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin Nəqliyyat vasitələrinin idarəedilməsi şöbəsinin böyük mühafizəçisi vəzifəsinə təyin olunduğunu və hal-hazırda həmin vəzifədə xidmət etdiyini, iddiaçıya təklif edilən vəzifələrdən imtina etdiyini, hal-hazırda X9 Dövlət Pedaqoji Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə 4-cü kursda ali təhsil aldığını, Əliyev Zaurun təhsili barədə məlumatının olmadığını, böyük və kiçik mühafizəçi vəzifələrində çalışan şəxslərin ali təhsilli olmasının zərurət təşkil etdiyini, bu səbəbdən də iddiaçı barəsində mübahisələndirilən əmrin qəbul olunduğunu bildirmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
23. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
24. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
26. Məcəllənin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. (-)
29. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. (-)
30. Azərbaycan Respublikasının 7 dekabr 1999-cı il tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
15. (-) Gömrük orqanlarının kiçik heyət vəzifələrinə xidmətə ən azı tam orta və orta ixtisas təhsilli, orta, baş və ali rəis heyəti vəzifələrinə isə yalnız müvafiq ali təhsilə malik olan şəxslər qəbul edilirlər. (-)
50. Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. (-)
120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 2) bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə; 3) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə; 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə; 5) vəzifəli şəxsin gömrük orqanlarında xidmətə yararsız olması barədə müvafiq tibb komissiyasının rəyinə əsasən xəstəliyə görə; 6) müvafiq tibb komissiyasının qərarı əsasında səhhətinin vəziyyətinə görə gömrük orqanlarında xidmət etmək üçün məhdud yararlı olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında səhhətinin vəziyyətinə dair tələblərə uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina edərsə; 7) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında onun ixtisasına uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 8) gömrük orqanlarından xaric edildikdə; 9) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 10) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə. 11) digər hüquq mühafizə orqanlarına işə keçdikdə, qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 13) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduğu halda.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində aşağıdakılar nəzərədə tutulmuşdur:
2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; (-) 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. (-) 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. (-)
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
32. İPM-in müvafiq müddəalarına əsasən:
58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; (-) 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
Məhkəmənin mövqeyi:
33. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
34. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 may 2023-cü il tarixli, 2132 nömrəli Fərmanı ilə iddiaçının xidmət etdiyi Baş Gömrük Mühafizə İdarəsində hər hansı bir dəyişikliyin olması görünmür. Belə ki, Baş İdarə ləğv edilməmiş, onun yerinə başqa bir idarə yaradılmamışdır. Həmin Fərmanda tamamilə başqa struktur dəyişiklikləri olmuşdur. Odur ki, cavabdehin 6 dekabr 2023-cü il tarixli, 1000/148İŞ nömrəli əmrinin Azərbaycan Respublikası Prezidentinin 5 may 2023-cü il tarixli, 2132 nömrəli Fərmanına əsaslanması tamamilə əsassızdır. Eyni zamanda, təklif olunan vakant vəzifələrin qəbul edəcəyi halda həm əmək haqqının kəskin şəkildə azalacağını, həm də gömrük xidmətçisi kimi əldə etdiyi imtiyazların itirmiş olacağını, çalışdığı vəzifələr üzrə üstünlüklərin olduğu halda, adi müqavilə ilə çalışmağın onun mənafeyi xeyrinə olmadığını bildirir.
35. Cavabdehin isə iddia tələbinə qarşı etirazın dəlilləri ondan ibarətdir ki, 2 avqust 2023-cü il tarixli, 3-33/3-2-000207/2023 nömrəli sərəncamı ilə Dövlət Gömrük Komitəsi Baş Gömrük Mühafizə Xidmətinin yeni strukturu və ştat cədvəli təsdiq edilmiş, Baş Gömrük Mühafizə Xidmətinin Şimal gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi vəzifəsində xidmət etmiş iddiaçıya qeyd edilən tədbirlərlə əlaqədar yeni vəzifələr təklif edilmiş, lakin həmin vəzifələrdən imtina etdiyi üçün onun gömrük orqanlarında xidmətinə cavabdehin 6 dekabr 2023-cü il tarixli, 1000/1481ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxs gömrük orqanlarında digər vakant vəzifəyə keçirilmədən imtina edərsə) xitam verilmişdir.
36. Daha sonra məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş məktubdan, həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsinin izahatından etirazın əsası kimi müəyyən edilmişdir ki, müvafiq qanunvericiliyə əsasən gömrük orqanlarının orta, baş və ali rəis heyəti vəzifələrinə yalnız müvafiq ali təhsilə malik olan şəxslər qəbul edilirlər.
37. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdehin 6 dekabr 2023-cü il tarixli, 1000/1481ş nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 may 2023-cü il tarixli, 2132 nömrəli Fərmanın icrasından irəli gələrək Komitənin strukturunun optimallaşdırılması və idarəedilməsi məqsədilə Komitənin 2 avqust 2023-cü il tarixli, 3-33/3-2-000207/2023 nömrəli sərəncamı ilə Baş Gömrük Mühafizə Xidmətinin yeni strukturu və ştat cədvəli təsdiq edilmiş, daha sonra Baş Gömrük Mühafizə Xidmətinin Şimal gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi vəzifəsində xidmət etmiş iddiaçı cavabdehin 1 sentyabr 2023-cü il tarixli, 1000/847Ş nömrəli əmri ilə sərəncama götürülmüş, digər qurumlarda müvafiq vakant vəzifələri təklif edilmiş, lakin iddiaçı təklif edilən vəzifələrdən imtina etmişdir. Bu səbəbdən iddiaçının xidmətinə 6 dekabr 2023-cü il tarixdən xitam verilmişdir.
38. Bundan başqa, X10 14 iyun 2023-cü il tarixli arayışına əsasən müəyyən edilir ki, iddiaçı həmin institutda “İqtisadiyyat və sahibkarlıq” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alır.
39. Eyni zamanda, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, X1 1 sentyabr 2023-cü il tarixli, 1000/849Ş nömrəli əmri ilə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin Nəqliyyat vasitələrinin idarəedilməsi şöbəsinin böyük mühafizəçisi vəzifəsinə təyin olunmuş, strukturunun optimallaşdırılması və idarəedilməsi məqsədilə verilmiş cavabdehin müvafiq sərəncamından əvvəl Baş Gömrük Mühafizə Xidməti, cənub gömrük mühafizə dəstəsinin böyük mühafizəçi vəzifəsində çalışmışdır.
40. Məhkəmə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1740/2023 nömrəli qərarında göstərilən mövqeyi nəzərə alaraq bildirir ki, cavabdeh iddiaçının xidmətinə xitam verərkən 6 dekabr 2023-cü il tarixli, 1000/1481ş nömrəli əmrdə səbəb kimi “Təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə” əsasını göstərmişdir. Lakin cavabdeh iddiaçının xidmətinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsini nəzərə almamışdır.
41. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Lakin cavabdeh iddiaçının 11 illik iş təcrübəsi olduğunu nəzərə almadan, ümumiyyətlə işçilərin peşəkarlıq səviyyəsinin müqayisəsinə, digər işçiyə üstünlük verilməsinə dair hər hansı sübut təqdim etməmişdir.
42. Yuxarıda sadalanmış normaların məzmunundan aydın olur ki, diskresion səlahiyyət qanunla müxtəlif cür nəzərdə tutula bilər. Qanun müəyyən hərəkəti etməyi inzibati orqan üçün vəzifə kimi müəyyən edə, lakin hərəkətin formaları arasında seçim qoya bilər. Həmçinin, qanun inzibati orqan üçün müəyyən hüquqi nəticəni əldə etməyi vəzifə kimi müəyyənləşdirə və bu nəticənin əldə edilməsi üçün istifadə edilən vasitələr arasında seçim etməyi nəzərdə tuta bilər. Hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqan diskresion səlahiyyətdən qanunla müəyyən olunmuş qaydada istifadə etməlidir. İnzibati orqanın diskresion səlahiyyətləri həyata keçirməsi zamanı iki cür qüsurun ola bilməsi ehtimalını göstərir; inzibati orqanın diskresion səlahiyyətlərin həddini aşması və inzibati orqanın diskresion səlahiyyətdən onun qanunla müəyyən olunmuş məqsədinə uyğun istifadə etməməsi.
43. Eyni zamanda, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. İnzibati orqan diskresion səlahiyyətinə əsaslanaraq inzibati akt qəbul edəcəyi halda, inzibati aktını qanunun güddüyü məqsəd çərçivəsində əsaslandırmalı və hüquqi aktlarla müəyyən olunmuş hüdudlar daxilində hərəkət etməlidir.
44. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1740/2023 nömrəli qərarında həmçinin qeyd edilmişdir ki, ““İnzibati icraat haqqında” Qanunda diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi açıqlanmışdır. Başqa ifadə ilə, diskresion səlahiyyət inzibati orqanın qanunun ona səlahiyyət verdiyi, amma dəqiq göstərmədiyi halda öz mülahizəsinə uyğun olaraq, həmçinin qanunun və konstitusiyada elan edilmiş dəyərləri rəhbər tutmaqla hərəkət növünü seçməsi deməkdir. Bu baxımdan, inzibati orqanın diskresion səlahiyyətlərindən bəhs edə bilmək üçün onun mövcud mübahisə üzrə digər hansı qərarları da qəbul etmək səlahiyyətində olduğu və bu alternativ imkanlar dəyərləndirildikdən sonra qəbul etdiyi yekun qərarın həmin situasiyada məhz ən düzgün qərar olduğu hüquqi baxımından normalarla, faktiki baxımdan isə mötəbər dəlillərlə sübuta yetirilməlidir.”
45. Lakin hazırkı iş üzrə cavabdeh mübahisəli əmri qəbul edərək, iddiaçıya məhz təklif edilmiş vəzifələrin uyğun olduğu, onun işlədiyi vəzifəyə dair digər işçilərin üstünlükləri, əmrin həmin vəziyyətdə iddiaçıya münasibətdə ən optimal qanuni qərar olması ilə bağlı sübut təqdim etməmişdir.
46. Bundan əlavə, iddiaçının ali təhsilli olmadığı ilə əlaqədar cavabdehin etiraz dəlilinə münasibətdə məhkəmə bildirir ki, iddiaçının əvvəl həmin vəzifədə çalışdığını nəzərə alaraq, göstərilən səbəb ilə xidmətə xitam verilməsi, yəni tutduğu vəzifəyə uyğun gəlmədiyi halda, müvafiq attestasiya komissiyasının qiyməti mövcud olmalıdır. Lakin hazırda iddiaçıya münasibətdə hər hansı attestasiyanın keçirilməsi müəyyən olunmamış, bu barədə məhkəməyə sübut təqdim edilməmişdir.
47. Bundan əlavə, qeyd edilməlidir ki, Baş Gömrük Mühafizə Xidməti, cənub gömrük mühafizə dəstəsinin böyük mühafizəçi vəzifəsində olmuş X11 cavabdehin 2 avqust 2023cü il tarixli, 3-33/3-2-000207/2023 nömrəli sərəncamından, yəni Komitənin strukturunda müvafiq dəyişikliklərin edilməsindən sonra Komitənin Baş Gömrük Mühafizə Xidmətinin Nəqliyyat vasitələrinin idarəedilməsi şöbəsinin böyük mühafizəçisi vəzifəsinə təyin olunmuşdur, baxmayaraq ki, hal-hazırda onun ali təhsilinin olmadığı, X15 Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə təhsil aldığı bildirilir.
48. Bununla da, cavabdeh tərəfindən iddiaçıya münasibətdə bərabərlik hüququ pozularaq, onunla eyni vəziyyətdə olan digər şəxs (hər hansı üstünlüyü barədə sübut təqdim edilməmişdir) əvvəlki vəzifəsinə uyğun olan digər vəzifəyə təyin edilmişdir.
49. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 10 dekabr 2024-cü il tarixli Qərardadında qeyd edilmişdir ki, “...bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmaqla, heç bir ayrı-seçkiliyə yol verilmədən dövlət tərəfindən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bununla belə, bərabərlik hüququ qanunverici tərəfindən ayrı-ayrı kateqoriyalı subyektlərə güzəştlərin və imtiyazların tətbiq edilməsini inkar etmir. Bu cür fərqlər o zaman bərabərlik hüququna zidd olar ki, onlar ağlabatan, obyektiv və mütənasib olmasınlar (Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərarı). ... Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Fiziki və hüquqi şəxslərə bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etmək inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin əsas şərti kimi çıxış edir. Lakin bu diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. ... Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.”
50. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin 6 dekabr 2023-cü il tarixli, 1000/1481ş nömrəli əmri iddiaçıya aid olan hissədə əsassız olduğu üçün ləğv edilməli, iddiaçının əvvəlki iş yerinə bərpa edilməsi və 6 dekabr 2023-cü il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
51. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 6 dekabr 2023-cü il tarixli, 1000/1481ş nömrəli saylı əmri İddiaçı aid olan hissədə ləğv edilsin. İddiaçı əvvəlki iş yerinə bərpa edilməsi və 6 dekabr 2023-cü il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova