Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1062/2021 08.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “12.08.1970-ci il təvəllüdlü X9, 01.01.1974-cü il təvəllüdlü X5, 22.12.1995-ci il təvəllüdlü X8, 07.12.1997-ci il təvəllüdlü X10 və 31.03.2002-ci il təvəllüdlü X6 iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 7/8 saylı evin 26 saylı mənzilindəki pasport qeydiyyatına xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ******* nömrəli, 26.03.2011-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakln dövlət reyestrindən Çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü mikrorayon, 7/8 saylı evin 26 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının razılıq ərizəsinə əsasən 12.08.1970-ci il təvəllüdlü X9, 01.01.1974-cü il təvəllüdlü X5, 07.12.1997-ci il təvəllüdlü X10 və 31.03.2002-ci il təvəllüdlü X11 iddiaçıya məxsus mənzilə pasport qeydiyyatına alınmışlar. 22.12.1995-ci il təvəllüdlü X8 21.08.2003-cü ildən həmin mənzilə pasport qeydiyyatına alınmış və artıq həmin şəxs də iddiaçıya məzsus mənzilə istifadə hüququnu itirmişdir. Həmin şəxslərin hal-hazırda mübahisəli mənzildə heç bir əmlakları yoxdur, lakin formal şəkildə iddiaçıya məxsus evdə qeydiyyatda qalmaları nəticəsində onun mənzil üzərindəki sahiblik və istifadə hüquqlarını tam olaraq həyata keçirməyə mane olur. İddiaçı həmin şəxslərin faktiki olaraq yaşadığı ünvanı bilmədiyindən onlardan özünə məxsus mənzildən qeydiyyatdan çıxmalarını tələb edə bilmir. İddiaçı bununla bağlı olaraq cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 02.04.2021-ci il tarixli, 123-11365H-3221 saylı məktubla müraciətin təmin edilməsindən imtina olunaraq inzibati məhkəmə icraat qaydasında bu məsələyə baxılmasının məqsədə müvafiq olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, hazırkı iddia tələbinə heç bir etirazının olmamasını və qərar qəbul olunacağı təqdirdə tərəfindən icra olunacağını bildirmişdir. Üçüncü şəxslərin qeydiyyat ünvanına - ünvan 1, lakin rabitə orqanı tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə zərf geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli 123-11365H- 3221 nömrəli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən verilmiş MA seriyalı ******* saylı, 26.03.2011-ci tarixli Çıxarışın surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 20.02.2021-ci il tarixli, 019-2081-1221 saylı məktubu, üçüncü şəxslər - X11, X9 və X7 mənzildən qeydiyyatdan çıxmağa razılıq verilməsinə dair notarial qaydada təsdiq olunmuş ərizələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 7/8, mənzil 26 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırki iddia tələbi üzrə 3-cü şəxslər - 12.08.1970-ci il təvəllüdlü X9, 01.01.1974-cü il təvəllüdlü X5, 22.12.1995-ci il təvəllüdlü X8, 07.12.1997-ci il təvəllüdlü X10 və 31.03.2002-ci il təvəllüdlü X11 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadırlar və mübahisəli mənzildə yaşamırlar. Belə ki, iddiaçının inzibati orqanda verdiyi razılıq ərizəsi əsasında 3cü şəxslərdən X8 iddiaçıya məxsus olan mənzilə 21.08.2003-cü il tarixdən, digərləri isə 22.08.2020-ci il tarixdən pasport qeydiyyatına düşmüşlər. Lakin 3-cü şəxslər notarial qaydada təsdiq olunmuş ərizələrində mənzildən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşlər. Beləliklə, məhkəmə hesab edir ki, X4, X1, X2, X7 və X6 Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 7/8 ünvanında yerləşən 26 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadıqları halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4, X1, X2, X7 və X6 İddiaçı məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 7/8 ünvanında yerləşən 26 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1062/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1062/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver