Məhkəmə qərarları › İş №2-1(118)-1064/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1064/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1064/2021 19.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “18.06.2020-ci il tarixli, **********933800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “18.06.2020-ci il tarixli, **********933800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı xəbəri olmadan ona əsassız əlavə vergi məbləği hesablamışdır. Daha sonra həmin borcla bağlı ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. O, da həmin borcdan məhz həmin iş zamanı xəbərdar olmuşdu. Əsassız hesablanmış vergi borcunun silinməsi ilə bağlı vergi orqanına müraciət etsə də, 08.04.2021-ci il tarixli **********783900 nömrəli Qərara əsasən inzibati şikayəti təmin edilməmişdir. Bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından cavabdeh vergi orqanına müraciət edərək, ona hesablanmış vergi məbləği ilə bağlı müvafiq qərarın - 18.06.2020-ci il tarixli **********933800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarın surətini (09.04.2021-ci il tarixdə) əldə etdi. Hesablanmış vergi borcu ilə bağlı bildirir ki, o, atası, anası və həyat yoldaşı yuxarıda göstərilən ünvanda yaşayır və birgə təsərrüfatla məşğul olurlar. Atası və o, uzun illər ərzində müxtəlif rəsmi və qeyri-rəsmi işlərdə işləmiş və ailənin maddi təminatını ödəmişdir. X1 1998-ci ildə pensiya təyin edilmiş, bu müddətdən bəri sözügedən pensiyanı almaqda davam edir. O pensiyasını xərcləmir, bütövlükdə kənara ataraq yığırdı. Anası öz pensiyasını ailəyə avtomobil almaq üçün yığırdı. 2020-ci ilin ilk aylarında Azərbaycan manatının növbəti devalvasiyası ilə əlaqədar şayiələr yayılmışdı. Buna görə onlar topladıqları 37.600 manat vəsait üzrə valyuta dəyişmə əməliyyatı həyata keçirmişlər. Qeyd edilən pul vəsaiti hər hansı sahibkarlıq və yaxud qeyrisahibkarlıq fəaliyyətindən olan gəlir deyildir. Üzərində valyuta dəyişmə əməliyyatı həyata keçirilən pul vəsaiti iddiaçının anasının hər ay kənara ataraq yığdığı pensiya vəsaiti idi. Cavabdeh vergi orqanı isə onun adına aparılmış valyuta əməliyyatlarını rəhbər tutaraq onu məcburi qaydada uçota almış, daha sonra isə 18.06.2020-ci il tarixli **********933800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərara əsasən 5243 manat məbləğində əlavə vergi məbləği hesablamışdır. Halbuki, vergi qanunvericiliyində bu qaydada və bu əsaslarla vergilərin hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, fərdi sahibkar İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra - Baş İdarə) tərəfindən 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə analoji qaydada 5243,00 vergi məbləği hesablanmışdır. Uçot-baza məlumatlarına əsasən vergi ödəyici 02.06.2020-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı və əsas fəaliyyət növünün “muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən iddiaçı tərəfindən 37450,00 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 22000,00 ABŞ dolları məbləğində xarici valyuta əldə edilməsi və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Xarici valyutanın konvertasiyası nəticəsində qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş 37450.0 manat gəlir məbləğinin sənədlərinin araşdırılmasına zərurət yaranmışdır. Konvertasiya edilmiş 37450.0 manat məbləğə 14 faiz tətbiq edilməklə Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 5243.0 manat gəlir vergisinin hesablanması nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi məsələsinin ətraflı araşdırılması məqsədi ilə iddiaçıya 01.04.2020-ci il tarixli **********897500 nömrəli məktub göndərilərək vergi orqanına dəvət edilmişdir. İddiaçı heç bir açıqlama vermədən vergi orqanına gəlməmiş və məktuba münasibət bildirməmişdir. Eyni zamanda yaranmış kənarlaşma ilə bağlı 04.06.2020-ci il tarixli **********637800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. İddiaçı tərəfindən konvertasiya əməliyyatı ilə bağlı heç bir məlumat təqdim etmədiyinə görə kameral vergi yoxlaması aparılaraq 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinə 5243,0 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 18 iyun 2020-ci il tarixli **********933800 nömrəli Qərarı göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur (Vergi Məcəlləsinin 13.2.4-cü maddəsi). Qanunla müəyyən edilmiş vergiləri ödəmək, gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, büdcəyə çatacaq vergiləri və digər icbari ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir (Vergi Məcəlləsinin 16-cı maddəsi). Fiziki şəxslər tərəfindən gəlirlər əldə edilənədək vergi orqanında uçota durmadıqda,vergi orqanı tərəfindən vergi ödəyicisi məcburi qaydada uçota alınır (Vergi Məcəlləsinin 33.3-cü və 33.5-ci maddələri). Vergi orqanları ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır (Vergi Məcəlləsinin 67.1-ci maddəsi). Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir (Vergi Məcəlləsinin 66-cı maddəsi). Həmçinin fərdi sahibkar İddiaçı şikayətində 2 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra - Baş İdarə) tərəfindən 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə hesablanmış 5 243,00 manat vergi məbləğinin azaldılmasını xahiş etmişdir. İnzibati şikayətin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə vergi ödəyicisinə 17.02.2021-ci il tarixli **********294900 nömrəli “Sənədlərin təqdim edilməsi barədə” məktub göndərilmiş, müraciətdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə, vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlər araşdırmaya tam təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə məktubların icra müddəti uzadılmışdır. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə bir nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləği ilə əlaqədar inzibati şikayəti təmin edilməməlidir. Belə ki, fərdi sahibkar şikayətində 11.03.2020-ci il tarixdə 11000 ABŞ dolları və 14.03.2020-ci il tarixdə 11000 ABŞ dolları məbləğində valyuta mübadiləsi əməliyyatı aparılmış pul vəsaitinin mənbəyinin özünün və ailə üzvlərinin rəsmi və qeyri-rəsmi muzdlu işlərin yerinə yetirilməsində əldə edilmiş gəlir, həmçinin anasının aldığı pensiya məbləğinin yığılması ilə əlaqələndirmiş, bununla əlaqədar olaraq bank hesablarından çıxarışları araşdırmaya təqdim edilmişdir. Fərdi sahibkar ilə müraciətdə qeyd olunan məsələnin birgə araşdırılması məqsədilə əlaqə saxlanılması mümkün olmamış, valyuta mübadiləsi əməliyyatı aparılmış pul vəsaitinin mənbəyini təsdiq edən sənədlər inzibati araşdırmaya təqdim edilməmiş, qeyd olunan hal 08.04.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Əlavə araşdırma zamanı əlaqəli məlumatlara əsasən fərdi sahibkarın rəsmi olaraq 05.07.2020-ci il tarixdə sonuncu əmək müqaviləsinin bağlanıldığı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) plastmas məmulatlar üzrə maşın operatoru vəzifəsində işlədiyi və aylıq əmək haqqının 280,00 manat olduğu, 03.08.2019-cu il tarixdən 14.09.2020-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) yardım xidməti üzrə operator vəzifəsində işlədiyi və aylıq əmək haqqının 270,00 manat olduğu müəyyən edilmişdir. Təqdim edilmiş bank hesablarının araşdırılması zamanı 01.01.2019-cu il tarixdən 29.02.2020-ci il tarixədək əmək haqqı fondunun 685,00 manat olduğu müəyyən edilmiş, anası X2 oğluna pul verməsi barədə təsdiqedici sənədlər araşdırmaya təqdim edilməmişdir. Belə ki, aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gə ir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddı yardım miras və s.) pensiya, digər gəlir) müəyyən edilmədiyini, sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyini, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlərin vəsaitin mənbəyini təsdiq etmədiyini, bununla da konvertasiya olunmuş vəsaitinin mənbəyi və onun vergiyə cəlb edilmiş gəlir olduğu sübuta yetirilmədiyini nəzərə alaraq şikayətin təmin edilməməsi məqsədəuyğundur. Beləliklə, müvafiq təsdiqedici sənədlərə əsasən əldə edilmiş gəlirlərin ABŞ dollarına konvertasiya edilmiş məbləğin mənbəyini təsdiq etmədiyini və əlavə gəlirlər müəyyən edilən hallar müəyyən edilmədiyi üçün fərdi sahibkarın 29.01.2021-ci il tarixli inzibati şikayəti təmin edilməməli və 2 saylı Ərazi Vergilər Baş idarəsinin 18.06.2020-ci il tarixli **********933800 nömrəli ‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********933800 saylı, 18 iyun 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı 2019-cu il üzrə gəlir vergisinə görə 5243 manat məbləğində vergi borcu hesablanmışdır. - İddiaçı 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə hesablanmış məbləğin azaldılmasına dair şikayəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********933800 saylı, 18 iyun 2020-ci il tarixli qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 iyun 2020-ci il tarixli, **********933800 saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı tərəfindən 37600 manat pul vəsaitinin ABŞ dollarına mübadilə edilməsi aşkar edildikdən sonra vergi orqanı tərəfindən bununla bağlı kameral vergi yoxlaması həyata keçirilmiş və yoxlamanın nəticəsi olaraq **********933800 saylı, 18 iyun 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərar qəbul edilməklə iddiaçıya 5243 manat gəlir vergisi hesablanmışdır. İddiaçı həmin hesablama ilə razılaşmadığından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət etmiş və sonuncunun 18 iyun 2020-ci il tarixli, **********933800 saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarda şikayətin təmin edilməməsinin əsası olaraq göstərilmişdir ki, aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras, satış və.s) pensiya, digər gəlir) müəyyən edilmədiyini, sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyini, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlərin təqdim edilmədiyini, bununlada konvertasiya olunmuş vəsaitin mənbəyi və onun vergiyə cəlb edilmiş gəliri olduğu sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının hesablamaya və inzibati şikayətin təmin edilməməsinə əsas olaraq gətirdiyi dəlillər əsassızdır və mübahisələndirilən inzibati aktın hər hansı hüquqi əsası mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. Sadalanan normaların qarşılıqlı təhlilindən aşağıdakı nəticələr əldə edilir: - Vergi ödəyicisi tərəfindən xarici valyuta ilə hər hansı malın təqdim edildiyi (işlərin görüldüyü, xidmətlərin göstərildiyi) günlə malın, işin və xidmətin dəyərinin ödənildiyi gün arasında hər hansı müsbət məzənnə fərqi vergi ödəyicisinin gəliri hesab edilir. - Vergi ödəyicisinin xarici valyutada debitor ve kreditor borclarının yarandığı (və ya ilin əvvəlinə olan) tarixlə ilin sonuna olan tarix arasında hər hansı müsbət məzənnə fərqi vergi ödəyicisinin gəliri hesab edilir. - Vergi ödəyicisinin kassa və ya bank hesabında xarici valyutada olan pul vəsaiti üzrə ilin əvvəlinə olan məzənnə ilə ilin sonuna olan məzənnə arasında yaranan müsbət fərq vergi ödəyicisinin gəliri hesab edilir. - Məzənnə fərqi Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanır. - Yuxarıda qeyd olunan müsbət məzənnə fərqi satışdankənar gəlir hesab edilməklə vergi ödəyicisinin seçdiyi vergi növünə uyğun olaraq vergiyə cəlb edilir. Göstərilənlərdən eyni zamanda aydın olur ki, valyuta dəyişmə əməliyyatı o halda vergitutulan əməliyyat hesab edilir ki, həmin əməliyyat nəticəsində müsbət məzənnə fərqi yaranmış olsun. Bu zaman əldə olunan gəlir sahibkarlıq fəaliyyətindən gəlir qismində vergi ödəyicisinin seçimindən asılı olaraq sadələşdirilmiş vergi, ƏDV və ya gəlir (mənfəət) vergisinə cəlb edilir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı 2020-ci ildə aparılıb və 2016-cı ilin sonlarından hal-hazıradək Azərbaycan manatının ABŞ dollarına münasibətdə məzənnə üzrə kəskin fərqi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatına əsasən 2015-ci il fevralın 21-nə qədər 1(bir) manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edilmiş və 34% ucuzlaşdırıldıqdan sonra 1 (bir) dollar 1,05 manata bərabər olmuşdur. X9 Heyəti tərəfindən 21 dekabr 2015-ci il tarixində manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul edilmişdir. 21 dekabr 2015-ci il tarixindən sonra 1(bir) ABŞ dolları 1,55 manata bərabər oldu. 2016-cı ilin dekabr ayından bu günün rəsmi məzənnəsi ilə 1 (bir) ABŞ dollar 1.700 manat təşkil edir. Göründüyü kimi 2020-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında dayanaqlığı təmin edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 2020-ci ildə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnə nisbətində kəskin fərq olmadığına görə iddiaçının pul vəsaitinin konvertasiyası əməliyyatından gəlir əldə etməsindən söhbət gedə bilməz. Məhkəmə eyni zamanda cavabdeh vergi orqanının konvertasiya edilmiş pul vəsaitinin mənbəyinin və ya əvvəllər vergiyə cəlb olunmuş olmasının iddiaçı tərəfindən sübuta yetirilə bilinməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir və İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə valyuta dəyişmə əməliyyatına məruz qalmış pul vəsaitinin iddiaçının qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri olduğunu və ya valyuta dəyişmə əməliyyatı nəticəsində gəlir əldə etdiyini sübut etməlidir. Lakin hazırkı iddia tələbi üzrə cavabdeh olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi iddiaçı tərəfindən 2019-cu ildə aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində gəlir əldə etməsi və ya həmin pul vəsaitinin iddiaçının qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin məhkəmə qeyd edir ki, hesablamaya əsas olmuş valyuta dəyişmə əməliyyatı 2020-ci ilin mart ayında həyata keçirildiyi halda, vergi orqanı mübahisələndirilən inzibati akta əsasən gəlir vergisi üzrə əlavə vergi məbləğini 2019-cu ilə hesablamış və bu uyğunsuzluğu məhkəmə baxışı zamanı əsaslandıra bilməmiş, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 18.06.2020-ci il tarixli, **********933800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul edilmiş 18.06.2020-ci il tarixli, **********933800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə Qərarı ləğv edillsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar