Məhkəmə qərarları › İş №2-1(118)-1066/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1066/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1066/2021 18.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, Abşeron rayonu, Müşfiqabad yeni qəsəbə, ev 24, mənzil 3-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı 10 may 1995-ci il tarixdən 12 iyun 2003-cü il tarixədək “Zəka L” kiçik müəssisəsində, 01 avqust 2003-cü il tarixdən 01 iyun 2005-ci il tarixədək "xxxx" MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 may 1995-ci il tarixdən etibarən 12 iyun 2003-cü il tarixinədək olan dövr üzrə “Zəka L” km-dəki və 01 avqust 2003-cü il tarixdən etibarən 01 iyun 2005-ci il tarixinədək olan dövr üzrə "xxxx" MMC-dəki əmək fəaliyyətinin iş stajına hesablanmasını və 29.01.2021-ci il tarixli komissiyanın 20 saylı qərarının etibarsız hesab edilərək ona əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 10 may 1995-ci il tarixdən 12 iyun 2003-cü il tarixədək “Zəka L” kiçik müəssisəsində, 01 avqust 2003-cü il tarixdən 01 iyun 2005-ci il tarixədək "xxxx" MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, onun 10.05.1995- 12.06.2003-cü illərdə "Zəka L" kiçik müəssisəsində, 01.08.2003-01.06.2005-ci illərdə "xxxx" MMC-də işləməsi faktının qarşılıqlı yoxlamaq mümkün olmadığına görə həmin müəssisələrdə işlədiyi müddəti sosial sığorta stajı kimi hesablamaq mümkün deyildir. Bununla bağlı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və bildirdi ki, Quba rayon Dövlət Arxivinin 04.03.2021-ci il tarixli 126 nömrəli arayışına əsasən İddiaçı işləməsini iddia etdiyi “Zəka L” kiçik müəssisəsinin, həmçinin "xxxx" MMC-nin 2003-2006-cı ilə dair aid əmr kitabları, əmək haqqı sənədləri aşkar edilməmişdir. Eyni zamanda Fondun müvafiq ərazi filialı tərəfindən mübahisələndirilən həmin müəssisələrdə işləmə faktının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. İddiaçının iddia etdiyi dövrün sosial sığorta stajına qəbul edilmədiyindən onun pensiya təyinatı üçün tələb olunan 25 il sosial sığorta stajı yaranmamış olur. İş materiallarına əlavə edilmiş: - iddiaçının adına açılmış 23.04.1974-cü il tarixli əmək kitabçasından görünür ki, o, 10.08.1995-12.06.2003-cü illərdə "xxxx" kiçik müəssisəsində, 01.08.2003-01.06.2005-ci illərdə "xxxx" MMC-də işləmişdir. - ƏƏSMN tabeliyində DSMF 2 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş 12.04.2021-ci il tarixli **********9 saylı məktubundan görünür ki, iddiaçının 10.08.1995- 12.06.2003-cü illərdə "xxxx" kiçik müəssisəsində, 01.08.2003-01.06.2005-ci illərdə "xxxx" MMC-də işləməsi faktını qarşılıqlı yoxlamaq mümkün olmadığına görə həmin müəssisələrdə işlədiyi müddəti siğorta stajı kimi hesablamaq mümkün olmamışdır. Ona görə də tələb olunan 25 il siğorta stajı olmadığına görə ona iddiaçıya əmək pensiyası təyin etmək mümkün olmamışdır. - ƏƏSMN tabeliyində DSMF 2 saylı Regional Ərazi filialı tərəfindən verilmiş 01.02.2021-ci il tarixli **********5 saylı məktubundan görünür ki, İddiaçı tələb olunan 25 il sosial siğorta stajı olmadığından pensiya təyin edən komissiyanın 29.01.2021-ci il tarixli 20 saylı qərarı ilə iddiaçının ərizəsi rədd edilmişdir. - X4 filialının 30.06.2021-ci il tarixli 635 saylı sorğuya cavab məktubundan görünür ki, "xxxx" kiçik müəssisəsinin heç bir il üçün sənədləri filiala təhvil verilməmişdir. "xxxx" MMCnin Quba sahəsinin 2002-ci ildən sonrakı dövrlər üçün sənədləri filiala təhvil verilməmişdir. Ona görə də sorğuda qeyd edilən İddiaçı həmin təşkilatlarda göstərilən müddətlərdə işləməsi faktını təsdiq etməyə imkanları yoxdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli **********992200 saylı cavab məktubundan görünür ki, 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan "xxxx" X5 Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 18.06.1993-cü il tarixdə 405 nömrəli Sərəncam ilə dövlət qeydiyyatına alınmış və 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 21.09.2004-cü il tarixdə ********** saylı VÖEN ilə uçota alınmışdır, fəaliyyəti aktivdir. "xxxx" MMC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı üzrə X7 tərəfindən 23.06.2003-cü il tarixdə 0403-Q1-403 saylı Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış və 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 15.03.2005-ci il tarixdə ********** saylı VÖEN ilə uçota alınmışdır, fəaliyyəti aktivdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını və iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normanın “Qeyd” hissəsində qeyd edilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarına 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş stajını təsdiq edən sənədləri; əlilliyə görə pensiya növü üzrə isə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğu) təsdiq edən müayinə aktından çıxarış və s. sənədlər təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-cı il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndinə əsasən əmək stajı iş. xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən ış stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının 1995-2003-cü illərdə “Zəka L” kiçik müəssisəsində, 2003-2005-ci illərdə "xxxx" MMC_də işləməsi əmək kitabçasında qeyd olunmasına baxmayaraq bunu təsdiq edən başqa heç bir sübut, o cümlədən işə qəbul edilməsi və ya azad edilməsi barədə əmrlər və ya əmək haqqı cədvəlləri aşkar edilməmişdir. Beləliklə, İddiaçı 25 il sosial sığorta stajına malik olması və bununla da yaşa görə əmək pensiyası almaq hüququnun yaranması sübuta yetirilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar