Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1067/2021 26.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə qarşı “X3 iddiaçıya məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsində yerləşən fərdi yaşayış evində olan qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsində yerləşən fərdi yaşayış evinə dair Qeydiyyat vəsiqəsi iddiaçının adınadır. X4 iddiaçının qardaşının qeyri-rəsmi münasibətdə yaşadığı qadındır. İddiaçı qardaşının xahişi ilə onu və azyaşlı övladları – 02.06.2018-ci il təvəllüdlü X7, X8 və 10.10.2016-cı il təvəllüdlü X5 müəyyən sənədləşmə işləri ilə bağlı müvəqqəti ona məxsus fərdi yaşayış evinə qeydiyyata alınmalarına icazə vermişdir. Mirbacı Aslanova qeydiyyata alınan zaman bildirdi ki, qısa müddətdə ona məxsus evdən qeydiyyatdan çıxacaqdır. İddiaçı da ona inanaraq qeydiyyata alınmasına icazə verdi. Mirbacı Aslanova iddiaçıya məxsus fərdi yaşayış evində ümumiyyətlə yaşamamışdır. Sadəcə formal olaraq qeydiyyatda qalmışdır. Artıq uzun illərdir ki, o, iddiaçıya məxsus evdə qeydiyyatdadır. Hazırkı vəziyyətdə onun iddiaçıya məxsus evdə qeydiyyatda qalması iddiaçının sərbəst surətdə istifadə edə bilməməsinə gətirib çıxarmışdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və 2(012)-3652/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməyə əsasən iddia tələbi təmin edilməmişdir. İddiaçı 03.12.2020-ci il tarixdə cavabdehə müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, iddiaçı məhkəməyə gəlməmiş, cavabdeh təşkilat isə məhkəmə iclasına nümayəndəsinin iştrakını təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxarması ilə razılaşdıqlarını bildirmişlər. X1 məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilmiş və ona pasport qeydiyyatında olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsində yerləşən fərdi yaşayış evinə məhkəmə bildirşi göndərilmiş, lakin o, məhkəmədə iştrak etməmişdir.Ona görədə məhkəmə iclasının üçüncü şəxsin iştrakı olmadan baxılmasını məhkəmə mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçı tərəfindən cavabdeh orqana ünvanlanmış məktub, ünvan 1 qətnaməsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, ünvan 1 qətnaməsi ilə qeyd olunmuşdur ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. X4 həmin mənzildən mülkiyyət hüquqununun elementlərindən biri olan istifadə hüququnu qazanmamışdır. Bundan başqa həmin qətnamənin ikinci vərəqində iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitekura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydiyyata alınıb və DİN-in MAPS şöbəsinin verdiyi ******* saylı arayışına əsasən X4 həmin fərdi yaşayış evində pasport qeydiyyatındadır. Beləliklə, məhkəmə hesab edir ki, X3 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsində yerləşən fərdi yaşayış evi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 İddiaçı məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsi Abşeron rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1067/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1067/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver