Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1068/2024 03.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsə qarşı “Sumqayıt Bələdiyyəsinin 22 iyun 2021-ci il tarixli 10 saylı iclasının 10 saylı qərarı əsasında Sumqayıt şəhərinin 76-cı məhəlləsi ərazisində Çerkassi küçəsində yerləşən sahəsi 27,06 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt ərazisində Çerkassi küçəsində yerləşən sahəsi 27,06 m2 olan torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir.Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə sənədləşdirilməsi nəzərdə tutulmuş qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 20 oktyabr 2019-cu il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir.Sumqayıt Bələdiyyəsi tərəfindən 22 iyun 2021 -ci il tarixli 10 saylı iclasının 10 saylı qərarı qəbul edilərək sözügedən torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması qərara alınmış və cavabdeh “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsə müraciət edilərək qeyd edilən bələdiyyə torpağının icarəyə verilməsi üçün həmin torpağın müsabiqəyə çıxarılması xahiş olunmuşdur. Lakin Sumqayıt Bələdiyyəsinin sözügedən müraciətinə cavabdeh “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasının 21 iyul 2023-cü il tarixli, **********10 saylı məktubla cavab verilərək yuxarıda qeyd edilən torpaq sahəsinin icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasının məqsədəuyğun sayılmadığını bildirilmişdir. Cavabdeh torpağın icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasından imtinanı onunla əsaslandırmağa çalışmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin 18 iyul 2023-cü il tarixli, ********** saylı məktubunda sahibkarlıq məqsədi ilə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 27,06 kvadrat metr torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş rəyinin müraciətə əlavə olunmadığı bildirilmişdir.Hesab edir ki, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini müsabiqəyə çıxarılmaqla icarəyə verilməsi barədə müraciətindən cavabdehin imtinası tamamilə əsassız və qanunaziddir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmış və iddiaçının Mərkəzə müraciət etmədən, Mərkəzin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadan məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi müəyyən edilmişdir.Hesab edir ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin Mərkəzə qarşı iddiası mümkün sayılmamalıdır.Həmçinin, qanunvericiliyinin tələblərinə uyğun olaraq bələdiyyə torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması məqsədi ilə hüquqmüəyyənedici sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsinə müraciət etməlidir. İddia ərizəsindən göründüyü kimi, Sumqayıt bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət etmiş, lakin ərazi şöbəsi Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin məktubuna istinad edərək qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlər toplusunda “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 1-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmamışdır.İddia ərizəsində qeyd edilən və bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə edilmiş müraciətə və ərazi şöbəsinin xx.xx.2023-cü il tarixli, **********10 saylı cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz.Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə əsasən Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.Eyni zamanda Mərkəz Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə müsabiqə və hərraclar təşkil edir.Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 21 iyul 2023-cü il tarixli, **********10 nömrəli imtina məktubu, etiraz ərizəsi, Sumqayıt şəhər Bələdiyyəsinin 22 iyun 2021-ci il tarixli, 10 saylı qərarının surəti, daşınmaz əmlaka dair **********13 reyestr nömrəli çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnun yaranması vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Hərracların Təşkili Mərkəzi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi Hərracların Təşkili Mərkəzinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlaklar ilə bağlı hərracların həyata keçeirilməsi Hərracların Təşkili Mərkəzinə aiddir. Belə olduğu tədqirdə Hərracların Təşkili Mərkəzinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Hərracların Təşkili Mərkəzinə müraciət etmiş və inzibati orqanın yerli komissiyasının 21 iyul 2023-cü il tarixli, **********10 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Bələdiyyəsi mülkiyyətində olan Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən 27.06 m2 daşınmaz əmlakı icarəyə verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin, cavabdeh orqan yerli ərazi komissiyasının 21 iyul 2023-cü il tarixli, **********10 nömrəli məktubu ilə onun xahişini təmin etməkdən imtina etmişdir. Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən 27.06 m2 daşınmaz əmlaka dair bütün hüquqmüəyyənedici sənədlər aidiyyəti orqanlar tərəfindən lazımi təsdiq olunmasına baxmayaraq iddiaçının müraciəti cavabdeh tərəfindən müsbət həll edilməmişdir.Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Cavabdeh təşkilat imtinanın əsası kimi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş rəyinin müraciətə əlavə olunmadığının bildirilməsidir. Cavabdehin etirazında göstərdiyi mövqeyə hazırkı qərarın mümkünlük hissəsində hüquqi qiymət verilmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən imtina qanunsuz olmuşdur.Belə ki, cavabdeh torpaq hərraclatının təşkili və keçirilməsi üzrə səlahiyyətli olan orqan kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan sui-istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır.“Hərracların Təşkili Mərkəzi” publik hüquqi və onun ərazi komissiyalarının fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır.Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə “Hərracların Təşkili Mərkəzi” publik hüquqi və onun ərazi komissiyaları dövlət və bələdiyyə mülkiyyətidə olan torpaqların mükiyyətə və icarəyə verilməsi üçün müsabiqə və hərracları təşkil etmək funksiyasını həyata keçirən bir qurumdur. Hazırkı, iddia tələbi üzrə cavabdeh təşkilatın tutduğu mövqe onun tərəfindən “İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə, yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki, “İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmçinin, cavabdehin Sumqayıt şəhərinin, Çerkassi küçəsində yerləşən sahəsi 27,06 kvadrat metr olan torpaq sahəsini icarəyə vermək üçün müsabiqəyə çıxarmaqdan imtinası da mahiyyəti üzrə qanuni və əsaslı deyildir. Belə ki, sözügedən torpaq sahəsi torpağın sənədləşməsi ilə bağlı bələdiyyəyə müraciət etmiş X3 faktiki istifadəsindədir və həmin torpaq sahəsində adı çəkilən şəxs tərəfindən qeyri-yaşayış obyekti inşa edilmişdir. Cavabdehin həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin verilməli olmasına dair dəlilinə münasibətdə bildirirlir ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hələ tikiləcək tikililər üçün öncədən rəyin-razılığın verilməsi tələb olunur. Məhkəməyə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, sənədləşməsi nəzərdə tutulmuş torpaq sahəsində avtoyuma sexi şəklində istifadə edilən qeyri-yaşayış obyekti artıq inşa edilərək fəaliyyət göstərməkdədir. Belə olan halda cavabdehin torpaq sahəsini icarəyə vermək üçün torpaq müsabiqəsinə çıxarmaqdan imtina üçün göstərdiyi torpağa dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin verilməli olmasına dair dəlili tamamilə əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi,bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır.Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları"nın 3-cü bəndinə əsasən bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir.Həmin Qaydaların 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzidir.Həmin Qaydaların 6cı bəndinə əsasən təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir. Beləliklə, Sumqayıt Bələdiyyəsinin Sumqayıt şəhərinin 76-cı məhəlləsi ərazisində Çerkassi küçəsində yerləşən sahəsi 27,06 m2 olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 22 iyun 2021-ci il tarixli 10 saylı iclasının 10 saylı qərarı əsasında Sumqayıt şəhərinin 76-cı məhəlləsi ərazisində Çerkassi küçəsində yerləşən sahəsi 27,06 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsə havalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1068/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1068/2024
03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver