Məhkəmə qərarları › İş №2-1(118)-1069/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1069/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1069/2021 21.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 1 saylı regional ərazi filialına qarşı “ailə başçısını itirdiyinə görə atasının pensiyasının ona təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdehin 12 mart 2021-ci il tarixli, **********5 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Buna əsas kimi Əmək pensiyaları haqqında qanuna görə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olduğu, iddiaçıya isə əlilliyin 18 yaşı tamam olduqdan sonra təyin edildiyi göstərilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 13 yaşında uşaq olarkən 1981-ci il yanvar ayının 6-da çox ağır vəziyyətdə 4-cü dərəcəli yanıq xəsarəti almışdır. Bununla əlaqədar 1 il iki ay xəstəxanalarda arxası üstə hərəkətsiz yataq xəstəsi olmuşdur. Həkimlər sağalmasını mümkünsüz hesab etdiyindən Semaşka xəstəxanasının uşaq yanğın şöbəsində 4 dəfə əməliyyat edilmişdir (həyati əhəmiyyətli). Özündən dəri alınmaq və köçürülməsi ilə onu həyata qaytarıblar. Bundan sonra düz bu vaxta qədər onda ağır travmalar, dartqılar qalmaqdadır, əvvəllər gənc olduğundan bunlara orqanizmi tab gətirirdi. Lakin, indi yaşa dolduğundan ağrıları da çoxalıb, əlil olduğundan valideynləri 1982-ci ilin ortalarında ona əlillik pensiyası düzəltdilər (3-cü qrup). O tam şəkildə 1983-cü ildən indiyənə kimi 3-cü qrup əlillik pensiyası alır. Bir sözlə uşaqlıqdan əlillik pensiyası alır. Bunların hamısı pensiya işində və əlillik vəsiqəsində uşaqlıqdan sözü yazılıb. İddiaçı həmişə valideynlərinin himayəsi və qayğısında yaşamışdır. Rəhmətə gedənə qədər də onların aldıqları məvacib və pensiya ilə bir yerdə yaşayır və dolanırdı. Atası özü 40 ilə yaxın müddət təhlükəli, yüksək gərginlikli elektrik enerjisində çalışıb. Oradan da pensiyaya çıxmışdır. Anası 2006-cı ildə, atası isə 2016-cı ildə rəhmətə gediblər. Rəhmətə gedəndən sonra onun demək olar ki, sosial vəziyyəti acınacaqlı duruma düşmüşdür. Çünki indiki halında fiziki gücü yoxdur. Aldığı 3-cü qrup 110 manat puldur. Onun qayğılarını, təlabatını ödəmir. Ancaq qaz, işıq puluna çatır. 4 baş külfətdirlər. Əvvəllər yenə cavan olduğuna görə birtəhər çətin olsa da idarələrdə, təşkilatlarda işləyirdi. Kənddə üzümçülük sovxozunda, sonrada köçkün düşəndən sonra yaşadığı yerə yaxın ixtisas kənd tikinti idarəsində işləmişdir. 19 il rəsmi stajı var. İndi artıq yaşla, travmalarla əlaqədar ağrıları çox olduğundan işləyə bilmir. Demək olar ki, taqətdən düşmüşdür. Sinirləri normal deyil, yanıqdan qalma travmalar onu incidir. Buna görə yaddaş və ürək problemləri var. Onun əlilliyi 18 yaşına qədər-uşaqlıqdan yaranıb. Bu rəsmi sənədlərdə də öz əksini tapır. Semaşka xəstəxanasının 1982-ci ildə vediyi tibbi arayış (Epiqriz) var. Bunun əsasında əlillik işinin içində və Binəqədi, Abşeron rayonlarının verdiyi əlillik vəsiqələrinin içində uşaqlıqdan sözü xüsusilə yazılıb. 08.02.2021 -ci ildə Abşeron rayonunun DSMF-na bununla əlaqədar ailə başçısını itirdiyinə görə atasının pensiyasının onun pensiyası ilə əvəzlənməsi barədə ərizə ilə müraciət etmişdir. Poçt vasitəsilə 03.04.2021-ci ildə ona gəlib çatan cavabında 1 saylı regional ərazi filialının direktor müavini Ramiz Gülməmmədov ona əlillik dərəcəsi 18 yaşdan sonra təyin olunduğuna görə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yoxdur- imtina cavab məktubunu yazmışdır. Bu nə dərəcədə qanunidir? Məgər onun əlillik işinin içində və əlillik vəsiqələrində uşaqlıqdan sözü elə-belə təsadüfdən yazılıb? Bunu o, hüquqlarının pozulması hesab edir. Hətta hər il tibbi komissiyadan 1987-ci ilə kimi keçmişdir. 1987-ci ildən sonra birdəfəlik (ömürlük) təyin edilmişdir. Bəlkə o tarixə istinad edib imtina qərarı verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsi ilə “18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil" övlad ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olünması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə görə “əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur”. Həmin qərarın 1.5-ci bəndinə əsasən “tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur”. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci 'bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxanda qeyd olunan qanunvericilik aktlarının əlaqəli təhlilindən göründüyü kimi, iddiaçıya yaşa görə müavinətin təyin edilməsi üçün onun səkkiz yaşınadək tərbiyə etdiyi uşağın əlil şəxs kimi sağlamlıq imkanlarının məhdudluqunun müəyyən edilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış mövcud olmalıdır. Lakin iddiaçı A.Abişovun iddia ərizəsindən göründüyü kimi ona 1987-ci ildən - on səkkiz yaşı tamam olduqdan sonra ömürlük əlillik müəyyən edilmişdir. Belə olan halda 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması istisna olunur. Bu səbəbdən də iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmadığından iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X4 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 08.05.2006-cı il tarixli, 093810 №li və 03.10.2019-cu il tarixli, 027737 №li Vəsiqələrə əsasən İddiaçı uşaqlıqdan 3-cü qrup əlil olduğu qeyd edilmişdir. AZ-İİ 074638 saylı Ölüm haqqında Şəhadətnaməyə əsasən X3 22.10.2016-cı il tarixdə vəfat etmişdir. SSRİ Səhiyyə Nazirliyi Bakı şəhər TTYX-nin Ambulator, Stasionar Xəstəsinin 20 yanvar 1982-ci il tarixli X1 əsasən İddiaçı ambulatoriya üzrə xəstələnmə vaxtı 06.01.1981ci il qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı 18 yaşına catatana qədər əlil olması ilə əlaqədar, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququndan istifadə etməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsi ilə “18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil" övlad ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İnzibati orqanın imtinasının əsasını iddiaçının on səkkiz yaşı tamam olduqdan sonra ömürlük əlillik müəyyən edilməsidir. Cavabdeh inzibati orqan iddiaya etirazında qeyd edir ki, iddiaçıya yaşa görə müavinətin təyin edilməsi üçün onun səkkiz yaşınadək tərbiyə etdiyi uşağın əlil şəxs kimi sağlamlıq imkanlarının məhdudluqunun müəyyən edilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış mövcud olmalıdır. Lakin iddiaçı A.Abişovun iddia ərizəsindən göründüyü kimi ona 1987-ci ildən - on səkkiz yaşı tamam olduqdan sonra ömürlük əlillik müəyyən edilmişdir. Belə olan halda 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması istisna olunur. Bu səbəbdən də iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmadığından iddia təmin edilməməlidir. İddiaçı isə qeyd edir ki o, 13 yaşında uşaq olarkən 1981-ci il yanvar ayının 6-da çox ağır vəziyyətdə 4-cü dərəcəli yanıq xəsarəti almışdır. Bununla əlaqədar 1 il iki ay xəstəxanalarda arxası üstə hərəkətsiz yataq xəstəsi olmuşdur. Həkimlər sağalmasını mümkünsüz hesab etdiyindən Semaşka xəstəxanasının uşaq yanğın şöbəsində 4 dəfə əməliyyat edilmişdir (həyati əhəmiyyətli). Özündən dəri alınmaq və köçürülməsi ilə onu həyata qaytarıblar. Əlil olduğundan valideynləri 1982-ci ilin ortalarında ona 3-cü qrup əlillik pensiyası düzəltmişlər. İş materilları ilə müəyyən olunur ki, İddiaçı ambulatoriya üzrə xəstələnmə vaxtı 06.01.1981-ci ildir. İddiaçının əlilliyinin səbəbi 06.01.1981-ci ildə 13 yaşında aldığı yanıq xəsarətidir. Hazırkı iş üzrə iddiaçının əlilliyinin 18 yaşından sonra müəyyən edilməsi halı cavabdeh orqan tərəfindən sübut edilməmişdir. Bununla bağlı məhkəmə tərəfindən müvafiq araşdırılma aparılmış və Məhkəmənin 27 iyul 2021-ci il tarixli sorğusuna Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cavab məktubunda bildirmişdir ki, İddiaçı barəsində “Əlillik Altsistemində” məlumat aşkar edilməmişdir. Əlillik Altsistemi 2015-ci il dən tətbiq edildiyindən, şəxsin əvvəlki illərdən (barəsində müraciət olunubsa) qeydə alınmış məlumatları sistemə işlənməmiş ola bilər. Sorğuda şəxsin barəsində yalnız adı, soyadı, ata adı (TSEK tərəfindən verilmiş hərhansı bir sənədin surəti əlavə edilmədiyindən) 2015-ci ildən əvvəl əlilliyin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin hazırda qüvvədə olan 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamədən əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin müddəalarına görə isə ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. İnzibati orqanların bu kateqoriya işlərlə bağlı təcrübəsini nəzərə alanda, iddiaçıya müddətsiz əlilik təyin edilməsindən əvvəl müəyyən dövrlər daxilində əlilliyin müəyyən edilməsi ilə bağlı dəlilini inzibati orqalarınnın qanunvericilikdən irəli gələn praktikası baxımından əsaslı hesab etmək olar. Məhkəmə hesab edir ki, iddiaçının əlilliyi ilə bağlı məlumatların tam olmaması inzibati orqanların məsuliyyətidir və mövcud məlumatlar İddiaçı yanıq xəsarəti aldığı tarixdən əlil olmasını və bu halın iddiaçının 18 yaşına çatana kimi müəyyən olunmasını istisna etmir. Məhkəmə hesab edir ki, iddiaçıya 18 yaşına çatana kimi əlilliyin müəyyən edilməməsi faktını sübut etmək cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə səbəb olan faktiki şərtlərin mövcudluğu sübut edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 1 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 1 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar