Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-107/2024 14.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı “qanunsuz hərəkətlər nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq, cəmi 36.010 (otuz altı min on) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq cəmi 30.000 (otuz min) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı Cavabdehnə qarşı “qanunsuz hərəkətlər nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq, cəmi 36.010 (otuz altı min on) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq cəmi 30.000 (otuz min) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Qusar rayon Avaran kənd Bələdiyyəsinin mülkiyyətində olan boş torpaq sahəsini almaq üçün Qusar rayon Avaran kənd Bələdiyyəsinə müraciət etmiş, bələdiyyə tərəfindən tərtib edilmiş sxem əsasında qeyd edilən yerə baxış keçirilmiş və müvafiq orqanların rəyi alındıqdan sonra onunla bələdiyyə arasında torpağın alqı-satqısına dair müqavilə bağlanmış, o, torpağın dəyərini ödəmiş və bələdiyyənin xx.xx.2007-ci il tarixli 32 saylı qərarı ilə 0.28 ha torpaq sahəsi ona rəsmi qaydada satılmışdır. O, rəsmi qaydada aldığı torpaq sahəsində abadlaşdırma işləri aparmış, orada ev tikmişdir. Qiymətləndirməyə əsasən o, bu tikinti işlərinə, torpaq sahəsində abadlaşdırma işlərinə, ümumilikdə, 34.890 manat vəsait xərcləmişdir. Lakin o, bu torpaq sahəsini aldıqdan və orada tikili inşa etdikdən sonra Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-l(85)-82/2018 saylı Qərarı ilə X1 Qusar rayon Avaran kənd Bələdiyyəsinə qarşı iddiası qismən təmin edilməklə bələdiyyənin xx.xx.2007ci il tarixli 32 saylı qərarı 0.25 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-l(105)- 480/2018 saylı Qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Qərarla razı olmadığı üçün bələdiyyə ondan kassasiya şikayəti vermiş və AR Ali Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli 2-l(102)-169/2019 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi İİK-nın qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, ona satılan və xərc qoyduğu torpaq sahəsi əslində X2 məxsusdur. O, qətnamə və qərarlar ilə razılaşmasa da, qərar qanuni qüvvəyə minmişdir. Qərar icra edilmiş va o, torpaq sahəsini, tikdiyi evi icra idarəsinin əməkdaşlarına təhvil vermək məcburiyyətində qalmışdır. Nəticədə məlum olmuşdur ki, torpaq sahəsi başqa adama məxsusdur. Bu isə ona maddi və mənəvi ziyanın dəyməsi deməkdir. Maddi ziyan yalnız torpaq sahəsinin abadlaşdırılmasına, evin tikintisinə çəkilən xərclər civarında deyil. On il çəkən, çox saylı məhkəmə proseslərində hüquqlarının qorunması üçün də xərclər çəkməli olmuşdur. Vəkil ilə müqavilələr bağlanmış (420 manat dəyərində), şikayət ərizələri göndərilmiş (46 manat), məhkəmə rüsumları ödəmiş (97 manat), notariat rüsumları ödəmiş (29 manat), qiymətləndirilmə üçün ödənilən məbləğ (350 manat), pandemiya zamanı Qusarda məhkəmə prosesində iştirak üçün taksiyə ödənilən yol xərci (90 manat), digər yol xərcləri (16 manat) və illər ərzində ödənilən torpaq vergisi (24 manat), kommunal ödəmələr (48 manat) mənə dəymiş maddi ziyanlar kimi qiymətləndirilməlidir. Bu məbləğ cəmi 1120 manat təşkil edir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı 0,28 ha torpaq sahəsi bələdiyyənin 05 noyabr 2007-ci il tarixli 32 nömrəli qərarı ilə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kəndaltı torpaq sahəsindən satılmışdır. Həmin torpaq sahəsi bütün sənədlərdə bələdiyyə eştiyat fonduna aid olan torpaq sahəsi kimi göstərilmişdir, yeni hər hansı bir şəxsə məxsus olan torpaq sahəsi olmamışdır, X2 məxsus 0,25 ha torpaq sahəsi isə başqa yerdədir, iddiaçının torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Lakin 10 (on) ildən sonra Səmədova Şəfiqə mübahisə predməti olan torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir ki, ötən 10 (on) il ərzində torpaq sahəsində tikinti, abadlaşdırma işləri olmuş, həmin müddətdə Ş.Səmədova torpaq sahəsinin ona məxsus olmasını mübahisələndirməmişdir. İddiaçı torpaq sahəsini alarkən həmin torpaq sahəsində tövlə olmuşdur ki, həmin tövləni Avaran kənd sakini olan İmran Səmədovun atası inşa etmişdir, lakin sonradan həmin torpaq sahəsini bəyənmədiyi üçün kəndin başqa yerindən torpaq sahəsi almışdır. Həmin tövlə isə uzun illər baxımsız qaldığından yararsız hala düşmüşdür. İddiaçı 0,28 ha torpaq satılarkən, həmin torpaq sahəsi yerində ölçülüb verilmişdir. Lakin Sumqayıt İnzibati İqtisad Məhkəməsinin 2-1(185)-85/2018 saylı, 30 aprel 2018-ci il tarixli qərarı ilə Qusar rayon Avaran Bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli 32 saylı qərannın X2 məxsus Qusar rayon Avaran kəndində yerləşən 0,25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi qərara alınmışdır. Sonradan həmin qərardan Apellyasiya və Kassasiya şikayətlər verilsə də, şikayətlər təmin olunmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-169/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərarı; Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2023-cü il tarixli məlumatı və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddiasının növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddianın mümkünlüyünü istisna edən şərt yoxdur. İddia mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı cavabdehin – Cavabdeh 32 saylı, 05 noyabr 2007-ci il tarixli qərarı ilə 0.28 ha torpaq sahəsinin ona ayrıldığını və həmin torpaq sahəsində ev tikdiyini bildirir. İddiaçı qeyd olunan bələdiyyə qərarının ləğv edilməsi, torpaq sahəsinin sonradan bələdiyyə tərəfindən məhkəmə qərarı əsasında əvvəlki mülkiyyətçisinə qaytarılması nəticəsində onun inşa etdiyi evin əlindən çıxmasına görə ona dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Hazırki işdə müəyyən edilir ki, Cavabdeh 32 saylı, 05 noyabr 2007-ci il tarixli qərarı ilə 0.28 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır və həmin torpaq sahəsinin müqabilində onun tərəfindən cavabdehin hesabına 352.00 manat pul ödənilmişdir. Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 2-1(85)-2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə, Qusar rayon Avaran bələdiyyəsinin 32 saylı, 05 noyabr 2007-ci il tarixli qərarının, X2 məxsus Qusar rayonu, Avaran kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-480/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 2-1(85)-2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-169/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-480/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi məhkəmə qərarı əsasında İddiaçı torpaq sahəsinin ayrılmasına dair Cavabdeh 32 saylı, 05 noyabr 2007-ci il tarixli qərarı ləğv edilmişdir. İddiaçı hal-hazırda məhkəmədən Cavabdeh 32 saylı, 05 noyabr 2007-ci il tarixli qərarı əsasında əvvəllər mlükiyyətində olan 0.28 ha torpaq sahəsinin üzərində inşa etdiyini iddia etdiyi evin istifadəsindən çıxması nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini istəyir. Lakin iddiaçı məhkəmə icraatı zamanı həmin yaşayış evinin onun tərəfindən, Cavabdeh 32 saylı, 05 noyabr 2007-ci il tarixli qərarı əsasında ona torpaq sahəsinin ayrılmasından sonra inşa etdiyini sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən qeyd olunan halın tam və hərtərəfli araşdırılması zərurəti yaranmışdır. Məhkəmə qeyd olunan yaşayış evinin İddiaçı tərəfindən, yəni Cavabdeh 32 saylı, 05 noyabr 2007-ci il tarixli qərar qəbul ediləndən sonra inşa edilməsi halının müəyyənləşdirilməsi üçün 2-1(118)-459/2023 saylı, xx.xx.2023-cü il tarixli ekspertiza qərardadı qəbul edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2023-cü il tarixli məlumatında qeyd edilmişdir ki, fərdi yaşayış evlərinin və digər daşınmaz əmlakların (tikililərin) nə zaman inşa edilməsinə dair Mərkəzdə tədqiqat aparılmadığı və hər hansı metodika olmadığı səbəbindən, sualların cavablandırlması mümkün olmamışdır. Beləliklə də məhkəmə araşdırması zamanı iddiaçının tərəfindən inşa edildiyini iddia etdiyi yaşayış evinin nə zaman inşa edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-169/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərarın təsviri və əsaslandırıcı hissələrində qeyd edilmişdir ki, İddiaçı məhkəmə icraatı zamanı aldığı torpaq sahəsində yerləşən evin X2 məxsus olmasını yanakı olsa da, inkar etməmiş, həmin tikilini qanunsuz inşa edilmiş tövlə kimi dəyərləşdirərək, əlavə tikililər aparmaqla, ondan ev kimi istifadə etdiyini bildirmişdir. Məhkəmə icraatı zamanı cavabdehin nümayəndəsi və üçüncü şəxs İddiaçı tövlə kimi qanunsuz inşa edilmiş çiy kərpicdən tikilmiş tikilinin X2 məxsus fərdi yaşayış evi olması və həmin evin 1998-ci ildən boş qalmaqla yararsız hala düşməsi müəyyən edilmiş, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin izahatlarında, qanunsuz inşa edilmiş tövlə kimi dəyərləndirdikləri tikili dedikdə, 32 saylı, 14 iyul 1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X1 mülkiyyətində olan fərdi yaşayış evi olması təsdiq olunmuşdur. Göründüyü kimi, iddiaçı hal-hazırda onun tərəfindən inşa edildiyini iddia etdiyi yaşayış evinə dair hər hansı sübut təqdim edə bilməməklə bərabər, yaşayış evinin onun tərəfindən inşa edilmədiyi yuxarıda qeyd olunan məhkəmə qərarları ilə də öz təsdiqini tapır. Məhkəmə eyni zamanda iddiaçının mənəvi zərər tələbi ilə bağlı hissəsinə münasibətdə bildirir ki, iddiaçıya cavabdeh tərəfindən maddi və mənəvi zərərin vurulması, yəni iddiaçıya məxsus əmlakın məhv edilməsi nəticəsində maddi zərərə düşməsi, o cümlədən əmlakından məhrum olması ilə bağlı mənəvi istirabların çəkməsi öz təsdiqini tapmamışdır. Belə olan halda isə hal-hazırkı iddia tələbinin əsasız olduğu bir daha təsdiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı “qanunsuz hərəkətlər nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq, cəmi 36.010 (otuz altı min on) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq cəmi 30.000 (otuz min) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdehnə qarşı “qanunsuz hərəkətlər nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq, cəmi 36.010 (otuz altı min on) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq cəmi 30.000 (otuz min) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva