Məhkəmə qərarları › İş №2-1(118)-1071/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1071/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1071/2024 22.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 saylı sərəncamı ilə mağaza binasının tikintisi üçün Qusar şəhəri ərazisindən Qusar-Köhnə Xudat yolunun Ş.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdə ona ayrılmış 30 m2 torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 saylı sərəncamı ilə mağaza binasının tikintisi üçün Qusar şəhəri ərazisindən Qusar-Köhnə Xudat yolunun Ş.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdən ona satılmış 30 m2 torpaq sahəsinə onun adına mülkiyyət sənədinin verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçnın nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il mağaza binasının tikintisi üçün ona Qusar şəhəri ərazisindən - Qusar - Köhnə Xudat yolunun Ş.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdən 30 kv.metr torpaq sahəsi satılmış, həmin torpaq sahəsinin dəyəri olan 60.000 manat (altmış min) manat məbləğində pul tərəfindən 14 sentyabr 1998-ci il tarixli, 2 nömrəli qəbzlə ödənilmişdir. Həmin torpaq sahəsinin plan sxemi hazırlanmaqla təsdiq edilmişdir. Qeyd olunan torpaq sahəsi Qusar rayonunda daimi fəaliyyət göstərən komissiyanın üzvlərinin iştirakı ilə yerində baxış keçirilməklə mağaza binasının tikintisi məqsədi ilə Qusar şəhərinin baş planına uyğun olaraq Qusar- K/Xudat yolu ilə Ş.Pİroğlanov küçəsinin kəsişdiyi yerdən 5,0 x 6,0 metr ölçülərində olmaqla cəmi 30,0 kv.metr torpaq sahəsi seçilmiş və ayrılması məqsədə uyğun hesab edilməklə bu barədə akt tərtib edilmiş və bütün komissiya üzvləri tərəfindən təsdiq edilmişdir. Qeyd olunan torpaq sahəsinin ona satılmasına dair bütün sənədlərin-surətləri Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialından ona verilmişdir.Ərizəyə əlavə olunmuş sənədlərdən də görünür ki, o qeyd olunan torpaq sahəsini həmin vaxt Qusar şəhəri ərazisində yerləşən torpaq sahələrinin satışını həyata keçirmək səlahiyyəti olan Qusar Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, həmin torpaq sahəsinin dəyərini ödəməklə qanuni əsaslarla almışdır. Həmin torpaq sahəsinin ona satılması üçün ayrılması Qusar şəhərinin baş planından çıxarışda və torpaq sahəsinin seçilməsinə dair daimi fəaliyyət göstərən komissiya tərəfindən tərtib edilmiş aktda da qeyd edilmişdir. Ona görə də 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə iləf müraciət edərək qeyd olunan 30.0 kv.metr torpaq sahəsinə onun adına mülkiyyət sənədinin verilməsini xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir. Lakin iddiaçıya verilmiş imtina məktubunda bildirmişdir ki, “sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə müraciət olunmuş 30 kv. metr torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 saylı sərəncamı ilə mağaza binasının tikintisi üçün ayrılmış 30 kv.metr torpaq sahəsinə icarə müqaviləsi təqdim edilməmişdir. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs X2 iddia tələbinə qarşı bildirmişdir ki, qeyd olunan torpaq sahəsi ilə bağlı onun mübahisəsi yoxdur və iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 23 may 2023-cü il tarixli, 3-21-3-34/2-A-0198-8/2023 nömrəli imtina məktubu, etirazı, Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 saylı sərəncamının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub, torpaq sahəsinin eskiz planının surəti, ödəniş qəbzinin surəti, torpaq sahəsinin verilməsinə dair Aktın surəti, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-200/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəldiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 23 may 2023-cü il tarixli, 3-21- 3-34/2-A-0198-8/2023 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qusar şəhəri ərazisindən Qusar-Köhnə Xudat yolunun Ş.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdə, sahibliyində olan 30 m2 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Belə ki, iddiaçı zəruri olan hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etməsinə baxmayaraq, onun müraciəti müsbət həll edilməmişdir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi arqument mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə müraciət olunmuş 30 m2 torpaq sahəsinə dair olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmaması, ərizəyə əlavə edilmiş Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 saylı sərəncamı ilə mağaza binasının tikintisi üçün ayrılmış 30 kv.metr torpaq sahəsinə icarə müqaviləsi təqdim edilməməsi olmuşdur. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassızdır.Belə ki, iddiaçıya hüquqi əsas verən daşınmaz əmlaka dair müvafiq təşkilatlar tərəfindən verilmiş rəsmi sənədlər əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq niyyətindədir. Belə olan halda məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. İş materiallarına əlavə edilmiş Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 saylı sərəncamından görünür ki, İddiaçı mağaza binasının tikintisi üçün Qusar şəhəri ərazisindən Qusar-Köhnə Xudat yolunun Ş.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdə iddiaçıya 30 m2 torpaq sahəsi ayrılmış və həmin dövrdə səlahiyyətli bütün müvafiq dövlət orqanları tərəfindən həmin torpaq sahəsinin ayrılmasının məqəsdəmüvafiq olduğu təsdiqlənmişdir. Cavabdehin imtinasında göstərdiyi Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 saylı sərəncamı ilə mağaza binasının tikintisi üçün ayrılmış 30 kv.metr torpaq sahəsinə icarə müqaviləsi təqdim edilməməsinə münasibətdə bildirilir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsinə deyil mülkiyyətinə ayrılmışdır. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir.Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui- istifadə qadağandır. Məhkəmə hesab edir ki, qeyd olunan arqumentləri əsas gətirərək, cavabdehin iddiaçının bütün tələblərə cavab verdiyi torpaq sahəsinə dair qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Nəzərə alınmalıdır ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Belə ki, hazırkı iddia tələbi üzrə iddiaçı olan tərəfindən torpaq sahəsi icra hakimiyyəti orqanlarının verdiyi qanuni tələblərə cavab verən razılığı əsasıda həyata keçirilib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Qusar Rayon İcra Hakimiyyəti başçısının 02 noyabr 1998-ci il tarixli, 166 saylı sərəncamı ilə mağaza binasının tikintisi üçün Qusar şəhəri ərazisindən Qusar-Köhnə Xudat yolunun Ş.Piroğlanov küçəsi ilə kəsişdiyi yerdə iddiaçıya ayrılmış 30 m2 torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar