Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1073/2021 01.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “cavabdehə ona məxsus Siyəzən rayonu ərazisində mövcud xüsusi torpağın üzərində tikinti aparılmasına qadağa qoyulması” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı “cavabdehə ona məxsus Siyəzən rayonu ərazisində mövcud xüsusi torpağın üzərində tikinti aparılmasına qadağa qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Siyəzən rayonu Zarat kəndi ərazisində, Xəzər dənizi sahilində yerləşən məqsədli təyinatı Ehtiyat Fondu torpağı olan xüsusi mülkiyyəti 1,2795 ha təşkil edir. “Çıxarış”ı 2016-cı ildə almışdır. Ona məxsus sahənin 0,618749 ha hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qərarı ilə yeni tikilməkdə olan yolun altına alınması nəzərdə tutulmuşdur. Bu məqsədlə onun adına “xxxx” ASC-nin Sumqayıt filialına kompensasiya hesablanaraq 18562 manat məbləğində pul köçürülmüşdür. Onunla heç bir rəsmi və qeyri rəsmi əlaqə və müakirələr aparılmadan həmin ilin mart ayında ilk dəfə olaraq alqı-satqı müqaviləsi bağlamaq məqsədi daşıyan görüş olmuşdur. O, göstərilən məbləğlə razılaşmayaraq və bir sıra qanuni tələblərə əməl olunmadığını nəzərə alaraq imza etməkdən imtina etmiş və pulu almamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-192/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-384/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarı ləğv edilmiş, işin yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən qərardadında mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı torpaq sahəsinin əlverişli ərazidə yerləşdiyini, hesablanmış kompensasiyanın yetərli olmadığını mübahisələndirir və istəyir ki, cavabdeh ilə kompensasiya məbləği razılaşana qədər mübahisəli ərazidə tikinti işləri dayandırılsın. İddiaçı, tərəflər öz arasında mübahisəni həll edənədək mübahisə predmetinin qorunmasını, başqa sözlə ilkin təcili tənzimlənməsini istəyir. Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərardadındakı mövqeyi nəzərə alınaraq iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona hüquqi yardım olunması üçün məhkəmə iclasına dəvət olunmuşdur. Məhkəmə iclasında ona izah olunmuşdur ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən, onun ərizəsi müstəqil iddia kimi məhkəmənin dəftərxanasında qeydiyyata alınmış və həmin ərizədəki texniki yanlışlıqlar aradan qaldırılmalıdır. Eyni zamanda ona izah edilmişdir ki, müvəqqəti xaraketrli müdafiə tədbiri iddia tələbinin təmininə yönəldiyindən, həmin ərizəyə baxılması üçün həmçinin məhkəmədə konkret iddia qaldırılması da tələb olunur. İddiaçı məhkəmə iclasında ona məxsus torpaq sahəsində artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintinin aparıldığını, tikintinin dayandırılmasının heç bir əhəmiyyətinin qalmadığını bildirdi və tələbinə olduğu kimi baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının tələbindən görünür ki, o kompensasiya məbləği ilə razılaşana qədər ona məxsus tikinti işlərinin dayandırılması niyyətində olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və iş məhkəmənin dəftəraxanasında müstəqil iddia kimi qeydiyyatdan keçmişdir. Daha sonra iş apellyasiya məhkəməsinin icraatında olarkən müəyyən olunmuşdur ki, iddiaçı, tərəflər öz arasında mübahisəni həll edənədək mübahisə predmetinin qorunmasını, başqa sözlə ilkin tənzimlənməsini istəyir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım olunmuş, ona ərizəsindəki texniki yanlışlıqların düzəldilməsi təklif olunmuş, eyni zamanda ona müvəqqəti xarakterli ərizə ilə yanaşı məhkəmədə müstəqil iddia da qaldırmalı olduğu da izah edilmişdir. Lakin iddiaçı məhkəmə iclasında izahatında artıq tikinti işlərinin aparıldığını və həmin tikinti işlərinin dayandırılması barədə qərardad çıxarılmasının heç bir əhəmiyyəti qalmadığını bildirmişdir. Ona görə də ərizəsinə olduğu kimi baxılmasını məhkəmədən xahiş etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı ona hüquqi yardım olunmasına baxmayaraq ona məxsus ərizədəki texniki yanlışlıqların aradan qaldırılması istiqamətində hər hansı tədbir görməmiş və izahatından göründüyü kimi ərizəsinin müvəqqəti xarakterli müdafiə tədbiri kimi qiymətləndirildiyi təqdirdə də hər hansı bir əhəmiyyətinin qalmadığını bildirmişdir. Beləliklə iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin forma və məzmununa riayət etməməklə yanaşı, həmin ərizə ilə təmin edilməli hüquq münasibətinin aradan qalxdığını, yəni artıq dayandırılmasını istədiyi tikintinin başa çatdırıldığını bildirmiş və eyni zamanda ərizəsinə müvəqqəti xarakterli müdafiə tədbiri qismində baxılması üçün müstəqil iddia ilə məhkəmədə iddia qaldırmamışdır. Məhkəmə qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri iddia tələbinin təmininə yönəlməklə, qəbul ediləcək qərarın icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılması məqsədilə tətbiq edilir. Beləliklə iddiaçı ərizəsinə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə kimi baxılması üçün məhkəməyə verdiyi ərizədəki texniki yanlışlıqları düzəltməməklə və həmin ərizəyə baxılmasının əhəmiyyəti qalmadığını bildirməklə ərizəsinə baxılması niyyətində olmadığını ifadə etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1073/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1073/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver