Məhkəmə qərarları › İş №2-1(118)-1074/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1074/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1074/2024 12.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Gasilov Shakhinin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində **********15 saylı reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış Siyəzən rayonu, Eynibulaq bələdiyyəsi ərazisində yerləşən 2,0416 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində cari dəyişikliyin edilməsi, döngə nöqtələrinin naturada tanıdılması və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15 saylı Çıxarışa əsasən Siyəzən rayonu, Eynibulaq Bələdiyyəsi ərazisində yerləşən 2,0416 ha torpaq sahəsinin, hüquqlarına toxunulan torpaq mülkiyyətçilərinin iştirakı ilə, ödənişsiz, mərzçəkmə işlərinin aparılması, döngə nöqtələrinin naturada tanıdılması və bu barədə müvafiq aktın və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1074/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X7, X2, X10, X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “daşınmaz əmlakın dövlət reyestrində **********15 saylı reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış Siyəzən rayonu, Eynibulaq bələdiyyəsi ərazisində yerləşən 2,0416 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində cari dəyişikliyin edilməsi, döngə nöqtələrinin naturada tanıdılması və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X5 2019-cu ildə alqı-satqı müqaviləsi əsasında Siyəzən rayonu Eynibulaq Bələdiyyəsi ərazisində kənd təsərrüfatı təyinatlı (əkinçilik) 2,0416 ha (2 hektar 4 sot ) torpaq sahəsi (əvvəlki Dövlət Aktı № JN- 0032 üzrə) əldə etmişdir. Bu hüquqların dövlət qeydiyyatı üçün müraciət edib, torpaq sahəsinin naturada tanıdılması, mərzçəkmə və texniki sənədlərin hazırlanması üçün xidmət haqqı və qeydiyyatın aparılması üçün dövlət rüsumu ödəmişdir. Lakin DƏDRXnin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən şöbəsinin əməkdaşları rəsmiləşdirmə zamanı bu torpaq sahəsi ilə bağlı heç bir problemin olmadığını, “respublikada torpaq sahələri üzrə dəqiqləşdirmə işlərinin getdiyin və hazırlanacaq yeni xəritə təsdiqləndikdən sonra həmin xidmətin ödənişsiz göstəriləcəyini” əsas gətirərək əraziyə getmədən texniki pasport tərtib edib və əmlakın dövlət qeydiyyatını aparıblar. Belə olduqda, Satıcı torpaq sahəsinin sağ (əvvəlki Dövlət Aktı JN -0031) və -sol (əvvəlki DA JN -0033 üzrə) qonşu torpaq sahələrinin mülkiyyətçilərinin iştirakı ilə satdığı torpaq sahəsini yerində/naturada hələ qüvvədə olan xəritə və texniki sənədlər, plan-ölçüləri əsasında iddiaçının oğluna təhvil verib. Həmin ildə əldə etdiyi torpaq sahəsi şumlanıb, əkilmişdir. Lakin, bir müddət keçdikdən sonra aldığı torpaq sahəsi ilə qonşu olmayan - əvvəlki JN-0034 №-li Dövlət Aktı üzrə torpaq sahəsinin sahibi X11 şumladıqları torpaq sahəsinin yeni xəritədə onun olduğunu bildirərək oranı növbəli mövsümdən istifadə etməməyini tələb etmişdir. Mübahisənin konfliktə çevrilməməsi üçün iddiaçı qərara gəlmişdir ki, yeni xəritə təsdiqləndikdən, sonra yeni koordinatların tanıdılması üçün mütəxəssis dəvət olunsun. O vaxta qədər isə iddiaçı məcbur olub DA № JN-0031 və DA № JN-0034 üzrə torpaq sahələri arasında qalan torpaq sahəsini DA № JN-0033 üzrə mülkiyyətçi Həsənov Məmmədəli və Vüqar Gülağa oğlu qardaşları ilə bölüşməli olmuş, yəni bir il iddiaçı, növbəti il isə onlar istifadə etmişdir. 2022-ci ilin aprel ayında iddiaçının oğlu adında olan torpaq sahələrini iddiaçının mülkiyyətinə vermişdir və hüquqi varislik davam edir. Bu dəfə də rəsmiləşdirmə zamanı 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən şöbəsinin əməkdaşları rüsum və xidmət haqqı tələb etmiş, lakin eyni səbəb göstərərək faktiki xidmət göstərməmişlər - torpaq sahəsinin koordinatlarını, hüdudlarını naturada tanıtmadan, mərzçəkmə işləri aparmadan yeni sənədləri hazırlamışlar. Bununla, qeyd olunan torpaq sahəsinə dair hüquqları növbəti dəfə tanınaraq dövlət qeydiyyatına alınmış, dövriyyədə olan xəritə əsasında planı və ölçüsü tərtib edilmiş və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli **********15 saylı Çıxarış və 29.04,2023-cü il tarixli A№742939 saylı Plan-ölçü təqdim edilmişdir (əlavə № 4-5). Bu müddətdən başlayaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinə, ƏMDK, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, DƏDRX, 2 saylı Sumqayıt Əİ, Siyəzən RİN, Siyəzən rayonu Eynibulaq Bələdiyyəsinə, Siyəzən rayonu Polis Şöbəsinə müraciətlər ünvanlasaq da pozitiv nəticə almamışlar, cavablar isə belə olub: ‘‘‘'səlahiyyətimizdə deyil, “məhkəməyə müraciət edin” və “....yerquruluşu ilə bağlı aparılan işlər başa çatdırıldıqdan sonra müraciətinizdə qeyd edilən döngə nöqtələrinin naturada tanıdılması ilə bağlı məsələyə qanunamüvafiq qaydada baxılacaqdır”(əlavələr №№ 8-13 ). Son dəfə, torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırlmasma nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında'' Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarrna uyğun olaraq yerquruluşu ilə bağlı işlərin başa çatdırıldığını və rəqəmsal xəritənin təsdiq edilərək müvafiq dövlət orqanlarına və bələdiyyələrə verildiyi barədə məlumat aldıqda yenidən cavabdehə müraciət etmiş və mülkiyyətində olan Siyəzən rayonu, Eynibulaq bələdiyyəsi ərazisində yerləşən Reyestr nömrəsi **********15 olan torpaq sahəsinin döngə nöqtələrinin naturada tanıdılması və rəqəmsal xəritəyə uyğun olaraq torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsini xahiş etmişdir. Bu dəfə isə əsassız olaraq cavabdeh tərəfindən imtina verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Gasilov Shakhin iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2-1(118)- 4527/2023 nömrəli sərəncamına əsasən (hakim - Leyla Mirzəyeva), İdarəyə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı Xızı rayonu, Eynibulaq kəndi ərazisində yerləşən 2.0416 ha torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində cari dəyişiklik edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, təqdim olunan ilkin hüquqmüəyyənedici sənədlər əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmçinin qeyd edirlər ki, göstərilən faktiki torpaq sahəsinə idarənin mütəxəssisi tərəfindən baxış keçirilən zaman həmin torpaq sahəsinin qonşu torpaqlar ilə üst-üstə düşdüyü və buna görə də, mübahisəli halın olduğu aşkar olunmuşdur. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud İnzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını xahiş edirlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə aiddir: cavabdeh orqanın iddiaçıya ünvanladığı 25 iyun 2023-cü il tarixli imtina məktubu; ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış; A№ 742939 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; 21 iyun 2023-cü il tarixli akt və digər sənədlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 25 iyun 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Siyəzən rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən 2.0416 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X3 məxsus olmuşdur. Daha sonra 22 aprel 2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən X1 torpaq sahəsini hazırki iş üzrə İddiaçı bağışlamışdır. Sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış və A№ 742939 saylı, xx.xx.2022-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Lakin sonradan torpaq sahəsinin faktiki koordinatlarına dair qonşu torpaq sahələri ilə mübahisə yarandığı üçün iddiaçı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin dəyişikliklər nəzərə alınaraq yenidən tərtib edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən 25 iyun 2023-cü il tarixli məktub ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən tərtib edilmiş 19 iyun 2023-cü il tarixli müayinə aktından müəyyən edilir ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 2.0416 ha, faktiki isə 2.04 hektardır; yeni uçot və xəritədə olan torpaq sahəsi qonşu torpaq sahələri ilə üst-üstə düşür və qonşular arasında mübahisə halı mövcuddur. Məhkəmə işin hərtərəfli araşdırmasını təmin etmək məqsədilə mütəxəssis rəyinin tərtib edilməsi üçün cavabdeh orqana sorğu ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: 1.xx.xx.2023-cü il tarixli, **********15 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən 2.0416 ha torpaq sahəsinin yerləşdiyi ərazidə Azərbaycan Respublikası Prezidentinin respublika ərazisində torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikası ərazisində torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmış və tərtib olunmuş rəqəmsal kadastr xəritələri əsasında vətəndaş X4 **********14 reyestr nömrəli yeni çıxarış və texniki pasport tərtib edilmişdir. 2.Yeni çıxarışların tərtib edilməsi 7 mart 2016-cı il tarixli, 818 nömrəli fərmana əsasən hazırlanmış kadastr uçotu informasiya sisteminə və təsdiq olunmuş rəqəmsal kadastr xəritəsinə əsasən ayrı-ayrılıqda naturada müəyyən edilərək icra olunur və mübahisəli hal olduqda “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 3.Ərazidə yeni müraciətlər Azərbaycan Respublikası Prezidentinin respublika ərazisində torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında 7 mart 2016-cı il 818 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikası ərazisində torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmış və tərtib olunmuş rəqəmsal kadastr xəritələri əsasında verilir.

4. Mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq sahələrinə dair yeni xəritələr əsasında tərtib edilmiş çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin surətləri qoşma faylda sizə göndərilir. Göründüyü kimi məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh orqan tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilib ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinə dair vətəndaş X4 yeni kadastr uçotu informasiya sisteminə və təsdiq olunmuş rəqəmsal kadastr xəritəsinə əsasən yeni çıxarış və texniki pasport; X6 isə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 25-ci maddəsinə əsasən: İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın ətrafda yerləşən torpaq sahələrinə münasibətdə yeni kadastr uçotu informasiya sisteminə və təsdiq olunmuş rəqəmsal kadastr xəritəsinə uyğun olaraq sənədlərin tərtib edilməsi və koordinatların müəyyən edilməsinə baxmayaraq, hazırki mübahisə predmeti olan torpaq sahəsinə dair dəyişikliklərin nəzərə alınaraq yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasından imtinası vətəndaşın bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, plan-ölçü əslində çıxarışın aid olduğu əmlakı fərdiləşdirməyə imkan verən texniki göstəriciləri özündə əks etdirir. Bu baxımdan da həmin sənədlər çıxarışın tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Hazırki mübahisə ilə bağlı məhkəmə araşdırması zamanı aydın olur ki, çıxarış əsasında İddiaçı məxsus olan 2.0416 ha torpaq sahəsinin koordinatları ilə inventar nömrəsi A№ 742939 saylı, xx.xx.2022-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən cizgilər arasında uyğunsuzluq mövcuddur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə görə “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinə əsasən: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.26. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.2.14. kadastr və mərzçəkmə işlərinə fiziki və hüquqi şəxsləri cəlb etmək və s. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 23-cü maddəsinə əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, daşınmaz əmlakın dövlət reyestrində **********15 saylı reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış ünvan 2i ərazisində yerləşən 2,0416 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində cari dəyişikliyin edilməsi, döngə nöqtələrinin naturada tanıdılması və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək İddiaçı təqdim edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində **********15 saylı reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış ünvan 2i ərazisində yerləşən 2,0416 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində cari dəyişikliyin edilməsi, döngə nöqtələrinin naturada tanıdılması və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək İddiaçı təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar