Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1078/2025 11.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X3 adına verilmiş **********11-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X1 2000-ci ildə vəfat etmiş ondan miras ev və torpaq sahəsi qalmışdır. Torpaq sahəsinə vərəsəlik açılmış, vərəsələr öz paylarını almışdır. Evdən düşən payını tələb etdikdə bildirdilər ki, evə vərəsəlik açılmamışdır. Ev icra nümayəndəsinin verdiyi arayışa əsasən bir başa qardaşı Elmarın adına qeydiyyata alınmışdır. İddiaçı həmin qeydiyyatın ləğv olunması və evin atasının adına qeydiyyata alınmasını cavabdehdən xahiş etmişdir. Lakİn Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 fevral 2024-cü il tarixli **********76 saylı imtina ilə rədd cavabı verilmişdir. Əsas da bu olmuşdur ki, ev artıq başa şəxsin adınadır. Həmin qeydiyyatı ləğv etmək səlahiyyətləri yoxdur.məhkəməyə müraciət olunmalıdır. Atası 2000-ci ildə vəfat etmişdir. Atası ölənə kimi ev atasının adında olmuşdur. Texniki pasportu tərtib olunmuşdur. Təsərrüfatbaşına kitablarda da atasının adına 0,12 ha həyətyanı torpaq sahəsi və orada 0,01 ha torpaqda tikilmiş tikilisi olması göstərilmişdir. Bu ev vərəsəlik açılmadan hansı qaydada Elmarın adına qeydiyyata alınıb bilinmir. Reyestrdə isə bir arayış göstərdilər ki,orada onun adına 0,09 ha torpaq sahəsi və üzərində tikili olması göstərilir, yazılmış arayışa əsasən atasına məxsus ev qardaşı Elmarın adına qeydiyyat alınmışdır. Bu tamamilə qanun pozuntusudur. Həmin evə dair atasının adına qeydiyyat aparılmalı və vərəsəlik açılmalı və ev bundan sonra vərəsələrin adına qeydiyyata alınmalı idi. Ona görə də Əmlak məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 fevral 2024-cü il tarixli **********76 saylı imtinası əsassız hesab olunmalı, əvvəllər atasına məxsus olmuş, lakin sonradan Elmarın adına qeydə alınmış evin qeydiyyatı ləğv olunmalı, atasının adına qeydə alınmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilərək mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı X3 adına verilmiş **********11-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı X3 adına verilmiş **********11-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə cavabdeh orqana müraciət etməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 adına qeydiyyat tarixi xx.xx.2023-cü il olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud olmuşdur. Həmin çıxarışdan görünür ki, fərdi yaşayış evi, həmçinin torpaq sahəsi ümum birgə mülkiyyət əsasında sonuncunun mülkiyyətinə verilmişdir. xx.xx.2024-cü il tarixli, reyetrdə 2V-35№ ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci ildə vəfat etmiş X2 vərəsələri kimi X5, İddiaçı və X7 göstərilmiş və onların hər birinin miras əmlakda payı 1/3 olaraq qeyd edilmişdir. Bundan sonra reyestr nömrəsi **********11-10301, qeydiyyat tarixi xx.xx.2024-cü il olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə X3 fərdi yaşayış evi və 4/9 hissədə torpaq sahəsinə payı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının ləğv edilməsini istədiyi çıxarışın verilməsinə əsas qanun üzrə vərəsəlik haqqında şəhadətnamə çıxış etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4№li qərarında qeyd edilmişdir:
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İstinad edilən Plenum qərarındakı hüquqi mövqedən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsası kimi inzibati akt çıxış edirsə, həmin inzibati akt inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Bu halda iddiaçıya izah olunsun ki, aidiyyəti üzrə səlahiyyətli ümumi (rayon (şəhər) məhkəməsi) məhkəməyə müraciət edə bilər. İddiaçının **********11-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsini tələb etdiyi halda isə (belə bir qeydin aparılması hər hansı inzibati akta əsaslanırsa) ilkin olaraq həmin tələb ilə cavabdeh orqana müraciət edə, cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aynur Axundova