Məhkəmə qərarları › İş №2-1(118)-108/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-108/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-108/2022 15.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Məmmədli kəndində yerləşən və faktiki istifadəsində olan torpaq sahəsinin 340.6 kv.m hissəsinə başqa şəxsin adına ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********0590 saylı plan-ölçü sənədinin ləğv edilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Abşeron rayonu, Məmmədli kəndində yerləşən və faktiki istifadəsində olan torpaq sahəsinin 340.6 kv.m hissəsinə başqa şəxsin adına ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********0590 saylı plan-ölçü sənədinin ləğv edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək Abşeron rayonu, Məmmədli kəndində yerləşən və faktiki istifadəsində olan torpaq sahəsinin 340.6 kv.m hissəsinə başqa şəxsin adına ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********0590 saylı plan-ölçü sənədinin ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçının Abşeron rayonu, Məmmədli kəndində və mülkiyyətində olan fərdi yaşayış evi vardır. Həmin evə mülkiyyət hüququnu təsdiq edən 12 iyun 1998-ci il tarixli, «19033»A reyestr nömrəli qeydiyyat vəsiqəsi də verilmişdir. İddiaçı 04 sentyabr 2020-ci il tarixli, «**********» saylı müraciətlə hal-hazırda istifadəsində olan və Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin əlavə artırmaları ilə daşınmaz əmlakın dövlət reyestrində yenidən qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 24 sentyabr 2020-ci il tarixli, «**********11» saylı cavab məktubu ilə imtina verilmişdir. İmtinaya əsas isə aşağıdakı kimi göstərilmişdir; «müayinə olunmuş ərazidə yerləşən torpaq sahəsinin 340.26 kv.m hissəsinin başqa şəxsin adına ləğv edilmiş DTXKnın Abşeron rayon Şöbəsi tərəfindən torpaq sahəsinə dair «**********0590» nömrəli Plan- Ölçü sənədi tərtib edilmişdir. Bu səbəbdən də ərizənizin icrası mümkün olmamışdır». Bundan sonra iddiaçıya məlum olmuşdur ki, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə başqa şəxsin adına plan-ölçü sənədi tərtib edilmişdir. Bunu öyrənəndən sonra yenidən 09.03.2021-ci il tarixdə faktiki istifadəsində olan torpaq sahəsinin 340.26 kv.m hissəsinə başqa şəxsin adına ləğv edilmiş DTXK-nın Abşeron rayon Şöbəsi tərəfindən işlənilmiş «**********0590» nömrəli plan-ölçü sənədinin ləğv edilməsi və yeni plan-ölçü sərjədinin tərtib edilməsini xahiş etmişdir. Cavabdehin 18.05.2021-ci il tarixli, «**********15» saylı cavab məktubu ilə yenidən yuxarıda göstərilən məzmunda imtina verilmişdir. İddiaçı qeyd edir ki, hal-hazırda faktiki istifadəsində (hasara alınmış) olan torpaq sahəsinin 340.26 kv.m hissəsinin başqa şəxsin adına ləğv edilmiş DTXK-nın Abşeron rayon Şöbəsi tərəfindən torpaq sahəsinə dair «**********0590» nömrəli plan-ölçü sənədinin tərtib edilməsi tamamilə əsassızdır, çünki həmin torpaq sahəsi istifadəsində olan torpaq sahəsi ilə qonşuluqda deyil, tamamilə başqa bir sahədir, yəni uzaq bir məsafədə yerləşir. Belə olan halda da göstərilən plan-ölçü sənədinin işlənməsi əsassızdır və texniki səhv ola bilər. Əgər torpaq sahəsi qonşuluqda yerləşmiş olsaydı sürüşməni nəzərə alıb razılaşmaq olardı, lakin yuxarıda da qeyd etdiyi kimi qonşuluqda deyil, tamamilə uzaq bir məsafədədir. Aldığı məlumata görə həmin başqa şəxs, X5 adında bir şəxsdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş imtina cavabının heçbir hüquqi əsası yoxdur. Çünki, yuxarıda da qeyd etdiyi kimi həmin başqa şəxsə məxsus olan torpaq sahəsi istifadəsində plan torpaq sahəsindən xeyli uzaq məsafədədir, bu səbəbdən də həmin şəxsin adına istifadəsində olan torpaq sahəsinə plan-ölçü verilməsi mümkün deyildir. Ona görə də hesab edir ki, tələbi qanuni və əsaslı olduğundan məhkəmə qaydasında təmin olunmalı və faktiki istifadəsində (hasara alınmış) olan torpaq sahəsinin 340.26 kv.m hissəsinin başqa şəxsin adına ləğv edilmiş DTXK-nın Abşeron rayon Şöbəsi tərəfindən torpaq sahəsinə dair **********0590 nömrəli plan-ölçü sənədinin ləğv edilməsi və torpaq şahəsinə yeni plan-ölçü sənədinin işlənməsi bir vəzifə kimi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 04 sentyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə dair Abşeron rayon X2 və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 19033A reyestr və 217 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinə daha sonra əlavə olaraq 137,6 kv.m tikili (zal, dəhliz, mətbəx və holl) inşa edilmişdir. Bundan başqa, kadastr baza məlumatlarına əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, konfiqurasiyasının dəyişdirildiyi aşkar edilmişdir. Müayinə olunmuş ərazidə yerləşən torpaq sahəsinin 340.26 kv.m hissəsinin başqa şəxsin adına ləğv edilmiş DTXK-nm Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********0590 nömrəli torpaq sahəsinin plan-ölçünün tərtib edildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlakf digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindər qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövləi reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iradəsi faktiki istifadəsində olan torpaq sahəsinə plan-ölçü sənədinin işlənib hazırlanmasına yönəlmişdir, bunun üçündə ilkin olaraq digər şəxsin adına olan plan-ölçü sənədi ləğv edilməlidir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həmdə əsaslıdır. Beləki İddiaçının Abşeron rayonu, Məmmədli kəndində və mülkiyyətində olan fərdi yaşayış evi vardır. Həmin evə mülkiyyət hüququnu təsdiq edən «19033»A reyestr nömrəli qeydiyyat vəsiqəsi də verilmişdir. İddiaçı 04 sentyabr 2020-ci il tarixli, «**********» saylı müraciətlə hal-hazırda istifadəsində olan və Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin əlavə artırmaları ilə daşınmaz əmlakın dövlət reyestrində yenidən qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 24 sentyabr 2020-ci il tarixli, «**********11» saylı cavab məktubu ilə imtina verilmişdir. İmtinaya əsas kimi müayinə olunmuş ərazidə yerləşən torpaq sahəsinin 340.26 kv.m hissəsinin başqa şəxsin adına ləğv edilmiş DTXK-nın Abşeron rayon Şöbəsi tərəfindən torpaq sahəsinə dair «**********0590» nömrəli plan-ölçü sənədinin tərtib edilməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının Abşeron rayonu, Məmmədli kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evi vardır. Həmin evə mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayon X2 və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 19033A reyestr və 217 inventar nömrəli qeydiyyat vəsiqəsindən göründüyü kimi ünvan 1i ünvanında yerləşən əsas sahəsi 24.0 kv.m, köməkçi sahəsi 20.4 kv.m olan yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon 1 saylı Notariat Kontorunun reyestri 2B/42 saylı, 02 iyun 1998-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydə alınmışdır. Həmin yaşayış evinə dair Abşeron rayon X2 və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 19033A reyestr və 217 inventar nömrəli texniki pasport da mövcuddur. Eyni zamanda müvafiq texniki pasportda olduğu üçün iddiaçının mövcud qanunvericiliyə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranır. İnzibati orqan isə qeyd edir ki, müayinə olunmuş ərazidə yerləşən torpaq sahəsinin 340.26 kv.m hissəsinin başqa şəxsin adına ləğv edilmiş DTXK-nm Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********0590 nömrəli torpaq sahəsinin plan-ölçünün tərtib edildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı inzibati orqanın verdiyi məlumatlar əsasında müəyyən edilmişdir ki, iddiaçıya mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 340.26 kv.m hissəsinin X4 adına ləğv edilmiş DTXK-nm Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********0590 nömrəli torpaq sahəsinin plan-ölçünün tərtib edilmişdir. X4 məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmişdir. Lakin cavabdeh inzibati orqan X1 olması həmin şəxsin adına plan ölçü sənədinin nəyin əsasında verilməsini izah edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Bu isə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün X4 adına qeydə alınmış plan-ölçü sənədinin ləğv edilməsini tələb etməsinin əsaslı olduğunu göstərir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Cavabdeh inzibati orqan iddiaçının istifadəsində olan və mülkiyyət hüququ yaranan torpaq sahəsi üzərində hüquqi əsasını göstərə bilmədiyi qeydiyyat apararaq, onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu, Məmmədli kəndində yerləşən və İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 340.6 kv.m hissəsinə X4 adına ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********0590 saylı plan-ölçü sənədi ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Məmmədli kəndində yerləşən və İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 340.6 kv.m hissəsinə X4 adına ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş **********0590 saylı plan-ölçü sənədi ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar