Məhkəmə qərarları › İş №2-1(118)-1082/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1082/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1082/2020 07.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, İbrahimov Vüsal Eldar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “(055) 320-15-77” saylı qeydiyyatsız mobil nömrənin istifadəçisinin müəyyən edilməsi və fəaliyyətinə xitam verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq,məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “(055) 320-15-77” saylı qeydiyyatsız mobil nömrənin istifadəçisinin müəyyən edilməsi və fəaliyyətinə xitam verilməsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildən şəhərdaxili, indi isə whatssap proqramı ilə (055 *** ** ** nömrəsi ilə işlədilən whatssap proqramından), naməlum şəxs, eyni məzmunlu ifadələr işlədərək onun və ailəsinin ünvanına təhqir və kobud sözlər işlədərəkşərəf və ləyaqətini təhqir edir. Bu səbəbdən hər dəfə nömrələrini dəyşsə də heç bir faydası olmur. Təzə nömrəsini tapıb eyni xususatlar üzrə hərəkət edir. Bu barədə 102 xidmətinə məlumat versə də, qeyd edilən nömrənin qeydiyyatsiz olduğu, həmçinin telefonla narahat etməyə görə məsuliyyətin olmadığını əsas gətirərək müraciəti nəticəsiz qalmışdır.Şərəf və ləyaqətini təhqir edən bu naməlum şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmadığına görə onun müvafiq məsuliyyətə cəlb olunması da mümkün olmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz Rayon Polis şöbəsinin xx.xx.2019-cu il tarixli və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2019-cu il tarixli məktublarından görünür ki, məsələ ilə bağlı müraciətə baxılmasının mümkünsüz olduğu və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.Yuxarıda göstərilənlərə əsasən məhkəmədən “(055) 320-15-77” saylı qeydiyyatsız mobil nömrənin istifadəçisinin müəyyən edilməsi və fəaliyyətinə xitam verilməsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllə bir tərəfdən inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında yaranmış inzibati mübahisələrə baxılması və həll edilməsinin prosessual qaydalarını müəyyən edir, digər tərəfdən isə şəxsin bu sahədə hüquqi müdafiəsinin inzibati məhkəmə prosesi formasında təmin olunmasını nəzərdə tutur. İnzibati münasibətlərbaşqa sözlə publik hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünü idarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq müvafıq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti verilmiş subyekt-inzibati orqan iştirak edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.. Qanunun tələbinə görə inzibati məhkəmələr Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliyin icrası haqqında, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair, müəyyən etmə və ya tanınma haqqında, qanunauyğunluq haqqında, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiya və bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına baxırlar. Məhkəmə qeyd edir ki, hazırki iddia üzrə mübahisə “(055) 320-15-77” saylı qeydiyyatsız mobil nömrənin istifadəçisinin müəyyən edilməsi və fəaliyyətinə xitam verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiacının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır. Həmin Qanunun 32.1.5-ci maddəsinə əsasən operator və abunəçi arasında bağlanmış müvafiq müqavilədə müəyyən edilən istifadə qaydalarına riayət etməyən abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsini dayandırmaq operaorların hüququdur. Yuxarıda sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır Eyni zamanda iddiaçıya, hazırkı mübahisəinin həlli ilə bağlı ilk növbədə “xxxx” MMC-yə müraciət etmək, iddiaçının tələbi həmin MMC tərəfindən təmin olunmadığı tədqirdə aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “(055) 320-15-77” saylı qeydiyyatsız mobil nömrənin istifadəçisinin müəyyən edilməsi və fəaliyyətinə xitam verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar