Məhkəmə qərarları › İş №2-1(118)-1083/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1083/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1083/2022 27.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 (ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X3 (Azərbaycan Respublikası Təhsil Nazirliyi Hüquq şöbəsinin hüquqi təhlil və ekspertiza sektorunda baş məsləhətçi işləyən, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi 564 saylı evdə yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 18.12.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsinin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi və qiymət sənədi və diplomun həqiqiliyi haqqında xarici ölkədə istifadəsi ilə əlaqədar müvafiq apostil üçün müvafiq arayışın möhürlə təsdiq edilmiş vəziyyətdə veriməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması və poçt göndərişinə ödənilmiş 0,57 manat pulun cavabdehdən xeyrinə tutulması tələbinə dair iddiası üzrə işə ünvan 2 ünvanında Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18.12.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsinin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi və müvafiq sənədin möhürlə təsdiq edilmiş vəziyyətdə veriməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması və poçt göndərişinə ödənilmiş 0,57 manat pulun cavabdehdən xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 18.12.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsinin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi və qiymət sənədi və diplomun həqiqiliyi haqqında xarici ölkədə istifadəsi ilə əlaqədar müvafiq apostil üçün müvafiq arayışın möhürlə təsdiq edilmiş vəziyyətdə veriməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması və poçt göndərişinə ödənilmiş 0,57 manat pulun cavabdehdən xeyrinə tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 dekabr 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş diplomuna və qiymət sənədinə xaricdə istifadə üçün müvafiq apostil sənədlərinin verilməsini xahiş etmişdir. Həmin ərizə Təhsil Nazirliyinə 23.12.2021-ci il tarixdə çatdırılmışdır. Lakin hazıradək onun ərizəsinə cavab verilməmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının müvafiq ərizəsi Təhsil Nazirliyində 23.12.2021-ci il tarixdə Q-18102 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı müraciəti ilə bağlı araşdırma aparılmış və 23 iş günü müddətində Azərbaycan Beynəlxalq Universitetini bitirdiyinə dair ətraflı arayış tərtib olunmuşdur. Bununla da cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etmişdir. İddiaçıya mobil telefon vasitəsi ilə dəfələrlə zəng edilməsinə baxmayaraq əlaqə saxlaya bilməmişlər və anlaşılmazlıq ucbatından o, gəlib arayışı götürməmişdir. Ümumi qəbul edilmiş qaydalara görə məktublardan fərqli olaraq arayışlar poçt vasitəsi ilə göndərilmir, vətəndaşlar özləri gəlib arayışı götürürlər. Cavabdehin nümayəndəsi diplomla bağlı müvafiq arayışı məhkəməyə təqdim edərək iddia tələbini təmin olunmuş hesab edilməsini məhkəmədən xahiş etdi. Lakin iddiaçının nümayəndəsi iddiaçının cavabdehə qiymət sənədi və diplomla bağlı müraciət etdiyini və cavabdeh tərəfin təqdim etdiyi arayışın onun müreaciətini tam əhatə etdiyini bildirərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Bundan başqa iddiaçının nümayəndəsi izah etdi ki, cavabdehin nümayəndəsinin guya onunla telefon əlaqəsi saxlamağa çalışması barədə dəlilləri həqiqətə uyğun deyildir. Əksinə o, dəfələrlə Watsapp vasitəsi ilə dəfələrlə cavabdehə SMS-lər yazıb ərizənin nəticəsi barədə məlumat almağa çalımış, 25.01.2022-ci il tarixdə müraciətinin hələ araşdırldığını, icra müddətinin bitmədiyi bildirilmişdir. İş materiallarında olan : -Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B № 058584 seriyalı diplomun surətindən görünür ki, İddiaçı həmin universitetin “İbtidai təsilin pedaqoqikası və metodikası” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi almışdır. -18.12.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı apostil sənədinin alıması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. - poçt göndərişlərinin izlənməsi barədə çıxarışdan görünür ki, ərizə 23.12.2021ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə çatdırılmışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin vətəndaş müraciətinə cavabın qeydiyyat vərəqindən elektron çıxarışdan görünür ki, Nümayəndə1 tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış ərizə 23.12.2021-ci ildə nazirliyə daxil olmuş, 28.01.2022-ci ildə arayış elektron imza ilə imzalanmışdır. -vətəndaş müraciətinə cavabın qeydiyyat vətrəqəsindən görünür ki, İddiaçı Elnxan qızının ərizəsi Təhsil Nazilriyinə 23.12.2021-ci il tarixdə daxil olmuş, cavab Q- 18102/11-24 qeydiyyat nömrəsi ilə 28.01.2022-ci il tarixdə qeydə alınmışdır. Sənədin “göndərilməsi üsulu” və “göndərilmə tarixi” qrafaları boş saxlanılmışdır. -Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.01.2022-ci il tarixli Q- 18102/11-24 saylı arayışından görünür ki, “Tələbə-məzun” dövlət elektron məlumat sistemindəki məlumata və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin arxiv sənədlərinə əsasən tərtib edilmişdir. İddiaçı həqiqətən 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə (qiyabi təhsilalma forması) qəbul olmuş, 2006-cı ildə ABUnu eyni adlı ixtisas üzrə bitirmişdir. Dövlət Attestasiya Komissiyasının 30.06.2006-cı il tarixli qərarı ilə İddiaçı bakalavr dərəcəsi və B seriyalı № 058584 nömrəli dövlət nümunəli diplom verilmişdir. Mövcud qanunvericiliyə əsasən ali təhsil müəssisəsi tərəfindən verilmiş təhsil haqqında dövlət nümunəli sənəd (diplom) diplomun verilməsinə məsul olan şəxslər (rektor, dövlət attestasiya komissiyasının sədri) tərəfindən imzalanır. Fəaliyyəti dövründə (1997-2010) bu qeyri-dövlət ali təhsil müəssisəsinin rektoru vəzifəsini X5 icra etmişdir. "X1 sədrinin təsdiqi haqqında” Təhsil Nazirliyinin əmri ilə 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri kimi X2 təyin olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 18.12.2021-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş diplomuna və qiymət sənədinə xaricdə istifadə üçün müvafiq apostil sənədlərinin verilməsini xahiş etmişdir. Həmin ərizə cavabdeh orqana 23.12.2021-ci il tarixdə qəbul edilmiş, lakin qanunla müəyyən edilmiş müddət ərzində ərizəsinə cavab verilməmişdir. Odur ki, iddiaçı 08.02.2022-ci il tarixdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi iddiaçının 18.12.2021-ci il tarixli ərizəsinə cavab olaraq hazırladığı 28.01.2022-ci il tarixli arayışı 25.05.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinə təqdim edərək, sənədin həmin tarixdən hazır olduğunu, lakin poçt vasitəsi ilə göndərilmədiyini, iddiaçının və ya nümayəndəsinin gedib arayışı nazirlikdən şəxsən götürməli olduğunu izah etmişdir. İddiaçı tələbində onun ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi və tələb etdiyi sənədləri, yəni diplomu və qiymət sənədi barədə arayışın apostil olunması üçün təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və cavabdehdən poçt xərcinin tutulmasını tələb edir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının müraciətinə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada cavab verilməsi öz təsdiqini tapmadı. Cavabdeh bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Göstərilən Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Qanunun 10.2-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır (10.3). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüququ şəxslərdə və büdcə təşkilatlarında kargüzarlıöın aparılmasına dair Təlimat” :

1. Bu Təlimat dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılması işini, o cümlədən sənədlərin hazırlanmasını, qeydiyyatını, hərəkətini, icrasını, uçotunu və arxivə verilməsini tənzimləyir.

76. Vətəndaşların xahişi ilə verilən arayışlar ümumi blanklarda və ya trafaret mətnli blanklarda tərtib olunur, təşkilatın rəhbəri tərəfindən imzalanaraq təsdiq edilir və müvafiq kitabda qeydə alınır.

97. İmzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə verilir.

98. Göndərilən korrespondensiyanın işlənməsinə onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi və elə həmin gün rabitə xidmətinə verilməsi daxildir. Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Mühüm zərurət olmadan sənədlər sifarişli məktubla göndərilmir.

128. Sənəd ancaq orada qaldırılan məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətcə cavab verildikdə icra edilmiş sayılır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən vətəndaşın müraciətinə cavabın qeydiyyat vərəqindən görünür ki, sənədin (arayışın) 28.01.2022-ci il tarixdə tərtib olunmaqka hazır olsa da, sənədin göndərilməüsulu və tarixi qrafaları boş qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçının müraciətinə cavab verilmədiyindən, yəni hazırlanmış arayışın ona təqdim edilməməsindən həmin müraciət icra edilmiş sayıla bilməzdi. Yuxarıda qeyd edilən Təlimatdan da görünür ki, kargüzarlıın aparılması qaydalarında arayışın poçt vasitəsi ilə göndərilməsinə dair hər hansı məhdudiyyətlər və ya arayışın mütləq qaydada iddiaçı tərəfindən götürülməli olmasına dair hər hansı morma mövcud deyildir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən arayış iddiaçının müraicətini tam əhatə etmədiyindən iddia tələbi təmin edilmiş kimi qəbul edilmir. Belə ki, iddiaçı müraciətində diplomu və qiymət sənədində imzaların həqiqiliyini təsdiq edən sənəd istəməsinə baxmayaraq cavabdeh tərəfindən təqdim edilən arayışda yalnız diplom barədə yazılmışdır. Azərbaycan Respublikası İnzibati Prosdessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Göstərilən Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməli, cavabdeh vergi orqanı tərəfindən iddiaçının 18.12.2021-ci il tarixli müraciətinə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsi qanunpozuntusu kimi tanınmalı, iddiaçının həmin müraciətinə cavab verilməsi və tələb edilən sənədləri, yəni qiymət sənədi və diplomun həqiqiliyi barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı və poçt xərci kimi 0.57 manat pul vəsaiti cavabdehdən tutulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı 18.12.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verməməsi qanunpozuntusu kimi tanınsın. İddiaçı 18.12.2021-ci il tarixli ərizəsinə cavab verilməsi və qiymət sənədi və diplomun həqiqiliyi haqqında xarici ölkədə istifadəsi ilə əlaqədar apostil üçün müvafiq arayışın möhürlə təsdiq edilmiş vəziyyətdə veriməsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən poçt göndərişinə görə ödənilmiş 0,57 manat pul İddiaçı xeyrinə tutulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar