Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1084/2022 15.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi ilə, İddiaçı X2 (işləməyən, Quba şəhəri, 29-cu məhəllə, köhnə Poçt binası ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X9 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində Hüquq şöbəsinin müdiri işləyən, Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi ev 57-də yaşayan) iştirakı ilə, İddiaçı X2 cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba şəhəri, 29-cu məhəllədə (köhnə Rabitə evi) yerləşən 3 otaqlı, ümümi sahəsi 51,3 kv m olan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba şəhəri, 29-cu məhəllədə (köhnə Rabitə evi) yerləşən 3 otaqlı, ümümi sahəsi 51,3 kv m olan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Quba rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildən iddiaçı ailə üzvləri ilə birlikdə order əsasında ona verilmiş Quba şəhəri, 29-cu məhəllədə yerləşən X5 balansında olan binada (Rabitə evi) yerləşən mənzildə yaşayır. Orderi itirdiyindən onun surətinin alınması üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-yə müraciət etmişdir. Cavab olaraq bildirilmişdir ki, bina onların balansından çıxarılıb Quba rayon Mənzil İstismar Sahəsinə təhvil verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş məktubda da bildirilmişdir ki, bina “Aztelekom" İstehsalat birliyinin balansından Quba Mənzil İstismar Sahəsinin balansına verilmişdir. Uzun müddətdir ki, həmin mənzildə yaşamağı nəzərə alaraq Quba rayon Mənzil İstismar Kommunal Təsərrüfatı Departament onunla müqavilə bağlamışdır. Belə ki, oradan bildirmişlər ki, təhvil-təslim zamanı orderlərin arxiv nüsxələri onlara təhvil verilmədiyindən arxiv çıxarışının ona təqdim edilməsi mümkün deyildir. Buna görə də onunla müqavilə bağlanmasına qərar verilmişdir. Qeyd olunanlara əsasən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə, ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X15 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının ərizəsinə qeyd olunan mənzilə dair ərizəyə Quba rayon MİKT Departamentinin balasında olan evlərin kirayəsi barəsində xx.xx.2019-cu il tarixli müqavilə əlavə edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11. maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. xx.xx.2009-cu ildə qüvvəyə minən Mənzil Məcəlləsində mənzil kirayə müqaviləsinin bağlanması nəzərdə tutulmadığından həmin müqavilə iddiaçının tələbini təmin olunması üçün hesab edilməmişdir. İş materiallarında olan : -"xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Quba şəhəri, 29-cu məhəllə, Rabitə evi ünvanında yerləşən yaşayış binası Quba rayon İcra Hakimiyyətinin balansına verilmiş və həmin binaya dair sənədlər Quba rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə təhvil verilmişdir. Göstərilən yaşayış binasına dair hər hansı bir sənəd “Aztelekom" MMC-də mövcud deyildir. -ƏMDX-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, sözügedən ünvanda yerləşən 3 mərtəbəli yaşayış binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 mart 2015-ci il tarixli, 63s nömrəli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" İstehsalat Birliyinin X1 balansından Quba Rayon İcra Hakimiyyətinin Quba Mənzil İstismar Sahəsinin balansına verilmişdir. Eyni zamanda Quba Mənzil İstismar Sahəsi tərəfindən təqdim edilmiş “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” əsasında sözügedən yaşayış binası dövlət əmlakının registrində həmin müəssisənin balansında olan daşınmaz dövlət əmlak kimi qeydiyyata alınmışdır. -“Kirayəverən” Quba Mənzil İstismar Kommunal Departamenti ilə “kirayəçi” X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Quba şəhəri, 29-cu məhəllədə (köhnə Rabitə evi) yerləşən 3 otaqlı, ümümi sahəsi 51,3 kv m olan mənzil kirayəçinin istifadəsinə verilmişdir. -iddiaçının əmək kitabçasının surətindən görünür ki, o, 1989-2011-ci illərdə “Azərrabitəinşaat” Birliyində elektrik qaynaqçısı işləmişdir. Məhkəmənin sorğusuna əsasən Quba rayon İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 515/2 aylı cavab məktubundan görünür ki, Quba şəhər sakini X3 adına Quba şəhəri, 29-cu məhəllədə yerləşən Rabitə evinə dair orderin verilməsi barədə hər hansı məlumat Rayon İcra Hakimiyyətinin müvəqqəti mühafizə olunan arxivində aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Quba rayon İcra Hakimiyyəti Başçısının aparatından təqdim edilən sənədlərdən müəyyən edilir ki, Qiba rayon İcra Hakimiyyəti özünün 33 saylı xx.xx.2022-ci il tarixli məktubunda Quba şəhəri, 29-cu məhəllə “Rabitə evi”nin 36 mənzilli yaşayış binası Quba TeleKommunikasiya Qvşağının xx.xx.2018-ci il tarixli 30 saylı əmrinə əsasən Quba rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə təhvil verildiyini və həmin binada yerləşən 28 saylı mənzil xidməti mənzil deyil, özəlləşdirmə predmeti olmasını bildirmişdir. Həmin sənədlərə əlavə edilmiş "xxxx" MMC X1 xx.xx.2018-ci il tarixli 30 saylı əmrindən görünür ki, Quba TKQ-nin balansında olan, Quba şəhəri, 29-cu məhəllə “Rabitə evi” ünvanında yerləşən ümumi sahəsi 401 kvm olan üçmərtəbəli yaşayış binası Quba TKQ-nin balansından çıxarılaraq Quba rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Sənədlərə əlavə edilmiş mənzillə təmin olunmuş rabitə işçilərinin siyahısından görünür ki, X4 adı həmin siyahıda 33-cü yerdədir, ona 3 otaqlı, sahəsi 51.3 kv m olan mənzilin ayrılması nəzərdə tutulmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 4-cü maddəsinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi iddiaçı Ç.Abdullayevin mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan bütün sənədləri cavabdeh inzibati orqana təqdim edildiyi halda, cavabdeh qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla imtina bildirişi vermişdir. Məhkəmə qeyd edir ki, cavabdeh mənzil kirayə müqaviləsinin 2009-cu il oktuabr ayının 1-dən sonra bağlandığına istinad edərək iddiaçıya imtina cavabı vermişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərində hüquqları 2009-cu ilədək yaranmışdır. Belə ki, mənzil ona rabitə işçisi kimi ayrılmış, daha sonra mənzilin yerləşdiyi bina Quba rayon İcra Hakimiyyətinin balansına verilmişdir. İddiaçının təqsiri olmadan mənzil kirayə müqaviləsi vaxtında bağlanmamışdır. Hazırda cavabdehin bu əsasla iddiaçının mülkiyyət hüququnun qeydə almaqdan imtina etməsi əsassız hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə mənzilin iddiaçının adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin ididaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Quba şəhəri, 29-cu məhəllədə (köhnə Rabitə evi) yerləşən 3 otaqlı, ümümi sahəsi 51,3 kv m olan mənzil üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba şəhəri, 29-cu məhəllədə (köhnə Rabitə evi) yerləşən 3 otaqlı, ümümi sahəsi 51,3 kv m olan mənzil üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1084/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1084/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver