Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1087/2025 06.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.
2. İddiaçı məxsus 3 sentyabr 1984-cü il tarixli "xxxx"nın surəti.
3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "xxxx" X3 Tikinti İdarəsi və İddiaçı arasında 21 yanvar 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 2 saylı əlavə və dəyişiklik.
4. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "xxxx" X3 Tikinti İdarəsi və İddiaçı arasında 21 yanvar 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 6 saylı əlavə.
5. 1 noyabr 2022-ci il – 30 noyabr 2022-ci il dövr üzrə "xxxx" X1 Novruzun haqq-hesab vərəqəsi.
6. "xxxx" X2-Polietilen Zavodunun kadrlar şöbəsinin 22 fevral 2023-cü il tarixli, 66 nömrəli arayışından görünür ki, İddiaçı 16 aprel 2001-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək tam iş günü "xxxx" İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun təmir quraşdırma sexində spirt, divinil və kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ saylı bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahı üzrə (spirtlər, butadien sintetik kauçuklar) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
7. "xxxx" X2-Polietilen Zavodunun kadrlar şöbəsinin 22 fevral 2023-cü il tarixli, 67 nömrəli arayışından görünür ki, İddiaçı 1 yanvar 2006-cı il tarixdən 28 iyun 2010-cu il tarixədək tam iş günü "xxxx" İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun mexaniki təmir və quraşdırma sexində spirt, divinil və kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 8-ci bölməsinin 8.1.1-ci bəndinə əsasən (spirtlər, butadien sintetik kauçuklar) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 1 mart 2024-cü il tarixli, 3-17-1/2-B-51547/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq məhkəməyə təqdim edilmiş sənədlər:
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 17 iyul 2024-cü il tarixli, 3-17-1/2-166312/2024 nömrəli etirazı ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - "xxxx" X2-Polietilen Zavodunun kadrlar şöbəsinin 22 fevral 2023-cü il tarixli, 66 və 67 nömrəli arayışları (§6, 7); - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "xxxx" X3 Tikinti İdarəsi və İddiaçı arasında 21 yanvar 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 4 saylı əlavə və dəyişiklik; - İddiaçı məxsus 3 sentyabr 1984-cü il tarixli "xxxx"nın surəti; - İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti; - 1 mart 2024-cü il tarixli, 3-17-1/2-B-51547/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktub (§8).
10. "xxxx" İstehsalat Birliyi “Təmir-tikinti” İdarəsinin 26 fevral 2025-ci il tarixli, 04-124 nömrəli məktubundan görünür ki, İddiaçı 21 yanvar 2011-ci il tarixdən 20 iyun 2019-cu il tarixədək Təmir-tikinti İdarəsinin 2 saylı Mexaniki quraşdırma sahəsində 05-ci dərəcəli quraşdırıcı-çilingər, 21 iyun 2019-cu il tarixdən hal-hazıra kimi təmirçi çilingər peşəsində çalışır. SOCAR-ın Mərkəzi Attestasiya Komissiyasının 5 may 2020-ci il tarixli protokolunu rəhbər tutaraq, 2 saylı Mexaniki quraşdırma sahəsinin təmirçi-çilingərlərinə iş şəraitinin amillərinə (dəmir tozu, səs səviyyəsi) əsasən əmək şəraitinə görə vəzifə (tarif) maaşına əlavə artım əmsalı (1,04%) ödənilir və məzuniyyət müddəti “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli, 92 nömrəli qərarına əsasən verilir. Qoşma şəklində aşağıdakı sənəd göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 yanvar 2024-cü il tarixli, 3-17-1/2-441/2024 nömrəli SOCAR "xxxx" İstehsalat Birliyinə göndərilmiş məktubundan görünür ki, İddiaçı 21 yanvar 2011-ci il tarixdən bugünədək “Azərikimya” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsinin 2 saylı mexaniki quraşdırma sahəsində işlədiyi təmirçi çilingər peşəsi yuxarıdakı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”da qeyd edilən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri peşəsinə uyğun deyil. Eyni zamanda adıçəkilən şəxsin işlədiyi Təmir-tikinti İdarəsinin 2 saylı mexaniki quraşdırma sahəsi Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə uyğun deyil. Belə ki, onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 2 ay 12 gün (16 aprel 2001-ci il – 28 iyun 2010-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
11. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbinin dəlilləri işin hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1963-cü il tarixdə anadan olmuş və 1981-1983-cü illərdə sovet ordusu sıralarında xidmət etmiş və hərbi xidmətini başa vurduqdan sonra bir sıra müəssisələrdə çalışmış və 16 aprel 2001-ci il tarixdə isə Azərbaycan Dövlət Neft Şirkətinin "xxxx" istehsalat birliyinin nəzdində olan “Sintezkauçuk” zavodu təmir quraşdırma sexinə spirt, divinil və kauçuk istehsalı üzrə quraşdırıcı çilingər vəzifəsində işə qəbul olunmuş, həmin zavodun mexaniki təmir və quraşdırma sexində 28 iyun 2010-cu il tarixə kimi əmək funksiyasını yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2 aprel 2010-cu il tarixli, 829 saylı sərəncamı ilə "xxxx" Dövlət Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində verilmiş və 22 aprel 2010-cu il tarixli, 258 saylı Fərmanı ilə "xxxx" istehsalat birliyi kimi bu şirkətin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 aprel 2010-cu il tarixli, 56 saylı Əmri ilə "xxxx" istehsalat birliyinin “Sintezkauçuk” və “Etilen Politilen” zavodlarının bazasında “Etilen Politilen” zavodu yaradılmışdır. İddiaçı 29 iyun 2010-cu il tarixdə bu zavodun 66 saylı quraşdırma sexinə 5-ci dərəcəli quraşdırıcı çilingər keçirilmiş və işlədiyi müəssisənin adının dəyişməsi səbəbindən 19 yanvar 2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş və iddiaçının işlədiyi müəssisənin adı dəyişdirilərək "xxxx" istehsalat birliyinin Təmir Tikinti İdarəsi adlandırılmış və iddiaçı 21 yanvar 2011-ci il tarixli əmrlə həmin idarənin 2 saylı mexaniki quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsinə qəbul edilmişdir. 2013-2019-cu illərdə həmin müəssisədə qaz kəsicisi kimi işləmiş və 21 iyun 2019-cu il tarixdə isə həmin sahəyə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmiş və hazırda da bu sahədə əmək fəaliyyətini davam etdirir. İddiaçının əmək kitabçasında müxtəlif vaxtlarda iş yerinin dəyişdirilməsi barədə əmrlər qeyd olunsa da, iddiaçı eyni müəssisədə işləmiş və bu əmrlərdə qeydlər işlədiyi müəssisənin tabeçiliyinin və adının dəyişdirilməsi ilə bağlı verilmiş əmrlərə əsasən aparılmışdır. Yəni iddiaçının bu gün də işlədiyi sahə zərərli iş sahəsi hesab olunur və onunla işlədiyi Təmir Tikinti İdarəsi arasında bağlanmış 21 yanvar 2011-ci il tarixli əmək müqaviləsinə 4 saylı əlavədə də müəssisə rəhbərliyi iddiaçıya işlədiyi sahənin zərərli iş sahəsi olması ilə bağlı 23,25 manat aylıq əmək haqqına əlavənin hesablanmasını qeyd etmişdir. Bundan başqa iddiaçı zərərli iş sahəsində çalışan işçilərə müəssisə tərəfindən tətbiq olunan bir sıra təyinatlardan da istifadə edir. İddiaçı bu gün də spirt, divinil və kauçuk istehsalı ilə məşğul olan bir müəssisədə çilingər vəzifəsində çalışır və bu hal da ona dəlalət edir ki, iddiaçının bu sahədə işlədiyi 14 il də zərərli iş sahəsi kimi qəbul edilməlidir. İddiaçı 28 iyun 2010-cu il tarixdən sonrakı dövr üzrə işlədiyi iş sahəsinin zərərli işlər siyahısına aid edilməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 saylı Qərarının 8-ci bölməsinin 8.1.1-ci bəndinin təsiri altına düşməsi barədə rəsmi arayış "xxxx" istehsalat birliyi tərəfindən cavabdeh orqana göndərilmiş, lakin həmin göndərişə düzgün cavab verilməmiş və iddiaçının zərərli iş sahəsindəki əmək fəaliyyəti düzgün hesablanmamışdır. Buna görə də iddiaçı müvafiq sənədləri toplayaraq öz adından ərizə ilə cavabdehə müraciət edərək, onun stajını və zərərli iş sahəsində uzun müddətli əmək fəaliyyətini nəzərə alaraq 60 yaşdan güzəştli əsaslarla əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin ünvanlanan 1 mart 2024-cü il tarixli məktubunda cavabdeh bu müraciətini təmin etməmiş və cavab məktubunda göstərmişdir ki, iddiaçının güzəştli əmək stajı yoxdur. Cavabdehin imtinası qanunsuz hesab olunmalı və ona hüququnun yarandığı vaxtdan – 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
13. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 7, 9, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 31.1, 32.1, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.1, 2.2.2, 14.1, 14.2, 35.1-ci maddələrinə istinad olunmuşdur.
14. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
16. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, imtina məktubunda qeyd edilən hallara istinad etmiş, iddianın təmin edilməməsini xahiş etmişdir.
17. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 9.1,-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 mart 2024-cü il tarixli, 2-1(102)-668/2024 nömrəli və 6 mart 2024-cü il tarixli, 2-1(102)-584/2024 nömrəli qərarlarına istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
18. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iş yeri olan müəssisənin adın dəyişdirilməsinə görə iddiaçının hüquqları məhdudlaşdırılmamalıdır. Eyni vəzifədə eyni əmək funksiyalarını yerinə yetirilməsinə baxmayaraq, 2010-cu ildən sonrakı fəaliyyəti iş stajına daxil edilməmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, müəssisə tərəfindən verilən güzəştli iş stajı haqqında arayışda qanunvericiliyə uyğun olaraq peşənin kod və sahəsi göstərilməmiş, o səbəbdən də iddiaçının əmək fəaliyyəti dövrü güzəştli staja əlavə edilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
21. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
24. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
27. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
29. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.
“Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər ...
35. Ümumi peşələr: əl ilə qaynaq aparan elektrik qaynaqçıları
31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.
Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. ... Maddə 52. Məhkəmə baxışının hədləri
Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. ...
Məhkəmənin mövqeyi:
32. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
33. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
34. İddiaçı tərəfin mövqeyinə görə, o, 16 aprel 2001-ci il tarixdə isə Azərbaycan Dövlət Neft Şirkətinin "xxxx" istehsalat birliyinin nəzdində olan “Sintezkauçuk” zavodu təmir quraşdırma sexinə spirt, divinil və kauçuk istehsalı üzrə quraşdırıcı çilingər vəzifəsində işə qəbul olunmuş, həmin zavodun mexaniki təmir və quraşdırma sexində 28 iyun 2010-cu il tarixə kimi əmək funksiyasını yerinə yetirmiş, daha sonra 29 iyun 2010-cu il tarixdə bu zavodun 66 saylı quraşdırma sexinə 5-ci dərəcəli quraşdırıcı çilingər keçirilmiş və işlədiyi müəssisənin adının dəyişməsi səbəbindən 19 yanvar 2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş və iddiaçının işlədiyi müəssisənin adı dəyişdirilərək "xxxx" istehsalat birliyinin Təmir Tikinti İdarəsi adlandırılmış və 21 yanvar 2011-ci il tarixli əmrlə həmin idarənin 2 saylı mexaniki quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsinə qəbul edilmişdir. 2013-2019-cu illərdə həmin müəssisədə qaz kəsicisi kimi işləmiş və 21 iyun 2019-cu il tarixdə isə həmin sahəyə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmiş və hazırda da bu sahədə əmək fəaliyyətini davam etdirir. Bu səbəbdən də ona 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
35. Nəzərə alınmalıdır ki, iddiaçıya 60 yaşının tamam olduğu 19 fevral 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: - iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; - həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması.
36. Cavabdeh tərəfin mövqeyinə görə iddiaçının güzəştli iş stajı mövcud deyildir. Eyni zamanda, cavabdeh tərəfindən "xxxx" İstehsalat Birliyinə göndərilmiş məktubunda iddiaçının güzəştli iş stajı 9 il 2 ay 12 gün (16 aprel 2001-ci il – 28 iyun 2010-cu il tarixləri arasındakı dövr) olaraq göstərilmişdir.
37. Göründüyü kimi, iddiaçının ümumi sığorta stajı mübahisələndirilmir. Cavabdeh orqan yalnız ümumi stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması ilə bağlı tələbin ödənilmədiyinə əsaslanır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən etirazın dəlilləri ilə razılaşmır.
38. Belə ki, məhkəməyə təqdim edilmiş "xxxx" İstehsalat Birliyi “Təmir-tikinti” İdarəsinin məktubundan görünür ki, iddiaçı 21 yanvar 2011-ci il tarixdən 20 iyun 2019-cu il tarixədək Təmir-tikinti İdarəsinin 2 saylı Mexaniki quraşdırma sahəsində 05-ci dərəcəli quraşdırıcıçilingər, 21 iyun 2019-cu il tarixdən hal-hazıra kimi təmirçi çilingər peşəsində çalışır. Həmçinin qeyd edilmişdir ki, iş şəraitinin amillərinə əsasən əmək şəraitinə görə vəzifə maaşına əlavə artım əmsalı (1,04%) ödənilir və məzuniyyət müddəti “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na uyğun olaraq verilir. Odur ki, qeyd edilmiş məktub əsasında iddiaçının güzəştli şərtlərlə iş stajı 14 il 1 ay 7 gün olaraq müəyyən edilir.
39. Eyni zamanda, iddiaçının 16 aprel 2001-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək "xxxx" İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun təmir quraşdırma sexində spirt, divinil və kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər peşəsində, 1 yanvar 2006-cı il tarixdən 28 iyun 2010-cu il tarixədək tam iş günü "xxxx" İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun mexaniki təmir və quraşdırma sexində spirt, divinil və kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər peşəsində əmək fəaliyyəti iş materiallarına əlavə edilmiş "xxxx" X2- Polietilen Zavodunun arayışları, həmçinin əmək kitabçasında mövcud olan məlumat ilə təsdiqlənir. Belə ki, iddiaçının 2010-cu ilədək güzəştli şərtlərlə iş stajı 9 il 2 ay 14 gün təşkil edir.
40. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
41. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir.
42. Beləliklə, məhkəmə araşdırılması nəticəsində iddiaçının azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zərərli və ağır olan işlərdə əmək fəaliyyətinin mövcud olduğu təsdiq edilmişdir.
43. İşin yuxarıda müəyyən edilmiş hallarından aydın şəkildə görünür ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, iddiaçıya 60 yaşının tamam olduğu 19 fevral 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsiödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
44. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 19 fevral 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova