Məhkəmə qərarları › İş №2-1(118)-1088/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1088/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1088/2022 05.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Mirağa oğlunun cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Abşeron rayon Qobu qəsəbəsi icra nümayəndəliyində xx.xx.1964-cü ildə tərtib edilmiş 94 saylı doğum haqqında akt qeydində uşaq bəndində adının “Hüseynağa” deyil, “İlham” kimi qeyd olunması barədə qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Mirağa oğlu cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Abşeron rayon Qobu qəsəbəsi icra nümayəndəliyində xx.xx.1964-cü ildə tərtib edilmiş 94 saylı doğum haqqında akt qeydində uşaq bəndində adının “Hüseynağa” deyil, “İlham” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının Abşeron rayon Qobu qəsəbəsi icra nümayəndəliyində xx.xx.1964-cü ildə tərtib edilmiş 94 saylı doğum haqqında akt qeydində uşaq bəndində adı “Hüseynağa” qeyd edilmişdir. Ona verilən doğum haqqında şəhadətnamədə isə adı “İlham” kimi qeyd olunmuşdur. Verilən doğum haqqında şəhadətnamə əsasında iddiaçı şəxsiyyət vəsiqəsi və digər lazımi sənədlər almışdır. xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsində iddiaçının adı “İlham” yazılmışdır. Son aylar ona vərəsəlik işi üzrə doğum şəhadətnaməsi lazım olanda itirdiyinə görə Cavabdehnə müraciət etmişdir. Həmin orqandan iddiaçıya izah etdilər ki adı sistemdə “Hüseynağa” kimi qeyd olunub. Beləliklə, xx.xx.2022-ci il tarixli, 05/Q36/15 saylı məktuba əsasən məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqana iddia tələbinə dair münasibət bildirilməsi barədə sərəncam göndərilməsinə baxmayaraq hər hansı bir etiraz tərəflərindən təqdim olunmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Abşeron rayon Qobu qəsəbəsi icra nümayəndəliyində xx.xx.1964-cü ildə tərtib edilmiş 94 saylı doğum haqqında akt qeydində uşaq bəndində adının “Hüseynağa” deyil, “İlham” kimi qeyd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: • İşə əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçının ad qrafasında “İlham”, soyad qrafasında “Həmidov”, ata adı qrafasında “Mirzağa” qeyd edilmişdir. • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q- 36/15 nömrəli məktubuna əsasən qeyd edilmişdir ki, Abşeron rayon Qobu qəsəbə icra nümayəndəliyində xx.xx.1964-cü ildə tərtib edilmiş 94 saylı doğum haqqında akt qeydində uşaq bəndində adı “Hüseynağa” qeyd edilmişdir. Asan-Sumqayıt tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsində iddiaçının adı “İlham” yazılmışdır. Belə ki, iddiaçının müraciətindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. • İddiaçıya məxsus AB № 559260 nömrəli sürücülük vəsiqəsindən və sürücülük kartoçkasından görünür ki, iddiaçının adı İlham, soyadı Həmidov, ata adı isə Mirzağa oğlu kimi qeyd edilmişdir. • İş materiallarına əlavə edilmiş НЗ № ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçının adının İlham kimi qeyd olunması müəyyən edilir. • Məhkəmə sorğusu nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən akt qeydinin surəti məhkəməyə daxil olmuşdur. 94 nömrəli akt qeydinin surətinə əsasən iddiaçının ad qrafasında “Hüseynağa” qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Göründüyü kimi, İddiaçı doğum akt qeydi ilə şəxsiyyət vəsiqəsi arasında uyğunsuzluq mövcuddur (iddiaçının adı bir sənəddə “Hüseynağa”, digərində isə “İlham” göstərilmişdir) və iddiaçı doğum haqqında akt qeydində adının “İlham” kimi düzəliş edilməsi ilə bağlı yaşayış yeri üzrə qeydiyyat orqanı kimi Cavabdehnə müraciət etmişdir. Cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş, iddiaçı isə hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi formal olaraq, doğum akt qeydində düzəliş edilməsi (adın düzəldilməsi) olsa da, əslində mahiyyət etibarilə məsələ iddiaçının adı ilə bağlı uyğunsuzluğun aradan qaldırılması barədədir. Odur ki, hər bir halda iddiaçının adına münasibətdə qanunvericiliklə “adın dəyişdirilməsini istisna edən hallar”ın mövcudluğu məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir (6.5.). Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə icraatı zamanı Cavabdeh tərəfindən iddiaçının adına düzəliş edilməsinə, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). Məhkəmənin mövqeyinə görə iddiaçı adının dəyişdirilməsinə münasibətdə qanunvericiliklə adın dəyişdirilməsinin yolverilməzliyi hallarının (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə məlumatlar) hazırkı mübahisə üzrə müəyyən edilmədiyindən, iddiaçının adı ilə bağlı doğum akt qeydindəki uyğunsuzluq onun iradəsindən irəli gəlmədiyindən, həmin uyğunsuzluq aradan qaldırılmaqla, onun adının doğum haqqında akt qeydində onun adına “Hüseynağa”dan “İlham”a düzəliş edilməsindən Cavabdeh tərəfindən imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində adı “Hüseynağa” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin, НЗ № ******* nömrəli hərbi biletin, AB № 559260 nömrəli sürücülük vəsiqəsinin və sürücülük kartoçkasının surətlərində onun adı “İlham” kimi qeyd edilmişdir. Bir sənəddə adının “Hüseynağa”, digərlərində isə “İlham” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək “Hüseynağa” adının “İlham” kimi yazılması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı Abşeron rayon Qobu qəsəbəsi icra nümayəndəliyində xx.xx.1964-cü ildə tərtib edilmiş 94 saylı doğum haqqında akt qeydində uşaq bəndində adının “Hüseynağa” deyil, “İlham” kimi qeyd olunması Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar